8 Marş - Susa Bilmirik
Azərbaycanda feminist icması 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə növbəti yürüşü elan edib
07/Mar/22
1388
8 Marş - Susa Bilmirik
Azərbaycanda feminist icması 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə növbəti yürüşü elan edib.
Geridə qoyduğumuz 2021-ci il və 2022-ci ilin ilk iki ayı ərzində amansız qadın qətlləri, azyaşlılara qarşı cinsi zorakılıq və erkən nikah xəbərləri ölkənin feminist və kuir icmasını sarsıdıb. Bu halların əksəriyyəti məhz hüquqlarımızı qorumalı olan dövlətin hərəkətsizliyi nəticəsində baş verib.
2021-ci il ərzində təkcə mediada 72 qadın qətli xəbəri yer alıb. Qadınlardan 43%-i ərləri tərəfindən öldürülüb.
2021-ci ildə qeydə alınan məişət zorakılığı cinayətləri əvvəlki ildən 19% çox olub (1499 cinayət).
Məişət zorakılığından zərər çəkənlərin 78,5%-i qadınlardır.
Ölkədə epidemik səviyyədə olan qadın və LGBTİ+ nifrətinə, çoxsaylı qətl, zorakılıq, zorlama hallarına qarşı SUSA BİLMƏYƏN 8 Marş - Susa Bilmirik yürüşünün təşkilatçıları Facebook üzərindən bir neçə tələb irəli sürüb:
“Qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirilsin!
Qadınlara qarşı baş verən cinayətlər qanunauyğun və ədalətli şəkildə araşdırılsın və cinayətkarlar məsuliyyətə cəlb olunsun!
İstanbul Konvensiyası qəbul edilsin!
Qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələr aradan qaldırılsın!
Gender və cinsi oriyentasiyasından asılı olmayaraq, hər kəsin bərabər hüquqları təmin edilsin!”
Bu tələblərlə ölkənin feminist icması 8 mart 2022 tarixində saat 15:00-da ənənəvi “8 Marş - Susa bilmirik!” yürüşünü elan edib.
Yürüş Nizami küçəsi, Mc.Donalds-ın qarşısından başlayacaq və “Xurşudbanu Natavan” heykəlinin qarşısında (Əziz Əliyev və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsi) başa çatacaqdır. Yürüş bəyanat oxunduğu zaman başa çatmış hesab olunacaqdır.
Yürüşün məqsədi gender əsaslı zorakılıq və qətllərə diqqəti çəkməkdir. Əsas şüarlar:
“Eşit evdən səsləri, vaxtında et həbsləri!”
“Barışdırma, araşdır!”
“Qadın qətlləri siyasidir!”
Yürüş dinc xarakter daşıyır. Yürüşün məqsəd və məzmunundan kənara çıxan şüar və plakatlar, digər simvolikalar istifadə edilməməlidir.
Tarix: 8 Mart 2022
Vaxt: 15:00-16:00
Məkan: Nizami küçəsi, Mc.Donalds-ın qarşısı (Torqovaya)
Yürüşün keçiriləcəyi ilə bağlı xəbərdarlıq məktubu Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub.
Powered by Froala Editor