“Mən ona görə müharibə əleyhinəyəm ki...”
“Mən ona görə müharibə əleyhinəyəm ki...” - müharibə qadın jurnalistin gözü ilə
31/May/24
1860
“Mən ona görə müharibə əleyhinəyəm ki...” - müharibə qadın jurnalistin gözü ilə
Aytən Fərhadova azərbaycanlı müstəqil jurnalistdir. Əslən birinci Qarabağ müharibəsində işğal olunmuş Zəngilan rayonundandır, buna görə də, müharibə onun həyatında böyük rol oynayıb.
“Müharibə ilə mənim şəxsi tanışlığım haradasa 13 yaşımda olub. Zəngilanın işğal olunmağını hələ də xatırlayıram.
1990-cı ilin yanvar ayı idi. Qardaşlarım məktəbdən evə qayıdıb demişdilər ki, Bakıda adamları qırırlar. Hər şey belə başlamışdı. İş yerləri dayanmışdı. Anam ağlamağa başladı ki, Qaranı yəqin öldürdülər. Qara mənim dayım idi, Tibb Universitetində oxuyurdu. Məlum oldu ki, o da təsadüfən xilas olub. Yaralı bir oğlanı evə aparanda güllələr yanından ötürmüş. Deyirdi, heç başa düşmürdüm ki, bunlar güllədir.
Uşaqlığımdan yadımda qalan elə anamın səsidir. Həmişə ağlayırdı ki, Allah eləməsin, qardaşımı aparsınlar... Uşaqlığım bu qorxu ilə keçib. Müharibə bizim kəndə özü ilə birlikdə aclıq, iqtisadi sıxıntılar gətirdi.
Bakıda, azərbaycanın digər şəhər və rayonlarında məcburi köçkünlərlə yerli əhali arasında gərginliklər yarandı. Təhqiramiz səslənən “qaçqın” sözü o dövrdə işə düşdü. Psixoloji cəhətdən, əlbəttə, adamı zədələyir. Həmişə getdiyin bir kəndin var idi, artıq ora gedə bilmirsən. Sumqayıtda yaşayırdıq, hər dəfə evlərə kiminsə ölüsü gəlirdi, onlarla birlikdə biz də bu stresi yaşayırdıq. Bizim binada nə qədər şəhid olan var idi”.
Aytən Fərhadova deyir ki, müharibənin təsirlərini qadın, kişi, uşaq olaraq bölməyi sevmir. Lakin onun birbaşa şahid olduğu hadisələr sübut edir ki, müharibədə kişilər nə qədər çətin vəziyyətlərlə qarşılaşırsa, arxada qalan qadınlar da başqa cür əziyyət çəkirlər.
“Tanıdığım bir qadın müharibədən sonra insestlə qarşılaşıb. Yaxın qohumu ona seksual zorakılıq edirdi. O, buna görə həmişə müharibəni günahlandırırdı. Deyirdi ki, müharibə olmasa, biz evimizdən çıxmayacaqdıq. Məcburi köçkünə çevrildik, o da bilirdi ki, hamı işə gedir, evdə adam olmur...”
Müharibə stereotipləri
Jurnalist həmsöhbətim məktəb illərini xatırlayır:
“Sinif yoldaşım vardı, mənə şəkillərdə göstərirdi ki, bu oğlan nişanlım olub. Nişanlısı şəhid olduqdan sonra and içib ki, heç vaxt evlənməyəcək. Mən inanıram ki, o qız heç vaxt ailə qurmadı. Çox travma almışdı. Biz eyni hekayəni ikinci Qarabağ müharibəsində də müşahidə etdik. Toyu, nikahı olan qızlar var ki, onlar yenə də həmin evdə yaşayırlar.
Baxırsan ki, adamlar qadınlara müəyyən yarlıqlar yapışdırırlar ki, o qadın namusludur, “şəhid yoldaşı”dır. Bu, namus deyil, bu, insanın diri ikən ölməsi deməkdir. Mən qəbul edirəm ki, insan birini çox sevə bilər, ömür paylaşa bilər, amma o insan həyatdan gedibsə, geridə qalanı da öldürmək haqqınız yoxdur. Bu insanlara bu cür yarlıqlar yapışdırmaqdansa, psixoloji dəstək göstərmək lazımdır”.
Aytən Fərhadova jurnalist fəaliyyəti dövründə xeyli sayda müharibə veteranı ilə görüşdüyünü, onlardan müsahibə aldığını deyir.
“Biri deyirdi ki, qarşı tərəfdəki əsgərin bədəninə 300 patron boşaldıb. Öldüyünü başa düşməyib. Hər kəs onu qəhrəman hesab edirdi. Amma bu hadisə onda elə travma qoyub ki, bir daha heç bir müharibədə iştirak etmək istəmir”.
Müsahibimin fikrincə, hər iki tərəf anlamalıdır ki, müharibə cinayətdir.
“Mən ona görə müharibə əleyhinəyəm ki, daha çox konfliktologiya mövzusunda yazmışam, məcburi köçkünləri daha çox görmüşəm.
Bir dəfə Sumqayıtdan Bakıya gəlirdim, yaşlı bir qadın oturmuşdu yanımda. Məcburi köçkün idi. Deyirdi, kaş məni o bulaqlardan birinin başında öldürərdilər, heç belə əziyyət çəkməzdim.
O qadınların 50-60 il yaşadıqları evləri, məşğuliyyətlərini əllərindən aldılar. Onların çoxu rayondan şəhərə gələndən bir neçə il sonra dünyalarını dəyişdilər. Şəhərdə yataqxanalarda yaşamağa məcbur qaldılar. Bizim kənddən olan tanıdığım neçə qadında qan xərçəngi aşkarlandı. Çünki birdən-birə şərait, mühit, qidalanma, psixoloji-sosial əhval dəyişdi. Kənddə evləri özlərinin idi, heç kimdən minnət görmürdülər. Öz işləri ilə məşğul idilər, təsərrüfatlarını qurmuşdular, çoxillik bağları, bostanları var idi. Bir tikə pendir-çörəklərini də özləri əldə edib yeyirdilər. Bunlar sənin heç kimdən minnət görmədən əldə etdiyin şeylərdir. Şəhərdə dar çevrədə daim bir-birini görməyə, sıx otaqlarda işsiz-gücsüz yaşamağa məhkum oldular”.
“Mən hökumət üçün yox, insanlar üçün işləyirəm”
2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş dörd günlük döyüşlərdən sonra Aytən Fərhadova bu döyüşlərdə həlak olan azərbaycanlılar barədə məlumatları toplayıb.
“Hər birinin ailəsindən müsahibə almağa çalışırdım. Müşfiqin anasının dediyi söz heç vaxt yadımdan çıxmır. Deyirdi, məni yandıran odur ki, bircə dənə stolumuz var idi, onun üstündə yemək yeyirdik, paltar ütüləyirdim. Bir dənə də nərdtaxtamız var idi, nərdtaxtanı qoyurdu dizlərinin üstünə, dərslərini o taxtanın üstündə yazırdı. Müşfiq 700 balla universitetə qəbul oldu, yüksək qiymətlərlə bitirdi. Bu cür çətinliklə böyütdüyüm oğlumu müharibədə itirdim”.
Deyir ki, çox vaxt şəhid ailələrindən müsahibə almağa çalışanda onlara yaxınlaşa bilmir. Buna səbəb kimi, istəməsə də, peşəsinin tələblərinə cavab verməsə də, müsahibləri ilə birlikdə ağlamağa başladığını göstərir.
"Biz həmkarlarımla birlikdə “Müharibədən sonra hərbi qulluqçular arasında post-travmatik sindrom” mövzusunda işləyirdik. Müsahiblərimin çoxu qadınlar idi. Çoxunun həyat yoldaşı müharibədən təzə qayıtmışdı. Onların övladları deyirdi ki, kaş atamız müharibədə ölərdi. Müharibə insanları o qədər zədələyir ki, onlar həm özləri üçün, həm cəmiyyət üçün itirlər.
Başqa bir mövzum “İkinci Qarabağ müharibəsi dövründə işləyən həkimlər” idi. Fəxri adında bir həkim tapdım. Laçınlıdır, Türkiyədə işləyir, könüllü şəkildə müharibə zonasına həkim kimi gedib. O deyirdi ki, hər iki tərəfdən çox işıqlı gəncləri itiririk. Həm azərbaycanlı, həm erməni. Əsgərlərin ailələri zəng edib ondan soruşurmuşlar ki, uşağımın ayaqları yerindədir? O da deyə bilmirmiş ki, artıq ayaqları kəsilib. Sonradan həkim özü də psixoloji yardım almağa başladı.
Bütün bu mövzuları həm jurnalist kimi, həm də Azərbaycan kimi bir ölkənin vətəndaşı olaraq işləmək çox çətindir. Bilirsən ki, hökumətin ictimaiyyət qarşısında hesabatlılığı sıfıra bərabərdir. Jurnalist kimi işlədiyin mövzularda sualların çoxu cavabsız qalır. Biz bu gün Müdafiə Nazirliyini sorğulaya bilirikmi? Suallarımızı kimə yönləndirək? Mən jurnalistəm, mənim üçün insan həyatı hər şeydən önəmlidir. Mən hökumət üçün yox, insanlar üçün işləyirəm. Lakin mənim suallarım cavabsız qalır”.
Hazırladı: Sevgi İsmayılbəyli
Powered by Froala Editor