Nəfəs LGBTİ Azərbaycan Alyansı aparacağı vəkillik kampaniyasının proqramını təqdim edib

Nəfəs LGBTİ Azərbaycan Alyansının 2021-ci il üçün vəkillik kampaniyası planlayıb. LGBTİ+ hüquq təşkilatı bu il LGBTİ+ və qadın* hüquqlarına fokuslanaraq, 2017-ci ilin "LGBTİ+ ovu" və Avropa İnsan Hüquqları Məhkəməsinin gözlənilən qərarı haqqında vəkillik proqramı hazırlayıb. Proqramı və Nəfəs LGBTİ Azərbaycan Alyansının Minority Azərbaycana söylədiklərini olduğu kimi təqdim edirik. 

Nəfəs LGBTİ Azərbaycan Alyansı 2012-ci ildən indiyə qədər Azərbaycanda LGBTİ+lərin hüquqlarının müdafiəsini, sosial inklüzivliyini təmin etmək üçün vəkillik edir. Nəfəs ölkədə LGBTİ+ icması ilə və onun üçün çalışan və fəaliyyətini davamlı şəkildə qoruyan LGBTİ+ hüquq müdafiəsi təşkilatıdır. 

Fəaliyyətimiz dövründə müxtəlif sahələri əhatə edən aktivitilər həyata keçirmiş, LGBTİ+ hüquq pozuntuları haqqında hesabatlar hazırlamış, maarifləndirmə məqsədli təlimlər keçmiş və podkastlar istehsal etmiş, beynəlxalq səviyyədə ölkədəki LGBTİ+lərin vəziyyəti və hüquqlarımız barədə vəkillik etmişik. 

Bu il üçün Nəfəs 2017-ci ildə LGBTİ+ icmasına qarşı həyata keçirilmiş, son illərin rəsmilər tərəfindən reallaşdırılmış ən böyük ovu haqqında vəkillik kampaniyası planlayıb. Kampaniya ərzində biz bu ilin may və iyun aylarında baş vermiş və əsasən, mülki şəxslər tərəfindən törədilmiş nifrət cinayətlərini də müzakirə edəcəyik. Qeyd etmək istərdik ki, Azərbaycan LGBTİ+lərin hüquqi, sosial və siyasi vəziyyətinə görə Avropanın ən pis ölkəsi kimi son beş ildə İLGA-Avropa təşkilatının hesabatlarında yer alıb. 2000-ci ildə Avropa Şurasına üzvlüyün ön şərtlərindən biri kimi homoseksuallığın dekriminallaşdırılması olduğundan, həmin dövrdən etibarən ölkədə iki kişi arasındakı seks cinayət sayılmasa da, bundan əlavə diskriminasiya əleyhinə hər hansı bir qanun qəbul edilməyib, və ya siyasi addım atılmayıb. Əksinə, hər il, xüsusilə pandemiya və müharibə sonrası ölkədə LGBTİ+lərin vəziyyəti daha da pisləşib. 

Təkcə bu il may və iyun aylarında Nəfəs LGBTİ+ icmasına qarşı 10-a yaxın hücum qeydə alıb. Bu hücumlar barədə Minority Azərbaycan xəbər portalı geniş yazmış, beynəlxalq insan hüquqları təşkilatları olan İLGA-Avropa, Norveç Helsinki Komitəsi, Vətəndaş Hüquqları Müdafiəçiləri (CRD) və RFSL birgə bəyənat yayaraq, may və iyun aylarında Azərbaycanda LGBTİ+lərə qarşı olan hücumların hökumət və hüquq mühafizə orqanları tərəfindən ədalətli şəkildə araşdırılmasını tələb etmişlər.

Azərbaycanda LGBTİ+ hüquq pozuntuların hamısının sistemli, zorakı, qrup şəklində, ən ağır formalarda tətbiqi isə əsasən böyük reyd vaxtı – 2017 sentyabr və onun kiçik təkrarı olan 1 aprel 2019 reydlərində müşahidə olunub. Əsasən seks işçiləri olan LGBTİ+lərə qarşı oxşar reydlər daha kiçik miqyasda və pərakəndə şəkildə mütəmadi baş verirdi. Lakin 2017 reydi bütün parametrlərdə ən ağırı olub. Zira, çoxsaylı kütləvi işgəncə və digər qeyri-insani rəftar hərəkətləri, saxlanmalar, azadlıqdan əsassız məhrumedilmələr, məcburi tibbi yoxlamadan keçirilmə, elektroşokdan istifadə etmə, saç-başın qırxılması, təhqirlər, aşağılamalar, şəxsi məlumatlara zorakı müdaxilə, şantaj və hədə-qorxu ilə qazancların, pulların və digər fərdlər barədə məlumatların toplanması - auntinq, “tələ müştəri” üsulu ilə fərdləri “ovlama”, seks işçisi olmayan LGBTİ+ləri də əhatə edən arbitrar polis təqibi, arbitrar qərarlar, müdafiə hüququnun kobud pozuntuları, əsassız və saxta ittihamlarla, protokollarla rəsmiləşdirilən həbslər, kor-koranə və formal ibtidai araşdırma, belə “araşdırma/istintaqın” nəticələrini olduğu kimi - notarius mütiliyi ilə təsdiqləyən, konveyer üsulu ilə keçirilən, ingilisdilli ədəbiyyatda kenquru məhkəmə adlanan məhkəmə icraatları, onların bir-birinin ucdantutma eynisi olan üzdənköçürmə qərarları – bütün bunların kütləvi forması ilə həmin reydlərlə müşayiət olunub. 

LGBTİ+lər DİN rəsmisi səviyyəsində diskriminativ dil işlənərək mentaliltetdən kənar elan olunmuşdular. Müxtəlif rayon polis bölməsinə onlarla LGBTİ+ küçələrdən, evlərdən, “tələ zənglərlə” çağırıldıqları yerlərdən tutularaq zorla gətirilib, zorla Dəri-Zöhrəvi Dispanserə tibbi müayinəyə aparılıblar. Şəxsi həyatları, əlaqələri, qazancları, dostları, icma barədə aramsız suallara məruz qoyulub, şəxsi əşyalarına, telefonlarına və s. müdaxilə edilib, hədə-qorxu ilə başqa fərdlər barədə məlumatları zorla alıblar. Dindirmələrdə fiziki və psixoloji qısnamalarla, təzyiqlərlə döyülüb, alçaldılıblar. Həyar tərzi, oriyentasiya və kimliyi hədəfə alan çoxsaylı ələsalma, xorgörmə dolu ifadələrlə təhqir olunublar, soyundurulub, işgəncə ediliblər. Formal olaraq müxtəlif maddələrlə məhkəmələrdə inzibati həbs və cərimələrə məhkum ediliblər. Reydlərin şiddətindən qaçıb gizlənən, ölkəni tərk edən onlarla LGBTİ+ var idi. Zorakı xüsusiyyətinə görə LGBTİ+lərə qarşı “ov” adlandırılan bu kütləvi reyd yerli və beynəlxalq təşkilatlar tərəfindən hesabat və məlumatlarda təfərrüatlı təsvir edilib və dövlət buna görə ciddi tənqid olunub. 

A və 24 digərinin Azərbaycana qarşı işi Avropa İnsan Hüquqları Məhkəməsinə 2017-ci il LGBTİ+ ovu zamanı zərərçəkmişlərin qrup şəklində müraciət etdikləri şikayətdir. A və daha 24 digəri  LGBTİ+ icmasının üzvləridir və 2017-ci il sentyabr ayının ortalarında Bakıda polis tərəfindən keçirilmiş özbaşına polis basqınlarının qurbanı olduqlarını iddia edirlər. Ərizəçilər polis məmurları və nəzarət işçiləri tərəfindən işgəncə və pis rəftara məruz qaldıqlarını bildirirlər. Səlahiyyətli yerli orqanlar araşdırma apara bilməyib və ya aparmaq istəməyib və bu da ərizəçilərin seksual oriyentasiyası və gender kimliyi səbəbindən olub. İşlər 28 mart 2018-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinə qrup şəklində verilib. Ərizəçilər Konvensiyanın 14-cü maddəsi ilə də (ayrı-seçkiliyin qadağan edilməsi) əlaqəli şəkildə 3-cü maddəyə (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan olunmasına) istinad edirlər. Yerli səviyyədə istintaq aparılmadığı üçün pis rəftar iddiaları əsasən müraciət edənlərin ifadələrinə əsaslanır. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Nəfəs LGBTİ Azərbaycan Alyansı Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsi ilə birlikdə oxunan 3-cü maddəyə görə seksual və ya gender azlıqları qrupuna mənsub olan müraciətçilərin kimliklərinin əhəmiyyətli rolunu qiymətləndirməyə çalışacaq. Bunun üçün Nəfəs LGBTİ+ Azərbaycan Alyansı üç hissəli tədbirlər planı hazırlayıb. I hissədə işin müvafiq faktları qurulacaq, II hissədə ayrı-seçkilik elementlərinin rolu və zərərçəkmiş şəxslərin kimliyinin beynəlxalq hüquqda işgəncə və pis rəftarı dəyərləndirmədəki həssaslıqlarını barəsində geniş müzakirə təşkil edəcək, III hissədə isə 14-cü maddə ilə birlikdə oxunan 3-cü maddənin əsas və prosessual aspektləri üzrə Məhkəmənin yurisdiksiyasını araşdıracaq. Mövzu ilə əlaqədar prinsiplər və standartlar, ərizəçilərin kimliklərinin ölkədaxili səviyyədə polis məmurları, nəzarət işçiləri və hakimlərin davranışlarında nə dərəcədə rol oynadığını müəyyən etmək üçün yerli və xarici insan hüquq müdafiəçiləri və hüquqşünaslarla birlikdə müzakirələr təşkil olunacaq. 

Mövzu ilə əlaqədar ilk müzakirəmiz avqustun ayında Zoom üzərindən təşkil olunacaq. Müzakirədə Nəfəs LGBTİ Azərbaycan Alyansından hüquq müdafiəçisi Cavid Nəbiyev və hüquqşünas Jalə Bayramova, AİHM-ə göndərilən işlərdə ərizəçilərin hüquqşünaslarından olan Səməd Rəhimli iştirak edəcəklər. Müzakirə hər kəsə açıq olacaq. Daha ətraflı məlumat tezliklə paylaşılacaq.



Powered by Froala Editor