137 təşkilatdan çağırış: LGBTİ+ləri qoruyun
"Əfqanıstan LGBTİQ insanları artıq illərdir zorakılıq və öldürülmə qorxusu ilə yaşayır və bu vəziyyətin daha da artacağından qorxuruq."
26/Aug/21
2140
137 təşkilatdan çağırış: Əfqanıstanda LGBTİ+ləri qoruyun
"Əfqanıstan LGBTİQ insanları artıq illərdir zorakılıq və öldürülmə qorxusu ilə yaşayır və bu vəziyyətin daha da artacağından qorxuruq."
LGBTI+ çətir təşkilatı ILGA Asiyanın rəhbərliyi altında dünyanın hər yerindən 137 hüquq təşkilatı Əfqanıstanda LGBTİ+lərin qorunmasına çağırış edib.
Bəyanatın qısa mətni belədir:
Müxtəlif seksual oriyentasiya, gender kimliyi, ifadə və cinsiyyət xüsusiyyətlərinə mənsub insanların hüquqlarını inkişaf etdirmək üçün çalışan və aşağıda imza atan təşkilatlar olaraq, Əfqanıstanda qadınları, uşaqları, LGBTİQ insanları və digər həssas insanları qorumağa çağırırıq.
15 avqustdan bəri Taliban Kabildə Prezident Sarayını ələ keçirib və Əfqanıstan İslam Respublikası hökumətinin birdən-birə çökməsi ölkədə insan hüquqları və marjinal qrupların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradıb. LGBTİQ+lər və müxtəlif seksual oriyentasiyaya, gender kimliyinə, ifadəsinə və cinsiyyət xüsusiyyətlərinə (SOGKGİ) malik insanlar, eləcə də qadınlar, zülm edilən dini azlıqlar, jurnalistlər və insan haqları müdafiəçiləri təhdidə məruz qalıblar və bir çoxları qorxudan gizlənməyə başlayıblar.
Taliban rəsmiləri gey kişilər üçün ölüm hökmünün bərpa ediləcəyini açıqladığına görə LGBTİQ insanların kriminallaşdırılacağından və cəzalandırılacağından da qorxuruq. Əfqanıstan LGBTİQ insanları artıq illərdir zorakılıq və ölüm qorxusu ilə yaşayırlar və bu vəziyyətin artacağından qorxuruq.
ILGA World təşkilatının ən son Dövlət Dəstəkli Homofobiya (2020) hesabatında Əfqanıstan ölüm cəzasının eynicinsli seksual aktlara görə təyin edilmiş cəza olduğuna dair tam qanuni əminliyi olmayan ölkələr sırasına daxil edilmişdir. Eyni hesabat Əfqanıstan 2017 Cinayət Məcəlləsinin 646-cı maddəsinə əsasən, son illərdə "homoseksual davranışı" açıq şəkildə cinayət sayan müddəalarla bağlı da məlumat verir.
Bu kontekstdə aşağıdakıları etməyə çağırırıq:
Talibanı Əfqanıstan Konstitusiyası, Əfqanıstan tərəfindən ratifikasiya edilmiş beynəlxalq konvensiyalar, Ümumdünya İnsan Haqları Bəyannaməsi və beynəlxalq insan hüquqları normaları ilə tanınan SOGKGİ statusundan asılı olmayaraq bütün insanların hüquqlarına hörmət etməyə çağırırıq.
Əfqanıstanda həssas insanlarla, o cümlədən LGBTİQ insanlar və qadınlarla məsləhətləşərək bu siyasi böhranı yatırmaq üçün hər cür səy göstərilməsini tələb edirik. Siyasi sülh müqaviləsi üçün insan hüquqları pozulmamalıdır.
Beynəlxalq ictimaiyyəti bütün əfqanlara təcili humanitar yardım və müdafiə göstərməyə çağırırıq.
Ölkələri sərhədlərini açmağa və Əfqanıstandan qaçqın və sığınacaq istəyənləri qəbul etməyə çağırırıq. Kanadanın 20.000 həssas əfqanı qəbul etmək və LGBTİQ insanlara, qadın liderlərə və digər qruplara üstünlük vermək öhdəliyini yüksək qiymətləndiririk və digər ölkələrin də bunu etməsini gözləyirik.
Powered by Froala Editor