Gəl Dənizlə Barışaq

Səkkizinci Bölüm

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.

Mikayıl Müşfiq. “Yenə O Bağ Olaydı.”

Nə vaxt evə gəldiyimi, çarpayıma nə vaxt uzandığımı xatırlamırdım, amma bağlı qapımın arxasından yaxınlaşan addım səslərini eşidəndə birdən-birə özümə gəldim. İlk yadıma düşən İlkinin son sözləri oldu: “Qayıdacağam, sən orda dur.”

Otağım qaranlıq və avgust ayına görə çox sərin idi. Qalın geyinmişdim, amma üşüyürdüm. Pəncərəm bağlı olsa da, küləyin vıyıltısını aydın şəkildə eşidirdim.

Addım səsləri yaxınlaşdıqca yavaşladı, amma qapının ağzına kimi gəlib dayandı. İki dəfə vurdu.

Gözlərim çöldə küləyin oynadığı ərik ağacının divarımda əks olunan kölgəsinə qaçdı və səhərdən bəri əslində gözümü dikib buna baxdığımı da onda anladım. Parça-parça kölgələr pantonim teatrı kimi az qala səssiz şəkildə divarımda oynaşır, mən də onları buludlara baxırammış kimi müxtəlif şeylərə oxşadırdım: insanlar, heyvanlar, qəribə şəkilli məxluqlar və s.

Qapı iki dəfə də vuruldu. Bu dəfə daha güclü.

Boğazımı təmizləyərək: “Gəl”, - dedim.

Təxmin etdiyim kimi gələn Rövşən idi. Ağır-ağır içəri girib, ardıyca qapını bağladı. Onsuz da qaranlıqda üzünü görməyəcəyim üçün ona tərəf baxmaq zəhmətinə girmədim. Gözlərim ərik ağacının dəyişən kölgələrini izləməyi davam etdirdi. Rövşən həminki ağır addımlarla yanıma gəlib çarpayının kənarında qalan boşluğa oturdu. Yataq onun ağırlığı ilə əyilərkən sol dizimin altında bir boşluq yarandı.

Həmişəki kimi necə olduğumu soruşmadı. Heç üzümə belə baxmadı. Bu, çox qəribə idi, çünki az qala hər saat gəlib mənim əhvalımı soruşarkən indi belə etmirdi. Orda eləcə səssizcə oturub gözlərini divara dikdi. Məncə o da ərik ağacının çıxardığı kölgələri izləyirdi. Necə də möhtəşəm görünütü idi. İndiyə kimi heç birimizin bunun fərqinə varmaması nə qəribə idi.

Nə xəbər gətirdiyini bilirdim. Ayaqlarının bu xəbəri verməmək üçün az qala sürünərək irəliləməsindən anlamışdım bunu. Yox, hətta dünəndən bilirdim. Bir az da düşünənəndə sırağagündən bilirdim deyə bilərəm. İlkinin mənə “Qayıdacağam sən orda dur” dediyi andan bəlkə də.

Axırda Rövşənin demək istədiyini mən soruşdum: “Tapıblar, hə?”

Başını yelləyərək təsdiqlədi.

Sinəmə sanki ilk dəfə spirtli içki içirəmmiş kimi xəstəlikli bir isti yayıldı. Bildiyim bir şey idi amma... Amma deyəsən ümid sonda ölür dedikləri məsəl doğru imiş. Sinəmə yayılan həmin o ürəkbulandırıcı  istiliyin səbəbi də içimdə dustaq saxladığım ümidin qanı idi. Məntiqim dəfələrlə onu buraxmağa cəhd etmişdi, lakin ürəyim hər dəfəsində onu daha da dərinlərdə bir yerə basdırıb, buna mane olmuşdu.

“Çox təəssüf edirəm”, - dedi Rövşən.

Cavab vermədim.

“Cənazəyə qatılmaq istəyirsən?”

“Yox”, - dedim.

Rövşən anlayışla başını tərpətdi.

“Gedə bilərsən? Tək qalmaq istəyirəm”, - dedim.

Nə hə dedi, nə də yox.

“Hmm?”

“Mənə özünə heçnə etməyəcəyinlə bağlı söz verə bilərsən?”, –  dedi Rövşən. “Xaiş edirəm”

Bunu bir az düşündükdən sonra: “Yaxşı”, - dedim.

“Mən həmişə burdayam” dedikdən sonra alnımdan öpüb, otaqdan çıxdı.

Gözümdən bir damla belə yaş gəlməmişdi. Nə ölmək istəyirdim, nə də yaşamaq. Hər necəsə, heç vaxt olmamış kimi dünyadan yoxa çıxmaq istəyirdim. Xatırlamamaq, xatırlanmamaq istəyirdim.

***

İlkingilə növbəti gün axşam getdim. Mağaza bağlı olsa da, qarşısındakı işıqlar yanırdı. Bu, mənə İlkinin mağazanı bağlayıb, başqa işlərinin ardıyca getdiyi vaxtları xatırlatdı. Bir an yenə ölməyib deyə düşündüm, amma bu sadəcə bir anlıq oldu. Küçə qapısının üstündən qara bir parça bağlanmışdı və hər yel əsdikcə dayanmadan tərpənirdi. Hər şeyin onun varlığını bağırdığı yerdə bunun əksini deyən əski parçası çox yersiz idi həqiqətən.

Küçə qapısını açıb içəri girdim. İlkinin itləri məni görən kimi dəli kimi hürməyə başladılar, amma qabağa gəlib özümü göstərən kimi sakitləşib, quyruqlarını buladılar.

Sevinci görmək istəmişdim, amma indi bundan o qədər də əmin deyildim. Məni görəndə nə fikirləşəcəkdi? Cənazəyə gəlmədiyimə görə mənə əsəbi idi? Və ya İlkinin ölümündə məni günahlandıracaqdı? Geri qayıtmaq istədim, amma sonra bura gəlmə səbəbimin bu suallara cavab tapmaq olduğunu xatırladıqdan sonra yerimdə qaldım.

Ev qapıları açıldı və qapıdan bir neçı başı bağlı qadın çıxdı. Ardıyca onları yola salan Sevinc və anası Fatma xanım qapıda göründülər.

Başı bağlı qadınlardan ən yaşlısı: “Allah yaxşıları yanına tez aparır, qızım. İlkin indi cənnətdədir”, - dedi əminliklə.

Fatma xanım ağlamaqdan səsi qurumuş bir səslə: “Oğlumun heç kimdə işi yox idi”, - dedi. “Heç kimdə. Dinib danışmazdı. Dəyib dolaşmazdı. Övladımın qanına səbəb olanlara allah lənət etsin”, - dedi.

Yaşlı qadın sadəcə “Allah rəhmət etsin” deməklə kifayətlənərək evdən ayrılıb qapıya doğru gəlməyə başladı. Artıq çox gec idi. Yerimdə durdum, ola biləcək hər pis ssenariyə özümü hazırladım.

Qadınlar məni qapı ağzında görən kimi yarı-hürkmüş halda mənə baxdılar. Qara yaylıqlı qadınlardan biri: “Bu kimdir qapı ağzında”, - dedi.

Sevinclə Fatma xanım da məni o vaxt gördülər.

“Bunun qardaşı idi batan”, - dedi Fatma xanım. “Mənim oğlum batdı onun yerinə.”

İndi qadınlar məni xüsusi bir diqqətlə nəzərdən keçirməyə başlamışdı. İçlərindən ən qısa boylularından biri: “Oğlanın nə günahı, Fatma. O, hələ uşaqdır.”

“Eeeh-eh”, - dedi Fatma xanım və dönüb evə getdi. Gedərkən nəsə mırıldansa da, eşitmədim.

Utanmışdım, amma yenə də yerimdə durub, qadınların keçib getməsini gözlədim.

Hər kəs getdikdən sonra Qapının qarşısında ancaq mən və Sevinc qaldıq. Üzünə baxa bilmirdim.

Sevinc dərin bir nəfəs alıb: “Axırda gələ bildin?”, - soruşdu.

Ancaq o vaxt başımı qaldırıb, üzünə baxa baxa bildim. Birinin həqiqətləri deməyi lazım idi. İlkin öləndən sonra ancaq anlayışla qarşılanırdım, amma anlayış özümü layiq bildiyim ən son şey idi.

“Bu qədər görmək istəmədin onu? Cənazəsinə qatılmayacaq qədər dəyərsiz idi sənin üçün?”

“Düşündüyün kimi deyil.”

“Necədir bəs?”, - Sevinci səsi qırıldı. Sonrakı cümləsini tamamlamaq üçün boğazını təmizləyib: “İt yerinə qoymurdun onu, heç olmasa dəfninə gələydin!”, - dedi.

“Bacara bilmədim.”

“Niyə bacara bilmədin?”

Bu sualı səssizlik izlədi. Uzaqda yerləşən magistral yoldan keçən maşınların səsi bunu pozan yeganə şey oldu.

Boğazımda olan göynəmə daha da gücləndi. Amma yenədə özümdə güc taparaq: “Mən... Mən onun öldüyünü bilmək istəmirəm”, - dedim.

Daha bir səssizlik.

  • O mənə “orda dur, gələcəyəm” dedi....

Küçə işığının üzünə düşdüyü yerdə Sevincin yanaqlarından aşağı süzülən bir cüt parlaq xətt gördüm. Sonra ağzından çıxan cümlələr daraqdan boşalan mərmilər kimi üstümə yağdı: “Cəmisi bir həftə əvvəl mənə sənin artıq onu sevmədiyini dedi. Mənsə əksini dedim. Onu başqa bir yalana inandırmağa çalışdım və bu, qardaşımın həyatı bahasına başa gəldi bizə. Onu da, səni də dənizə çağıran mən oldum. Mən. Əlim qırılaydı kaş...” Sevinc üzünü başından açdığı yaylığa basdırıb ağlamağa başladı.

Ağlamağı mənə də bulaşdı və günlər sonra ilk dəfə ağladım. Gözümdən yerə düşən hər damla gücümdən də bir az alıb aparırmış kimi bir an sonra ayaqlarımda taqət qalmadığını hiss etdim. Yerə çökdüm və bu belə mənə yanımda mənə dəstək olan İlkinin olmadığını xatırlatdı. Halbuki o gün orda olub qucaqlayan və mənə güc verən o olmuşdu.

Gözləmədiyim anda Sevinc yanıma gəlib, məni bərk-bərk qucaqladı. Buna acgözlüklə qarşılıq verib, qollarımı ona doladım. İkimiz də İlkin üçün edə biləcəyimiz yeganə şeyi etməyə başladıq: ağladıq. Dünyadakı heç bir söz o an ikimizin də qəlbində olan acını göz yaşlarımız qədər yaxşı ifadə edə bilməzdi. Çünkü onun məzarında tək yatdığını, cansız bədənini, atmayan ürəyini, bağlı gözlərini, şişmiş cəsədini düşündükcə bunun ürəyimdə yaratdığı göynəməni heç bir zərfin, heç bir sifətin gücü çatmazdı. Bəlkədə qışqırsaydım, sevdiyim adam üçün heç kimi vecimə almadan, səsimin necə çıxacağını düşünmədən qışqırsaydım, ruhumdan qopub getmiş bu ağrının naləsini ifadə edə bilərdim, amma bu, heç vaxt, hətta ən yaxşı günümdə belə özümə layiq bildiyim bir şey olmamışdı.

Ağladıqca cavablamağa cəsarətim olmadığı suallar daha da üzə çıxır və hər tərəfdən zəvvarların şeytana atdıqları daş kimi üstümə yağırdı.

Qayıdacağam sən orda dur. Bunu niyə demişdi? Axı İlkin belə bir şey desəydi, mütləq yerinə yetirərdi. Mütləq qayıdardı. Bəlkə qayıtsa, yenə ona eyni şəkildə davrancağımı bildiyi üçün qayıtmamışdı? Yəni məni bu qədər önəmsəyirdi? Yəni mənim hərəkətlərim bu qədər incitmişdi onu?

Bəlkə ölən başqası idi? Bəlkə heç onu tanımamışdı? Bəlkə son dəfə cənazəsinə gəlsəydim, onu tanıyardım? Əgər ölməmişdisə, hardaydı?

Orda o vəziyyətdə nə qədər qaldıq, bilmirəm, tək xatırladığım ikimiz də sakitləşdikdən sonra Sevincin məni ayağa qaldırıb, səkinin üstünə oturmağıma kömək etməyi oldu.

Cibindən İlkinin çəkdiyi bir qutu Winston Compact çıxarıb, içindən bir dənəsini dodağına qoyub yandırdı.

İstər-istəməz ona baxdım, hətta mane olmaq istədim. Bunu görən kimi: “Artıq nə mənası qalıb ki, Əli?”

Doğurdan da, heç bir mənası qalmamışdı.

Sevincin yenidən danışması üçün bir nəfəs acı tüstünü ciyərlərinə alıb havaya buraxması lazım gəldi. “Həmişə mən ondan qabaq öləcəyəm fikirləşirdim”, - dedi boğuq səslə. “Allahın işidir demək istəyirəm, amma Allahı da başa düşə bilmirəm artıq. Nə görmüşdü ki, o uşaq?”

Sinəmdə dəri yanandan sonra günlərlə qalan qaşındırıcı göynəməyə oxşar bir ağrı vardı. Nəfəs aldıqca sanki həmin yanığa toxunurammış kimi incidirdi məni, amma dərin bir nəfəs alıb, günlərdir az qala öyrənmək üçün ölməyə hazır olduğum sualları verməyə başladım: “Mənim haqqımda nə deyirdi? Ölməmişdən qabaq yəni.”

Bir nəfəslik qədər uzun səsslik oldu aramızda. Deyəcəklərinə o qədər diqqətlə köklənmişdim ki, siqaretindən çıxan cızırtı səsini belə eşitdim. “Çox bir şey demirdi”, -  deyə Sevinc sözə başladı. “Əsəbi görünürdü. Qabları çırpırdı. Əlinə nə gəlsə, çırpırdı. Amma... dedi.”

Sevincə baxdım. Həyəcanlanmışdım. Cavabı eşitmək üçün həm səbirsizlənirdim, həmdə eşitsəm, bunun öhdəsindən gələ bilməyəcəyimə görə qorxurdum. 

Sevincin bir şey xatırlamış kimi qaşlarını çatdı. “Məndən soruşdu ki: “Görəsən danışa bilsəydim, həyatımız necə olardı?” Ondan əvvəl hamamda üzünü qırxandan sonra güzgüyə baxmışdı. Səninlə tanış olandan sonra çox edirdi bunu. Nəysə... Mən də: “Çox fərqli olmazdı”, - dedim. Amm məncə... Məncə, soruşmaq istəyirdi ki: “Danışa bilsəydim, Əli mənlə belə davranardı?”

“Elə olmadığını bilirsən!”, - dedim. “Mən heç vaxt... Mən heç vaxt onun dil məhdudiyyətinə görə ona nə artıq, nə də əskik münasibət göstərməmişəm.”

Sevinc siqareti daşın üstünə basıb söndürdü. “Onun başa düşdüyü bu deyildi, Əli. Başaqa da bir şey başa düşülmürdü onsuz da. Ah, Əli. Ah, Əli. Səni incitmək istəmirəm amma... Əlimdən gəlmir. Mən kimə deyim? Kimə?”

Heç nə demədim. Sevincin sözlərinin ağrısı indi deyil, sonra gələcəkdi.

“Bayaq İlkinin hələ də dənizdə olduğunu dedin”, - Sevincin səsi indi daha xoş və ümidli idi.

Başımı yelləyib təsdiqlədim.

“Qəribəsi odur ki, mən də elə fikirləşirəm.” Gözlərindəki parıltı mümkünsüz bir şeyə inanan bir insanın ümidi qədər parıldayırdı. “Hər gün səhər, günəş çıxmamış durub dənizə düşürəm. Bura köçəndən bəri bir yerdə çox etmişdik bunu İlkinlə. Xüsusilə kimya terapiyası aldığım günlərdə İlkin məni dartıb dənizə aparardı.”, - Sevinc dirsəyi ilə gözlərini sildi. “Saat dörd-beş, qapqaranlıq, təsəvvür elə... Sonra günəş qalxardı. Bilmirəm, canlı görmüsən ya yox. Dəniz elə parıldayır, elə yanır ki... Dalğalar... Parıldayan dalğalar oynayır... Günəş görünür... Ehh. Nəysə.”

“Demək istədiyim, əgər gəlmək istəyirsənsə, səhər mənə qoşula bilərsən. Çünki günəş çıxanda və hava da küləkli olanda...”, - dedi. Səsi qırıldı və qəhərləndi. “Dənizdə kölgələr yaranır. Qardaşımı görə bilirəm... Az da olsa... Həmişə ona oxşar bir kölgə olur...” Sevinc gözlərini bir də sildi, burnunu çəkdi və mənə döndü: “Nə deyirsən? Gəlmək istəyirsən?”

“Hə”, - dedim düşünmədən.

Sevinc qabağa əyilib, məni qucaqladı. Ayrılanda: “Saat dörddə qapımızın qarşısında gözləyəcəyəm. Gələ biləcəksən o vaxt?”

“Hə. Gələcəyəm”, - dedim.

“Birdən tez gəlsən, ya da necəsə mən qapıda olmasam, içəri girmə. İtlər hürər yoxsa. Anamın oyanmağını istəmirəm. Amma qapının ağzında səni gözləyəcəm”, - deyib, küçə qapısını göstərdi.

Bu Sevinc ilə aramızda olan son söhbət oldu. Onu bir daha görmədim. Altı ay sonra nənəmlə telefonda danışarkən metastaz səbəbi ilə vəfat etdiyini öyrəndim. Dəstəyin o tərəfində olan mən bunu sükunətlə qarşıladım. Pis oldum. Həqiqətən pis oldum, amma həm də onunla hardasa qarşı-qarşıya gəlməyəcəyim üçün rahatladım da.

O günün səhəri tez oyandım. Aşağı düşdüm. Küçə qapımıza qədər getdim, amma əlimi dəstəyə toxundurmamış geri dönüb evə qaçdım.

O gündən sonra tez-tez yuxularımda qapı ağzında məni gözləyən qızı görməyə başladım. Hava həmişə alaqaranlıq olurdu. Həmin gündə olduğu kimi alaqaranlıq, amma nədənsə istilik həmin istilik deyildi. O yuxularda hava getdikcə həm soyuyur, həm də qaralırdı, amma qız gözləyirdi. Həmişə gözləyirdi. Və mən bunu necəsə bilirdim. Bəzən yolun o tayından baxırdım həmin qıza. Bəzən yoxuşun yuxarısından. Bəzən yolun ortasındakı o küknar ağacının yaşıl yarpaqlarının arasından. Bəzən də hər an açılacağından qorxsam da, qızın hər hərəkətinə qulaq kəsildiyim dəmir qapının arxasından.

Sonra əvvəl-axır necəsə oyanırdım.

Hansı daha rahatladıcı olardı, bilmirəm. Sevinclə heç olmasa bir dəfə qarşılaşıb, göz-gözə gəlməkmi, yoxsa bu yuxuları görməyə davam etməkmi. Məncə, ikincisi. Çünki bir neçə dəfə yuxumda o qıza yaxınlaşıb, məni gözləməməsini, getməsini deməyi istəmişəm, amma orda belə cürətim çatmayıb.

Kaş ki, ona gəlməyəcəyimi deyərdim.



Ardı var…


Powered by Froala Editor