Qaranlıqda fit çalmaq
Məqaləmə aşağıda qeyd edəcəyim ilk kitabın adını verirəm, çünki hal-hazırda ölkəmizdə və dünyada LGBTİQ+ icma üzvlərinin səsi elə qaranlıqdakı fit kimidir
21/Mar/21
2890
Qaranlıqda fit çalmaq
Məqaləmə aşağıda qeyd edəcəyim ilk kitabın adını verirəm, çünki hal-hazırda ölkəmizdə və dünyada LGBTİQ+ icma üzvlərinin səsi elə qaranlıqdakı fit kimidir. Ya kimsə yaxınlaşıb baxmaq istəmir, önəmsəmirlər, ya da qulaq ardına vurularaq eləcə qaranlıqda itib-batıb yoxa çıxır. Aşağıda haqqında yazacağım 5 kitab kuir və trans problemləri, gender və cinsiyyət kimliyi və başqa müxtəlif aktual mövzulardan bəhs edir.
1. Whistling in the Dark: Twenty-one Queer Interviews
(Qaranlıqda fit çalmaq: İyirmi bir kuir reportaj / Redaktorlar: R. Raj Rao və Dibyajyoti Sarma)
Qaranlıqda fit çalmaq: iyirmi bir kuir müsahibəsi cinsəllik, cinsi kimlik, evlilik, homoseksual nikah, heteronormativizm, gey utopiyası, gey aktivizmi, geylər, polis vəhşiliyi kimi mövzulara yönəlmişdir. Müsahibə verənlər arasında universitet müəllimləri, gey hüquqları aktivistləri və tələbələrdən tutmuş, ofis işçiləri, avtoşluq edən sürücülər və hətta həbsxanada cəza çəkənlərə qədər cəmiyyətin müxtəlif hissələri təmsil edilir. Bu kitabdakı düşündürücü hekayələr redaktorlar R. Raj Rao və Dibyajyoti Sarma tərəfindən hazırlanmışdır. Hekayələr ənənəvi çərçivədən kənara çıxır və müsahibə olunmuş insanların şəxsi həyatları haqqında önəmli məlumatları əks etdirir. Aktivistlər və aktivist təşkilatlar üçün əla bir kitabdır.
2. Transgender Issue: An Argument for Justice
(Transseksual problemi: Ədalət üçün sübut / Müəllif: Shon Faye)
Bu kitabda Shon Faye transfobik bir cəmiyyətdə trans olmağın mənasını başa salmağa çalışır. Gənclik illərindən qocalığa qədər transların iş, ailə həyatı, sağlamlıq və səhiyyə problemləri, həbsxana sistemi və müasir dövrdə LGBTİQ + və feminist icmalarda trans iştirakını araşdıran geniş məzmunlu bir təhlil təqdim edir.
Kitab trans həyatına yeni və daha sağlam baxış bucağı gətirir. Müəllif oxucuları bütün marjinal insanlar və azlıqlar arasında ədalət və həmrəyliyi bərpa etməyə çağırır. Faye'nin gördüyü kimi trans azadlığı cəmiyyətimizin nə olduğunu və nə ola biləcəyini göstərir. Faye bu mövzuda daha pozitiv nəticələrin ola biləcəyini təklif edir.
3. The Stonewall Riots: A Documentary History
(Stonewall üsyanları: sənədli tarix / Müəllif: Marc Stein.)
28 İyun 1969-cu ildə Greenwich-də baş verən və 6 gün davam edən məhşur Stonewall hadisələrindən bəhs edən kitab 2019-cu ildə nəşr olunub.
Stein 200 sənəddən ibarət kitabında əsas və LGBTQİ+ mediası, gey bar siyahıları, əyalət məhkəməsinin qərarları, siyasi elçilər, mahnı sözləri və fotoşəkilləri cəmləşdirir və LGBTQİ+ hərəkatındakı bu əsas hadisənin detallarını çox gözəl şəkildə ifadə edir. Stonewall üsyanında Stein Greenwich-də əhalinin etirazları haqqında bəzək-düzəkli hekayələr qurmur; bunun əvəzinə, o, çoxsaylı həqiqətlərin tapılmasına və danışılmasına imkan verir.
İlk kərpicin və ya şüşənin (hələ də bu haqda dəqiq məlumat yoxdur) atılmasının əllinci ildönümündə nəşr olunan Stonewall Riot kitabı oxuculara ABŞ-da LGBTQİ+ həyatının o vaxt və indi necə olduğunu qiymətləndirməyə imkan verir. Altmışıncı illərin ortalarındakı kuir mədəniyyəti, yürüşlər və etirazlar, polis repressiyaları haqda tarixi qeydlərdə əks olunmayan hekayələri təqdim edir.
Qeyd edim ki, Stonewall hadisələrindən bəhs edən və bəzi iştirakçıların reportajlarının da olduğu “The death and life of Marsha P. Johnson” sənədli filminə Netflix üzərindən baxa bilərsiniz.
4. The Men with the Pink Triangle: The True Life-and-Death Story of Homosexuals in the Nazi Death Camps
("Çəhrayı üçbucaqlı kişilər: Nazi Ölüm Düşərgələrində Homoseksualların Real Həyat və Ölüm Hekayəsi " / Müəllif: Heinz Heger, Klaus Muller. Tərcümə: David Fernbach)
Kitab Almaniyada nazilərin homoseksual kişiləri təqib etməsindən və diri-diri basdırmasından bəhs edir. O vaxtdan bəri Heinz Hegerin “Çəhrayı Üçbucaqlı Kişilər” kitabı bu mövzuya yönəldilmiş yeganə əsərlərdən biri olaraq qalır.
Heger 1939-cu ildə özü də şərlənərək Şərqi Almaniyada yerləşən cəzaçəkmə düşərgələrinin birinə aparılır və günahının homoseksuallıq olmasını göstərmək üçün ona zorla çəhrayı üçbucaq geyindirilir. 1945-ci ilə qədər digər məhkumlarla ağır şəraitlər altında saxlanılan Heger müharibənin qutarması ilə xilas ola bilir. O, gündəlik düşərgə həyatının ağrılığını və dəhşətini, ölümün daimi varlığını və nazilərin qəddarlığını sözlərlə möhtəşəm ifadə edir. Kitab homoseksuallıq tarixi, insan hüquqları mövzusunda olan ən güclü əsərlərdən biri sayılır.
5. This Day in June
( “İyunda bu gün” /Müəllif: Gayle E. Pitman)
Sonuncu olaraq məlumat verəcəyim isə uşaq ədəbiyyatına aid olan "This day in June” kiatbıdır. 2014-cü ildə qələmə alınmış əsər hər il iyun ayında keçirilən LGBTQİ+ qürür yürüşləri haqqında oxucuları məlumatlandırmaq məqsədi daşıyır. Valideynlərə uşaqları ilə cinsi oriyentasiya və gender kimliyi barədə yaşa uyğun yollarla necə danışmaq haqqında qeydləri daxil etmişdir. Həmçinin kitabda LGBTQİ+ tarixi və mədəniyyəti ilə əlaqəli məlumatlar da vardır. “İyunda bu gün” 4-8 yaşlı uşaqlar üçün dizayn olunub və uşaqlara LGBTQİ+ insanlara qarşı hörmət, qəbul və anlayışı öyrətmək üçün əla vasitədir.
Rahima Salman
Powered by Froala Editor