“Bədənim belə istədi” - IX hissə

Roman

Müəllif: Aylin Wise

Tərcümə etdi: Günel Mövlud

***

Samiri maşının yanında görəndə qorxudan quruyub qaldım. Bu, elə dəhşətli bir hiss idi ki, yəqin tələyə düşən və bu tələdən qurtula bilməyəcəyini fəhmlə anlayan heyvanlar belə bir qorxu hissi yaşayır. Təəccüblüsü budur ki, belə dəhşətli qorqu ilə yanaşı, adama qəribə bir rahatlıq hissi də gəlir, anlayırsan ki, onsuz da daha çıxış yolu yoxdur və çabalamağın da mənası yoxdur, buna görə də, bir az dincəlirsən, olanları qəbul etməyə başlayırsan. Amma Samirin qəzəbindən əyilmiş üzü mənə dinclik tapmağa imkan vermirdi, onun bir azdan edə biləcəklərini düşünüb, qorxudan udquna-udquna qalmışdım. 

Məhz həmin anda mən indiyə qədər yaşamadığım daha bir hissi də dadmışdım. Samiri maşının yanında gördüyüm an başa düşmüşdüm ki, həyatım daha heç vaxt əvvəlki kimi olmayacaq. 

– Leyla, bu kimdi? – Lenanın səsi məni bir az özümə gətirdi.

– Bu… – sakitcə demək istəyrdim ki, Samir Lenaya tərəf bağırdı.

– Çıx, qancıq! 

İnsan çətin anlarda özünə, öz ilkin və ibtidai halına qayıdır. Gücü çatmayan nə iləsə, kim iləsə üzləşəndə özünə təyin elədiyi bütün qoruyucu silahları əlindən alınır, tərksilah olur. Həmin anda mən özümü köməksiz uşaq kimi hiss edirdim. Və kədərlə başa düşürdüm ki, bu elə mənəm, əvvəl valideynlərimin, sonra ərimin görmək istədiyi mən: gücsüz, iradəsiz, zəif. 25 yaşım vardı və bu yaşda qəfil anlayırsan ki, nə qədər çırpınsan da, mübarizə aparsan da, ailən səndən özü istədiyi şeyi düzəldə bilib. Bunu anlamaq necə kədərli, necə pis idi!

Nə edəcəyimi bilmirdim. Keçmiş ərimlə danışmağın indi vacib olduğunu düşünürdüm. Buna görə, maşından düşdüm. Maşından düşən kimi geriyə yol qalmadığını anladım. 

– Bu nə deməkdi, hə?! Ay qancıq, mən elə də bilirdim ki, sən özünə adam tapmısan! – Samir bağırırdı. Onun bağırtıları məni daha da qorxudur, olan-qalan gücümü, cəsarətimi əlimdən alırdı. Göz yaşlarımı saxlaya bilmirdim. 

Ondan qaçmaq, gizlənmək, bütün bunları eşitməmək üçün hər şeyimi qurban verməyə, hər şey etməyə hazır idim. Anlayırdım ki, nə vaxtsa açılmalı, danışmalı, izah etməli olduğum şeylər var, amma bunu indi etməyə hazır deyildim. Beynim, düşüncələrim gerçəkliklə üzləşməyə hələ hazır deyildi. Buna görə də, qalan tək çarə hər şeyi inkar eləmək idi.

– Yox, elə deyil, - deyə, onu aldatmağa çalışdım.

– Bəs, bu kimdi? – Samir maşından düşən Lenanı göstərdi.

– Rəfiqəmdi, Lena. 

– Rəfiqən? – o təəccüblə soruşdu. Görünür, qısa saçlarına, futbolka və pencəyinə görə, o Lenanın kişi olduğunu düşünübmüş. O Lenaya bir daha baxdı, sonra heyrətlə mənə tərəf döndü: – Sən … lezbiyansan? 

Mən, niyə öz oriyentasiyamı gizləmək istəyirdim? Məncə, bunu anlamaq çətin deyil. Amma bunu gizlətməyən, açıq yaşayan insanlar da var. Onlara kaminq-aut etmiş lgbtq fərdləri deyirlər. Amma bütün psixoloqlar bizim kimilərə məsləhət görür ki, bu barədə ancaq tam hazır olduğumuzda, yanımızdakı, çevrəmizdəki insanlara güvəndiyimiz vaxt edək. Təhlükəsizlik, başqalarından dəstək görmək bu anda çox vacibdir. 

Amma Samiri görəndə bəlkə qəlbimin dərinliyində özüm belə öz cinsi meylimlə daha tam barışamamışdım, o ki qaldı, sevmədiyim, qıcıqlandığım, hətta nifrət etdiyim, iyrəndiyim bir insana bu barədə danışmaq. 

– Sən belə əxlaqsız olduğuna görə məndən boşanırsan, hə? – o, öz iyrənc ifadələrini bir-birinin ardınca yağdırırdı. – Biabırçılıqdı! Sənin valideynlərinə deyəcəm bunları, qoy qızlarının qəhbəliyini görsünlər. Yəqin elə mənlə evli olduğun vaxtlarda da orda-burda sülənirmişsən, mənim xəbərim olmayıb, hə?

Dayanmaq bilməyən bu söyüş, təhqir monoloquna cavab verə bilmirdim. Bir tərəfdən onun mənə böhtan atmasından dəli olur, o biri tərəfdən də qorxu məni yeyib-bitirirdi. Anlayırdım ki, onun böhtanları qohumlarımızın arasında yayılsa, hamı məni əxlaqsız, ailəsini biabır edən bir qadın kimi tanıyacaq. 

– Sən nə özünə əl qatmısan? – Lena söhbətə qarışdı.

– Sən kimsən e, səninlə söhbətə hələ başlamamışam! – Samir üzünü Lenaya tərəf çevirdi. 

– Sən kimsən ki, mənimlə belə danışırsan? – Lenanın hirsləndiyi aydın idi. 

– Mən onun əriyəm!– Samir barmağını sinəsinə tuşladı..

– Keçmiş əri, – dedim. 

– Biz hələ tam boşanmamışıq, amma bundan sonra hər şey mən deyən kimi olacaq, – Samirin üzündə olduqca iyrənc bir təbəssüm peyda oldu. 

– Yaxşı, cəhənnəm ol burdan, – Lena sakitcə dedi. 

Bu vaxt Samir nifrətdən parıldayan gözləri ilə bir daha ona baxaraq, qəfildən Lenanın üstünə yeridi. Əlini havaya qaldırıb, yumruğunu Lenaya tuşlayanda qorxudan qışqırmamaq üçün, əlimlə ağzımı tutdum. Amma Lena bir saniyənin içində Samirin qolunu burub, onu yerə sərdi. 

– Yaxşı, qancıq. Gözlə, mən bilirəm, sənin dərsini necə verəcəm! – deyə, o Lenanın əlində çabalasa da, Lenanın qüvvətli qollarından çıxa bilmirdi. 

– Leylaya bircə dəfə də nəsə desən, sənin qollarını sındıraram, əclaf! – Lenanın qəzəbdən səsi titrəyirdi. 

Elə bu vaxt yaşadığım kompleksin mühafizəçiləri özlərini yetirdilər. Nə olduğunu aydınlaşdırmağa çalışanda Lena onları sakitləşdirdi, dedi ki, özü həll edəcək. Mənsə hələ də qorxudan yerimdən tərpənə bilmirdim. 

Baş verənlərə belə dayanıb baxmaq necə də qəribə idi. O vaxta qədər hələ heç kim məni qorumağa çalışmamışdı. Hamını qoruyan adətən, mən olurdum. Anamı atamdan, qardaşımı həyətdəki uşaqlardan, sinif yoldaşlarım olan qızları məktəbdə onlara söz atan oğlanlardan, həttə məhəlləmizin balaca uşaqlarını incitmək istəyənlərdən… O gün Lena məni Samirdən qoruyanda mən daha bir isti, gözəl hissi yaşadım: birinin səni qorumağa çalışdığını, səni incitməyə heç kimə icazə vermədiyini görmək maraqlı hiss imiş. Halbuki, bu hissi nə vaxtsa yaşayacağım heç ağlıma gəlməmişdi. Axı həyatımda baş verənlərin qabağında həmişə özüm təkbaşıma dayanmışdım. İndi məlum oldu ki, o qədər də güclü deyiləmmiş və özümün də qorunmağa, müdafiə edilməyə ehtiyacım varmış. 

Lena Samirin qolunu buraxdı. Samir ayağa qalxıb, üst-başını çırpdı, mənə tərəf qorxunc bir nəzər salaraq, yumruğunu havada silkələdi:

– Görərsən sən. Səni anadan olduğuna peşman etməsəm, kişi deyiləm!

Evə girəndə özümü yorğun, eyni zamanda sanki bütün hissləri yoxa çıxmış, içi bomboş olmuş kimi hiss edirdim. Samirin məni izləmədiyinə əmin olsun deyə, Lena məni evə ötürdü. Bu gecə həyatımdakı bəlkə də ən uzun və ən çətin gecə idi. Baş verənlərin təsiri altında key kimi səndələyirdim. 

– Sağ ol ki, yanımdasan – deyib,  Lena ilə sağollaşdım. Özümü nəsə qəribə hiss edirdim. Lenanı qucaqlamağa, onun gücünü, istiliyini, yaxınlığını hiss etməyə ehtiyacım vardı. Onu qucaqladım, amma bu qəfil olduğu üçün sanki bir az naqolay alındı. 

– Köməyim lazım olsa, çəkinmədən zəng elə, yaxşı, – Lena saçlarımı sığallayaraq, dedi. – Sənin bu ərin həmişə belə xiyar olub, yoxsa bizi görəndə ağlı başından çıxdı?

– Keçmiş ərim, keçmiş, – dedim və güldüm. 

– Görürsən, biz artıq gülürük.

Əslində isə, mən ağlamaq istəyirdim. Köməksizlikdən, gücsüzlükdən. Özümü, daxilimdə baş verənləri anlaya bilmək istəyirdim. İndi hiss edirdim ki, əvvəlki mən daha yoxdur. Həmin gecəyə qədər hamının gözündə mən daima valideynlərinin sözünə baxan, ədəbli gənc qadın idim. İndisə, Allah bilir, Samir barəmdə nələr danışacaq, hansı söhbətlər yayılacaq. 

LGBTQ fərdlərinin leksikonunda “autinq” deyilən bir ifadə var. “Autinq” – kənar bir adamın sənin şəxsi sərhədlərini pozaraq, sənin oriyentasiyan barədə insanlara məlumat verməsidir. O vaxt mən hələ bu termini bilmirdim. Amma hiss elədiyim bir şey var idi ki, həyatım məhv olacaq, adım dillərə düşəcək, Samir kimi murdar adamların dilində saqqız olacağam. 

Heteroseksual dünyada mənim kimi insanlar hər gün təhqirlərə, alçaldılmalara məruz qalır. İstəyirsən, dünyanın ən yaxşı, mehriban adamı ol, istəyirsən dünyada mümkün olmayanı bacar, bəşəriyyətin xilası üçün əlindən gələni elə, fərqi yoxdur, əgər cinsi oriyentasiyan onların qəbul etdiyindən fərqlidirsə, sənin üstündən xətt çəkəcəklər. 

Belə şeylərə görə geylər qadınlarla evlənir, “naturallıq” maskası altında gizlənir ki, heç kim onların əsl meylini anlamasın. Lezbiyanlar isə ərə getməli olur, başqalarına xoş gəlsin deyə, xoşbəxt ailə tamaşası yaşayır. Amma bütün bunları edərkən unuduruq ki, insan özündən gizlənə bilməz. Nə “düzgün nikah”, nə yalançı təbəssüm, nə də orqazm imitasiyası özünü, bədənini aldatmağa bəs etməz. Bədən gerçəyi bilir. Bədən bir kənarda dayanıb, sənin “müdafiə zəncirlərini” nə vaxt boşaldacağını gözləyəcək və qəfil hücuma keçəcək, səni ifşa edəcək. Bax o zaman əsl “gizlənmə” oyunu başlayacaq, sən dörd yanını,  dörd gözlə qorumağa məhkum olacaqsan ki, heç kim sənin əsl üzünü görməsin. 

Özümü valideynlərimlə aramızda baş tutacaq söhbətə hazırlayır və hiss edirdim ki, utandığımdan ölmək istəyirəm. Bilirdim ki, bir azdan telefonum susmayacaq. Buna görə də, yatağa uzananda telefonu söndürdüm. Onlara nə deyəcəm, necə izah edəcəm? Bu suallar mənə əzab verirdi, amma gecə boyu o qədər yorulmuşdum ki, bu sualların içində itib-batdığım halda belə, bərk yuxum gəlirdi. Çox yorulmuş, çox üzülmüşdüm. Sevimli qəhrəmanımı, “Küləkdə sovrulanlar”ın qəhrəmanı Skarlet Oxaranın sevimli ifadəsini öz-özümə təkrarladım:

  • Bu barədə sabah düşünərəm. 

Yuxudan qapının vəhşicəsinə döyülməsinə oyandım. O qədər çaşdım ki, nə edəcəyimi bilmədim. Xalatımı birtəhər əynimə keçrib, qapını açmağa getdim. Anam idi. Onun üzündəki ifadəni görən kimi, artıq hər şeyi bildiyini anlamaq olurdu.

– Telefonu niyə söndürmüsən? Səhər açılandan səni yığıram. – anam bunu deyib, qonaq otağına keçdi. Mən qapıya ən yaxın kürsüyə oturdum, çünki həyəcandan ayaqlarım sanki pambıq idi, yumşalmışdı, yerə basa bilmirdi. 

Oturan kimi ağlıma gələn fikir məni bir az sakitləşdirdi. Əgər anam tək gəlibsə, deməli, Samir ancaq onunla danışıb, atama nəsə deməyə cəsarəti çatmayıb. Bu ehtimal məni bir az özümə gətirdi. Atamın impulsiv, tez özündən çıxan adam olduğunu bildiyim üçün onun indi hər şeyi anamın üstünə yıxıb, onun ağız-burnunu göyərdə biləcəyini təxmin etmək çətin deyildi. 

– Leyla, Samir mənə zəng eləmişdi, – anam mövzuya uzaqdan başladı.

– Ona inanma, mənə böhtan atır, – mən tez hər şeyi inkar etməyə, özümü müdafiə etməyə çalışdım. 

– Mən hələ heç nə demədim, – anam şübhə dolu gözlərlə mənə baxdı. Sonra sözünə davam elədi: – Deyir, səni hansısa qızla görüb. Deyir ki, sən...

Anam kiridi. Hiss edirdim ki, bunu demək, bu sözü dilinə gətirmək belə onu utandırır. Anamın bu məsələdən belə iyrənə-iyrənə danışması məni bərk yaraladı. Onun davranışından aydın başa düşmək olurdu ki, məni olduğum kimi qəbul etməkdən heç söhbət belə gedə bilməz. Yorğun-yorğun ona baxdım. 

– Оnlardan, o lezbiyanlardan birisən..., elə deyir... – bu sözləri dilinə gətirmək onun üçün elə çətin idi ki...

Havaya səssizlik çökdü. Görəsən, “hə” desəm, nə baş verərdi? Anamdan özüm barədə nələr eşidərdim? Yəqin mənə çoxlu lənət oxuyar, qarğıyar, söyərdi. Sonra da ömür boyu  məni dindirməzdi. Atam isə daha betər, mənə düşmən kəsilərdi. Mən bunlara hazır idimmi? Bundan sonrakı həyatımı atasız, anasız, ailəsiz, tamamilə tək keçirməyə hazır idimmi… deyildim. 

Sükutum anama çox şey deyə bilərdi, buna görə də, nəsə deməyə çalışdım. 

– Ana, yalan deyir.– Dilim ağ yalan dediyi üçün özümdən utanırdım, amma mən dünyada ən çox sevdiyim insanlardan birini, anamı itirməyə hazır deyildim. 

Niyə mən onu elə sevirdim. Niyə ömür boyu məni müdafiə etməyən, hər vəziyyətdə ən axırıncı məni düşünən anam belə qiymətli idi? Bəlkə də, buna görə ki, mən onu çox yaxşı anlayırdım, onun keçə bildiyi sərhədləri, edə bilmədiyi şeyləri, ondan güclü olan gerçəkləri bilirdim və özümü onun yerinə qoya bilirdim. Bir də ki, axı bütün bunlar onun bətnində keçirdiyim ayları, anamın körpə vaxtımda məni hər şeydən qorumağını, keşiyimi çəkməyini, ayağıma bir daş dəyəndə mənim yerimə ağladığını, bütün bu olanları dəyişmir. Buna görə də, anam mənim üçün hər şey idi. 

– Yaxşı, mən sənə inanıram. Deməli, sən Samirlə təzədən barışmalısan ki, belə söz-söhbətlər olmasın. Sən mən deyəni elə, qalanı yaxşı olacaq, – anam sanki mənə əks-hücuma keçmişdi. 

Anladım ki, anam keçmiş ərimin sözlərini çox da ciddi qəbul etməyib. Görünür, qəlbinin dərinliklərində anam Samirin yalançı olduğunu bilirdi. Bu fikir mənə bir az ümid verdi, deməli, anam mənim tərəfimdədi. Amma onun məni yenə də Samirin yanına qaytarmaq istəyindən bir daha məyus oldum. Axı o, hətta yalançı, pis adam olduğunu bildiyi bir adamın yanına məni necə qaytarmaq istəyə bilərdi...

– Ana, niyə başa düşmürsən, heç nə yaxşı olmayacaq. Mən bir daha o adamın yanına qayıtmayacam. Mən onu sevmirəm, istəmirəm, – başımı aşağı salıb, dəfələrlə dediyim şeyləri yenə də təkrarlayırdım.

– Nə dəxli var, sevirsən, sevmirsən. Uşağınız var sizin, deməli, bir yerdə yaşamalısınız! – anam ailənin qorunmasının vacib olduğuna dair ən güclü arqumentini yenə işə saldı. 

Uşaqlara görə insan öz həyatını məhv edə bilərmi? Yeniyetmə vaxtı anamın ailəsini qorumaq üçün hansı qurbanları verdiyini anlayanda onun hərəkəti məni iyrəndirmişdi. Heç bir uşaq valideynlərinin bədbəxtliyinə səbəb olmaq kimi bir vəziyyətə düşməyə layiq deyil. Qardaşımla mən anamın bədbəxtliyində özümüzü günahkar hiss edib, bu hisslə böyümüşdük, indi də bu hisslə yaşayırdıq. Bu günah hissi bizim uşaqlığımızı, gəncliyimizi zəhərləmişdi. İnsan bəzən verdiyi qurbanları başqalarının ayağına yazır, bunu başqalarının xətrinə etdiyini düşünür, amma əslində, bu, özünü və öz xoşbəxtliyini dəyərsiz hesab etməkdən başqa bir şey deyil. 

Bir də, mənasız qurbanlar var. Mən sevmədiyim bir insanla yaşayıb, sonunda intihar etsəm, oğlum bununla dahamı xoşbəxt olacaqdı? Ona bədbəxt, yoxsa xoşbəxt ana lazımdı? 

– Ana, bəs bütün bu illər ərzində sən özünü necə hiss edirdin? Sən xoşbəxt idinmi. Düzünü de, – onun üzünə baxaraq dedim. 

– Niyə xoşbəxt deyiləm ki. Belə gözəl balalarım var, – anam söz altından çıxmağa çalışırdı.

– Mən səndən balalarını soruşmuram. Səni, atamı nəzərdə tuturam. Sən atamla xoşbəxtsən?

– Atanın bura nə dəxli var. Söhbət dəyişməyə çalışma. Sənin normal ailən olmalıdı, vəssalam. 

– Mənim normal ailəm yox idi, başa düşmürsən! Ərim məni az qala hər gün döyürdü. Mən onunla yata da bilmirdim. İyrənirdim, özümə nifrət edirdim. Özümü öldürmək istəyirdim. Bu, sənə heç nə demir? Axı niyə kimlərinsə nəsə deməyi, səni mənim taleyimdən daha çox narahat edir? Niyə?! – mən daha göz yaşlarımı saxlaya bilmirdim. 

İnsan nəyəsə illərlə dözə bilər. Aclığa, soyuğa, çirkliliyə, həqarətə, ağrıya… Amma sonda mütləq elə bir nöqtəyə gəlib çıxırsan ki, o nöqtədən sonra geri dönüş yoxdur. Həmin andan sonra özündə dağıdıcı bir qüvvə hiss edirsən, sənə elə gəlir ki, qarşına çıxan, sənə mane olmağa çalışan hər şeyi yolunun üstündən söküb, ata bilərsən, parçalaya, dağıda, məhv edə bilərsən. İndi bu boşanma məsələsində mən özümdə o dağıdıcı gücü hiss edirdim.

Anam isə gözünün qabağında ağlayan övladını sakitləşdirmək yerinə, laqeydcəsinə dedi:

– Özün seçmişdin ərini. Mən ömrüm boyu sənin atana dözmüşəm, – sonra ayağa qalxdı, getməyə hazırlaşdı. Mənə tərəf dönərək: – Öz həyatın barədə fikirləşəndə bizi də nəzərə al... – dedi. 

Anam gedəndən sonra saatlarla ağladım. Onun mənə bir damcı mərhəmət hissinin olmaması, məni azacıq da olsa düşünmək istəməməsi içimi parçalayırdı. Ağlayır və özümdən soruşurdum ki, axı o niyə məni başa düşmək istəmir. Öz həyatım barədə düşünür və hələ nə qədər dözəcəyimi, həyatın məni hələ hansı sınaqlardan keçirəcəyini götür-qoy edirdim. 

Ağlayıb, doyandan sonra özümə gəlməyə çalışdım. Sakitləşməyə çalışdım. Sonra belə məsələdə özünü ən soyuqqanlı apara biləcək adama, Nataşaya zəng elədim. Onunla hər şeyi sakit halda müzakirə eləmək olardı. 

– Salam, Nataşa, – göz yaşlarımı silib, olanları ona danışdım. Dünənki gecəni, anamın bu sabahkı gəlişini və bütün qorxularımdan söz açdım. 

– Gərək hər şeyi sakit başla düşünəsən. Sənin keşmiş ərin elə problemli tipdirsə, bu məsələni belə qoymayacaq. Üstəlik, deyirsən, Lena da onu döyüb. Sizin kişilər üçün bu, çox biabırçı bir şeydi, necə yəni qadın ona əl qaldırsın. Sənin boşanmağını həzm edə bilmir, o ki qaldı, döyülməyi. Yeri gəlmişkən, Lena ilə məsələ nə yerdədir, onunla nə düşünürsən?

– Mən bu vəziyyətdə nəsə yeni münasibətlərə hazır deyiləm, – deyə, gizlətmədən cavab verdim. 

– Aydın məsələdir. Nəzərə alsaq ki, səni nələr gözləyir, lap yaxşı başa düşürəm, – Nataşa sanki hündürdən düşünməyə başladı. – Ağ qarğaların həyatı çətin olur. Bilirsən, mən, Lena və başqa dostlarımız uşaqlıqdan bunları yaşamışıq. Bütün bu qınaqlara, danlaqlara, təhqiramiz münasibətlərə uşaqlıqdan dözmüşük. Bəlkə də, öyrəşməməşik, amma bizə daha asandır. Çünki bu illər ərzində tısbağa qını kimi, qalın, keçilməz bir qının içinə girib, yaşamışıq. Ona görə də, bizə daha asandır. Kiməsə daha asandır, çünki ailəsi, qohumları onu qəbul edib, kiməsə daha çətindir, çünki doğma şəhərindən başını götürüb, qaçmağa məcbur olub. Azlıqda olmaq həmişə belədir, çətindir. İnsanlar bizi qəbul eləmir, amma ona görə yox ki, başa düşmürlər, ona görə ki, qorxurlar. Özləti kimi olmayandan, qeyri-adi gördüklərindən qorxurlar. 

Nataşanın dediklərində həqiqət vardı. Mənə də uşaqlıqdan hamı kimi olmağı öyrətmişdilər. Hətta dərslərimlə maraqlananda belə, oxumağımı mənə belə tapşırırdılar: «hamı necə, sən də elə». Bu “hamı kimi olmaq” vərdişi də ona gətirib çıxardır ki, saçlarını yaşıla boyayan qızlar görəndə arxalarınca pıçıldaşırıq, qulağına sırğa taxan oğlan görəndə ələ salırıq, əlvan paltarlar geyinən yaşlılar bizdə ikrah doğurur. Hər şeydə belə, mühafizəkar oluruq. Normadan bir az fərqlənən hər şey bizə əsas verir ki, bunu qeybət, danlaq, həqarət obyektinə çevirək. Bu davamlı sıxma-boğma da axırda insanları elə hala gətirir ki, onlar özlərini istədikləri kimi ifadə etməkdən çəkinir. Bədbəxt, sevinc hissini doyunca yaşaya bilməyən, boz adamlar yetişir. Bu boz adamlar ailə qurur, uşaq dünyaya gətirir və öz komplekslərini, qorxularını, sərhədlərini uşaqlarına ötürür. Və az uşaq tapılır ki, bu çoxsaylı sərhədlərdən, bu qapalı və lənətli çevrədən çıxa bilsin...

Sonra Nataliya dedi: 

– Sən ömrün boyu özünü gizləməli, yalan danışmalı olacaqsan. Çünki, özünü və uşağını qorumaq istəyəcəksən. Əgər yeni münasibətlərə açıq deyilsənsə, bunu Lenaya da deməlisən. Dürüst ol. 

Telefonu yerə qoyandan sonra əsəblərimi sakitləşdirmək üçün kitab dolabını qarışdırmağa başladım. Sovetdən qalma uşaq kitablarına, rəngləmə albomuma, məktəbdən qalma dəftərlərimə baxdım, nəyə görəsə bu şeyləri atmağa əlim gəlmirdi. 

Dəftərlərimdən birini açdım. Son səhifələrində ilk şeirimi yazmışdım, şeirin üstündə isə qırmızı qələmlə mələk və ürək şəkilləri çəkmişdim. Başqa bir dəftərimdə hekayələrimdən birindən parçalar vardı. Şeiri, hekayədən parçanı yenidən oxudum. O zamankı hisslərim, düşüncələrim indi mənə elə cahil və eyni zamanda elə məsum gəlirdi ki. Necə də zərif, incə hisslərdən yazırmışam… Yazdığım şeylər indi mənə nə qədər axmaq görünsə də, ümumiyyətlə bir vaxtlar yazmağım, bir vaxtlar belə bir vərdişimin olmasından qürur duyurdum. Necə oldu ki, mən daha yazmadım? Axı bu hekayələrdən məlum idi ki, fantaziyam, təhkiyəm yerində imiş? Yaşamaq, etmək istədiyim hər şey barədə yazır, üstümə fərqli-fərqli rolla biçirmişəm. Bu hekayələrdə mən gah məşhur aktrisa, gah istedadlı müğənni, gah dahi yazıçı, gah da dünyanı gəzib əldən salan səyyah qadın idim… İlahi, necə arzularım varmış!

Bütün gəncliyim özümdən, bacarıqlarımdan, arzularımdan vaz keçməklə ötmüşdü. Görəsən, mən o vaxt valideynlərimin sözünə baxmayıb, o tədbirdə oxusaydım, sonra da oxumağımın dalınca getsəydim, nə olardı? Hə, uğursuz da ola bilərdim, amma bu, mənə sonradan sadə musiqi müəlliməsi olmağa mane olmazdı. Ya hekayələrim? Onları gizlətməsəydim, mətbuatda çap olunsaydım, ədəbi jurnallara göndərsəydim, uğurlu yazıçı ola bilərdimmi? Hər şey ola bilərdi, amma mən valideynlərimin qorxusundan, onlara yaxşı övlad olmaq dərdindən canımı qurtara bilmədim, heç nəyin ardınca gedə bilmədim, nə uğuru, nə də uğursuzluğu dada bilmədim... 

Bəs o vaxt, yeniyetmə vaxtımda rəfiqəmə onu sevdiyimi elan edəndən sonra öz hisslərimdən vaz keçməsəydim, nə olardı? Bəlkə də elə o vaxt həmin qız olmasa da, məni anlayan, sevgimə qarşılıq verən bir qızla tanış olar, sevib-sevilərdim. Bəlkə xoşbəxt sevgili münasibətləri yaşayar, bunun nə olduğunu anlayardım. Bunlar həyatımda baş versə, təbii ki, mən heç vaxt kişi ilə ailə qurmazdım, təhqir və işgəncə dolu bir evlilikdən keçməz, belə bədbəxt olmazdım. Həyatım başqa, tamam başqa cür ola bilərdi. 

Ən əsası, bütün bunlar olsaydı, mən öz həyatımı, öz seçdiyimi həyatı yaşayardım, əsl hisslər, duyğular yaşayar, acını da, şirini də necə var, elə dada bilərdim. 

Bəs, niyə bunlar olmadı mənim həyatımda? Qorxularıma görə… Qorxularım… Bu qorxulara görə mən illərdir ki, başqalarının mənə biçdiyi donu geyinir, onların istədiyi həyatı yaşayırdım.

İndi mən nə etməli idim? Bəlkə anam düz deyir, nə qədər ki gec deyil, Samirlə barışım, başımı aşağı salıb, ona tabe olum, yalançı, süni bir ailənin var olması üçün bundan sonra da əlimdən gələni edim? Ağlıma gələn bu ehtimaldan səksəndim. Yox! Birincisi, o elə adamdır ki, nə zorakılığı, nə də yalançılığı dəyişən deyil. Belə adamlar ömrünün axırına kimi dəyişmir. Bir də ki, Nataşa düz deyir, o dünən gecəki söhbəti mənə heç vaxt bağışlamayacaq. 

Vaxt keçir, mənsə hələ də suallar içində qovrulurdum. Elə bil bir yelləncəkdə oturmuşdum, amma yırğalanan mən deyildim, fikirlərim, ağlıma gələn ehtimallar idi. Gah ənənələrə, adətlərə, ailəmin istədiyi tərzə doğru gedir, orda qamaq istəyirdim – axı ata-anasız, ailəsiz yaşamaq olmaz. Onlara qulaq asamq, onların adını qorumaq, onların arzularına uyğun bir insan olmaq lazımdır. Gah da fikrim məni onlardan qoparır, öz arzularıma, xoşbəxtliyimə tərəf aparırdı. Axı mən də əsl sevgi yaşamalı idim, öz həyatımı istədiyim kimi yaşamaq mənim də haqqım idi. 

O günü bütünlükdə belə, daxili təbəddülatlarımın içində keçirdim. Gözlərimi qaldırıb, saata baxanda, axşam saat altı olduğunun fərqinə vardım. Bu saatda Samir oğlumuzu evə gətirirdi. Döşəməyə səpələnən dəftərləri yeşiklərə yığdım, evə əl gəzdirdim və oğlumu gözləməyə başladım. Bir saatdan sonra artıq narahat olmağa başladım və Samirə zəng elədim. Amma onun telefonu bağlı idi. 

Yarım saat boyunca bütün zənglərim cavabsız qaldı. Nəhayət, ağlıma gəldi ki, Samirin anasına zəng edim. Keçmiş qaynanam da telefonu uzun müddət götürmədi. Axır ki, xəttin o tərəfndən dünyanın düz vaxtı belə məndən xoşu gəlməyən qaynanamın səsi gəldi:

– Nə var, ay əxlaqsız, nə zəng eləyirsən? – başa düşdüm ki, Samir dünən gecə gördüklərini ona danışmağa macal tapıb. 

– Salam, İradə xanım. Samir Əlini evə gətirməli idi, amma telefonuna zəng çatmır, – deyə, ona nəsə izah etməyə çalışdım. 

– Sənin kimi qancığa mən nəvə nədi, heç it küçüyümü də vermərəm. Sənə nə var, sən itlə də yatarsan, –qadın artıq məni təhqirə keçdi.

– Oğlum hanı?! – deyə, qışqırdım. 

– Oğlun burda yoxdu. Rədd ol, –  qışqırıb, dəstəyi asdı. 

Bir daha zəng eləsəm də, daha onun da telefonuna zəng çatmadı. Həyəcandan əsməyə başladım. Dayanmadan, əllərim əsə-əsə Samirin atasının nömrəsini yığırdım. Amma o da telefonu götürmədi. Bir neçə cəhddən sonra ona yazdım ki, oğlumu qaytarsınlar. Amma içimdə bir səs mənə deyirdi ki, bütün səylərim əbəsdir. 

Göz yaşlarımı saxlamağa çalışaraq, anama zəng elədim. Anam telefonu götürəndə ağlamaqdan özümü saxlaya bilmədim. Olanları ona danışdım. 

– Leyla, məncə sən məsələni böyüdürsən. Uşağın atasıdı, yad adam deyil ki, bəlkə oğlu ilə vaxt keçirmək istəyir, – deyə, anam məni sakitləşdirməyə çalışdı. 

– Yox, sən bilmirsən. O, uşağımı mənə qaytarmayacaq, heç vaxt qaytarmayacaq! – deyə, qışqıra-qırşqıra otağın o başından bu başına dolanır, rabitəsiz hərəkətlər edirdim.

Anam yenə təmkinini pozmadı. Mənə məsləhət gördü ki, sakitləşim, dincəlim və Samirdən xəbər gözləyim. Sonra heç nə olmamış kimi, dəstəyi asdı. Düşündüm ki, əgər o, Samirin dünən ona dedikərinə inansa, dünən keçmiş ərimin məni sevdiyim qadınla gördüyünü bilsə, yenə də belə sakit qalardımı?

Aradan bir saat keçdi. Ağlayıb doyandan, iki dənə sakitləşdirici dərman atandan sonra oturub, dua eləməyə başladım. Yeniyetməliyimdə nəsə çətinliyə düşəndə oturub dua edirdim. Bu, həm məni sakitləşdirirdi, həm də o vaxtdan inanırdım ki, dua edəndə istəklərim baş tutur. Allaha yalvardım ki, oğlumu mənə qaytarsın. Bu, elə bir an idi ki, oğluma görə mən hər şeydən və hamıdan imtina etməyə, vaz keçməyə hazır idim. Allaha yalvardım ki, günahlarımı bağışlasın. Günah barədə düşünəndə birdən, ağlıma Lena gəldi. Tez telefonu götürüb, ona zəng elədim. Ondan evimə gəlməyini xahiş elədim. 

– Bu nə tələskənlikdi, nə olub? –Lena soruşdu. Dedim ki, heç nə soruşmasın, tez gəlsin. Bir saatdan sonra Lena evdə idi. Mən qapını açan kimi, o həyacanla nə baş verdiyini soruşdu. Ağlamaqdan qızarıb, şişmiş üzümü görəndə məni sorğu-suala çəkməyə başladı.

 – Nə olub, səninki yenə gəlmişdi?

– Samir Əlini aparıb, gətirmək də istəmir! Bilirəm, o oğlumu bir də mənə verməyəcək! – göz yaşlarım yenə yanağım boyu axmağa başladı.

Lena məni qucaqladı. Soruşdu ki, niyə belə düşünürəm. Qaynanamla olan söhbəti ona danışdım. Anamın məsələyə necə baxdığını da dedim. 

– Bəlkə anan düz deyir? Uşaq onun da uşağıdı axı. Nə edəcək ki? Qoy oğlu ilə vaxt keçirsin də... Qaynanana niyə fikir verirsən, özün deyirdin ki, səndən həmişə zəhləsi gedib.  

– Yox, mən bilirəm! O, anasına dünən gecə gördüklərini danışıb. Uşağımı əlimdən almaq istəyir, bilirəm! – qışrıqaraq, qonaq otağına qaçdım, divana oturaraq, dizlərimi qucaqladım. 

– Leyla, heyif ki, belə alındı, – Lena mənə yaxınlaşaraq, sakitcə dedi. Divanın bir küncündə oturmağa çəkinirmiş kimi, ehmalca bir yanını qoydu: – Çox təəssüf edirəm ki, bütün bunları yaşamağa məcbur olmusan...

– Düz edirlər, düz edir onlar! Məndə bəyəm ana ləyaqəti var? Qadınla sevgili olan anadan uşaq nə nümunə götürəcək! 

– Bunu eləmə! Sənin qadınla, ya da kişi ilə sevgili olmağının necə ana olduğuna dəxli yoxdu. Onu sən dünyaya gətirmisən, sənə işgəncə verən ərinə uşağın xətrinə dözmüsən. Niyə özünü belə qiymətsiz hesab edirsən axı...

– Çünki sənə görə uşağımı itirmək istəmirəm! 

Otağa sükut çökdü. Lena gözlərini düz gözlərimin içinə zillədi. Qaşlarını çataraq, sakitcə dedi:

– Sən lezbiyan olmağımda məni “günahkar” bilirsən? Sən elə bilirsən ki, lezbiyan olmaq ancaq gecə klublarında rəqs etmək, qızlarla görüşməkdən, qadın məclislərində deyib-gülməkdən ibarətdir… Hə, səni təhqir edəcəklər, alçaldacaqlar, sənə nifrət edəcəklər. Ən qatı, ən homofob adamlar hətta səni öldürməyə çalışacaqlar. Bizim yaşadığımız ölkədə lezbiyan olmaq budur. Sən artıq böyüməlisən, Leyla. Başa düşürsən. Böyüməlisən, etdiyin hərəkətlərin məsuliyyətini dərk etməlisən, öz həyatınla bağlı qərar verməyi öyrənməlisən... 

Yanaqlarım alışıb, yanmağa başladı. Mən çox utanırdım. Lena düz deyirdi. Başıma gələn şeylərin günahını onun boynuna yıxmaqla mən çox, çox pis bir iş görmüşdüm. 

– Bağışla məni, – dedim.

– Sən də məni bağışla, amma mən öz hisslərində əmin olmayan biri ilə birlikdə ola bilmərəm..., – deyərək, Lena ayağa qalxdı və getdi. 

Powered by Froala Editor