Azərbaycan ədəbiyyatında homoseksual münasibətlər
Femiskop yerli ədabiyyatda homoseksual münasibətlər haqqında araşdırma dərc edib
02/Jun/21
3452
Azərbaycan ədəbiyyatında homoseksual münasibətlər
Bədii mətnlər bəzən hər bir dövrün real həyatı, atmosferi, dəyərləri və ənənələri, ən əsası isə insanlar arasındakı münasibətlər barədə daha dolğun təsəvvür yarada bilir və o dövrü yaxından hiss etməyə imkan verir. Bəzən tarixçilərin yazmaq istəmədikləri, yaza bilmədikləri və ya barəsində yazılacaq qədər dəyərli bir şey hesab etmədikləri həyati xırdalıqlar, vacib detalları bədii mətnlərdən taparaq, onlardan ədəbiyyat sayəsində xəbər tutmaq mümkün olur.
Məsələn, Azərbaycanda yaxın tarixdə eynicinsli münasibətlər və seksual aktlar, homoseksuallıq, homoseksual münasibətlər, homoseksuallara münasibət barədə təsvirləri bədii ədəbiyyatdan, ilkin mətbuatımızdan tapmaq daha realdır. Zaman müəlliflərin eynicinsli seksual aktlara və münasibətlərə, həmçinin homoseksuallığa öz münasibətini ələyib, sıradan çıxarır, mətnlər isə bizə həmin dövrdəki real vəziyyəti təsəvvür etməyə imkan verir.
Çar Rusiyası dövründə eynicinsli münasibətlər və ədəbiyyatdakı təsviri
19-cu əsrdə, Azərbaycanın Rusiya Çarlığına bağlı olduğu illərdə kişilər arasında eynicinsli münasibətlər çar tərəfindən qadağan edilmişdi və kişilər arasındakı anal seks ölümlə cəzalandırılırdı. Amma bu qanun bəzən könüllü, bəzən də istismar elementləri daşıyan eynicinsli münasibətlərin mövcud olmasına mane ola bilmirdi.
Manaf Süleymanov, Ümmülbanu Əsədullayeva, Hüseynqulu Sarabski, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə kimi azərbaycanlı müəlliflərin əsərlərindəki bəzi parçalar bizə istər Bakı, istər regionlarda homoseksuallığın o zamanlar mütrüblük adlanan bir rəqqaslıq ənənəsi altında var olduğundan, imkanlı şəxslərin gənc oğlanlara seks müqabilində pul xərcləmələrindən və varlı adamlar arasında bu halın adi bir şey olduğundan xəbər verir.
Manaf Süleymanovun (1912-2001) 1994-cü ildə nəşr edilmiş Lahıc etnoqrafik romanında Lahıc bölgəsində varlı kişilərin cavan gözəl oğlanları yanlarında rəqqas kimi gəzdirdiklərindən, toylarda, məclislərdə bu oğlanların “qadın paltarı, dikdaban ayaqqabı geyindirib, rəqs etdirməsi”ndən bəhs edir. Bəzən bu varlı adamlar arasında “kimin mütrübü daha gözəldir, ya da kimin mütrübü daha gözəl rəqs edir məsələsində mübahisələr düşür, mütrüb sahibləri mübahisə zamanı qəzəblənərək, bir-birinə bəzən silah da çəkirdilər,” – deyə Manaf Süleymanov yazır.
Süleymanov sözügedən ənənədən bəhs edərkən, məsələyə kifayət qədər soyuqqanlı yanaşır, müəllifin nə eynicinsli əlaqələrə, nə də gənc, yeniyetmə oğlanların seksual istismarına, ümumiyyətlə, heç bir şəxsi münasibət bildirmir.
Süleymanovun yazdıqlarının daha geniş təfsilatına biz ailəsi ilə birlikdə Fransaya mühacirət etmək məcburiyyətinda qalan (Sovetlər qurulduqdan sonra) Banin təxəllüsü altında yazan, Ümmülbanu Əsədullayevanın (1905-1992) Parisdə (1945) nəşr edilən və bütün Avropada qəfil populyarlıq qazanan Qafqaz günləri adlı memuar-romanında rast gəlirik.
Qafqaz günlərində Banin məclislərdəki mütrüb rəqslərindən söz açmaqla yanaşı, öz qohumlarının, Bakı camaatının oğlanbazlığa münasibətindən bəhs edir. Bəzi parçalarda o aktiv oğlanbazlığın (uşaqbaz) insanlar tərəfindən bir norma kimi qəbul edildiyini, passiv oğlanbazlığın (götverən) isə ikrahla qarşılandığını qeyd edir. Bibisi oğlanlarının mütrüblərə münasibətindən yazarkən qeyd edir ki, bibisi oğlanları böyüyəndə bir neçə mütrüb saxlayacaqlarını arzu edirdilər.
Romanın sonlarına yaxın, yəni Bakıya kommunistlərin gəlişindən, ailəsinin kasıbladığından sonrakı həyatını nəql edən müəllif, bibisi oğlanlarının pul qazanmaq üçün bədənlərini satmağından, hətta bu iki qardaşın öz doğma bacılarının ərini “yoldan çıxarmağa” çalışdığından bəhs edir.
Bunu qeyd etmək vacibdir ki, roman ötən əsrin səksəninci illərində dilimizə tərcümə edilərkən, kəskin senzuraya məruz qalmış, mütrüb ənənəsi və homoseksuallarla bağlı hissələr romandan çıxarılaraq, oxuculara təqdim edilmişdi. Yalnız bir neçə il əvvəl Qafqaz günləri tam senzurasız şəkildə oxucuların ixtiyarına verilib.
Manaf Süleymanov kimi Banin də öz memuarlarında eynicinsli münasibət və oğlanbazlığa qarşı kifayət qədər neytral görünür, müəlliflərin şəxsi münasibətində neqativ çalarlar hiss edilmir. Yalnız bibisi oğlanlarının oğlanbazlıq meyllərindən danışarkən, yazarın yanaşmasında ikrah hiss edilir ki, bu da daha çox qohumlarının ikiüzlülüyünə, mütrüblərə istismarçı gözü ilə baxdıqlarına görədir.
Azərbaycan ədəbiyyatı olub-olmaması bu günə qədər qeyri-müəyyən qalsa da, hər halda, qəhrəmanları çoxluq etibarilə azərbaycanlı olan və eynicinsli münasibətlər mövzusuna qısaca toxunan əsərlərdən biri də Qurban Səidin (1905-1942) Əli və Nino romanıdır (Vyana, 1937). Baninin Qafqaz günləri kimi, on doqquzuncu əsrin sonu, iyirminci əsrin əvvəllərinin ab-havasını yaşadan, hiss etdirən bu əsərdə eynicisnli əlaqələrə eyham vurulan hissədə söhbət qəhrəmanların İranda olduğu zaman baş verir. Əli Xan Şirvanşir və Nino ötən əsrin başlanğıcında Bakıdakı çaxnaşmalar zamanı İrana qaçmalı, orada Şəmiran sarayına sığınmalı olur. Əli Xanın qadın qohumlarına baş çəkməyə gedən Nino oradan qayıdıb, heyrətlə deyir: “Əli Xan, onlar soruşurdular ki, sən gün ərzində neçə dəfə məni öz məhəbbətinlə xoşbəxt edə bilirsən? Sonra da sənin bibin Sultan xanım soruşdu ki, belə cavan ərin tək bir arvadı olması yəqin ki, onu darıxdırır. Sonra da hamısı səni oğlanlardan necə uzaq tuta bildiyimi öyrənmək istədilər…”.
Yuxarıda sözügedən hər üç əsərdə eynicinsli münasibət və oğlanbazlıq mövzularının işlənmə miqyası ancaq bu halın movcudluğunu təsdiq edir. Lakin müəlliflərin konkret homoseksual personajları, eynicinsli münasibətlərin təfsilatı, təsviri və s. mövcud deyil.
Eynicinsli münasibətlərin bir qədər dolğun təsvirləri və bədii obrazlar vasitəsi ilə çatıdırılmasına biz Çar dövrünün daha erkən mətnlərində, on doqquzuncu əsrin ortalarından etibarən vüsət almış Maarifçilik hərəkatı üzvlərinin əsərlərində görürük. Mirzə Ələkbər Sabirin (1862-1911) Ay nənə, bir qırmızı saqqal kişi adlı şeiri yeniyetmə bir oğlanın dilindəndir. Şeirdə uşaq anasına mərhum atasının dükan ortağı olan bir baqqalı təsvir edir. Baqqalın sürməli gözlərini, qırmızı həna qoyduğu saqqalını xüsusi vuğulaması, müəllifin “eynicinsli münasibətləri arzu edən homososial obraz yaratmaq” cəhdidir. Sonuncu bəndlərdə uşaq məsum bir halda, özü də bilmədən, baqqalın ona taciz etməsindən danışır:
Bir belə yaxşı kişi olmaz, nənə
Gündə verir ləbləbi, kişmiş mənə
Söyləyir, oğlum, saba tez gəl yenə,
Qoyma ola dərdindən pamal kişi,
Ağzı dualı, qoca baqqal kişi!
Gah başımı, gah gözümü əlləyir,
Gah budumu, gah dizimi əlləyir,
Gah çənəmi, gah üzümü əlləyir,
Bir para söz də deyir ehmal, kişi,
Ağzı dualı qoca baqqal kişi!..
Bu şeir müəllifin eyni mövzudakı tək mətni deyil. “Daş qəlbli insanları neylərdin, İlahi?” şeirində də M.Ə.Sabir eynicinsli münasibətlərə eyham vurur: “Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, Evdəki nisvanları neylərdin, İlahi?” deyərək, dövrün kişilərinin oğlanlara meylindən bəhs edir. Və göründüyü qədərilə, müəllifin bu hallara münasibəti neqativdir.
Lakin ilk şeirdəki baqqal təsvirindən yola çıxaraq Sabirin neqativ münasibətinin eynicinsli münasibətlərə deyil, azyaşlıların istismarına qarşı olduğunu deyə bilərik. Çünki azyaşlı oğlanlarının seksual istismar təkcə Sabiri deyil, yazarı olduğu Molla Nəsrəddin (1906-1931) jurnalının bir çox müəlliflərini narahat edən mövzular idi. Jurnalın fərqli saylarında müxtəlif müəlliflər tərəfindən “uşaqbazlığ”ın bir “müsəlman adəti” olduğunu qeyd edilirdi. Əlavə olaraq, bu hal müəlliflər tərəfindən pislənir və lənətlənirdi.
Azyaşlı uşaqlara cinsi istismar hallarından üstüörtülü şəkildə öz felyetonlarında söz açanlardan biri də dövrünün digər məşhur qələm adamı Cəlil Məmmədquluzadə (1866-1932) idi. Nə qədər fikirləşirəm, başa düşmürəm adlı felyetonunda (Molla Nəsrəddin, 12 may, 1902) müəllif Tiflisdə ona qonaq gəlmiş Məşədi İmamqulu adlı bir şəxsin uzun müddət ev axtardığını, amma hər evə bir bəhanə gətirib, bəyənmədiyini, burda darıxacağından şikayət etdiyini yazır. Felyotonun sonunda Məşədi İmamqulu on iki yaşlarında bir oğlu olan ev sahibindən otaq kirayələyir və müəllif Məşədinin cibindən qoz-kişmiş çıxarıb, oğlan uşağının ətəyinə tökdyünü eyhamlı bir şəkildə qeyd edir.
Sovetlər dövrü
Oktyabr inqilabından sonra, 1920-ci ildə Azərbaycan da yeni yaranan Sovetlər İttifaqının tərkibinə qatıldı. V.İ.Lenin I Nikolayın 1832-ci ildə imzaladığı eynicinsli münasibətləri, yəni oğlanbazlığı və ya sodomçuluğu qadağan edən qanununu ləğv etdi, amma Azərbaycanda bu qanun dəyişdirilmədi. 1923-cü ildə ölkə konstitusiyasına yetkin kişilər arasında homoseksual münasibəti qadağan edən maddə də əlavə edildi. Leninin ölümündən sonra hakimiyyətə gələn Stalin 1934-cü ildə SSRİ-də yalnız kişilər arasında eynicinsli münasibətləri qadağan etdi. Sovet Cinayət Məcəlləsinin 121-ci maddəsinə əsasən, bu münasibətlər dövlətə qarşı edilən cinayət hesab edilirdi və beş ilə qədər həbs və həmin müddətdə ağır icbari əməklə cəzalandırılırdı.
Çar dövründə eynicinsli münasibətlər qadağan edilsə də, xeyli sənət adamlarının yaxın çevrələri onların eynicinsli münasibətlərindən xəbərdar olurdu. Lakin Çar belə şeylərə “göz yumurdu”, çünki sənət adamlarına qarşı simpatiyası vardı. Həmin dövrdə tətbiq edilən ölüm hökmü isə daha çox pravoslav cəmiyyətin könlünü oxşayan formallıq idi. Sovetlər dövründə homoseksuallığa münasibət “yuxarıların”, xüsusilə də “konservativ qafqazlı” kimliyinə sahib İ.V.Stalinin ideoloji nifrəti mərhələsinə keçdi. O, homoseksuallığı Qərbin və kapitalizmin “iyrənc əməllərindən biri” elan etmişdi.
İkinci Dünya Müharibəsindən sonra isə demoqrafik böhran yaşayan ölkə ailə institutunu möhkəmləndirmək, çox uşaqlı ailələri təqdir etmək, dünyaya övlad gətirməyi fədakarlıq kimi qurmaq məqsədilə bütün incəsənətdə sərt və “əxlaqçı” bir siyasət yürüdürdü.
Bu şərtlər altında Sovet ədəbiyyatında homoseksual münasibətlər barədə nəinki yazmaq qadağan idi, hətta xarici əsərlər də tərcümə edilərkən, belə əlaqələrdən söz açılan hissələr ya kəsilir, ya da üstüörtülü bir şəkildə təqdim edilirdi. Doğrudur, Rusiyada “gey ədəbiyyatın Bunini” hesab edilən şair Yevgeniy Xaritonov kimi istisnalar vardır. Ötən əsrin yetmişinci illərində xüsusi populyarlıq qazanan və marginal yazarların senzuradan keçməyən əsərlərini məhdud tirajda nəşr edib, əl altından satan, ya yayan Samizdat sistemi Xaritonovun əsərlərini nəşr edirdi. Amma KGB tərəfindən təqib edilən şairin aqibəti gey ədəbiyyat yarada biləcək müəlliflərin gözünü qorxudurdu.
Güman ki, Xaritonov kimi qələm adamları Azərbaycanda da vardı, amma ölkədə samizdatın zəifliyi, Qafqaz əxlaq normalarının ifrat sərtliyi bu adamların yaratdığı və yarada biləcəyi əsərlərə mane olub.
Məsələn, C. Selincerin (1919-2010) “Çovdarlıqda uçurumdan qoruyan” (1951) əsərinin Sovetlər dövrü tərcüməsində yeniyetmə qəhrəman öz dostu ilə bir müəllim barədə söhbət edərkən, onun homoseksual olduğunu qeyd edir. Sovetlər dövründə tərcümə edilmiş əsərin bu hissəsində qəhrəmanın dedikləri “deyirlər ki, ondandır, hmm…ibnəlidir…” kimi üstüörtülü bir şəkildə təqdim edilir. Qeyd edim ki, dilimizə farscadan keçmiş ibnə kəlməsi regionlardan asılı olaraq, ifritə, azar, aravuran kimi mənalar verir və eynicinsli münasibətlər və homoseksuallıq da bəzən bu sözlə ifadə edilərək, bu neqativ anlamlara tay tutulur.
Müstəqil Azərbacanda homoseksuallıq və çağdaş ədəbiyyatımızda təsviri
Müasir Azərbaycanda homoseksual münasibətlər qanunla qadağan deyil. 2001-ci il, kişilər arasında homoseksual münasibətləri qadağan edən qanun Cinayət Məcəlləsindən çıxarıldı. Amma qeyd etmək lazımdır ki, bu addım Azərbaycana ancaq Avropa Şurasının üzvlüyünə qəbul edilmək üçün atılmışdı və real olaraq, LGBTİQ+lərin həyatını asanlaşdırmadı və epidemik səviyyədə olan homofobiya da azalmadı. Eyni zamanda, incəsənət və ədəbiyyatda da homoseksuallıq mövzusu tabu olmaqdan çıxmadı. Bu günə qədər də homoseksuallar, homoseksuallıq haqqında yazanlar və kuir mövzularını işləyən digər sənət adamları sıxışdırılır, ölkəni tərk etməyə məcbur qalır, ya da seksual kimliklərini gizlədərək yaşayırlar.
Bəs LGBTİQ+lərə qarşı davamlı təzyiq və təqiblərin fonunda homoseksuallıq mövzusu çağdaş ədəbiyyatımızda necə əksini tapır və ya ümumiyyətlə, tapırmı?
Müasir Azərbaycan ədəbiyyatında yazıçı Əli Əkbərin Artuş və Zaur (2009, Bakı), gənc yazar Orxan Bahadırsoyun Günahdır səni sevmək (2014, Bakı) adlı gey sevgisindən bəhs edən romanları işıq üzü görüb. Çar dövrü Azərbaycan ədəbiyyatından fərqli olaraq, müasir müəlliflər eynicinsli münasibətlər mövzusunu bədii səviyyəyə daşıyır, konkret gey qəhrəmanlardan, onların hisslərindən, homoseksual sevgi və seks münasibətlərindən bəhs edir.
Cəmiyyətdə səs-küylə, müəlliflərə qarşı nifrətlə müşaiyət edilən bu romanlardan Əli Əkbərin Artuş və Zaur əsəri mövzuya daha çox qrotesk yanaşma ilə diqqəti cəlb edir. Gey sevgisi, homoseksual münasibətlər “Onlar da bizim kimi götverən olardılar”, “Göz yaşı müqəddəsdir, amma vazelinin yerini vermir axı” cümlələr, hamamdakı siyasi müzakirələrin qəfildən homoseksual orgiyaya dönüşməsi səhnələri kimi “ironiya sousunda” itib-batır.
Lakin onsuz da Artuş və Zaur romanında müəllif homoseksual sevgi mövzusunu incələmək məqsədindən uzaqdır, əsər daha çox ölkədəki ermənifobiyaya və homofobiyaya etiraz aktı kimi qələmə alınıb. Qısa zamanda həm Azərbaycanda, həm də bir neçə Qərb ölkəsində tanınan romanın satışına ölkədə qadağa qoyuldu, müəllif isə ölkəni tərk etmək məcburiyyətində qaldı.
Gənc müəllif Orxan Bahadırsoyun Günahdır səni sevmək adlı romanında isə gey sevgisinə daha incə və həssas yanaşma var. Əsərdə homoseksuallara münasibət, LGBTİQ+lərin icma həyatı, üzləşdikləri problemlər, trans*ların bir qisminin seks işçiliyi sahəsinə zorla qısnanılması kimi məsələlər öz əksini tapır və müəllif tərəfindən xüsusi anlayış, hətta himayədar bir münasibətlə müşaiyət olunur.
Orxanın sayca ikinci kitabı olan bu romanda bir-birini sevən İlyas və Mövlan adlı gey cütlük öz dərin düşüncə qabiliyyətləri, bacarıq və istedadları ilə seçilir. Müəllif ideoloji xətdən də yan keçməyərək, qəhrəmanlarını seksual azadlıq uğrunda mübarizənin içinə atır və bu mübarizə dolu məhəbbət hekayəsini ölkədəki digər LGBTİQ+lərin həyatından bəhs etmək üçün münbit bir atmosferə çevirir.
Homoseksuallıq bir mövzu kimi son olaraq, Aylin Vaysın lesbiyan sevgidən bəhs edən Bədənim belə istədi romanında (Minority Azerbaijan, 2021) işlənir. Hələ sadəcə bir neçə hissəsi oxuculara təqdim olunan romanda ədəbiyyatımız ilk dəfə lesbiyan sevgisi mövzusuna müraciət edir. Müəllifin bioqrafiyasından xeyli elementlər daşıyan əsər, heteronormativ ailədə, konservativ cəmiyyətdə böyüyən Leylanın öz kimliyi ilə mübarizəsi və naturasını qəbul etməsinin çətinliyindən danışır.
Gördüyümüz kimi, həm klassik, həm müasir ədəbiyyatımızda homoseksual münasibətlər, LGBT+ fərdlər barədə mətnlər azdır. Amma sevindirici hal budur ki, bunu şərtləndirən səbəblər (nəşriyyat imtinası, yazarların təqib olunması və s.) yavaş-yavaş aradan qalxmaqdadır. Müasir yazarlar nəşriyyatlardan asılı deyil, çünki özlərinin yaratdıqları onlayn platformalarda mətnlərini bölüşmək imkanları var. Homoseksuallıq barədə mətnlərin bütün dünya mətbuatı, ədəbiyyatında var olması və həmin mətnlərin internet sayəsində əlçatan olması da ölkəmizdəki tabuların qırılmasına xidmət edir və kvir ədəbiyyatın yavaş-yavaş normal qəbul edilməsinə gətirib çıxarır.
Ədəbiyyatda kvir fərdlərin, onların həyatı, münasibətləri, hissləri, arzularının yer alması olduqca vacibdir. Əvvəla, bu, birmənalı olaraq, onların haqqıdır, necə ki, heteroseksual fərdlərin hər şeyi ədəbiyyatda yer alır və bunun üçün əlavə izaha ehtiyac qalmır, eyni şey cəmiyyətin bir parçası olan hər qrup üçün keçərli olmalıdır.
Ədəbiyyat, bədii mətn bizə adi həyatda diqqət verə bilmədiyimiz, öyrənmə imkanımıızn olmadığı xırdalıqları göstərir. Bədii mətn bizə empati duyğusunu aşılayır, insanın daxili dünyasına baş vurmaq imkanı verir. Buna görə də, ədəbiyyatda homoseksual münasibətlər, kvir fərdlərin də yer alması cəmiyyətimizdə olan homofobiyanın aradan qaldırılmasına, heç olmasa, zəifləməsinə kömək etmiş olardı.
Bu yazı ilk dəfə Femiskop feminist platformasında dərc olunub.
Günel İmanova. Yazıçı, publisist və tərcüməçi. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakültəsini bitirib. “Ord i Grenseland” ədəbi mükafatının laureatı (2017, Norveç, Fredrikstad). Norveç PEN və Norveç Yazarlar Birliyinin üzvüdür.
Powered by Froala Editor