19 yaşlı biseksual qadın ölümlə təhdid olunur
19 yaşlı biseksual qadın Günay atası tərəfindən ölümlə təhdid olunub
13/Aug/22
1191
19 yaşlı biseksual qadın ölümlə təhdid olunur
Nəfəs LGBTİ Azərbaycan Alyansı xəbər verir ki, 19 yaşlı biseksual qadın Günay atası tərəfindən ölümlə təhdid olunub. Atası biseksual olduğunu biləndən sonra onu təhqir edərək, ölümlə hədələyib.
İyul ayının 4-də zərərçəkmiş LGBTİ+ hüquqları aktivisti Əli Məlikov ilə əlaqə saxlayıb. Onlar birlikdə DİN-in zəng mərkəzi 102-ə zəng edərək, qadının atasından şikayət bildiriblər. Polis zərərçəkmişə elə həmin gün 27-ci polis bölməsinə gələrək, şikayət ərizəsi yazmalı olduğunu bildirib. Lakin Günay işlə əlaqəli olaraq, səhəri gün gələ biləcəyini deyib. Polis isə səhəri gün deyil, birigün gəlmələrini istəyib. Zərərçəkmiş polisin bu təklifinə iradını bildirib və 5 iyulda aktivist Əli Məlikovla birlikdə 27-ci polis bölməsinə gediblər.
LGBTİ+ hüquqları aktivisti Əli Məlikovun sözlərinə görə, polis bölməsində onlarla kobud davranıblar, geyimlərinə irad bildiriblər. “Daha sonra bölmə rəisi zəng edəndə, ona polis bölməsində bizimlə kobud davrandıqlarını dedim. Cavabında isə rəis məni söydü”, - deyə Məlikov əlavə edib. Zərərçəkmişlər rəisdən və bölmə əməkdaşlarından 102-ə şikayət ediblər. “102-ə zəng edəndən sonra bizi bölmədən qovdular”, - deyə aktivist bildirib.
Zərərçəkmiş daha sonra sosial işçi Sənubər Heydərova ilə əlaqə saxlayıb. Sənubər Heydərova şikayətin qeydə alınması və polis əməkdaşlarının kobudluğu ilə bağlı DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov və DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxlayaraq məsələyə baxılmasını istəyib.
Aktivist Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib ki, şikayətə yalnız 102-ə şikayətdən və Ehsan Zahidov və Elşad Hacıyevlə əlaqədən sonra baxılıb. “Şikayətimiz ancaq bu zənglərdən sonra düzgün qeydə alındı. Yəni bu periodda polislərin vecinə də deyildi ki, qızın başına nəsə iş gələ bilər”, - deyə aktivist əlavə edib.
Əli Məlikovun sözlərinə görə, 26 iyul tarixində 26-cı polis bölməsindən Hicran adlı polis əməkdaşı Günayla əlaqə saxlayıb. Onlar qanunsuz şəkildə onun işləyib-işləmədiyini sorğulayıblar, onun harada olmasını soruşublar. Zərərçəkmiş bu sorğu-suala görə polislə üzləşib. Daha sonra Ehsan Zahidovla yenidən əlaqə saxlamaq məcburiyyətində qalıb. “Belə çıxır ki, adı vətəndaşın Ehsan Zahidov və ya Elşad Hacıyevə çıxışı yoxdursa, onun şikayətinə baxan olmayacaq”, - deyə LGBTİ+ hüquqları aktivisti Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib.
Şikayət 26-cı polis bölməsinə yönləndirildiyi üçün 29 iyulda zərərçəkmiş sosial işçi Sənubər Heydərova ilə birlikdə bölməsinə gediblər. “Hazırda zərərçəkmiş vəkillə əlaqədədir və orderin verilməsini gözləyirlər. Şikayətin bir aydan çox verilməsinə baxmayaraq, zərərçəkmişin atası hələ də polisə çağırılmayıb”, - deyə Əli Məlikov bildirib.
Powered by Froala Editor