Gəl Dənizlə Barışaq III bölüm
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha mə'sud.
30/Oct/21
3358
Gəl Dənizlə Barışaq
Üçüncü Bölüm
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə'sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!
Mikayıl Müşfiq. “Yenə O Bağ Olaydı.”
Səhər gec oyanmışdım və qəribə səslənsə də, son vaxtlar yatdığım ən şirin yuxunu yatmışdım. Saata baxdım. On iki olmuşdu. Evdə səssizlik hökm sürürdü. Bir müddət yatağımda qalıb, gecə olanları fikirləşdim. İlkin özümü öldürməyə imkan verməmişdi. Mən ağlayıb axmaq-axmaq şeylər demişdim və sonra geri qayıtmışdıq. Hətta İlkin nitq məhdudiyyətli olmasaydı belə, onunla bir şey danışa biləcəyimi fikirləşmirdim, ona görə də hər ikimizin səssiz qalmağı yaxşı olmuşdu. Yol boyu üstümə gəlib-gedən baxışlarını hiss etmişdim, amma utandığıma görə bunlara belə qarşılıq verməmişdim. Mənimlə evimizə qədər gəlmişdi və... NOT! Mənə not verdiyini xatırladım. Cəld bir şəkildə yatağımdan qalxıb, axşam geyindiyim şortikimin cibini yoxladım. Kağız parçası əlimə dəyən kimi rahatlaşdım və çıxarıb açdım.
Mən burdayam. Ehtiyacın olanda yaz. Yazmışdı kağızda. Altına da nömrəsini. Dəniz kənarından bu yana ilk dəfə üzünə baxmışdım sonra. Əli ilə özünü və evlərini işarə etmişdi. Orda olacağını deməyə çalışırdı. Bu, o qədər qəribə, öyrəşmədiyim bir şey idi ki, təşəkkür belə etmədən qapını açıb içəri girmişdim və birbaşa otağıma gəlib yatmışdım. Kağıza bir də baxdım. Mən burdayam. Ehtiyacın olanda yaz. Kağızı stolun üstünə, dərsliklərimin yanına qoydum. Sonra evdəkilərdən birinin tapa bilmə ehtimalını nəzərə alaraq fikrimi dəyişib, dərsliklərdən ən altda olanının arasına yerləşdirdim.
Əynimi geyinib aşağı düşdüm. Nənəm mətbəxdə günorta yeməyini bişirirdi. Məni görən kimi üzümə tüklü bir öpüş qondurdu. Atam işlə bağlı şəhərə getmişdi, anam axşam yayımlayacağı paylaşım üçün pilates videosu çəkirdi, nənəmin ilan sancacağından narahat olduğu üçün tez-tez pəncərədən güclü nəzarətində saxladığı Kamran isə bağda oynayırdı.
“Tənbəl kopayoğlu”, - dedi birdən. “Evdə də belə gec qalxırsansa, universitetə kim girəcək, day bilmirəm.”
Qaneedici bir gülüşlə qarşılıq verməyə çalışdım: “Hələ gələn ildi imtahan, nənə”. Soyuducunun qapısını açıb içinə baxdım.
Əl-üzünü yumusanki?
“Yumuşam”, - deyə yalan dedim. Bu, o qədər də ciddi bir qayda pozuntusu deyildi.
“Gəl sənə iki yumurta qırım. Qlozok?” Mən cavab verməyə imkan tapmamış, miçətkənli pəncərədən “KAM-RAN!” deyə bağırdı. Sonra “Ay kopayoğlu, qayıt gəl! Qayıt gəl bura! Nə qədər demişəm getmə ora...” və belə bütün yay boyu eşidəcəyim şeyləri təkrarladı.
Əslində atam bütün həyəti dərmanlatdırmağına baxmayaraq, “Allah işi adam üçün bir dəfə salır” deyən nənəm buna güvənmirdi. Məncə, əsl səbəb nənəmin ilan qovucu dərmanlara güvənsizliyi deyildi, bu işi həqiqətən də sevməyi onun uşaqlara baxmağı bir növ özünə borc bilməsində və bunu bizlərə, xüsusən də anama göstərməyə çalışmasında idi. Tez-tez “Övladım üçün edə bilmədim, qoy heç olmasa nəvələrim üçün edim” deyər və bunu edərkən şüuraltı şəkildə anamın yaxınlıqlarda olmasına əmin olmağa çalışardı. Anam isə çox vaxt buna sadəcə gözlərini süzərək qarşılıq verərdi. İndi onu xatırlayanda nənəmin həddindən artıq qayğıkeşliyinin səbəbinin ürəyində hiss etdiyi günahkarlıq hiss ilə əlaqəli olduğunu düşünürəm. Anam bizə heç vaxt nənəmlə aralarında olan soyuqluğun səbəbini danışmamışdı, amma biz yenə də ordan-burdan evin kişisi öldükdən sonra işləməyə məcbur qalmış dul qadın və bütün günü evdə tək vaxt keçirməyə məhkum olmuş balaca qız barəsində əhvəlatlar eşitmişdik.
Soyuducunun qapısını bağlayıb, heç nə yemək istəmədiyimi anladım. Bunun yerinə özümə südlü qəhvə hazırlayıb, mətbəx stolunun arxasına keçdim. Nənəm yemək təklifləri etməklə pəncərədən Kamrana qışqırmağa davam etdi. Bir ara soyuducunun üstündən yoxa çıxan yuxu dərmanından söz açdı. Öz boyu çatmadığı üçün məndən soyuducunun üstünə və arxasına baxmağımı xahiş etdi. Dediyini edirmiş kimi hərəkət edərək hər yeri yoxlayıb, qəhvəmi içmək üçün masanın arxasına oturarkən “tapmadım” dedim.
“Lənət şeytana”, - dedi. “Dünən ora qoyduğuma əminəm. Gecəni heç rahat yatmamışam.”
O vaxt küçə qapısının açıldığını eşitdim və ağacların arasından kimin gəldiyinə baxarkən İlkini gördüm. Bayaqdan bəri qəbul etdiyim kafein belə bu qədər ürəyimin çırpınmağına səbəb olmamışdı. Ola bilməz. Niyə gəlmişdi ki? Dünənki hadisəni evdəkilərə başa salacaqdı?
Gələn kimdir?
“Lal oğlan”, - dedim qeyri-ixtiyari.
“Elə demə. Onu adı İlkindir. Yanında heç vaxt demə”, - nənəm dedi. Qazın altını söndürüb, əllərini qurulayaraq qapıya getdi. Bir anlıq tərəddüddən sonra mən də onu izlədim. Əgər İlkin nəsə açıqlamağa çalışsa, bunu kağızda yazaraq verəcəkdi. Buna mane ola bilərdim. Hətta kağızı alıb, cırıb tullaya da bilərdim.
Lənətə gəlsin, heç kimə güvənə bilməyəcəkdim?
Amma vəziyyət heç də fikirləşdiyim kimi olmadı. İlkin hər ikimizi görüb gülümsədi. Ya insanları ölümdən xilas etmək onun üçün adi bir şey idi, ya da rolunu yaxşı oynayırdı.
“Xoş gəlmisən oğlum”, - dedi nənəm. İlkin başıyla salamladı.
Əlində kağız parçası deyil, uzun bir bel və bir yığın adını bilmədiyim alət olduğuna o an fikir verdim. Sonradan öyrəndiyimə görə, sən demə, İlkin nənəmin bağ işlərini görür və buna görə ayda dörd yüz manat maaş alırmış. Bundan xəbərim yox idi. Öz evimizin içində belə bir çox şeydən xəbərim olmadığı üçün buna heç təəcüblənməsəm də, bu qədər vaxt bağımızı nənəmin səliqədə saxladığını düşündüyümə görə özümü axmaq uşaq kimi hiss etdim. Çox sual verib, hər şeylə maraqlanan bir insan deyildim. Bunu həqiqətən xoşladığıma görə deyil, kim olur-olsun, ünsiyyət qurmaqdan qaçdığım üçün. Susub gözə görünməməyi, evdə ətli-qanlı varlıq deyil, ruh kimi yaşamağı çoxdan öyrənmişdim. Bəzən dibçəkdəki bitkidən daha az gözə çarpmağa çalışırdım. Beləcə nə insanlar məni, nə də mən insanları məyus etməmiş, aramızda keçə biləcək hər hansı bir söhbətdən daim qaçırdım. Suallar cavabları gətirirdi, cavablar isə yeni sualları ki, bir insanla beş dəqiqədən artıq uzanan danışıq mənim üçün az qala işgəncəyə çevrilirdi. Hətta bu, bir evdə yaşadığım yaxınlarım olsa belə. Əslində ən çox onlar... Buna görə də hər şeyi öz beynimdə götür-qoy edir, səhv də olsa, düz də olsa, hər qənaətə özüm gəlirdim. İnsanlar məni kəşf etməmiş, məni öyrənməmiş, ən yaxşı yol bu idi.
“Sən işinə qaldığı yerdən davam. Axşam da gəlib ağacları suvararsan. İndi istidir.”
İlkin başını əydi. Hər fürsət düşdükcə mənə baxırdı. Mən də ona. Başında zənbil papağı, əynində isə rəngi qaçmış fəhlə geyimi vardı. Necəsə bu görüntüsü çox xoşuma gəlmişdi.
“Əli”, - dedi nənəm mənə tərəf dönərək. “Sən də İlkinlə get. Kömək elə ona. Nə olub ki, bütün gün ev, ev. Cavan uşaqsan, bir az gəz dolan”.
“Yaxşı”, - dedim. Xoşbəxtlikdən təklifi nənəm etmişdi, yoxsa öz xoşumla ora getməyəcəyimi bilirdim. Bunun yerinə tərəddüddə qalacaq və şirlərin doyub getməsini gözləyən kaftarlar kimi ərazidə dolaşnacaqdım.
Kal ərik və albalı ağaclarının arasından tövləyə doğru getməyə başladıq. Bağın digər başında tikilməkdə olan tövləmiz ora çatanda bildim. Bundan da xəbərsiz idim. Nənəm bu tövləni toyuqların sayını artırmaq və onların həyətdəki əkinlərə zərər vermədən gəzə biləcəkləri geniş bir yerləri olsun deyə tikdirirdi. Sonradan həyətdən yığdığı bir çox şey kimi yumurtaları da İlkingilin meyvə mağazasında satdığını öyrəndim. Hər nə qədər bundan gələn gəlirə ehtiyacı olmasa da, nənəm daxilində hər zaman o zəhmətkeş kəndli qadın idi.
Həyətdə yeni bir insanın varlığından xəbərdar olan Kamranın bizə qoşulmağı da uzun çəkmədi. Suallarını əvvəlcə mənə, sonra isə birbaşa İlkinə yağdırdı. İlkin ona cavab vermək iqdidarında deyildi, amma balaca qardaşım da bunu anlamaq iqdidarında deyildi. Ən axırda İlkinin susqunluğunu soyuqluq kimi anlayıb, çıxıb getdi. Bir müddət nə mən danışdım, nə də ondan buna dair bir işarə gördüm. Sadəcə durub kənardan onu izləməyə başladım və həmişə səssiz olmağın necə bir şey olduğu barəsində fikirləşdim. Az sonra bunun yaxşı bir şey olduğunu düşünərkən tapdım özümü. Hətta çox yaxşı birşey. Bunun bir neçə səbəbi vardı. Birincisi, danışa bilib, heç danışmadığınıza görə insanların sizi qınamağından birdəfəlik qurtulmuş olurdunuz. Bir baxıma zəlil olduğunuz üçün insanlar sizə acıyıb rahat buraxırdılar. Öz səsinizdən nifrət etmək məcburiyyətində qalmırdınız. Hətta istəsəniz belə, bir də heç vaxt insanların qəlbini sözlərinizlə qıra bilmirdiniz və s. Bu kimi minlərlə müsbəti misal çəkə bilərdim. Əgər bütün bunlar bir ağac olsaydı, onda mənim sadaladığım “avantajların” hamısı o ağacın yarpaqları olardı. O vaxtlar ağacın özünü, onun köklərinin içimə işləmiş qalınlığını görə bilmirdim. İllər sonra qardaşımla olan seansların birində İlkinin lal olmağını niyə bir qüsur kimi deyil, daha çox bir bacarıq kimi gördüyümün səbəbini tapmışdım: mən insanlarla danışmaqdan, öz həqiqi üzümü göstərməkdən qorxduğum üçün qaçırdım. İçimdə onlara qarşı o qədər kin, inciklik, qəzəb qarışıq hisslər var idi ki, susmaq daha rahat gəlirdi və susmağın gətirdiyi nəticələrin öhdəsindən gəlmək “partlamağın” gətirəcəyi nəticələrlə baş-başa qalmaqdan daha rahat idi. Orda olanda isə bunların heç birini dərk etmir, sadəcə İlkinə qarşı artmaqda olan heyranlığımı gizlin bir şəkildə yaşamağa çalışırdım.
Qardaşım gedəndən təxmini yarım saat sonra İlkin ilk dəfə mənə baxdı. Sonra gözləmədiyim bir şəkildə qabağıma gəlib, əlini uzatdı. Başı qarışmış bir şəkildə qarşılıq verib əlini sıxdım. Sonradan danışma məhdudiyyətli kişilərin salamlaşarkən belə etdiklərini öyrənəcəkdim. Sonra barmaqlarını əla işarəsi göstərirmiş kimi yuxarı qaldırıb yellətməyə başladı. Heç bir şey anlamamışdım. Mənim jestika ilə danışdığımı düşünürdü, ya necə? “Başa düşmürəm”, - dedim.
Əllərini “boş ver” şəklində yerə endirib, cibindən bloknotunu çıxardı. Axşam mənə not yazıb verdiyi bloknot idi. İçinə nəsə yazıb mənə uzatdı.“Salam. Necəsən - soruşdum” yazmışdı.
Səslə ifadə oluna biləcək bu cür elementar şeylərin belə kağızla yazılıb, mənə verilməsini o andan sevməyə başlamışdım. O qədər xoşuma gəlmişdi ki, sualına cavab vermədən yazını bir neçə dəfə oxudum. “Mən jest dilini bilmirəm ki”, - dedim axırda. Bunu deyərkən qeyri-xtiyari əllərimi hərəkət etdirib, sanki deməyə çalışdığım cümləni öz yaratdığım yeni jestika hərəkətləriylə deməyə çalışmışdım. Buna gülmüşdü.
Kağızı məndən alıb nəsə yazdı və geri qaytardı. “Oxuya da bilmirsən?”
Nə dediyini anladım və “Bağışla” dedim əvvəlcə. Üzümə mane ola bilmədiyim gülümsəmə yayılırdı. Hər şey əvvəldən başlamalıydısa, əvvəldən başlamağa qərar verdim. “Salam. Iııım... Mən, yaxşıyam”, - dedim ki, o an üçün bu doğru idi.
Güldü və işini buraxıb yanıma oturdu. Döş cibindən bir paket Compact Winston çıxarıb birini ağzına qoydu. Paketi mənə uzatdı. Başımı yellədim. Öz siqaretini yandırdırmaqla kifayətləndi. Siqaretdən bir nəfəs alıb, göyə baxdı.
O günlərdə ingiliscəmi təkmilləşdirməyə çalışdığım üçün ağlıma yenicə öyrəndiyim akward sözü gəldi. O ankı vəziyyətimizə çox uyğun bir kəlmə idi.
Birdən əlini uzadıb, bloknotu istədi. Mən də verdim. Nəsə yazıb mənə göstərdi. “Mən də bir neçə dəfə cəhd etmişəm” oxudum. Qolunu uzadıb, ağ cızıqları göstərdi. Sonra yazmağa davam edərək “Necə bir hiss olduğunu bilirəm” yazdı.
Sözün düzü, məni bu yoldan çəkindirəcək bir tənbeh, ya da məsləhət gözləyirdim, amma İlkin ilk gündən olduğu kimi məni təəccübləndirməyə davam edirdi. İlk dəfə bir insanın məni anladığını görmək öyrəşdiyim bir şey deyildi. Nə yaxşı, nə də pis idim. Hiss etdiyim şey sadəcə ehtiyacımın təmin olunduğu idi. “Mən... hər şey üst-üstə gəldi” dedim. Bunu demək belə o görüntülərin beynimə hücüma etməsinə bəs etdi: Zakir... Məni ələ salan uşaqlar... Məktəbin arxa tərəfi... Zibillik... Qoxu... Pis hiss etməyə başladım və ayağa qalxıb getmək istəyərkən əlimdən tutdu. “Burax” dedim.
Buraxmadı.
Açığı, mən də buraxılmaq istəmirdim onsuz da.
Ayağa qalxıb, məni qucaqladı. Və mən ilk dəfə yad birinin qucağına sığınıb göz yaşı tökdüm. Yadımda qalan getdikcə bulanıqlaşan albalı ağacının görüntüsündə belə bir şeyin mənə çox yad olduğunu düşünməyim idi. Utanırdım. Kimsə görəcək deyə qorxurdum. Kimsə biləcək deyə də qorxurdum. Dişimi sıxırdım. Yumruğumu sıxırdım. Yarpaqdan daha səssiz olmağa və tez bir zamanda sakitləşməyə çalışırdım. Yaddaşımda qalan fraqmentlər qəzəbli arı sürüsü kimi beynimin hər yerinə hücum edirdi. Bunlar baş verərkən az qala huşumu itirəcəyimi xatırlayıram. Amma dayandım. Ona görə yox ki, İlkin məni güclü qollarının arasında saxlamışdı, ona görə ki, yumurtadan yeni çıxmış kərtənkələ qədər müdafiəsiz olan gücüm ondan aldığım istilik, güvən və yaxınlığın sayəsində mənimlə qalmış və yıxılmağıma icazə verməmişdi. Eləcə nə qədər qaldığımızı bilmirəm, amma axırda sakitləşib ondan ayrıldım. Göz yaşlarımı sildim və heç nə demədim. Bir az rahatlaşsam da, üzünə baxa bilmirdim. Bunun yerimə oturub gözümü bir nöqtəyə dikdim. O da işinə davam etməyə başladı, amma məni də nəzarətində saxladığını hiss edirdim.
Bir müddət sonra qalxıb ona kömək etməyə başladım. Bunun fikrimi dağıtmağa çox köməyi dəydi və daha yaxşı hiss etdim. Çox da ağır işlər görmürdüm onsuz da. Lazım olanda çəkici uzadırdım, taxtanı tuturdum, ya da fasilələrdə nənəm gətirməmiş, gedib çayı gətirirdim.
Bir daha danışmağımız üçün təxmini iki saatın keçməsi lazım oldu. Fasiləyə çıxmışdıq və divarın kölgəsində oturub çaylarımızı içirdik. Birdən ona çevrildim və “Bura yeni köçmüsən?” soruşdum. “Əvvəlki illər sizi burda görməmişdim. Elxan əmiyə nə oldu?”
Gözlərini baxdığı yerdən çəkmədi. Üzündə dediyimi anladığı və ya eşitdiyinə dair heç bir ifadə yaranmadı. Hətta o qədər ki, dil məhdudiyyətinin yanında eşitmə məhdudiyyətinin olduğundan belə şübhələnməyə başladım. İlkin “normal” insanlardan o qədər fərqlənirdi ki, bunu necə izah edim, bilmirəm. Mənim belə onun bu xasiyyətinə öyrəşməyim bir az vaxt alacaqdı. Artıq sualımı eşitmədiyinə tam əmin olmaq üzrə idim ki, bloknotunu çıxardı və yazmağa başladı. “Evi Elxan kişidən əlimyandıda aldıq. Onlar şəhərdə mənzil aldılar. Keçən il sentyabrda.” yazdı qısaca. Sonra siqaretini çıxarıb, birini ağzına qoydu.
Əlbəttə ki, Elxan əmi vecimə də deyildi. Mən sadəcə mövzu tapıb danışmağa, aramızda yaranmış bu qəribə əlaqənin hələ də davam etdiyinə və edəcəyinə dair o güvəni almaq istəyirdim. Lakin ondan bu həvəsi görməyəndə məyusluğumu və hirsimi gizlətməyə çalışaraq ayağa qalxdım. “Mən gedim. Bəlkə bir azdan gələrəm”, - dedim.
Bir addım atmışdım ki, yenə qoymadı. Dönüb ona baxanda onun oturduğu yerdən mənə baxan baxışları ilə qarşılaşdım. Uzunsov, təraşlı üzündəki yaşıltəhər gözləri; sağ qaşının üstündən su çiçəyindən qalma xırda çopur; tərdən bir-birinə yapışıb alnına tökülmüş saç telləri, mənim hamar əlimə qarşı onun işləməkdən güclənmiş kobud, qabarlı əli; boynundakı narın tüklər... Onu bu qədər diqqətlə gözdən keçirib, hər detalını yadımda saxladığıma özüm də heyrətləndim və ilk dəfə o an onun necə xoşuma gəldiyini anladım. Amma səssiz qalmaqdan daha yaxşı bacardığım bir şey var idisə, o da nə hiss etdiyimi gizlətmə bacarığım idi ki, o vaxt da bunu etdim.
İlkin başını iki yana yellədi. Sonra bloknota nəsə yazıb mənə uzatdı. “Niyə mənə yazmadın?”
Dünən gecə verdiyi kağızı xatırladım. Mən burdayam. Ehtiyacın olanda yaz. Altında nömrəsi ilə. Bu qədər asan idimi? Vəziyyətimin bilirdi. O vəziyyətdə ona necə yaza bilərdim ki? Və ya nə yazacaqdım? O an İlkinin də hamı kimi olduğunu, sadəcə öz mənfəəti üçün çalışıb, iş gördüyünü düşünməyə başladım. Bütün bunların sadəcə mənimlə danışmaq üçün olduğunu fikirləşdim. İlkinin fərqli olduğunu çox sonralar anlayacaqdım. Onu tanıdıqca digərləri kimi sözünü fırladaraq, bəzəyərək, oyun oynayaraq deyil, birbaşa deyən bir insan olduğunu və bunun da bir başa dilinin məhdudiyyətli olmağı ilə bağlı olduğunu anlayacaqdım. Danışmaq asan idi, yazıb göstərmək isə zəhmət tələb edirdi. Ona görə də konkret olmalı idi. İlkin danışmaq istəyirdisə, “danışmaq istəyirəm” deyirdi. Bunun romantik olduğunu deyə bilməzdim, hətta romantikanı tamamiylə öldürürdü, amma bir şeyi də etiraf edim ki, xoşuma da gəlirdi.
O vaxt İlkini eqoist, sadəcə özünü düşünən biri kimi damğalayıb məni xəyal qırıqlığına saldığı üçün məni ordan ayrılmaqdan sadəcə bir şey saxladı: ona qarşı içimdə yenicə yaranmış olan hisslər. Bu hisslər digər hər şeyi kənara itələyirdi. O, yazmağımı istəyirdisə, mən də yazmaq istəyirdim. Bəlkə də səhv anlamışdım. İlkin bununla mənə hələ də dəstək çıxdığını göstərməyə çalışırdı. Bəlkə də o “normal” idi və mənim keçirdiyim hissləri keçirmirdi, amma buna da razı idim. Davam etməyə, bu, hər nə idisə, onun axırına çıxmağa hazır idim.
“Yazacağam”, - dedim. Üzünə bu cavabıma sevindiyini bildirən gülüş gəldi.
Ümidlərim daha da artdı.
O gün İlkin işini həmişə bitirdiyindən daha gec və həmişə gördüyündən daha az iş görərək bitirdi. Bunu nənəmin gəlib işi yoxlayandakı danışığından anladım. Amma bu, o qədər də ciddi bir problem olmadı.
Verdiyim suallara cavab verərkən əlini saxlayıb bloknota yazır və bu da vaxt alırdı, amma ikimiz də əylənirdik. Günün sonunda bloknotda vərəq qalmamışdı, ona görə də sonrakı ünsiyyətimiz işarələrlə davam etmişdi. Bu, yazmaqdan da çox vaxt aparırdı, çünki mən onun nə dediyini anlamağa çalışarkən xeyli səhv təxminlər edirdim.
Bununla da o gün işarə dilini öyrənməyi qarşıma məqsəd qoydum. Elə həmin gün İlkin işlərini bitirib getdikdən sonra evə qaçıb, bu haqda araşdırma apardım. Youtube-da bunu öyrədən bir neçə kanal tapdım və öyrənməyə başladım.
O günlərdə aludəçisi olduğum iki şey vardı: heyvanlar haqqında həddindən artıq sənədli film izləmək və durmadan kitab oxumaq. Sonrakı illər qazanacağım pornoqrafiya, siqaret və şirniyyat asılılığı kimi şeylərə baxanda bunların asılılıq olduğunu belə deməzdim. Ya da sağlam asılılıqlar olduğunu deyərərdim. Onlarla məşğul olduğum vaxt reallıqdan uzaqlaşardım və başqa dünyalara keçərdim. Hər necəsə heyvanları anlamaq insanları anlamaqdan daha rahat gəlirdi mənə. Heyvanlar heyvan kimi davranırdı, amma insanlar heyvan kimi niyə davranırdı? İndi dönüb geriyə baxanda uşaqlığımdan İlkinlə yaşadığım hadisələrə qədər olan həyatımın mənasız bir vaxt itkisi olmadığına məni inandıran şeylərdən biri sənədli filmlərə baxmaqla kitab oxumaqdırsa, digəri də işarə dilini öyrənməyə başlamağımdır. Çünki işarə dilini öyrənmək mənə insanların dilini öyrətdi. Onları daha yaxşı anlamağa kömək oldu. Qəribə səslənsə də bu belədir, amma ora gəlməyimə hələ çox vardı.
Həmin gün vaxtın necə keçdiyini anlamadan Youtube-dan xeyli jest öyrəndim. Dil məhdudiyyətli insanların gündəlik həyatda istifadə etdikləri salam, sağol, gecən xeyrə kimi sadə şeylər.
İlkinə yazmaq ağlıma gələndə saat artıq on iki olmuşdu. Cəsarətimi topladım və dünən verdiyi kağızdan nömrəsini telefonuma əlavə etdim. Yazmaq cəsarəti tapana kimi daha bir yarım saat keçdi. Ən axırda “Salam” yazdım. Mesajı göndərərən kimi sanki əlimdə qalsa, partlayacağından qorxduğum üçün telefonun ekranını söndürüb yatağın üstünə atdım.
Qalxıb dişlərimi fırçalamağa gedirdim ki, mesaj səsi dayanmağıma səbəb oldu. “Salam. Necəsən? Elə bildim yazmayacaqsan” yazmışdı.
Gedəndən sonra bütün gün mənim yazmağımı gözlədiyinə inana bilmədim. O da bütün günü işarə dilini öyrənməyə sərf etdiyimə inanmadı. Gözlənilməz münasibətdəki gözlənilməz şeylər. Amma inam bir gecədə yaranan bir şey deyildi. Mənim kimi insanlar üçün isə birinə inanmaq daha çətin idi.
Deyəsən, ona güvənməyə başladığım gün ilk dəfə öpdüyümüz gün oldu. Amma buna da hələ çox vardı...
Powered by Froala Editor