“Bədənim belə istədi” - III hissə
Roman
Müəllif: Aylin Wise
Tərcümə etdi: Günel Mövlud
***
Gecənin o vaxtında yaşlı qadının niyə həyətdə oturduğunu bilmirəm. Yəqin yazıq qadın sakitlikdə, kimsəsiz həyətdə oturub, başını dincəltmək istəyirmiş, axı Ramilədən başqa onun beş oğlu da vardı və bu geniş ailənin az qala bütün yükü yazıq ananın çiyinlərində idi. Yadımdadı ki, o yay axşamı qadın məni tər basmış halda, özü də tumançaq görəndə bərk təəccübləndi və nə baş verdiyini soruşan kimi, cavabımı belə gözləməyərək, məni evə, yatmağa yolladı.
Görünür, Ramilə onun anasına otaqda olanlardan danışmağımdan qorxubmuş, çünki mən içəri girəndə o artıq ya yatmışdı, ya da özünü yuxuluğa vurmuşdu. Amma istər yatmış olsun, istər oyaq, onun bu hərəkətsizliyi məni arxayın salırdı, çünki daha mənə toxunmayacaqdı.
Bu qohum qızla baş verən hadisə nəsə dəhşətli və iyrənc bir şey kimi yaddaşımda ilişib qaldı və mən uşaq hissiyyatı ilə anladım ki, bu olanları heç kimə danışmasam, yaxşı olar. Amma bu məsələ burda bitmədi.
Bizim Moskvadakı evimiz Azərbaycandan gələn qohumlar üçün bir növ düşərgə rolunu oynayırdı. Moskvada iş axtaran cavan oğlan qohumlarımız, bura ali təhsil dalınca gələn tələbələr, xəstəsi olanlar, Moskvada yaxşı həkim axtaranlar gələndə mütləq bizim evdə nəfəslərini dərir, valideynlərimdən məsləhət və kömək istəyir, qalacaq bir yer tapana qədər, bəzən isə Azərbaycana qayıdana qədər bizim evdə qalırdılar. Atama qalsa, o elə də qonaqpərvər adam deyildi, amma biz kəndə gedəndə bu qohumlar bizi günlərlə evində qonaq edir, yaxşı kənd payı qoyurdular deyə, atam da onlara qarşı gülərüz olmağa məcbur idi. Anam isə böyüdüyü evdə daima nənəmin çoxsaylı qonaqlarını, onlara edilən qulluğu görmüşdü deyə, bu qonaq axını onun üçün adi bir şey idi.
Bir dəfə də bizə gələnlər arasında Ramilənin ailəsi də vardı. Onların yaşlı anaları bərk xəstələnmişdi. Bakıda qadına onkoloji xəstəliyi olduğunu demişdilər və bir ümid dalınca Moskvaya göndərmişdilər. Ramilənin böyük qardaşı anasını götürüb, bura gətirmişdi. Ailə Ramiləni də anasına qoşmuşdu, çünki xəstəliyin üzüb, əldən saldığı yaşlı qadın tək geyinmək, təbii ehtiyaclarını kimsənin köməyi olmadan həll etmək gücündə deyildi. Çəkingən əyalət qadını olaraq, qızından kömək istəmək ona daha rahat idi deyə, qızını yanında istəmişdi. Nəticədə Ramilə indi də Moskvada idi, bizim evdə...
Təxminən yeddi yaşım olduğuna görə, o günü də elə yaxşı xatırlamıram. O yadımdadır ki, atam deyəsən, onun anası və qardaşını xəstəxanaya apardı. Anam isə balaca qardaşımı götürüb, bazarlığa getdi. Onlar çıxan kimi, Ramilə əynindəki hər şeyi soyunub, çılpaq qaldı. Mənə də soyunmağımı əmr elədi. Ona tabe oldum, amma bunu könüllü olaraq eləmirdim, sadəcə mənə böyüklərə həmişə qulaq asmalı olduğumu öyrətmişdilər. Soyunanda içimdə xoşagəlməz, narahat bir hiss olsa da, nəsə pis bir şey elədiyimi düşünmürdüm, axı bunu mənə özümdən yaşca xeyli böyük biri deyirdi, mənsə böyüklərin nəyisə səhv edə biləcəyini düşünmürdüm, çünki belə bir tərbiyə almışdım.
Kənddə, Ramiləgilin evlərində baş verənlər yenə təkrarlandı. Bütün bu hərəkətlər mənə çox iyrənc gəlirdi, özümü çox pis hiss edirdim, amma Ramilənin tələblərini dinməz-söyləməz yerinə yetirirdim. Qəfildən anam otağa girdi, deyəsən, nəyini isə evdə unutmuşdu. Anam içəri girəndə içimdə ziddiyyətli bir hiss oyandı. Bir tərəfdən günahsız olduğumu bilirdim, axı bunu məndən yaşca böyük qohumumuz istəmişdi, digər tərəfdən isə bu otaqda anamın nəsə çox pis bir şeyə şahid olduğunu hiss edir və cəzasız qalmayacağımı anlayırdım. Amma içimdə bu ümid də vardı ki, əgər burda cəzalanacaq nəsə varsa, deməli Ramiləni daha çoz cəzalandıracaqlar, çünki hər şeyi o istədi.
Amma mən yanılmışdım. Anam sərt hərəkətlə qolumdan yapışıb, məni yataq otağına apardı. Başımı, üzümü, bədənimi sürətli, bərk şillələrə doladı, ağzım-burnum qanla doldu. Mən ağlayır və günahsız olduğumu izah etməyə çalışırdım. Amma o məni dinləmir, vurduqca vururdu. Yadımda qalan odur ki, anam gördükləri barədə nə Ramiləyə bir söz dedi, nə də məsələni onun anasına və qardaşına açdı. Bu söhbət təkcə mənim döyülməyimlə bitdi. İndi bu yaşda ikən mən yenə tez-tez o hadisəni xatırlayıram və anamın hərəkətlərinə izah tapa bilmirəm. Mən uşaq idim axı, cəmi yeddi yaşım vardı, özüm də günahsızdım, bəs niyə anam məni dinləmədi, niyə mənim tərəfimi saxlamadı? Niyə onun içindəki qonaqpərvərlik, ya da bilmirəm, həmin dəqiqə onun beynindəki nəsə niyə sağlam məntiqdən daha güclü çıxdı? Niyə anam məsələni aydınlaşdırmadı? Axı mən onun balası idim…Məndən az qala on yaş böyük bir qohumumuz mənim psisxoloji, bəlkə də fiziki sağlamlığıma təhlükə yaratmışdı, uşaq məsumluğuma ləkə gətirmişdi, kövrək uşaq hisslərimi tapdamışdı. Niyə anam bunu anlamamış, məni müdafiə etməmiş, əksinə, onsuz da zədələnmiş əsəblərimi bir az da özü korlamışdı?
Lap bu yaxınlarda, bir dəfə anamdan o hadisə vaxtı niyə elə hərəkət etdiyinin səbəbini soruşdum. Anam sakitcə dedi ki, elə bir şey yadına gəlmir və o hadisəni tamamilə inkar etdi. Mən də onun qırımını görüb, söhbəti daha davam etdirmədim.
Hətta indi bu sətirləri yazarkən, o hadisə mənə çox qorxulu və iyrənc gəlir. Bütün uşaqlığım boyu bu hadisə yadıma düşəndə bədənim əsib. Bunu izah etmək, anlatmaq mümkün deyil. Eyni zamanda, mən bu hadisənin sonrakı həyatıma necə təsir elədiyini də şərh etməkdə çətinlik çəkirəm. Ola bilər ki, seksin mənim üçün heç vaxt nəsə qeyri-adi bir şey olmamasında bu hadisənin bir rolu oldu. Hətta o hadisədəki hərəkətlər mənə nə qədər iyrənc görünsə də, nə uşaqlıqda, nə də gənclikdə seksual münasibətlər mənə iyrənc, ya da qadağan edilmiş bir şey kimi gəlməmişdi. Ola bilər ki, məhz bu epizodların təsiri idi ki, mən heç vaxt özümü qadınla yataqda təsəvvür edə bilmirdim. Hər dəfə belə bir şey ağlıma gələndə Ramilənin məni hürküdən tələbləri, anamın məni döyməyi gözümün önünə gəlir və o vaxt anamın mənə inanmamağını, məni anlamağa çalışmamasını xatırlayaraq, bərk inciyir, dəhşətli dərəcədə ağrıyırdım.
Bu xatirələrin üzərinə aldığım tərbiyəni də gəlmək lazımdır. Böyüdüyüm evdə, böyüdüyüm ailədə istənilən seks mövzusu qadağan idi, bizim evdə heç kim bu barədə danışmırdı.
Doqquz yaşım olanda gecəyarısı qarnımın aşağı tərəfindəki şiddətli ağrıdan oyandım. Qalxıb tualetə getdim və sidiyimdə qan gördüm. Bərk qorxub anamı çağırdım. Anam mənə heç nə demədi. Alt paltarımın içinə təmiz əski qoyub, sakitcə dedi: “Belə tez olmamalı idi axı...” və məni yatmağa göndərdi. Səhəri gün heç bir qan-filan yox idi. Əski də demək olar ki, təmiz idi. Bir neçə gündən sonra bu hadisə yadımdan çıxdı. Anamsa həmin gün mənim menstruasiyamın başladığını düşünmüş, gerisi ilə də maraqlanmamışdı. Uzun illər sonra məlum olacaqdı ki, baş verən şey sistit imiş, nəticədə böyüyəndən sonra sidik kisəmdəki problemlərə görə iki dəfə əməliyyat masasına yatmalı oldum. Əgər anam həmin günlərdə mənim səhhətimlə maraqlansa, məni həkimə aparıb, nə baş verdiyini öyrənsəymiş, xəstəlik uzun illər mənə əziyyət verməzdi.
Menstruasiyadan belə danışmağa utanan bir ananın yanında, mən təbii ki, tam bir informasiya vakuumunda yaşayırdım. Hə, yeri gəlmişkən, menstruasiyam düz 15 yaşımda başladı. O yaşda mən artıq hər şeyi anamın köməyi olmadan da bilirdim. Bu da boşuna deyildi, mən doxsanıncı illərin, ikiminlərin Moskvasında böyüyürdüm. O vaxt ölkənin televiziyasında və mətbuatında tam bir xaos vardı, mətbuta heç bir nəzarət yox idi, televiziyadan kriminalla, sekslə bağlı verilişlər əskik olmurdu. Məktəbdə isə qızlar seks barədə sanki dəbdən, pomadadan danışırmış kimi rahat danışırdılar. Anamın mənimlə heç vaxt danışmadığı bütün şeyləri məktəbdən, televizordan öyrənirdim.
Yeniyetməliyimə təzə girəndə hiss elədim ki, valideynlərim daha birlikdə yatmır və aralarındakı bütün seksual münasibətləri bitiriblər. Deyəsən, 40-45 yaşları vardı o vaxt. Bu, mənə elə o vaxt da çox qəribə, naqolay bir şey kimi gəlirdi. Nəticədə atam özünə məşuqə tapmışdı.
Bu xəbəri anamdan eşitmişdim. Atamın bu hərəkəti onu bir daha gözümdən saldı. Əgər indiyə qədər anamı döydüyünə görə ona sadəcə nifrət edirdimsə, indi ondan iyrənməyə başlamışdım. Onunla növbəti mübahisəmiz zamanı məşuqəsi olduğunu atamın üzünə vurdum. İndi o mübahisə yadıma düşəndə, bərk utanıram, axı valideynlərimin şəxsi münasibətlərinə müdaxilə etməyə haqqım yox idi. Onun anama elədiklərinə baxmayaraq, hər zaman haqsız olduğuna baxmayaraq, belə bir məsələnin mənə dəxli yox idi və bu onların ikisinin həll etməli olduğu problem idi. Deyəsən, sözlərim ona qurşaqdan aşağı zərbə olmuşdu, çünki o mübahisədən sonra atam həmin qadınla münasibətlərini kəsmişdi.
Problem onda idi ki, anam seksuallığı nəsə ayıb, iyrənc bir şey kimi qəbul edir, seksə heç bir maraq göstərmirdi. Çoxsaylı xalalarım, dayıarvadlarım ərləri ilə münasibətlərini arada üstüörtülü, arada açıq bir-birinə danışdıqları halda, anam bu mövzuda danışmağı xoşlamır, üstəlik, belə şeyləri danışan qadın qohumlarımıza acıqlanırdı. Anamın bu mövzuda mənə danışdığı tək şey, bəkarət və qızların “təmizliyi” barədə tez-tez təkrarlanan, uzun-uzadı monoloqu idi. O həmişə mənə deyirdi ki, özünə hörmət edən qız ərindən başqa heç kimlə heç bir intim münasibət yaşaya bilməz. Anam atamla evlənənə qədər əlinə heç bir oğlanın əli dəymədiyini qürurla danışır və məni də bu halın vacibliyinə inandırmağa çalışırdı. O, ənənələrimizə, özünün şəxsi namus anlayışlarına mənim də qeyd-şərtsiz əməl edəcəyimi gözləyirdi. Deyə bilərəm ki, xırda istisnaları çıxsaq, elə belə də oldu.
Anam mənim bəkarətimi göz bəbəyi kimi “qoruyurdu”. Sinif yoldaşlarım yay düşərgələrinə getdikləri, müstəqillik öyrəndikləri illərdə anam məni heç yana buraxmırdı. Orta məktəbi bitirəndən sonra belə, anam mənə heç bir xarici ölkəyə getməyə icazə vermədi. Hətta qardaşımla da heç yana gedə bilməzdim. Valideynlərim ikisi də dəfələrlə deyirdilər ki, istənilən səfəri, harasa getməyi unudum, mən ya onlarla birlikdə harasa gedə bilərəm, ya da ərə gedəndən sonra ərimlə hara istəsəm, gedərəm.
Anamı razı salmaq ümumiyyətlə, mümkün deyildi. Ona elə gəlirdi ki, mən hər şeyi səhv edirəm. Ona görə mənim geyimim, yerişim, oturuşum, danışığım, hətta seçdiyim dostlar belə hamısı səhv, pis, ayıb idi. Hər gün, bəzən gündə bir neçə dəfə üzüm danlanır, anamdan ancaq qınaq eşidirdim və bu məni üzüb əldən salırdı, canımdan bezdirirdi.
Bədənimi öyrənməyə yeniyeməlik illərində başladım. Nəsə istədiyimin fərqində idim, amma məhz nə istədiyimi anlaya bilmirdim. Böyüdüyüm, ehtiras deyə bir hisslə bədənimin tanış olduğu ağlıma gəlmirdi. Bir dəfə internetdə porno videoya rast gələnə qədər, hər şey mənə dumanlı gəlirdi. Gördüyüm ilk pornoda hər şey standart idi – kişi və qadın. Gördüyüm səhnələrə özümə də qəribə gələn bir maraqla baxdım, gördüklərim həm həyacanlı, həm də anlaşılmaz idi. Bütün bədənim boyu axan ehtirası hiss edir, gördüklərimi diqqətlə analiz etməyə çalışır, yadda saxlayırdım.
O videodan sonra masturbasiya yeniyetməlik illərimdə tanış olduğum ən gözəl şeylərdən biri oldu. Yəqin, elə bütün yeniyetmələrdə belə olur. Mən də istisna deyildim.
Əsl seksual kimliyimlə bağlı ilk “kəşf”im də elə o illərə təsadüf elədi. Hiss edirdim ki, bədənimə fiziki kontakt lazımdır, amma necə kontakt, kiminlə, bunu ayırd edə bilmirdim. Bir dəfə hardansa əlimə keçən jurnallardan birində çılpaq qız şəkli gördüm. Bütün axşamı bu şəkil haqda düşündüm, gecə isə o qızı düşünəndə, orqazm olduğumun fərqinə vardım. Çılpaq qız şəklinin məni niyə ehtiraslandırdığını düşünmək belə istəmədim. Bu barədə düşünməkdən hətta qorxurdum. Bu məsələni birdəfəlik unutmaqdan başqa çarəm yox idi.
O vaxt mənə elə gəlirdi ki, ideal münasibətlərin formulunu bilirəm. Ərə getmək, ərini sevmək və onunla sevişmək, evi təmiz saxlamaq, dadlı yeməklər bişirmək və zərif, qayğıkeş bir qadın olmaq. Heç kim mənə demədi ki, münasibətin o tərəfindəki də canlı insandır və münasibəti ayaqda saxlayan hər iki tərəf olmalıdır. O vaxt mənim üçün ən vacib olan şey – hər şeyin valideynlərim istəyən kimi, ənənələrimizə uyğun şəkildə baş verməsi idi. Qarşımda dayanan məsələ - heç bir sevişmə yaşamadan sevə biləcəyim, sevgili münasibətləri yaşamadan ərə gedə biləcəyim bir adam tapmaq idi. Tipik azərbaycanlı ailəsində böyüyən bir qız kimi, mənim həyatdakı əsas məqsədim tez ərə getmək və möhkəm bir ailə qurmaq idi. İstəmədiyim tək şey gələcək ailəmin ata-anamın ailəsinə oxşamağı idi.
O illərdə təzə-təzə populyarlaşan internet mənim üçün göydəndüşmə oldu. Fəaliyyətə başlayan tanışlıq çatlarında adamla görüşmədən danışmaq, tanımaq, şəkillərini görmək və öz şəklini göstərmək mümkün idi. Hətta vurulmaq da… Təəccüblü görünə bilər, amma əsas məqsədim ərə getmək olsa da, sevgi mənim üçün vacib idi. Bir-birini sevməyən ata-anamın münasibətləri gözümü çox qorxutmuşdu, üstəlik, sevgi romanlarına o qədər qapılmışdım ki, anlayırdım – sevgisiz ailə qurmaq faciədir.
O illər idi ki, artıq anamın işləri yaxşı gedirdi. Bir-birinin ardınca başlatdığı kiçik bizneslərin hamısı pul gətirirdi. Anam da işləri ilə əlaqədar olaraq, tez-tez Bakıya getməli olurdu. Başqa vaxt anama dünyanı dar edən, xəbəsiz addım atmağa qoymayan atam onun bu səfərlərinə heç nə demirdi. Çünki anam çox pul qazanırdı və bu vəziyyət, işləri heç gətirməyən atam üçün ələdüşməz idi.
Anamın Bakıya getdiyi vaxtlarda onun bütün işləri mənim boynuma düşürdü. Yemək bişirir, evi yığışdırır, atamın və qardaşımın təmiz geyinməsinə nəzarət edir, üstəlik, axşamlar qardaşımın dərslərinə kömək edirdim.
O vaxt onuncu sinifdə oxuyurdum, qəfildən məktəbimiz bağlandı. Başqa orta məktəbə keçməli oldum. Burda yeni və qəribə bir kollektivlə qarşılaşdım. Onlarla heç cür dil tapa bilmir, qaynayıb-qarışmağa cəhd etsəm də, alınmırdı. Tamamilə tək qalmağım ona gətirib çıxardı ki, bütün fikrimi-zikrimi dərslərimə verməkdən başqa əlacım qalmadı. Yuxarı sinifləri əlaçı kimi oxuyur, xarici dillərə maraq göstərir, evin işlərini görürdüm. Amma yeniyetmə kimi heç bir sosial həyatımın olmaması məni qaraqabaq, özünə qapanmış birinə çevirirdi. Artıq demək olar ki, tam anamın istədiyi kimi, üzüyola, sakit, evdən çıxmayan bir qız olmuşdum, bununla belə anam yenə də məndən narazı idi.
Orta məktəbi bitirib, özümə peşə seçmək vaxtı gələndə sakit, təvazökar bir iş seçdim – tarixçi. Hərçənd, daxilimdə tamamilə başqa şeylər vardı. Birinci sinfə getdiyim ilk gün hamıdan qabaq əl qaldırmağımı, həvəslə səhnəyə çıxmağımı heç unuda bilmirdim. Tez-tez düşünürdüm ki, görəsən, o vaxt bunu niyə elədim? Bu sual barədə çox düşünür və anlayırdım ki, daxilimdə başqalarının xoşuna gəlmək, alqışlarını, dəstəyini, sevgisini qazanmağa dərin bir ehtiyacım var. O gün əynimdəki tüllü don, saçlarımdakı mavi lentlər mənə özümə əminlik vermiş, içimdə səhnədə parlamaq, istedadımı, cəsarətimi göstərib, insanları heyran etmək ehtiyacı yaratmışdı.
Başqalarının xoşuna gəlmək, nəhayət, insanlardan qınaq, danlaq deyil, alqışlar, təqdir eşitmək ehtiyacım hər gün daha güclü olurdu. İnsanlar tərəfindən təqdir edilməyi, onların sevgisini qazanmağı elə çox istəyirdim ki! Qəlbimin dərinliyində səhnəyə çıxmaq, çoxlu insanların pərəstişini qazanmaq istəyirdim və ehtimal möcüzəli bir şəkildə qəlbimi isidirdi.
Təzə keçdiyim məktəbdə musiqi dərsləri çox keyfiyyətli olurdu. Vokal müəlliməmizin məndən, səsimdən elə xoşu gəlmişdi ki, mənimlə dərsdən əlavə də məşğul olurdu. Müəlliməm arıq, hündür, donqar burunlu bir qadın idi, əynində daima qara tül köynək, uzun ətək və dar pencək olurdu. Nazik, uzun barmaqları həmişə qəşəng, manikürlü idi. Mənə fortepianoda bir ilə yaxın dərslər verib, səsimlə uzun müddət işləyəndən sonra, müəlliməm mənimlə əməlli-başlı fəxr edirdi. Bir dəfə o sevincək musiqi otağına girib, dedi ki, səsyazma studiyalarının biri ilə danışıb və onlar məni dinləməyə razı olublar. Müəlliməm əmin idi ki, mən onların xoşuna gələcəm və səsimdən doğru istifadə etsəm, üzərimdə yaxşı işləsəm, bəlkə məşhur artist də ola bilərəm.
Səsyazma studiyasının məni dinləməsi üçün onlara valideynlərimdən razılıq məktubu lazım idi. Buna görə də, müəlliməmin planını onlara danışmalı oldum. Evdə qırğın qopdu. Atam bağırmağa başladı, dedi ki, səhnəyə çıxmaq ancaq əxlaqsız qadınların işidir. Anamın üstünə cumub, dedi ki, bir qızı tərbiyə edə bilmirsən. Anam atamı dəstəkləyir, onun dediklərində haqlı olduğunu israr edirdi. Atam hirslə otaqdan çıxandan sonra anam mənə yalvarmağa başladı ki, bu “hoqqadan” əl çəkim, yoxsa atam acığını ondan çıxacaqdı. Anama çox yazığım gəlirdi və onun döyülməyini istəmirdim. Məhz anama mərhəmət hislərimə görə, bu fikirdən vaz keçdim və bunu utana-utana müəlliməmə dedim. Qadın dəhşətli dərəcədə məyus oldu. O qədər pis oldu ki, onu həmin vəziyyətə saldğıma görə özümdən utandım və daha musiqi dərslərinə getmədim.
Tarix fakültəsini seçəndə dəqiq bilirdim ki, başqa şey arzulamağın mənası yoxdur. Ailəm mənə heç vaxt müğənni ya aktrisa olmağa icazə verməyəcək. Parlaq bir şəxsiyyət olmağa, səhnəyə çıxmağa heç bir ümidim yox idi. Səhnə bir yana, hətta arada yazdığım qısa hekayələri, şeirləri anama göstərəndə o, kinayə ilə deyirdi:
Mənasız işlərin başını burax. Sənə pul gətirən, hörmət gətirən işlərlə məşğul ol!
Mən anama baxır və onun öz yaradıcı təbiətini necə rahat, birdəfəlik unutduğuna, dünyada gözəl olan hər şeydən necə uzaqlaşdığına heyrətlənirdim. Bir vaxtların rəssamı olan anamın əlində heç vaxt fırça görməmişdim, evimizdə heç vaxt kətan, boya olmamışdı, anam heç vaxt incəsənətdən danışmamışdı. Mən gözümü açandan onu ancaq və ancaq “pul və hörmət” barədə düşündüyünü görmüşdüm. Anlaya bilmirdim, ona nəyin belə pis təsir elədiyini başa düşməyə çalışırdım. Onun yaradıcı təbiətini sındıran, gözəl olan hər şeyə qarşı nifrət və kinayə ilə dolduran nə olmuşdu? Rəssam kimi tanına bilməməyi? Əli ətəyindən uzun kəndə qayıdıb, camaatı özünə güldürməyi? O dənizçi oğlanın onun sevgisini rədd eləməyi? Bildiyim təkcə bu idi ki, anamı indi maraqlandıran tək şey – pul qazanmaq idi. O, durmadan biznes planları qurur, Bakıdakı köhnə tanışlıqlarını işə salır, nəsə alır, nəsə satır, nəsə planlayırdı. Yeganə müqəddəs arzusu da məni və qardaşımı “yaxşı yerə calamaq” idi. İşdə də, həyatda da...
Universitetdə yerlilərimizin öz dəstəsi vardı. Bütün qeyri-ruslar kimi, azərbaycanlılar da ayrıca dəstə ilə toplanır, bir-birinin dərdləri ilə maraqlanır, sıx ünsiyyət saxlayırdılar. Bu xüsusi yaxınlıq məni ürküdürdü, çünki bu söhbətdən gizli amma qatı millətçilik qoxusu gəlirdi. Cavan oğlanlar və qızlar dərs, mədəniyyət öyrənmək yerinə başqalarının, xüsusilə də rus tələbə və müəllimlərin geyimini müzakirə edir, saatlarla qeybətə qoşulur, öz bahalı maşınlarını tərifləyirdilər. Ən sevimli mövzuları da rusların həyat tərzini ələ salmaq idi.
Mənim belə bir ortamda yerim yox idi, buna görə də onlarla qaynayıb-qarışmadım. Buna heç cəhd etmədim də. Mənim şəxsi mentalitetim uşaqlıqdan formalaşmışdı – insanları millətlərə, dinlərə bölmək mənə görə deyildi. İnsanların birləşməyi gözəldir, amma ancaq öz millətindən, öz dinindəndir deyə kiminləsə birləşmək mənasızdır. Amma onları da başa düşürdüm. İndi də başa düşürəm. Onlar ancaq özününkülərlə oturub durmuş, ömür boyu ailələri onları ancaq “özününkülərin” arasında böyütmüşdü. Elə bilirdilər ki, ən vacib işləri öz milli irslərini qorumaq, ənənələrə itaət etmək, öz həyat tərzlərinə, dillərinə sadiq qalmaqdır.
Valideynlərim də eynən onlar kimi idilər. Ən böyük istəkləri bu idi ki, biz təmiz azərbaycanlı qanını qoruyub-saxlayaq. Bu arzu mənə həmişə gülməli gəlirdi. Axı biz cins at deyilik ki, qanımızın təmizliyini qorumaq belə vacib olsun. Amma atamla anam mənə bərk-bərk tənbeh etmişdilər ki, başqa millətdən olan kimləsə ailə qurmağı yaddan çıxarım, onlar heç vaxt buna icazə verməyəcəklər. Bir dəfə zarafatla dedim ki, barı türkə ərə gedə bilərəmmi, axı biz hamımız türkük. Anam dedi ki, bunu da ağlıma gətirməyim. Mən ancaq “özümüzünkülərə” ərə gedə bilərəm.
Anamın “özümüzünkülər” kateqoriyası daha da dar idi. O məni məhz qohumlarımızdan birinə ərə vermək istəyirdi. Qardaşıma da qohum qız almaq istəyirdi, özü də lap yaxın, əmi-dayı, xala-bibi qızlarından, oğullarından seçib, bizi onlarla evləndirməyə çalışırdı. Amma qardaşım da, mən də Rusiyada böyümüşdük və burda əmi-dayı, xala-bibi uşaqları bacı-qardaşlar hesab edilir və onlarla evlənmək iyrənc bir şey hesab olunurdu. Hər dəfə anam mənə növbəti dayı ya əmioğlumu ər namizədi kimi göstərəndə ürəyim bulanır, qardaşlarım kimi qəbul elədiyim bu oğlanlara ərə gedə biləcəyim fikri mənə dəhşətli görünürdü. Anamın bütün cəhdləri zamanı mən ona iyrənərək, qışqıraraq cavab verirdim və nəticədə anam mənim bu reaksiyama alışdı və məni də, qardaşımı da qohumla evləndirmək fikrindən vaz keçdi.
Ağlım kəsəndən valideynlərimin ruslara pis münasibətinə bir izah verməyə çalışmışam. Həmişə düşünmüşəm ki, bu ölkədə yaşaya-yaşaya niyə bu xalqa düşmən kəsilməliyik? Rusların nəyi atamla anamı belə qıcıqlandırırdı? İndi, universitetdə oxuyanda görürdüm ki, ruslara pis münasibət bəsləyən təkcə valideynlərim deyil, tanıdığım bütün azərbaycanlılardır. Səbəbi yenə məni rahat buraxmırdı.
Görürdüm ki, gəlmələri qısnamaya, ayrı-seçkiliyə məruz qoyan birinci səbəb onların kasıblığı, yerlilərin özlərinə yaraşdırmadığı işlərdə işləməyidir. Axı gələnlərin çoxu burda taksi sürücüsü, xidmətçi, fəhlə işləyirdi. Belə xidmət sahələrində işləyənləri isə təkcə Rusiyada deyil, hər yerdə incidir, pis davranırlar. Məsələn, atam cavan vaxtı tikintidə fəhlə işləmişdi. İş yoldaşları, ondan yuxarı işlərdə olanlar atama qarşı pis davranmışdılar. İş elə gətirmişdi ki, sonra atam daha yüksək işə keçə bilmişdi. Həmin adamlar indi üzdə ondan çəkinsələr də, arxasında onun bu işə layiq olmadığını, tanışı olduğuna görə yuxarı çəkildiyini deyirmişlər. Belə xoşagəlməz söhbətlərə görə rusları görməyə gözü yox idi.
Anama işlədiyi bütün yerlərdə münasibət yaxşı olmuşdu. Ona heç kim heç vaxt kobud davranmamışdı. Hətta lazım olanda kömək etmişdilər. Bu münasibəti anam özü qazanmışdı. Bizimlə nə qədər sərt olsa da, işdə anam olduqca nəzakətli, heç kimin işinə qarışmayan və zəhmətkeş qadın idi. Möminliyi ona qeybəti də qadağan elədiyindən, heç vaxt qeybətə qoşulmaz, heç kimin arxasınca danışmazdı. İllərlə atama dözə bilməyindən də anladığınız qədər, dağlar qədər səbr sahibi idi. Belə yaxşı xüsusiyyətlərinə görə həmişə iş yoldaşları onu sevər və hörmət edərdilər. Buna görə də, düşünürəm ki, atamla anama olan münasibət onların milliyyətinə görə deyil, şəxsi keyfiyyətlərinə görə idi. Amma onlar yenə də hesab edirdilər ki, rusların bizdən zəhləsi gedir. Hərçənd, nə məktəb, nə də universitetdə mən şəxsən özümə qarşı bunu hiss etməmişdim.
Ötən əsrin doxsanları Rusiyada “skinxedlər” dalğası başladı. Bu millətçi hərəkat xeyli gəlmə döymüş, yaralamış, hətta öldürmüşdü. Biz də qorxur, tək gəzməməyə çalışır, gecələr evdən çıxmırdıq. Moskvada vəziyyət getdikcə pisləşirdi.
Powered by Froala Editor