Azərbaycanda pandemiya LGBTİ+lərə necə təsir göstərib
Nəfəs LGBTİ Azərbaycan Alyansı icma görüşüb və onların bir il pandemiya dövründəki vəziyyətlərini və həyatlarına necə təsir etdiyini müzakirə edib
31/Mar/21
2888
Pandemiya Azərbaycanda LGBTİ+lərə necə təsir göstərdi
Nəfəs LGBTİ Azərbaycan Alyansı icma ilə görüşüb və onların bir illik pandemiya dövründəki vəziyyətlərini və bu dövrün həyatlarına necə təsir etdiyini müzakirə edib.
Davam edən qlobal pandemiya planetdəki hər kəs üçün çətin və sərt olub. Bu səbəbdən də, ən həssas qruplardan olan qadınların və LGBTİ+lərin daha çox əziyyət çəkməsi təəccüblü deyil. Nəfəs LGBTİ Azərbaycan Alyansı qadınlar və LGBTİ+lər üçün pandemiya dövründə yaşadıqları mübarizə və çətinlikləri, eyni zamanda bu dövrün onların həyatlarına necə təsir etdiyi barədə danışa biləcəkləri təhlükəsiz bir yer yaradaraq müzakirə görüşləri keçirib. Bu məqalə ümumi müzakirənin xülasəsi və iştirakçıların qeyd etdiyi müxtəlif məqamları özündə cəmləşdirib.
İştirakçıların əksəriyyəti pandemiyanın başlanğıcında özlərini yaxşı hiss etdiklərini qeyd ediblər, çünki bu, işdən və cəmiyyətdən bir az dincəlmək üçün boş vaxtın olmasına səbəb olub. Ancaq vaxt keçdikcə işlər əvvəlki kimi getməməyə başlayıb.
Çətin şərtlərin yaranması əksər kuirləri və qadınları işlərini itirməyə və ya uzaqdan işləməyə/oxumağa məcbur edib və nəticədə, əksəriyyəti paytaxtdan ayrılıb ailələrinə yanına, bölgələrə qayıtmaq məcburiyyətində qalıb. Uzun müddət ailələrindən uzaqda yaşadıqdan sonra, eyni dam altında onlarla münasibət qurmaq çətin olub. Ailə üzvləri tərəfindən müxtəlif səbəblərdən davamlı təzyiqlərlə qarşılaşıblar: işsiz olmaları, özlərini ifadəetmədə, hələ də subay olmaları və s. İştirakçılardan biri evdəki homofobik və mizoginist münasibətlərə şahidi olmağın çətin olduğunu və ailə üzvlərini bu mövzularda maarifləndirməyin mümkün olmadığını da qeyd edib.
Bir evdə valideynlər ilə kilidlənmə (lockdown) əksər kuirlər və qadınlar üçün çox çətin bir dövr olub. Heteroseksualların vəziyyətinin əsasən yaxşı olduqlarını söyləyiblər, ancaq onların rahatlıq zonasından kənarda yeni bir həyata uyğunlaşmaları, həqiqətən, çətin keçib. Onlar bu dövrdə kimisə görmək və onlarla danışmaq istəməyiblər və bölgələr kimi daha mühafizəkar mühitlərdə yaşadıqları üçün fobiyaya qarşı daha həssas olduqlarını hiss ediblər.
Kuir insanların əksəriyyəti bioloji ailələrini həqiqi bir ailə kimi görmür və həyatda qalmaq üçün öz ətraflarından ailə yaradırlar. Dostlarından və yaratdıqları sosial çevrələrdən uzaq olmaq onların özlərini tək və depressiv hiss etmələrinə səbəb olub. Pandemiya zamanı maliyyə vəziyyəti də böyük rol oynayıb. Məsələn, ictimai nəqliyyatın həftə sonları işləməməsi səbəbindən bəzi iştirakçılar görüşlərə getmək, həftə sonları dostları ilə ünsiyyət qurmaq və vaxt keçirmək məqsədilə taksiyə ödəmək üçün yetərincə pullarının olmadığını qeyd ediblər.
Həmçinin iştirakçıların əksəriyyəti mövcud psixoloji problemlərinin artdığını və pandemiya zamanı normadan daha aqressiv olduqlarını bildiriblər. Onlar panik ataklarını daha tez-tez yaşadıqlarını və gün ərzində daha həssas və emosional olduqlarını qeyd ediblər. Aqressiya daha çox hökumətə və onun kilidləmə ilə bağlı verdikləri qərarlara qarşı özünü büruzə verib. İnsanların çoxu özlərini qeyri-müəyyən və inamsız hiss edib. Səbəb isə gündəlik həyatlarının hökumətin qəbul etdiyi qərarlardan asılı vəziyyətə gəlməsi olub.
Pandemiyanın ortasında müharibə başladı və o, hər şeyi daha da pisləşdirdi. İnternetə giriş məhdudlaşdırılmışdı. İştirakçıların bir qismi məktəblərdə işləyir və pandemiya və davam edən müharibənin təhsil sistemində böyük problemlər yaratdığını qeyd edib. Onlar həm də təhsilin hökumət üçün prioritet olmadığını və kilidləmə zamanı açıq şəkildə bunun şahidi olduqlarını da söyləyiblər. Məktəblərin bağlanması və uzaqdan təhsilə uyğunlaşmaq, həqiqətən, çətin olub və təhsilin keyfiyyətini aşağı salıb. “Bu həm də tələbələrin təhsilə həvəsini azaldıb”, - başqa bir iştirakçı əlavə edib.
LGBTİ+lərin və qadınların mübarizələri yalnız yuxarıda göstərilən hekayələrlə məhdudlaşmır və yaşadıqları çox şey var. COVID-19 ilə vəziyyət bütün dünya üçün çətin və təsirli olub, lakin böhran zamanı ən həssas insanlar həmişə daha çox mübarizə aparırlar.
Powered by Froala Editor