Penisli qadınlar da qadındır!
Dünyaya gəldiyimiz andan etibarən bizə penis və vaginamıza görə xüsusi bir dəyər yükləmək öyrədilir
02/Aug/22
2633
Penisli qadınlar da qadındır!
Dünyaya gəldiyimiz andan etibarən bizə penis və vaginamıza görə (digər bədən üzvlərimizdən fərqli olaraq) xüsusi bir dəyər yükləmək öyrədilir.
Penis və vaginaya əsasən erkək və dişi kimi identifikasiya olunan subyektlər arasında erkəyin dişidən üstün hesab edildiyini hiss etmək heç də çətin deyil.
Adım Miray Dənizdir. 20 yaşım var və trans qadınam. Kinoşünaslıq üzrə təhsil alır, frilans olaraq yazır, videolar və filmlər çəkirəm. Öz icmam üçün nələrsə yazmağı, yaxud çəkməyi çox sevirəm. Bu, mənim kiçik bir aktivist tərəfimdir.
Patriarxal sistem və “kişi” anlayışı
Patriarxal sistemdə penis "kişi" anlayışını tamamlayan bir orqan kimi qəbul olunur - penisi olan insanlar vaginası olan insanlardan üstün hesab edilir. Erkəyin hər zaman dişini idarə edən, dişidən üstün olmasını istəyən bu sistem həmçinin onun öz üzərinə yüklər qoyur. Penis bir bədən üzvü olmaqdan kənarlaşdırılır və dünyanın ən ali varlığı hesab etdikləri cis-hetero kişilərin güclərindən birinə çevrilir. Patriarxal təfəkkürə görə, vagina penis üçün yaradılıb, cis-hetero kişidən aşağı yerdə dayanan dişinin ona xidməti üçün var olan bir orqandır. Azərbaycanca “cinsi orqan” ifadəsinin sinonimi kimi “tənasül orqanı” da işlədilir, mənası isə “nəsilartırma” deməkdir. Beləliklə, heteronormativ dünyada penis və vaginaya yüklənən yeganə məna və funksiya aydın olur.
Bəs sistemin əsrlər boyu təyin etdiyi 2 genderdən kənara çıxılsa?
Əsrlərdir ki, bütün insanların cisgender olduğuna inanıblar. Bundan kənara çıxılması nə istənilib, nə də gözlənilib.
Lakin nəzərə almadıqları bir şey var: translıq.
Trans təyin edilmiş genderi ilə öz genderi üst-üstə düşməyən, yaxud cinsi ilə genderi eyni olmayan insana deyilir: yəni mənə. Translıq anlayışı çox genişdir və çətir bir ifadədir, bu barədə başqa yazıda danışarıq.
Penisli qadın
5-6 yaşlarından özümü digər uşaqlardan fərqli hiss edir və görürdüm. Mənimlə yaşıd olan oğlanlar maşınla oynamağı sevərkən (bu, patriarxiya və onun sadiq qurbanları tərəfindən sevdirilir) mən gəlinciklə, bir çox halda anamın geyimləri və kosmetika məhsulları ilə vaxt keçirməyi xoşlayırdım. Bəzən ona aid olan, feminin hesab olunan əşyaları küçəyə apararaq uşaqlara göstərir, bəzən isə geyinib və üzümə çəkib dostlarıma nümayiş edirdim.
Elə o yaşlarda qonşu qızının donunu çox sevərək geyinmək istədiyim üçün evdə çox ağladığımı xatırlayıram. Nəticədə isə həmin donu geyinməyi bacarmışdım. Böyüdükcə feminin hesab olunan əşyalara marağım daha da artdı və onlardan rahat istifadə istəyim baş qaldırdı. Yaşım artıqdıca bədənimi də kəşf etməyə başladım - o illərdə bədən disforiyalarım, narahatlıqlarım da artaraq məni incidəcək bir hal aldı.
Nə hiss etdiyimi, istədiyimi, problemin nə olduğunu anlamadığım bu dövrlərdə bildiyim tək bir şey var idi - iki ayağımın ortasında olan lənətlənmiş orqan.
7 yaşında müsəlman ailəm tərəfindən fikirlərimə əhəmiyyət verilmədən səhər yuxudan oyadılaraq sünnət əməliyyatına salınmışdım. Əməliyyat zamanı ətrafda deyib-gülən və bunu çox yaxşı bir şey kimi qəbul edən insanların məni lüt görməsi çox narahatedici idi. Daha sonra tez-tez məni görməyə gələn insanlara, həkimə və ailə üzvlərimə yara yerini açıb göstərmək də ən azı əməliyyatdakı qədər məni utandırır və narahat hiss etdirirdi.
O zamana qədər mənə penisimi gizlətməli olduğumu desələr də, birdən-birə hamıya açıb göstərməyimi istəməkləri, həqiqətən, mənə çox absurd gəlirdi.
Yaşla eyni vaxtda artan təzyiqlər
İllər keçdi və 11-12 yaşa çatdım.
Mənə qarşı edilən qısnamaların sayı artdı, cəmiyyət içində femininliyimi izolyasiya etmək mənimçün çətinləşməyə başladı. Artıq hər kəs mənim digər həmcins yaşıdlarım kimi olmadığımı və fərqli olduğumu düşünürdü və bunu sərt şəkildə bildirirdilər. Onlar hərəkətlərimin “kişiyə” yaraşmadığını, qız kimi olduğunu və Allahın məni sevmədiyini düşünürdülər. Qəribədir ki, onların mənə “qız kimisən” deməyi həm məni narahat edirdi, həm də xoşuma gəlirdi.
Qız kimi olmaq kifayət qədər oğlan olmamaq demək idi, mənə verilən vəzifəni tamamlaya bilməmək idi. Yəni insanlar məndən “kişi olmağı” - patriarxal sistemdə yuxarıda olmağımı gözləyərkən mən qadın olmağı, yəni onların gözündə “aşağıda olmağı” seçmişdim. Ona görə də bu aşağılayıcı yanaşmaları mənə narahatlıq verirdi.
Digər tərəfdən “qız kimi” olmaq xoşuma gəlirdi, çünki olmaq istədiyim bu idi. O dövrdə mən bunu tam anlamırdım, amma geriyə dönüb baxan zaman feminin olmaq və o cür görünmək istəyən mənə “femininsən” deyilməsi yaxşı hiss idi.
Mənəvi olaraq çəkdiyim əziyyət də yaşla düz mütənasib şəkildə artır və günü-gündən özüm də özümü incitməyə adət edirdim. Elə bu dövrlərdə penisimə qarşı olan nifrət sürətlə artdı və o orqanı məni zindana qapadan bir cani olaraq görməyə başladım. Özümün “qız” olduğunu düşünür, o orqanın məndə səhvən var olduğuna inanırdım. İnsanlarda orqanların fərqli olduğunu belə, gec anlamışdım.
Ətrafdakıların mənə qarşı rəftarına əsasən, özüm də o fikrə düşmüşdüm ki, yəqin, mən xəstəyəm. Odur ki, "xəstəliyimi" yalnız tanrının sağaldacağına inanaraq dinlə yaxınlaşmağa başladım. Yeri gəlmişkən, illərdir ki, mənə İslam dininə yaxınlıq aşılanmışdı. Ona görə də tanrını xilasedici, hər şeyi görən, həll edən, hamını sevən bir varlıq hesab edirdim. Gündüzlər namaz qılır, “kişi kimi” davranmağa çalışırdım. Gecələr isə aya baxır, dua edir və gün ərzində etdiyim yaxşılıqları tanrıya danışırdım. Onun bu yaxşılıqlar qarşılığında məni düzəldəcəyini düşünürdüm. Amma əsas əziyyət gecə çarpayıya uzanandan sonra başlayırdı. Əsəblərim oyaq olduğu üçün müalicə aldığım bu illərdə yuxuya getmədən öncə yataqda uzanıb düşünməyə bir xeyli vaxtım olurdu.
Yataqda çox düşünən balaca trans qız bir az sonra ağlamağa başlayırdı.
Anam çox oyaq yatırdı deyə, ağzımı tutaraq ağlayırdım, sakitcə "Allahım, səhər duranda görüm ki, bu orqan burada yoxdur, məni onlar kimi et - ya kişi, ya qadın olum" deyərək Allaha yalvarırdım. Ondan istədiyim tək şeylər bunlar idi: digər qızlar kimi don geyinmək, saçımı hörüb məktəbə getmək, qızlarla rahat oynaya bilmək və penisi olmayan biri olmaq.
İllər keçdi və yeniyetməliyə qucaq açdım. Ətrafımda qısnamalar, öz içimdə olan mənəvi əziyyət və bədən disforiyalarım artdı. Sinifdə, dostlarımın yanında və ailə görüşlərində hamıdan seçilirdim. Hamı onlardan gözlənilənləri həyata keçirirdi, mən isə əksini. Buna görə də məni lağ obyektinə çevirdilər. Düşünmürdülər ki, bu, məni incidə bilər.
Yaşıdlarım gülmək və ya əsəblərini tökmək istəyəndə mənim üstümə gəlməkdən çəkinmirdilər. Dedikləri sözlərlə məni bir qara qutu olaraq qəbul edirdilər. Bir sözlə, mən onlar üçün nifrətlərini rahat şəkildə boşalda biləcəkləri bir ət parçası idim. Mən heç də onlara pis davranmırdım, aralarına qatılmaq üçün bütün dediklərini edirdim. Qızlar mənimlə dostluq etməyə elə də xoş baxmırdılar. Səbəb olaraq göstərirdilər ki, ailələri bir "oğlanla" dostluq etmələrini istəmir.
Mən də məcburiyyətdən oğlanlarla dostluq etməyə çalışırdım. Onlar kimi ola bilmək üçün diqqətlə izləyir və nə etdiklərinə baxırdım. Onlar siqaret çəkməyə başladılar deyə, mən də başladım və hələ də çəkirəm. Çünki qərar vermişdim ki, bu, məni rahatladır. Onlar futbol oynayırlar deyə, mən də futbol oynamağa gedirdim. Qapıda yaxşı durduğum üçün futbol oynayanda məni öz aralarına qəbul edirdilər. Futbol oynamağı elə də sevməsəm də, yaşıdlarım tərəfindən qəbul edildiyim yeganə anlardan biri olması məni buna vadar edirdi.
Əgər başqası qapıya top buraxsa, ona heç nə deyilmirdi. Bunu mən edəndə isə hamı üzərimə gəlir və bəzən hətta fiziki zorakılıq da göstərirdilər. Belə olduğu halda, mən yenidən bunun baş verməməsi üçün əlimdən gələni edirdim. Stress elə güclü idi ki, çox zaman beynim başqa yerdə olurdu və qapıya top buraxırdım.
Nəticədə isə oyundan atılır və başımı aşağı salaraq evə getməli olurdum.
Həmçinin bu illər ərzində bədənimi necə görmək istədiyim, partnyor olaraq kimlərdən xoşum gəldiyini də yaxşı bilirdim.
Mən kiməm?
Yavaş-yavaş internetə çıxışım da oldu. Hansısa yollarla "özüm kimi" olan insanlarla tanış oldum. Onlarla söhbət edir və özümü daha da kəşf edirdim. Özümü gey olduğuma zorla inandırırdım. Çünki trans olmaq mənə çox qorxulu gəlirdi. Bu illərdə bədən disforiyam penisimi sevməməkdən kənara çıxmağa başladı.
Qəfildən tüklənməyə başlayan bədənim və əzələlərim məni narahat edirdi. Bədənimi paltarlarla gizlətməyə çalışırdım. Kişilər üçün olan paltarları geyinmək heç də yaxşı hiss etdirmirdi və o geyimlərin içində özümü lüt hiss edirdim.
17 yaşıma çatdıqda içimdəki qız özünü daha qabarıq şəkildə bəlli etməyə başladı. Nə etsəm, mənə bəs etmirdi. İndi mübarizəm özümlə idi. Mən kim idim? Problemim nə idi? İllərlə qaldırdığım suallar yenilərini yaratmışdı və heç vaxt bir vahid nəticəyə gələ bilməmişdim. Amma indi hansısa suallara cavab tapa bilirdim. Mən kiməm sualına cavabım - “Mən trans qadın”am olmuşdu. Trans qadın olduğumu anlayanda beynimdə bir işıq yaranmışdı. Deməli, penisi olan bir qadın idim, amma yenə də penisimi sevə bilmirdim.
Tək arzum tranzisiya etmək və penisimdən qurtulmaq idi. Belə bir şeyin var olduğunu bilmək məni çox rahat etmişdi. Artıq yeni narahatlığım təcili tranzisiyaya başlamaq idi.
Rayondan Bakıya köçdükdən sonra LGBTİQ+ icmasından olan dostlarımın sayı artmağa başladı. Bu, məni çox rahatladırdı, hətta tranzisiya edən trans qadın tanışım da var idi. O, istifadə etdiyi dərmanların bədəninə olan təsirindən, əməliyyatlardan və penisi necə gizlədə biləcəyimdən danışırdı. Onun yanında olanda açıq gözlərlə nə etdiyini, necə davrandığını və göründüyünü izləyir, daxilən isə özümdən asılı olmayan bir paxıllığa uduzurdum.
18 yaşımda artıq bədənimdə müəyyən dəyişikliklər (tük epilyasiyası, kosmetoloji prosedurlar və s.) etməyə başladım. 19 yaşımda isə geyimlərimi daha femininləşdirdim. 20 yaşıma çatanda, nəhayət, tranzisiya prosesinə başladım. Artıq 2 aydan çoxdur ki, tranzisiyamı davam etdirirəm.
Hazırda hormonal dərmanlar qəbul edirəm. Bədənimdə baş verən və emosional olaraq hiss etdiyim dəyişikliklər yeniyetməliyimi xatırladır. Sadəcə bu dəfə bədənim mən istəyən kimi hərəkət edir, yəni daha feminin olmağa doğru gedir. Bu isə məni çox rahatladır.
Trans qadın olduğuma qərar verdikdən sonra penisimlə bərabər necə qadın ola biləcəyimi düşünürdüm. Bizə yeridilən “tam qadın” və “tam kişi” kimi normalar var. Bu normalara əsasən, qadın ancaq vaginalı ola bilərdi…
Məndə isə vagina yox idi, amma artıq yeni suallar var idi.
Penisimlə qadın ola bilərdimmi?
Qadının dünyaya uşaq gətirmək kimi bir yükü olması daima mənə yeridilmiş fikirlərdən biri idi. Əksər dinlərdə və dillərlə məhz uşaq doğmaq kimi bacarığı olduğu üçün ilahiləşdirilən qadın anlayışı mənə də uşaq dünyaya gətirmək və bununla qadın olmaq istəyini ötürmüşdü. Balaca yaşlarımdan həmişə ana olmaq kimi bir istəyim var idi. Buna səbəb valideyn olub bir uşağı layiqincə sevmək, həmçinin hansısa uşağın həyatını xilas etmək istəyi idi. Dünyaya özüm uşaq gətirmək əvəzinə, valideynə ehtiyacı olan bir uşağı sahiblənmək mənə daha yaxşı görünürdü. Hətta bir müəllimimdən soruşmuşdum ki, ailə qurmadan uşaq götürə bilərəmmi…
Həmin müəllim ilə aram çox yaxşı idi, uşaqların yanında mənə dəstək verirdi. Digər müəllimlər mənim haqda danışanda onlara qarşı çıxaraq tərəfimi saxlayırdı. Anama kaminq aut etməyimdə əsas rol oynayan tərəf o idi. Anamla tək danışıb, daha sonra onu mənə yönəltmişdi. Bu, uğurlu alınmışdı; ona görə də anama kaminq aut etdikdə məni dəstəklədiyini dedi.
Qadın olmaq üçün digər normalar…
Qadın olmaq üçün qoyulan normalar sadəcə vaginaya sahib olmaqla bitmirdi. Uzun saç, böyük sinə, feminin və əzələsiz bədənə sahib olmalı idin.
Patriarxiya artıq məni özünün yeritdiyi gözəllik normalarına ayaq uydurmağa can atan bir qurbana da çevirmişdi. “Gözəl” görünmək üçün nələrsə edir, “qadın görünüşünə” daha yaxın olmaq üçün cəhd edirdim. Artıq mən makiyaj etmədən çölə çıxmırdım. Əvvəlcə, kiçik toxunuşlar edirdim, sonra makiyajımın çeşidi də artdı. Daha sonra isə hər gün çölə bütöv üz makiyajı ilə çıxmağa başladım.
Üz və bədən lazeri etmək məni çox rahatladırdı. Tüksüz bədənimi sevirdim və partnyorlarımın yanında daha cəsur şəkildə soyunurdum.
Penisli qadın olmaq anlayışı belə, özündə hansısa şərtləri birləşdirib. “Sən qadınsansa, penissiz olmalısan”, “Əgər, penisin varsa, onu istifadə edə bilməzsən” - patriarxal qaydalar belə deyir.
Trans qadın olduğuma əmin olduqdan sonrakı dövrdə penisimə yanaşmam müəyyən qədər dəyişdi. Bu qənaətə gəldim ki, penissiz olmaq istəyim də mənə yeridilən bir fikirdir.
Sonralar tranzisiya edən və penisi ilə xoşbəxt olan trans qadın tanışlarım da oldu.
Mən isə hazırda penisim də daxil olmaqla bədənimi sevirəm, ən azı, əvvəllər sahib olduğum nifrəti özümdən ata bilmişəm. Düzdür, hələ də penisimdən qurtulmaq və bir vaginaya sahib olmaq kimi bir arzum var, amma bu müddət ərzində onunla barışıqda yaşamağı və dostca ayrılmağı üstün tuturam.
Müəllif: Dəniz Miray
İllüstrator: Aydan Həsənova
Məqalə “QueeRadar”ın mentorluq proqramı çərçivəsində hazırlanıb.
Powered by Froala Editor