"8 Marş” yürüşündə polisdən homofobik aktlar
Bu il “8 Marş-Susa Bilmirik” yürüşü zamanı iştirakçı kimi qatılmaq istəyən LGBTİ+ fəalı Cavid Nəbiyev polis tərəfindən homofobik münasibətlə qarşılaşıb
12/Mar/22
1887
"8 Marş” yürüşündə polisdən homofobik aktlar
Bu il “8 Marş-Susa Bilmirik” yürüşü zamanı iştirakçı kimi qatılmaq istəyən LGBTİ+ fəalı Cavid Nəbiyev polis tərəfindən homofobik münasibətlə qarşılaşıb.
Minority Azerbaijan-a bu haqda danışan Nəbiyevin sözlərinə görə, o, “8 Marş” yürüşündə iştirak etmək üçün plakat və göy qurşağı maskası ilə gəlib. Lakin yürüşə bir qədər gec çatdığı üçün mediadan öyrənib ki, yürüş iştirakçıları Natavan heykəlinə doğru irəliləyirlər. O da qaçaraq, yürüşün hərəkət etdiyi əraziyə gəlib. Lakin görüb ki, polis iştirakçıları kütləvi şəkildə əhatə edib, iştirakçılara yaxınlaşmaq fiziki cəhətdən mümkün deyil.
Cavid Nəbiyev qeyd edir ki, yürüş iştirakçılarının mühasirəyə alındığını gördüyü üçün elə olduğu yerdən onlara dəstək verməyi və maskasını geyinməyi qərara alıb. Qəfildən polislərdən biri onu görüb, “zəhmət olmasa, maskanı dəyişin” deyib və yanındakı polisdən başqa bir maska verməsini istəyib.
Maskanı dəyişmək tələbinin səbəbini soruşduqda, polis əməkdaşı göy qurşağı maskasının məqsədəuyğun olmadığını bildirib. Nəbiyev deyir ki, burda nəyin məqsədəuyğun olub-olmadığını dəqiqləşdirməyə çalışsa da, polis “Özün cavabı bilirsən. Amma cavab lazımdırsa, 9-cu bölmədə cavab verə bilərik” deyib. Daha sonra isə başqa bir vəzifəli polis əməkdaşı yaxınlaşıb və onun ərazidən uzaqlaşdırılması ilə bağlı göstəriş verib.
Cavid Nəbiyev baş verənlərin səbəbini belə şərh edir: “Yürüşdə bir neçə LGBTİ+ məzmunlu plakat və bayraq artıq yığışdırılmışdı və güman ki, bu, İctimai TV və başqa dövlət kanallarında videomaterial hazırlaya bilmək üçün edilib. Mənim maska ilə ora gəlməyim “məqsədəuyğun” görüntüyə problem yaradırdı.”
Qeyd edək ki, “8 Marş - Susa Bilmirik” yürüşündə açılan LGBTİ+ və trans bayraqları polis tərəfindən müsadirə edilib, eləcə də polislər yürüşdə açılan “Petuxlar diktatora qarşıdır” yazılı plakatı cırıblar.
Yürüşün təşkilatçılarından olan Gülnara Mehdiyeva Minority Azerbaijan-a bildirib ki, LGBTİ+ haqlarının feminist agendanın bir hissəsidir və yürüşün bəyanatında gender və cinsi oriyentasiyasından asılı olmayaraq, hər kəsin bərabər hüquqlarının təminatı tələbi yer alıb.
Powered by Froala Editor