Dəb industriyasının siması mizoginist olub. Mizoginist, Karl!
Ömrünün 36 ilini Şaneldə çalışan, dünyanı bəzəyən dizayner 19 fevral 2019-cu ildə 85 yaşında vəfat etdi.
25/Feb/19
6421
Dəb industriyasının siması mizoginist olub. Mizoginist, Karl!
Karl Lagerfeld deyəndə, təbii ki, ağla Fendi və Şanel (Chanel) kimi məşhur dünya dəb brendlərinin yaradıcı dizayneri gəlir. Ömrünün 36 ilini Şaneldə çalışan, dünyanı bəzəyən dizayner 19 fevral 2019-cu ildə 85 yaşında vəfat etdi.
O, vəfat etdikdən sonra dünya yüksək dəb industriyası matəm elan etmişdi: Fendi, Şanel, Dior, Voq (Vogue) və digərləri. Bir sıra məşhurlar - Devid Bekxem, Dua Lipa, Gigi və Bella Hadid, Niki Minaj, Cared Leto, Beyonse və sairləri də bu matəmə qoşulub sosial şəbəkələrdə Karlla olan şəkillərini paylaşmaqla yad etmişdilər.
Karlın dahi bir şəxsiyyət olduğunu paylaşan və bunu sosial şəbəkələrdə şairanə təsvir edənlər, onun insanlar haqqında dediyi şərhləri görməzdən gəlirdilər. Karlın sanki bir standartı var idi: estetik insan bədəni. Karl uzun illər boyu “ağdərililərin aliliyini” və qısnamanın digər formalarını dəstəkləyib. O, sağçı Avropanın və Nasist sələfilərinin tərəfindən “yüngülvari” çıxış edirdi.
Dünya mediası uzun illərdir ki, Karlın ağdərililərin aliliyindən dəm vuran çıxışlarına, mizoginistliyinə və bacarıq normalarına uyğun olmayan insanlara qarşı nifrətinə şahidlik edirdi.
Karlın miqrantların Avropaya axını zamanı “Suriyalı və müsəlman miqrantları Avropada xoş qarşılanmır” deməsi və bunu anti-semitik: “Kimsə, aralarında onilliklər olsa belə, milyonlarla yəhudini öldürdükdən sonra, onların yerini ən qatı düşmənləri ilə əvəz edə bilməz”, - ifadəsi ilə vurğulaması hələ də çoxlarının yadındadır. Bu islamofob və immiqrasiya əleyhinə olan ifadələri o, Polşada şüarları qara və qəhvəyi miqrantlara qaşrı “Təmiz Polşa, ağ Polşa!”, “Miqrantlar, rədd olun!” olan neo-nasist və millətçilərin yürüşündən bir neçə gün sonra səsləndirmişdi.
Karyerası boyunca Karl dəfələrlə mizoginist şərhlər vermiş, hətta bir dəfə Koko Şanel haqqında: “Koko Şanel feminist olmayıb, bunun üçün o, kifayət qədər çirkin deyildi”, - deyib.
Mizoginiyasından savayı, Karl həm də fətfobik (şişman insanlara qarşı qorxu və ya bəyənməmə) şərhləri ilə yadda qalıb. Qadınlar haqqında limitli fikirləri olan Karl plus-ölçülü modellər barədə: “Heç kəs ekranda yumru qadın görmək istəməz. Evdə əlində çipsi paketi ilə televiziya başında oturan şişman analar arıq modellərə “çirkin” deyirlər. Dəb xəyallar və illuziya deməkdir”, - deyə bildirmişdi.
Karlın fətfobiyası məşhur müğənni Adeldən də yan keçməmişdir: “O, bir az çox şişmandır, di gəl ki, gözəl üzü və ülvi səsi var.” Fransada qadınların artıq çəkidən əziyyət çəkdiyini bildirərkən: “Əgər dəbdən danışırıqsa, o zaman Fransa qadınlarının cəmi 1 faizi haqqında danışa bilərik”, - deyə şərh vermişdi.
2018-ci ildə #MeToo hərəkatı haqqında danışanda belə, diskriminativ və seksist, mizoginist şərhlərini gizlətməmiş: “#MeToo hərəkatından boğaza yığılmışam. Hələ də şokdayam, insanlar 20 il əvvəl baş verənləri necə xatırlayır?! Qeyd etmək lazımdır ki, şahidlər belə olmayıb.” - demişdi. Sanki söhbət kiminsə yaddaşında gedir, ya da sanki həmişə cinsi zorakılığın şahidləri olur. Davamında: “Şalvarının aşağı çəkilməsini istəmirsənsə, model olma! Get, qadın monastırına, orda sənin üçün həmişə yer olacaq, bildiyim qədərilə, onlar hətta işə də götürürlər.” - deyə əlavə etmişdi.
Karl artıq vəfat etdi, onu dediklərinə görə qınamaq artıq gecdir. Eyni zamanda, dediklərinə görə onu tirajlamaya bilərik. Qadınlara və LGBTİ icmasına heç bir xeyri dəyməyən, bütüm ömrü boyu qadınları alçaldan birinə yas tutmaq, təbii ki, ikiüzlülük olardı.
Bir şeyi də qeyd edim ki, vəfat etdikdən sonra 150 milyon fund sterlinq sərvətinin varisi pişiyi Şopetdir.
Mövqe: Vahid Əliyev
Powered by Froala Editor