Nəfəs LGBTİ Azərbaycan Alyansı bəyanat yayıb
Nəfəs LGBTİ Azərbaycan Alyansı Əvəz Hafizlinin qətli üzrə məhkəmə dinləmələrinə dair bəyanat yayıb
20/Jul/22
1296
Nəfəs LGBTİ Azərbaycan Alyansı bəyanat yayıb
Nəfəs LGBTİ Azərbaycan Alyansı Əvəz Hafizlinin qətli üzrə məhkəmə dinləmələrinə dair bəyanat yayıb.
Bəyanatda deyilir:
Nəfəs LGBTİ Azərbaycan Alyansının Əvəz Hafizlinin qətli üzrə məhkəmə dinləmələrinə dair
BƏYANATI
2022-ci ilin fevral ayında 24 yaşlı jurnalist və LGBTİ+ aktivisti Əvəz Hafizli öz əmisi oğlu Əmrulla Güləliyev tərəfindən bıçaqlanaraq öldürülüb. Polis cinayəti törədəni həbs edib və faktla bağlı araşdırma başlayıb. Güləliyev Cinayət Məcəlləsinin 120.1 - Qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur. Məhkəmə prosesi iyun ayından başlasa da, vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və aktivistlər məhkəmə salonlarına daxil olmaqda məhdudiyyətlər yaşayır.
Biz, Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq məhkəmə prosesinin şəffaf keçirilməsi və açıq məhkəmə dinləmələrinin monitorinqinin aparılması üçün aktivistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin məhkəmə salonlarına məhdudiyyət olmadan buraxılmasını tələb edirik.
Bundan əlavə, Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsindən cinayətkarın Cinayət Məcəlləsinin 120.2.4. - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə bəndi ilə, eyni zamanda cinayətin Əvəz Hafizlinin konstitusion hüquq və azadlığının pozulması kimi qeydə alınaraq Cinayət Məcəlləsinin 154-cü maddəsi ilə ittiham olunmasını tələb edirik.
Biz inanırıq ki, cinayətkarın qəsdi Əvəz Hafizlini məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Belə ki, Güləliyev istintaqa verdiyi ifadədə bildirib ki, hadisədən 3 ay əvvəl o, Əvəzi öldürmək qərarı verib. Eyni zamanda, cinayətkarın Əvəzi öldürərkən bütün LGBTİ+ icmasına xüsusi əzab verdiyini, psixoloji təzyiq göstərdiyini dərk edərək xüsusi amazsızlığa əl atdığına inanırıq.
Sentyabrın 5-də jurnalist Əvəz Hafizli intihara cəhd edib. O, transfob və homofob blogger Sevinc Hüseynovanın onun şəxsinə yönəlmiş açıq təhdidlərindən sonra bu addımı atıb. O, sentyabrın 8-də özünü Baş Prokurorluğun inzibati binasının dəmir hasarına zəncirləyib. Jurnalist deyib ki, transfob və homofob blogger Sevinc Hüseynova onun və ailəsinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirib. Əvəz Hafizlinin məsələ ilə bağlı prokurorluğa rəsmi müraciət etməsinə baxmayaraq hər hansı tədbir görülməyib.
Daha sonra sentyabrın 10-da jurnalist, LGBTİ+ aktivisti Əvəz Hafizli transfob və homofob blogger Sevinc Hüseynovanın növbəti fobik çıxışına etiraz olaraq, Bakı şəhərinin mərkəzində təkadamlıq aksiya keçirib. Lakin yenə də dövlət orqanları tərəfindən hər hansı bir addım atılmayıb.
Freedom House təşkilatının 2022-ci il “Dünyada Azadlıq” hesabatına əsasən, 2021-ci il ərzində Azərbaycanda LGBTİ+lər "həm fiziki, həm də şifahi hücuma məruz qaldıqlarını və xarici görünüşlərinə görə əhəmiyyətli ictimai ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər."
ILGA Europe beynəlxalq təşkilatının 2021-ci il də daxil olmaqla, son bir neçə illik Göy Qurşağı reytinqinə əsasən Azərbaycan LGBTİ+ hüquqları üzrə 49 ölkə arasında sonuncu yerdədir. Ölkədə icmaya qarşı mütəmadi şəkildə hücumlar və qətllər törədilir, nifrət nitqləri və cinayətləri normallaşdırılır.
Powered by Froala Editor