İkiqat diskriminasiya: görünməz biseksuallıq
“Sən biseksualsansa, daha maskulin olmalısan.”
27/Jun/22
2434
İkiqat diskriminasiya: görünməz biseksuallıq
“Sən biseksualsansa, daha maskulin olmalısan.”
19 yaşlı Elnarə [şərti ad] yaxın olduğu LGBTİQ+ çevrəsindən tez-tez eşitdiyi sözləri xatırlayır.
“Mən isə həmin insanlara özünüifadə tərzinin seksuallıqla əlaqəli olmadığını başa sala bilmirəm. Mənə gah lezbiyan olduğumu, lakin qadın olduğum üçün hansısa kişiyə hissim olmalı psixologiyası ilə böyüdüyümü, gah da biseksuallığın olmadığını, bunun sadəcə maraq olduğunu deyirlər”, - o qeyd edir.
Elnarənin sözlərinə görə, biseksual kimliyi icma içərisində qeyri-ciddi görülür və binar stereotiplərə, maskulin və feminin qəliblərə qoyulur.
“İcma içərisində ciddi ayrı-seçkilik var. Hətta mənə “siz asana qaçırsınız”, “sən dürüst deyilsən” deyilir” , - o bildirir.
Lakin Elnarə tək deyil.
İllərdir ki, Azərbaycanda bi+lər LGBTİQ+ çevrələrdə kifayət qədər təmsil olunmur, aktivizim panellərində yetərincə qədər müzakirə olunmur, hazırlanan materiallarda yer verilmir. Eyni zamanda onlar ayrı-seçkiliyə də məruz qalır.
Bir sözlə, bütün bunlar biseksuallar və biseksual fərqindəliyə təsirsiz ötüşmür. Məcburi heteroseksuallığın və monoseksizmin insanların özlərini ifadə etməsini əngəllədiyi dövrdə bi+lər bundan əziyyət çəkən sosial qruplardan birinə çevrilir.
“Sən ya oğlanı, ya da qızı sevməyə məcbursan. Hansına kefin istəyir ola bilməz”, - Elnarə kimi 19 yaşlı Ayla [şərti ad] da çevrəsindən eşitdiyi sözləri xatırlayır və deyir ki, tez-tez oriyentasiya ilə bağlı xoş olmayan zarafatları dinləmək məcburiyyətində qalır.
“Onlar cinsi oriyentasiya ilə bağlı xoş olmayan zarafatlar edirlər və bunu “qara yumor” adlandırırlar. Xüsusən də cinsi oriyentasiyanın çox təhqirlərə məruz qaldığı və bizim rahat-rahat bunu ifadə eləyə bilmədiyimiz dövrdə bu qruplaşmaların da öz içində bir-birlərinə fobik ifadələr istifadə etməsi və bir-birini əzməsi mənə düzgün gəlmir”, - o bildirir.
Aylanın sözlərinə görə, o, özünü yeni kəşf edir, yəni kim olduğunu başa düşməyə çalışır. LGBTİQ+ ilə aktiv şəkildə sosiallaşır, nəinki bi+ icması ilə. Çünki çıxışı yoxdur, bi+lərin toplaşdığı məkanların olub-olmamasından belə, xəbərsizdir.
Fransız dili tərcüməçiliyi üzrə təhsil alan Nuray isə deyir ki, 16 yaşında platonik olaraq həmcinsindən xoşu gəlib, sadəcə dostluq kimi anlayıb. Zaman keçdikcə bunun sadəcə dost sevgisi olmadığını hiss edib və beləliklə biseksual olduğununun fərqinə varıb. Lakin o da LGBTİQ+lar ilə yaxınlaşdıqdan sonra başqa reallıqla qarşılaşıb.
“İcma ilə birləşmək istədikdə heç biseksual bəyanı olanları görməmişdim. Yaxud da çox az olurdu. Eləcə də hər kəs əks cinsdən partnyorum olduğu üçün mənə heteroseksual olduğumu deyirdi”, - Nuray deyir ki, bu səbəbdən onun özünü qəbul etmə prosesi çox çəkib.
Bir dəfə LGBTİQ+ dostları ilə yolda gəzəndə də eyni halla qarşılaşıb.
“Bir cütlüyün əl-ələ tutduğunu gördük. Yanımızdaki yoldaşlardan biri zarafat məqsədi ilə “heterolar” dedi, mən isə “bəlkə, biseksualdırlar?” dedikdə mənə irad bildirdilər ki, cəmiyyət tərəfindən cütlük hetero görüldüyü üçün, hetero da deyilməlidir”, o qeyd edir.
Bakı Dövlət Universitetində təhsil alan Rəna [şərti ad] isə, biseksual təcrübəsinin gözardı edilməsi və marijinallaşdırılmasını qəbul olunmaz hesab edir.
“Mənə LGBTİQ+ icmaları içərisindən insanlar “sən bizim kimi çətinlik görmürsən” deyirlər. Başa düşürəm ki, icma çox çətinliklər çəkir, insanlar düşünür ki, günahı başqasına atanda xoşbəxt olacaqlar”, - deyən Rəna bildirir ki, o, cəmiyyət içərisində özünü təcrid edərək təhlükəsiz mühit formalaşdıra bilir, buna görə də onun şəxsi təcrübəsi daha asandır.
Kuir-feminist təşkilatı olan Gender Resurs Mərkəzinin nümayəndəsinin sözlərinə görə, bi+lər özləri icmalaşmaqdan çox, digər kuir icmalar içərisində təmsil olunurlar. Onların görünənliyi təkcə cəmiyyət içərisində deyil, eyni zamanda kuir icmalar içərisində də aşağıdır.
“Bundan əlavə, bi+ icmalaşması digər kuir kimliklərin və sosiallaşmaların icmalaşmasından daha fərqli formatda irəliləyir”, - mərkəzin nümayəndəsi əlavə edir ki, platforma olaraq onların fəaliyyəti, ümumilikdə, interseksionallığı qorumaqla fərqli kuir icmalara resursların əlçatımlığı ilə bağlıdır. Həm icma quruculuğu və məlumatlılığın artırılması ilə bağlı olan təlim, görüş və müzakirələrdən, həm də psixoloji dəstək xidmətlərindən bi+lər də yararlanıb.
“Nəfəs LGBTİ+ Alyansı”na bi+lərlə bağlı son iki il ərzində nə kimi işlər görülməsi ilə bağlı ünvanlanan suala cavab olaraq təşkilat bildirib ki, onlar trans vətəndaşlar ilə daha çox işləyirlər.
“Bu, bir seçimdir və seçimin səbəbi transların ən hassas qrup olması, əmək bazarından, icmadan, cəmiyyətdən, sosial və siyasi aktivitilərdən kənar qalması, ailələri tərəfindən belə qəbul edilməməsi, dövlətdən heç bir dəstəyin və qorunmanın almamasıdır”, - cavabını verən təşkilat nümayəndəsi onu da qeyd edib ki, trans icmasının daha çox qorumaya ehtiyacı var, çünki təkcə son iki ildə trans cinayətləri görülməz həddə çatıb, transfobiya epidemik səviyyədədir və translar sadəcə sağ qalmağa çalışırlar.
Fəaliyyətlərinə hələ keçən il başlamalarına baxmayaraq, icmadaxili əlaqələri gücləndirmək, dəstək vermək və bacarıqları artırmağa fokuslanan “Q-Collective” komandası indiyə qədər psixoloq və sosial işçilərin iştirakı ilə bir sıra tədbirlər keçiriblər. İştirakçılar arasında bi+lər olsa da, məhz onların problemlərinə fokuslanan hər hansısa bir tədbir təşkil edilməyib.
Keçən il "Qıy vaar!" queer-feminist podkast seriyalarının birində də, elə məhz Bi+ görünürlüyü, bifobiya və monoseksizm mövzusuna toxunulub. Müzakirəyə qoşulan biri öz sisgender-kişi partnyoru tərəfindən monoseksizm gördüyünü və partnyorunun ona “əgər haçansa həmcinsin ilə birgə olsan, səni qısqanmayacam” dediyini bildirib.
Məqalə QueeRadar platformasının mentorluq proqramı çərçivəsində hazırlanıb.
Müəllif: Əli Məlikov
Powered by Froala Editor