Let's Reconcile with Sea Part 13
After the storm passes, you won't remember what you left behind
05/Sep/23
948
Gəl Dənizlə Barışaq
On Üçüncü Bölüm
Fırtına keçdikdən sonra necə geridə qoyduğunuzu xatırlamayacaqsınız. Necə həyatda qaldığınızı da. Hətta fırtınanın dinib-dinmədiyindən belə əmin olmayacaqsınız. Amma bir şey qətidir: fırtınadan çıxandan sonra fırtınaya girənlə eyni insan olmayacaqsınız.
Haruki Murakami
Təsadüfə bax ki, dünyanın iki fərqli nöqtəsindəki xəstəxanaya anamla eyni gecədə yatırıldıq. O Mərakeşdə yoluxduğu bir virus səbəbindən, mən isə az qala dənizdə boğulacağım üçün. Bunu özümə gələndən sonrakı gün Rövşən mənə dedi. Elə həmin gün xəstəxanadan çıxandan sonra isə anamın əslində bir virus deyil, başındakı bədxassəli şiş yenidən böyüməyə başladığı üçün xəstəxanaya yatırıldığını etiraf etdi.
“Bəs virus demişdin axı”, - dedim.
“Papa vəziyyətinin çox ciddi olduğunu deyir”, - dedi qardaşım. “O vəziyyətdə səni narahat etmək istəmədim.”
Sözün düzü, bu xəbəri eşidən kimi nə o an narahat oldum, nə də bir gecə əvvəl xəstəxana çarpayısında eşitsəydim, narahat olacağımı düşünürdüm. Əslində içimdə bir yerdə narahatlığım var idi, amma bu xəbərə görə deyil, daha çox məni böyütmüş, bu səbəbdən mənə əziz hiss etdirməli olan bu qadının həyatının təhlükədə olduğuna olan vecsizliyimə görə idi.
İnsanların yazılmamış qaydaları olduğunu dərk edəcək qədər çox yaşamışdım və həmin qaydalara görə, heç olmasa, həmin gün zəng vurub, anamın halını soruşmalı idim. Amma telefonu əlimə alan kimi anlamadığım bir səbəbdən geri qoyurdum.
Digər tərəfdən, anamın İnstaqram storilərində tamam fərqli şeylər çıxırdı qarşıma. Hələ də Mərakeşin qeyri-dünyəvi görünən ağ küçələrindən həyatının ən yaxşı dövrünü yaşayırmış kimi gülümsəyib pozalar verdiyi şəkillər paylaşarkən sanki bir azcıq əziyyətlə hər kəsin bu həyata sahib ola biləcəyini göstərirdi həmişəki kimi. Böyük ehtimal, anam hər kəsin gözündə bu xoşbəxt qadın personasını qorumağa çalışarkən çoxu da orta və kasıb təbəqədən olan yarım milyonluq izləyicisinin bəlkə də hamısı ondan nifrət edirdi. Anam da onların nifrət etdiyini bilirdi, amma bu, onu hər gün xoşbəxt həyatın sirləri haqqında paylaşımlar etməkdən saxlamazdı. Hətta ölüm döşəyində belə.
Niyəsini bilməsəm də, bunu görmək məni çox qıcıqlandırdı. Beləcə, zəng etməməyə qərar verdim. Zəng onlardan gəldi. Daha doğrusu, atamdan. İlk cümlələri başıma gələn qəza ilə bağlı oldu. Danışarkən səsindən yorğunluq duyulurdu. Özünü maraqlanırmış kimi göstərərkən tək etdiyi şey gecənin o vaxtı dənizə girdiyim üçün mənə axmaq kimi hiss etdirmək oldu. Amma onsuz da mənim qayğıma qaldığı üçün zəng etmədiyini bilirdim. Zənginin əsas niyyəti ailədən birinin başına bədbəxt hadisə gələrkən digər ailə üzvlərin necə davranmalı olduğuna dair nümunəni göstərmək idi. Beləcə, “Ananın vəziyyətinin pis olduğunu eşitmisən?” deyə başladı zənginin əsas hissəsinə.
Bir anlıq xəbərim olmadığını demək istədim, amma ikimiz də bunun yalan olacağını bilirdik. Atam Rövşənin mənə dediyini onsuz da bilirdi. Ona görə də “Bilirəm” dedim. “Münasib bir vaxtda zəng edəcəkdim, papa.”
“İyirmi dörd saat ərzində bu münasib vaxtı tapammadın, oğraş?”, - deyə qışqırdı. Əsəbiləşərkən iş həyatında, elə gündəlik həyatda da qoruyub saxlamağa çalışdığı akademik biznesmen diksiyası öz yerini əslinin gəldiyi rayon ləhcəsinə verirdi.
Qorxumdan eləcə susub qaldım. O isə həmişəki kimi bütün hirsini mənim üstümə qusarkən daha ağır söyüşlər yağdırdı. Nəhayət, az qala yarım saat çəkmiş danışığını valideynlərini sevməyən övladların həyatlarının axırına kimi bədbəxt bir həyat sürəcəklərinə, Allahın onları lənətlədiyinə dair müdrik kəlamlarla bitirib, dəstəyi asdı.
“Kiminlə danışırsan”, - soruşdu Rövşən içəri girəndə.
O gələnə kimi nə qədər keçmişdi, bilmirəm, amma atam telefonu asandan bu yana necə idimsə, yerimdə eləcə də qalmışdım. Özümü toplayaraq: “Papayla danışırdıq”, - dedim.
Mama telefona gələ bilmədi yenə, hə?
Sən də danışa bilməmisən?
Yox, həkimlər telefona icazə vermir ki.
Əməliyyatın vacib görülməsinə baxmayaraq valideyinlərimiz bir həftə sonra Bakıya qayıtdılar. Anam hansı dövrdə yaşayırıqsa yaşayaq, hansısa bir Afrika ölkəsində əməliyyat olunmaqdan qəti şəkildə imtina etmişdi.
Bu, onun son səfəri olacaqdı.
Sonrakı aylar ikimiz üçün də çox əziyyətli keçdi. Mən psixoloji terapiyaya yazıldım, anam isə ikinci dəfə başından əməliyyat oldu. Həyatdan fərqli şəkillərdə aldığımız yaralardan sağalarkən əziyyət kəlməsi vəziyyətimizi təsvir etmək üçün çox kasıb söscük idi, amma qəlb qırıqlığının, incikmişliyin bizi gətirdiyi yerləri görəndən sonra insan hər şeyi sadə tutmağa çalışır.
Anamın uzun müddətdir ki, ağrılarını gizlətdiyini öyrəndik. Bəlkə də bir ildən çox imiş ki, simptomlarını ağrı kəsicilərlə susduraraq həkimə gedib bəd xəbər alacağı anı bacara bildiyi qədər uzatmışdı. Atam bundan xəbər tutanda o halına rəğmən xəstə yatağındaca qınamağa başladı anamı. Məsuliyyətsizliyinin öz axmaqlığı olduğunu iddia edərək onu günahlandırdı. Onsuz da həmişə evdəki hamının oynamalı olduğu standart bir rol, ya da normal bir davranış şəklinin olduğu inancı var idi atamda. Bu standartlardan kənara çıxırdınsa, öz günahın idi və nəticələrinə qatlanmalı idin.
Ömrüm boyu bu acıdilliyi ürəyiyananlıq və qayğıyla səhv salaraq sevgi olduğunu düşünmüşdüm. Sevgi məktəblərdə öyrədilən bir şey deyildi. Nə atam öyrənmişdi bunu, nə də biz. Amma, məncə, bu fikir ailəmizdəki bədbəxtliklərin qaynağının elə məhz sevgisizlik olduğu həqiqətinə bəraət qazandırmamalı idi.
Əməliyyatdan sonra anam gününün çoxunu yataqda uzanaraq keçirməyə başladı. Həyatında nəsə xoş bir şeyin baş verməsi üçün çox çirkin göründüyünü düşündüyü hər halından bəlli olurdu. Əməliyyatdan sonra heç bir açıqlama vermədən bütün sosial media hesablarını bağlamışdı. İzləyicilər xoşbətlik sirləri paylaşan, vurduğu bahalı kremlərdən üzü jele kimi parıldayarkən onları öz ölümsüzlüyünə inandıracaq inflüenser görmək istəyirdi. Saçları qırxılmış, nə dediyi güclə başa düşülən, üzü tanınmaz halda olan bu qadını yox. Ən çətini də bu olmalı idi anam üçün. Evdəki bütün güzgüləri yığışdırmışdıq, amma nə qədər köməyi dəyə bilərdi ki? Onu pəncərə şüşəsindəki, ya da televizor ekranındakı əksi ilə qarşılaşmaqdan nə qədər qoruya bilərdik ki?
Hər nə qədər indi dilə gətirəndə utansam da, nə yalan deyim, onun bu halı məni bircə qram da kədərləndirmirdi. Xeyirli övlad rolunu oynayıb, ətrafdakıların - böyük ehtimalla, elə Allahın da - istədiyi şeyi etdiyimi göstərməyə çalışırdım, amma dedyim kimi: bu bir rol idi. Başqa heç bir şey.
Düzü, dünyada ən acınası halda olan insanın belə içimdə şəfqət hissini dirçəldəcəyini düşünmürdüm, amma demək istədiyim – o anam idi axı. Mütləq ki, bir şeylər hiss edib, ona qarşı simpatiya duymalıydım, elə deyil? Üstəlik belə düşünən təkcə mən də deyildim. Ailəmin digər üzvləri də - xüsusilə atam - məndən başqa cür davranmağımı istəyirdi. Daha normal. Ölən kimsənin son günlərini ona yaxşı hiss etdirəcək qədər normal. Sanki bu, bir azcıq səylə mümkünmüş kimi sətiraltı, sətirüstü sözləriylə məni sancırdılar. Amma əgər bir azcıq səylə bunun mümkün olacağını görürdülərsə, gördükləri şey səhrada azmış birinin uzaqda su ilğımı görməsinə bənzəyirdi.
Mən isə bütün bunlara cavab olaraq ən yaxşı etdiyim şeyi edirdim: saya almırdım. Nəticədə bu, insanların məni normal davranmadığıma görə qınadıqları ilk səfər deyildi ki.
Amma Rövşənin belə hərəkətlərimə bəraət qazandırmadığını hiss etməyə başlayanda bu haqda ciddi-ciddi düşünməyə başladım. Çünkü qardaşım Rövşən ailəmizdə fikirlərinə hörmət etdiyim yeganə insan idi. Qəribəsi odur ki, bunu anlayanda onların içində sevdiyim yeganə insanın da o olduğunu anladım və bir gün bütün bunların onun başına gələcəyi təqdirdə nə hiss edəcəyimi düşünəndə birdən-birə gözlərim yaşardı və ağladım.
Növbəti seanslarımızın birində onunla bu barədə danışdım. Rövşənin xəstə halını, ən pisi isə bu xəstəlikdən öləcəyini xəyal edəndə yenə doluxsundum. Bunun həqiqət olmadığını bilsəm də, o an qalxıb qardaşımı qucaqlamaq istəyindən güclə saxladım özümü.
“Səncə, niyə sadəcə mənə qarşı belə hiss edirsən?”, - soruşdu. Səsindəki titrəmədən onun da mənim qədər təsirləndiyini anlamışdım.
“Sən mənə qarşı həmişə...”, - dedim. Sadəcə bunu deyə bilmişdim.
Rövşən yanıma gəlib məni qucaqlayarkən özümü tuta bilmədim. O da tuta bilmədi və iki qardaş qucaqlaşıb ağladıq.
“Əgər sənə səhv etdiyini düşündürüb, günahkar hiss etdirmişəmsə, məni bağışla”, - dedi ayrılanda. “Sadəcə anamıza görə çox pis hiss edirəm.”
“Mən də, amma... Amma onu görəndə... Necə başa salacağımı bilmirəm. Elə bil onu görəndə aramıza görünməz qalxan çıxır. Heç nə hiss edə bilmirəm. Bu da həmişə mənə mane olur. Hər kəslə aramı korlayır. Hər kəsi məndən uzaqlaşdırır.”
“Məncə, sən o qalxanı uzun illər əvvəl çəkmisən.”
“Niyə belə bir şey etmişəm ki?”
“Daha çox yaralanmamaq üçün”, - dedi Rövşən. Bunu o qədər əminliklə dedi ki, sözündəki həqiqətə inanmasam da, rədd də edə bilmədim. “Gələn dəfə o qalxan araya girəndə onu saxlamağa çalış. Gör bu tərəfində”, - deyərək ürəyimi göstərdi: “nələr hiss edəcəksən.”
Artıq terapiyada üçüncü ayım idi, amma bu cümləni eşidənə kimi seansların həqiqətən işə yaradığını düşünməmişdim.
***
“Sən mamanı istəmirsən. Düzdü, Əli?”, - soruşdu anam.
Axırda bunun olacağını bilirdim. Əvvəl-axır ikimizdən biri cəsarətini toplayıb dilə gətirəcəkdi bu cümləni. Amma yaxşı ki, ilk addımı o atmışdı. Təkcə bu halın mənə izah edə bilmədiyim üstünlük verdiyinə görə yox, nə vaxtsa cəsarət edib soruşana kimi çox gec olacağı üçün. Yenə də anamın bu sualı verməsi məni həm həyəcanlandırmış, həm də təəccübləndirmişdi.
Otaqdan çıxarkən ayaq saxladım. Beynimdə bu həqiqəti inkar etmək üçün düşündüyüm bir yığın cavab dilimin ucuna qədər gəlib bir-birilərini itələməyə başladı: Nə? Niyə elə deyirsən ki? Başa düşmədim? Elə bir şey yoxdur və s. kimi cavablar. Amma bunların yerinə: “Bilmirəm, ana. Deyəsən...” dedim üzümü ona çevirəndə.
Bəlkə də ağrıkəsicilərin təsirindən idi ki, qorxduğum qədər pis qarşılamamışdı cavabımı. Üzündəki yoğun gülümsəməsində görürdüm bunu. İllərdir onsuz da bildiyi cavabın indi sözlərə çevrilməsi bəlkə də daxildə incitmişdi onu, amma mənim o an görə bildiyim sadəcə rahatlama idi. “Hmm” deyə yumşaq bir köks ötürdü anam. “Ən azından atandan fərqli olaraq sən həqiqəti deyirsən. Gəl, otur”, - əli ilə divanın boş hissəsinə vurdu.
Dediyini etdim. Divanda oturub əllərimi bir-birinə sıxdım. Anam uzanıb əlimi əlinə aldı və öpdü. Nə qarşılıq verəcəyimi bilmədim. Qəribə olmuşdum.
“Nə sənə, nə də Kamrana sevgimi göstərə bilmişəm. Ancaq Rövşəni yaxşı boya-başa çatdıra bildim. Buna görə çox peşmanam, oğlum.”
“Biz yaxşıyıq, mama. Özünü...”
“Sözümü kəsmə, xahiş edirəm”, - anam əlimi sıxaraq dedi. Sözünə davam edərkən gözləri yol çəkirmiş kimi mənə yox, başqa tərəfə fokuslandı. “Kamran buna başqa cür reaksiya verir”, - deyə davam etdi. “Çox ərköyün uşaq olub. Evdə tapılmır. Heç gecələr də gəlmir artıq. İndi nə atan yığışdıra bilir onu, nə də mənim buna gücüm var. Sən isə...”, - deyib mənə baxdı. Üzündə peşmanlıq vardı indi. “Sən isə çox sakit oldun. Bizsə həmişə səni sakitliyinə görə qınadıq. Elə bil belə olmağın sənin günahın idi. Hər şeyi çox gec anladım, oğlum. Amma indi nə faydası.”
“Özünü günahlandırma, mama. Mən həqiqətən yaxşıyam”, - dedim. Hər nə olur olsun, onun dediklərini təsdiqləyib, vəziyyətini daha da çətinləşdirmək istəmirdim.
“Doğrudan?”, - dedi yenə o yorğun gülümsəməsiylə. Bu, bir sual deyildi. Daha çox “Sözümü kəsmə” deməyin daha yumşaq variantı idi.
“Bilirsən, əvvəllər bu qədər bədbəxt ailə deyildik”, - deyə davam etdi anam. “Hamımızın üzü gülürdü. Bir vaxtlar atanla bir-birimizi doğurdan da sevirdik. Sevib ailə quranlardan idik”, - gözlərini süzdü, amma bunlardan danışarkən üzünə xoş bir gülümsəmə yayılırdı. “Kənddə dilə-dişə düşmüşdüm. Atan hər gün məktəbdən evə qədər ötürməyə gəlirdi məni. O qədər oğlanla dalaşmışdı ki, mənə görə. Bir dəfə birini az qala öldürürdü. Nə var-nə var, yazıq oğlan məndən yol soruşmuşdu. O vaxt belə şeylər ayıb idi. Özü də rayondan gələn oğlanın kənd qızına göz dikməyi lap pis idi. Adım çıxacağından qorxurdum. Çıxdı da, amma atanın fikri ciddi idi onsuz da. Sonrasını da bilirsən. Evləndik. Sonra Rövşən oldu. Atanın burda öz evi yox idi. Ona görədə bizim evə köçdü. Atamı lap kiçik yaşımda itirmişdik. Nənən həmişə evin başsız olduğundan dilxor olurdu. Elə bil evin kişisi yoxdusa, başqalarının evi basıb yağmalaması an məsələsi idi. Hər gün bunu deyə-deyə işə gedirdi. Mən də tək qalırdım. Qorxudan ölürdüm. Dırnaqlarımı yeməyi tərgitməyim o qədər vaxtımı aldı. Buna görə nənənə acıqlıyam. Hərdən soruşurdunuz ha, “Niyə nənəylə yola getmirsən?” Bax, bu idi səbəb. Məni qorxaq kimi böyütdüyü üçün. Atam olmadığına görə əskik olduğumuzu düşündürdüyü üçün.” Daha bir köks ötürdü anam. “Nənənlə atan yaxşı yola getdilər. Elə indiki kimi idilər: ana-bala kimi. Nənənin istədiyi evdə bir kişi xeylağının olması idi. Ona da nail olmuşdu. Sözün düzü, mən də atanla pis yola getmirdim. Dediyim kimi: aramızda sevgi vardı hələ də. Bilmirəm, bizi korlayan nə oldu. Bir az maddi sıxıntılarımız var idi. Atan işləyirdi, amma çatdırmırdıq. Amma düzünü deyim: problem bu deyildi. Getdikcə nənən atanın tərəfini həddindən çox saxlamağa başladı. Atanla aramızda yaranan kiçicik mübahisəyə belə qarışıb məni susdurmağa, onu isə haqlı çıxarmağa çalışırdı. Elə bil mübahisəmiz böyüsə idi, atan evdən çıxıb gedəcəkdi. Yenə başsız qalacaqdıq. Bir tərəfdən də qonşular vardı. Şəbədəçi qancıqlar. Toyuq kimi bütün gün qaqqıldayıb danışırdılar. Onlara görə atanın evi olmayıb bizdə yaşaması ayıb idi. Kənddə “rayonlu balası qızın evinə “gəlin” gəldi” deyə söz gəzirdi adımızda. Atan bir-iki adamla dalaşmışdı da bunun üstündə. Qüruru götürmürdü. Mən də bunu yaxşı bilirdim. “Fikir vermə” deyirdim. Həqiqətən ürəkdən deyirdim bunu. Amma bir gün növbəti mübahisələrimizin birində bunu üzünə vurdum. Əslində niyyətim o deyildi, amma nənənin hər dəfə onun tərəfini tutması, ona mənə heç vaxt davranmadığı qədər yaxşı davranması elə əsəbləşdirmişdi ki, məni onu ən yaralı yerindən vurmaq istəmişdim. Bacarmışdım da. Atan ilk o vaxt vurdu məni. İlk və son dəfə. Bir də əl qaldırmadı, amma kini də heç vaxt soyumadı. Hərdən indi də o sözümdən sonra baxdığı kinli ifadə ilə baxır mənə. Atan belə adamdır: onunla aranı bir dəfə pozdunsa, çətin ki, bir də düzəldə biləsən.”
Anamın peşman baxışları bir müddət divara dikilib qaldı. Sonra “belə...” dedi artıq gec olduğunu anlayan insanın özünü toplama tərziylə. “Məncə, atan ondan sonra mənə, ya da elə bütün kəndə deyim, o rayonlu balasının nələr edə biləcəyini sübut etməyə çalışdı. Axırda buralara qədər gəldi”, - anam əli ilə bütün var-dövlətimizi göstərirmiş kimi evi göstərdi. “Nəysə... Mən bir daha məni sevən adamı tapa bilmədim o insanda. Sonra sən gəldin dünyaya. Nənən ikinci bir uşağın hər şeyi düzəldəcəyinə inanırdı. Elə bil körpələrin belə bir gücü var imiş kimi. Maddi vəziyyətimiz yaxşı idi. Rövşəni pamperssiz böyütmüşəm, amma sənin hər şeyin vardı. Buna baxmayaraq yenə də pis vaxtda doğuldun deyirəm həmişə. Doğuşun çox asan olmuşdu. Sancılanan kimi cəmisi on beş dəqiqənin içində xəstəxanaya gedib doğmuşdum səni. Cəmisi on beş dəqiqənin içində qollarımda idin artıq”, - anam bu yerdə o uşağı görürmüş kimi parıltılı gözlərlə mənə baxdı. “Lakin sonrası heç də asan olmadı. Səndən sonra doğum sonrası depressiya yaşadım. İndi adını bilirəm deyə, deyirəm. O vaxt isə mənə nə olduğunu anlamırdım. Bütün gün bədbin, boş hiss edirdim. Atanın qayğısızlığı da bir tərəfdən. O vaxt bunun nə olduğunu bilmirdim. İndiki kimi internet yox idi əlimizin altında. Heç həkimlər də bilmirdilər. Mən özüm bir-iki il əvvəl öyrənmişəm bu doğum sonrası depressiya haqqında. Amma artıq nə faydası? Sən ağlağan uşaq idin. Elə bil doğuşdan kədərliydin. Bu da vəziyyəti daha da pisləşdirirdi”, - bu yerdə anam əlimi sıxdı. Nədənsə bu, indiyə kimi mənə qarşı etdiyi ən anacanlı hərəkət kimi gəldi mənə. “Məni anla, xahiş edirəm. Səndə günah var demirəm. Onsuz da bilirəm ki, bütün ömrün boyu belə hiss etmisən. Sən körpə idin... Demək istədiyim... Bunları anlayandan sonra doğuşdan sonrakı halıma bir aydınlıq gətirəndən sonra rahatladım. İndi sənə danışaraq da sənin rahatlamanı istəyirəm, Əli. Oğlum! Mən pis ana olduğuna görə çox peşmanam.”
“Sən neynəyə bilərdin ki?”, - dedim quru bir səslə.
“Artıq “edə bilərdim” desəm belə, bir mənası yoxdur. Bilirəm. Edə bilməzdim. Çünki anlamırdım. Bilmirdim. Bunu özümə haqq qazandırmaq üçün demirəm. Amma sonrakı illəri düşünəndə bəlkə... Heç olmasa, o vaxt nəsə edə bilərdim deyə, düşünürəm. Heç olmasa, o vaxt yaxşı ana ola bilərdim.”
Bundan sonra susdu. Susqunluğu o qədər qıcıqlandırdı ki, məni. “Sənin günahın deyil deməyimi istəyirsən?”, - dedim. Bunu gizlədə bilmədiyim rişxəndlə demişdim. Elə bir tonda demişdim ki, yerinə “İstəyirsənsə, sənin günahın deyil deyim. Təki bu əttökənliyi saxla” demək istədiyimi anlasın istəmişdim.
Anam bunu o dəqiqə tutsa da, gözlədiyim kimi tərs reaksiya vermədi. Bunun yerinə gülümsədi və “Mənə qarşı acıqlı olduğunu bilirəm”, - dedi. “Sadəcə bunlara görə özümü bağışlaya bilmirəm. Peşman olduğumu bilməyini istəyirəm. Yanında ola bilərdim. Maraqlana bilərdim, amma başımı mənasız-mənasız şeylərlə qatdım. İndi də üzüm gəlmir, amma məni bağışlaya bilərsən?”
Kimya terapiyasının pis günə qoyduğu, şişmiş üzündən iki damla göz yaşı axaraq ağ mələfənin üstünə hopdu.
Hər nə qədər acıqlı, kinli olsam da, bu halı ürəyimi yandırdı. Boğazımı təmizlədim, amma cavab verərkən səsim yenə də qırıldı. “Xatırlamadığım hadisələrə görə üzr istəməyin mənasızdır”, - dedim.
“Bu düz deyil”, - dedi anam üzünü silərkən. “Bunu da sonradan öyrəndim. Uşaq hər şeyi xatırlayırmış. Hətta ana bətninə düşdüyü andan olurmuş bu. Xatirə olaraq olmasa da, hiss olaraq.” Sonra səsli bir şəkildə ağlamağa başladı. “Bilmirdim. İnan ki, bilmirdim.”
“Olan oldu”, - dedim. Artıq o qədər sıxılmışdım ki, bu söhbətdən, daha çoxunu dinləməmək üçün ordan qaçıb getmək istəyirdim. Anam bunu hiss etmiş kimi əlimi sıxıb məni saxladı.
“Səni heç vaxt sevmədiyimizi düşünməyini istəmirəm sadəcə”, - dedi.
“Necə yəni?”, - soruşdum. Dizimi əsdirməyə başladım. O qədər qıcıqlandım ki, bu sözünə. Niyə mən yox, biz demişdi? Atamı da nəzərdə tuturdu?
“İndi bunlar niyə deyirsən ki? Deməli hər şeyin fərqində idin?”
“Hər şeyin”, - dedi titrək səslə. “Yanında olmadığım hər anın. Qayğına qalmadığım hər anın. Xüsusilə də mən ilk dəfə əməliyyata gedəndə qardaşınla səni Buzovnada ayrı məktəbə göndərdiyimiz ərəfədə yaşadığın çətinliklər. O il məktəbdə sənə nə oldu, nə etdilər...”
“Xahiş edirəm, saxla”, - dedim yüksək səslə. Əlimi əlindən sərt bir şəkildə ayırıb ayağa qalxdım. Ovuclarımı üzümə sıxaraq üzümü gizlətməyə çalışdım. Məktəbin arxasındakı o hadisə indi baş verirmiş kimi ürəyim dəli kimi çırpınmağa başladı. Üstəgəl bunun anamın yanında baş verməsi ürəyimi bulandırırdı.
“Dayan. Getmə”, - dedi. Yatağından güclə qalxıb oturdu. “Tək istədiyim məni bağışlamağındır. Başqa heç nə. İndi olmasa da, nə vaxtsa məni bağışlaya bilsən, bunu mənə deyə bilmədiyinə görə özünü günahlandırma.”
“Doğrudan?” dedim boğulurmuş kimi bir səslə. “Sənə düzünü deyim? Bunun nə vaxtsa olacağını düşünmürəm, mama. Heç biriniz buna layiq deyilsiniz!”
Qapını çırpıb bacardığım qədər sürətlə evdən uzaqlaşdım. Artıq ağlamırdım. Ömrüm boyu məni heçə saymış anamın məndən üzr istəməsi bir tərəfdən məni güclü hiss etdirir, bir tərəfdən də qəlbimi dağlayırdı. Qəzəb bütün bədənimi cənginə alarkən hərarətdən yanırdım. Ömrüm boyu baş verənlərin hamısının mənim günahım olduğunu düşünmüşdüm. İçimdə bir yerdə hələ də elə düşünürdüm, amma artıq şübhəm vardı. Sən demə, anam hər şeyin fərqində idi, sadəcə heç bir şey etməməyi seçmişdi. Sadəcə izləmişdi. Bəlkə də hər şeyin öz-özünə düzələcəyini düşünmüşdü. Amma heç bir şey öz-özünə düzəlmirdi.
Var gücümlə bağırdım. Elə küçənin ortasındaca etdim bunu. Ya bunu etməli idim, ya da qarşıma çıxan hər şeyə od vuracaqdım. O anda dünyanı məhv edəcək bir düyməni qarşıma qoysalar, heç düşünmədən basardım. Öz-özümü tanıya bilmirdim. Kimsə baxar deyə, narahat belə deyildim. Əksinə, məni görüb uşaqlarını uzaqlaşan insanları görmək xoş idi.
***
Növbəti dəfə anamla bir araya gələndə o, artıq vəfat etmişdi.
Peşmanlığımı sözlərlə ifadə edə bilmərəm. Bunu oxuyan heç kimə bu hissin necə bir hiss olduğunu anlayacaq vəziyyətə düşməməyi arzulayıram, amma əgər elədirsə, nə dediyimi yaşayanlar bilər ancaq. Heç bir şey vaxtında deyilməmiş sözlər qədər ürəyi ağrıda bilməz. Heç bir təskinlik bu ağrıya məlhəm ola bilməz.
Bilsin istərdim. Hər şeyə rəğmən onu hər zaman və həmişə sevəcəyimi. Pis xatirələrə rəğmən, başımı sığallaması və yanağımdan səbəbsiz yerə öpdüyü anları da xatırladığımı və bunlara tutunmağın belə mənə necə xoş hiss etdirdiyini bilməyini istərdim. Şeirlərə ilham olan, haqqında dastanlar yazılan o ana ilə övlad arasındakı müqəddəs sevginin bizim də aramızda baş verdiyini bilərdi kaş. Hər şeydən daha vacibi isə, onu bağışladığımı bilməyini istərdim. Ən əsası budur, amma insan başına gələnlərə bir aydınlıq gətirməmiş, onu ruhunda bir yerə oturtmamış heç kimi ürəkdən bağışlaya bilmirmiş.
Beləcə, qalan ömrümdə özümə işgəncə etməyə yeni bir səbəb tapdığımı düşünüb, ümidsiz hiss edərkən: “Səncə, indi anamız burda olsa, özünə belə davranmağını istəyərdi?”, - soruşmuşdu Rövşən.
Cavab o qədər açıq və o qədər dəqiq idi ki, düşünmədən “yox” demişdim. Bu söz ürəyimə rahatlıq gətirdiyi qədər üzümə gülümsəmə də gətirmişdi.
Sonra mənə dediyi son sözlərdən birini xatırlamışdım. Elə bil özü gəlib qulağıma pıçıldamışdı. İndi olmasa da, nə vaxtsa məni bağışlaya bilsən, bunu mənə deyə bilmədiyinə görə özünü günahlandırma.
Əsl sevginin nə olduğunu o anda anlamışdım.
Ardı var…
Powered by Froala Editor