Parisin LGBTQ dostu məscidi
Hər iki cinsin birlikdə namaz qıldığı və həm qadınların, həm də kişilərin imamlıq etdiyi məscidlərdən biri də Fransada istifadəyə veriləcək. Parisdə yerləşməsi və “Fatima” adlandırılması planlaşdırılan məscidin qapısı homoseksuallara da açıq olacaq.
14/Feb/19
7206
Hər iki cinsin birlikdə namaz qıldığı və həm qadınların, həm də kişilərin imamlıq etdiyi məscidlərdən biri də Fransada istifadəyə veriləcək. Parisdə yerləşməsi və “Fatima” adlandırılması planlaşdırılan məscidin qapısı homoseksuallara da açıq olacaq. Bunun üçün Kahina Bahlul adlı qadın bir neçə ay öncə lazımı qurumlara müraciət edib.
K.Bahlul Fransanın ən nüfuzlu ali təhsil və tədqiqat müəssisələrindən olan “École Pratique des Hautes Études”də (EPHE) İslam dini üzrə doktorantura oxuyub. O, Fransanın ilk qadın imamı olmağa hazırlaşır. France 24 kanalına danışan 39 yaşlı K.Bahlul layihəsini hazırladığı məscidin ənənəvi ibadət yerlərindən fərqini izah edib:
"İslamda təzyiq və zülm yoxdur. Qadınlar məscidə istədikləri kimi daxil ola bilərlər. Örtünmək məcburiyyəti olmayacaq. İnsanların cinsi seçimləri də onların şəxsi işidir. Ona görə də bu məsciddə homoseksuallar da məmnuniyyətlə qarşılanacaq."
O, ənənəvi və qatı sələfi məscidlərdə dindarlara öyrədilən islam dinindən narahat olduğunu dilə gətirib:
"Bu gün İslamın əsas problemi cəmiyyətə ya qadın düşməni, ya da patriarxal baxış bucağından yanaşmasıdır. 21-ci əsrdə dini mətnlərə daha fərqli yanaşmalıyıq. Müsəlman qadınların səslərini eşitdirə bilmələri və ibadətxanalarda öz mövqelərini tutmaları əhəmiyyətlidir. Hələ də bir çox insan, xüsusilə də dində qadınların öndərliyini qəbul edə bilmir."
Digər tərəfdən “Aydınlanmış İslamın səsi” təşkilatının rəhbərlərindən Eva Canadin ilə A.Sofi Monsinay da qapısı hər kəsə açıq olan, namaz vaxtı qadınlarla kişilərin yan-yana oturacağı “Simurg” adlı məscidin tikilməsi üçün işlər aparırlar.
Mənbə: Mikroskop Media