Sumqayıtda trans qadın zorakılığa məruz qalıb
Sumqayıtda trans qadın sevgilisi tərəfindən döyülüb
02/Sep/22
1597
Sumqayıtda trans qadın zorakılığa məruz qalıb
Nəfəs LGBTİ Azərbaycan Alyansı xəbər verir ki, Sumqayıtda trans qadın sevgilisi tərəfindən döyülüb.
O, trans olduğu üçün polisin işə baxmadığını və zorakılığı görməzdən gəldiyini deyib. Daha əvvəl həbsdə olan başqa kişi də ona trans olduğu üçün hücum edib. Lakin Sumqayıt şəhəri 4-cü polis bölməsi məsələni araşdırmayıb.
Qadın polis bölməsində: “Sizin əməkdaşlardan uzaq qalmağa çalışıram, çünki ev sahiblərimlə əlaqə saxlayıb məni evdən atdırırlar. 3 gün əvvəl 28 avqustda sevgilim sinəmə qayçı dirəyib ‘səni ikiyə bölərəm’ deyəndə də polisə şikayət etməyə qorxdum”.
LGBTİ+ hüquqları aktivisti və “Qıy Vaar!” platformasının təsisçisi Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib ki, “Hadisənin ictimailəşdirilməsi vacibdir. Hazırda qadın təhlükədədir”. O, həmçinin sevgilisinin qadına zəng edərək ərizəni geri çəkməsini istədiyini, əks təqdirdə özünə qəsd edəcəyi ilə təhdid etdiyini söyləyib.
Nəsəs LGBTİ Azərbaycan Alyansından Vahid Əliyev qeyd edib:
"LGBTİ+lər Azərbaycanda ən marjinallaşdırılmış və ən çox ayrı-seçkiliyə məruz qalan icmadır. Ölkədə LGBTİ+lərə qarşı epidemik səviyyədə diskriminasiya var.
Azərbaycanda LGBTİ+ləri qoruyan qanunların olmaması, mühafizəkar cəmiyyətin LGBTİ+ləri təhqir və zorakılığın legitim hədəfləri kimi görməsi bizi – kuir icmanı sığortasız qoyur.
Avropa və Mərkəzi Asiyanın 54 ölkəsindən 600-dən çox təşkilatı birləşdirən müstəqil, beynəlxalq qeyri-hökumət təşkilatı olan İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49 ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir.
Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq, biz Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasını imzalamaqla üzərinə götürdüyü öhdəlikləriyerinə yetirməsini tələb edirik."
Powered by Froala Editor