Femkulis səhifəsi təqib olunur
Femkulis feminist platforması “Dirçəliş 22/30” adlı Telegram kanalı tərəfindən təqib olunur
11/Jan/22
3274
Femkulis səhifəsi təqib olunur
Femkulis feminist platforması “Dirçəliş 22/30” adlı Telegram kanalı tərəfindən təqib olunur. Bu haqda platforma özü məlumat verib. Femkulis qeyd edir ki, 6000-dən çox üzvü olan “Dirçəliş 22/30” Telegram kanalı mütəmadi şəkildə müxtəlif insanların intim görüntülərini paylaşaraq, onları təhqir və təhdid edir.
Bu dəfə isə kanalda Femkulis platformasının adminləri Sənay Yağmur və Əli Məlikovun çoxsaylı fotoları paylaşılıb və onlar hədəf göstərilib. Eləcə də kanalda Femkulis platformasına hücumlar edilməsi üçün çağırışlar yer alıb. Kanalın üzvlərinə Femkulis adminlərinin fotolarını pornoqrafik məzmunda montajlayaraq, yaymaq təklif olunub.
Platformanın admini Əli Məlikov Minority Azərbaycana bildirib ki, bu cür kanallar hər kəs üçün potensial təhlükədir. Onun sözlərinə görə, əvvəllər də bu kanalda, eləcə də oxşar məzmunlu "Maskalanma" adlı Telegram kanalında qadın* və kuirlərin ifşalandığını, hədəfə çevrildiyini görüblər. Hətta hədəf göstərmələr intahara təşviq edib və həyatını itirənlər də olub.
Əli Məlikov bu cür təhlükəli kanallara qarşı hər hansı qanuni tədbirlərin görülməməsindən narazıdır: “Dövlətin bu tip qruplar üçün heç bir tədbir görməməsi trans-mizoginist, kuirfob siyasətini açıq şəkildə göstərir. Açıq şəkildə qurumlar LGBTİQ+lərin sosial qrup sayılmadığını deyir, qadın* və kuirlərin üzləşdiyi kiber-cinayətləri/hücumları yox sayır. Hansı ki, dövlətin kifayət qədər müdafiə mexanizmləri var ki, bu neo-naziləri dayandırsın. Lakin onlara bu mexanizmləri qadın* aktivistlər barədə mənfi reaksiya yaradacaq situasiyalar üçün işlətmək daha maraqlıdır - necə ki, edirlər.”
Femkulis platformasının adminləri hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini və sosial media platformaları ilə əlaqəyə keçərək "Dirçəliş" adlı kanalın bağlanması, eləcə də Femkulisin təhlükəsizliyini təmin etməyə çalışacaqlarını deyiblər.
Powered by Froala Editor