Evlilik bir-birini sevən iki şəxsin qarşılıqlı razılaşma əsasında qurduğu kiçik bir institutdur. İki şəxsin öz münasibətləri rəsmiləşdirməsi və bu münasibətlərə görə qanun qarşısında öhdəliklərin götürülməsidir. Nəzəriyyədə evlilik münasibətlərin daimiləşdilirməsi üçün atılan addımdır, ancaq praktikada əlbəttə ki, boşanma hallarına da yol verilir. Bildiyimiz kimi hal-hazırda dünyanın bir çox yerlərində nigah sadəcə qadın və kişi arasında deyil, həmçinin iki eynicinsli insanlar arasında da həyata keçirilir. Bu isə öz növbəsində cəmiyyətin və insan haqqlarının inkişaf səviyyəsini göstərir. 

Azərbaycanda isə vəziyyət fərqlidir. Evlilik nəinki kişi və qadın arasında olmalıdır, hətta mütləq olmalıdır. Yəni ailə qurmaq sənin bir növ övlad, vətəndaş, insan kimi öhdəçiliyin və borcundur.

Əvvəlcədən deyim ki, bu məqalə heç kəsi qınamaq və mühakimə etmək üçün yazılmayıb. Sadəcə cəmiyyətimizdə çox rastlanan, bəziləri üçün faciə, bəziləri üçün xilas rolunu oynayan evlilikdən yazacam. Ancaq, bu evlilik xoşbəxtlik və sevgi üzərində deyil, məcburiyyət üzərində qurulur çox zaman. Söhbət homoseksual şəxslərin heteroseksual evliliyindən gedir. 

Bu evliliklərin əsas səbəbi əlbəttə ki, ailə, qohum və cəmiyyətin basqısından qorunmaqdır. Məlum məsələdir ki, evlilik bizim toplumda çox əhəmiyyətli yer tutur və bu işə nəinki valideynlər, hətta dostlar tanışlar, qohumlar, qonşular, iş yoldaşları və bəzən tamamilə yad insanlar belə qarışırlar. Ən kiçik yaşlarından başlayaraq “O gün olsun, böyük toyunu görək”, “Ailə sahibi olsun” və s. kimi arzular, istəklər gələcək üçün hazırlanan o basqılara qoyulan ilk kərpiclərdir. Ailə qurmaq ən böyük məqsəd, ən böyük arzu olan cəmiyyətlərdə rahat yaşamaq nəinki homoseksuallara hətta heteroseksual şəxslərə də çətindir. 

Belə olduğu halda əlbəttə ki, homoseksual olmasına baxmayaraq evlilik haqqında düşünmək və bu yola əl atmaq ən məntiqli və rahat çıxış yolu sayılır. Bu addımı atmaqla avtomatik olaraq böyük bir kütlənin təzyiqindən qurtulmuş olurlar. Lakin, əlbəttə qadınla evlənmək heç bir homoseksual kişini və ya kişi ilə evlənmək homoseksual qadını heteroseksual etmir. Sadəcə onlara öz həyatlarını daha rahat yaşmaq üçün şərait yaradır. Bu cür evliliklər bəzən danışıqlar, qarşılıqlı razılaşmalar əsasında qurulur və beləliklə hər iki tərəf öz əvvəlki həyatlarını yaşamaqda azad olurlar. 

Bu məsələdə insanı utandıran və bəzən heyrətləndirən nüanslar da az deyil. Xüsusilə sosial mediyanın bu qədər həyatımıza girdiyi dövrdə çox az insan öz şəxsi həyatını gizli yaşamağı bacarır. Məni şəxsən heyrətləndirən bir məqam olmuşdu bu yaxınlarda. Homoseksual olduğunu bildiyim və hətta sevgilisinin də kimliyindən xəbərdar olduğum bir nəfər facebook profilində öz toyundan şəkillər paylaşmışdı. Qəribə hisslər keçirdim və deyəsən şəkildəki gəlinə yazığım gəldi, amma məni heyrətləndirən digər məqam bəyin dostları arasında onun sevgilisini görməyim idi. O şəkildə qorxaqlıq, çarəsizlik, yalan, ikiüzlülük o qədər idi ki, o evliliyin necə sonlanacağı açıq-aydın görünürdü.  Öz homoseksuallığını gizlətmək üçün qurulan ailələrin 90%-i boşanmaqla nəticələnir. Çünki seksual istək duymadığın bir insanla eyni yastığa baş qoymağın necə iyrənc bir şey olduğunu dərk etmək çətin deyil. Bir çəxları məhz evlənib boşanmaq üçün ailə qururlar və bununla da öz azadlıqlarını daha bir neçə il qarantiyaya alırlar. “Dediniz evlən evləndim. İndi əl çəkin məndən” deyərək öz həyatlarını yaşamağa başlayırlar. 

Azərbaycanda fəaliyyət göstərən LGBT təşkilatlarının səhifələrinə, LGBT qruplara tez-tez “saxta evlilik üçün partnyor axtarıram” məzmunlu yazılar yazılır. Əlbəttə bu cür evliliklər ən azından yalan üzərində deyil, qarşılıqlı anlayış və ümümi maraqlar üzərində qururlur və hər iki tərəf ailə, cəmiyyət basqısından canlarını qurtarırlar. Maraqlısı isə odur ki, bu cür təkliflər demək olar ki, hər zaman lezbiyan xanımlar tərəfindən irəli sürülür. Homoseksual kişilər isə onlar haqqında heç nə bilməyən qadınlar ilə evlənməyə üstünlük verirlər. 

Bəzi homoseksuallar isə həqiqətən də ailə, övlad sahibi ola bilmək üçün, gələcəkdə tək qalmamaq üçün evlənirlər. Bu eqoizmin mərkəzində də yenə qorxaqlıq dayanır. Axı homoseksual bir kişi heç bir qadını həqiqətən xoşbəxt edə bilməz. O tək qalmaqdan qorxduğu üçün evlənmək qərarına gəlir. 

Bu cür neqativ halların aradan qaldırlması üçün əlbəttə cəmiyyətimiz homoseksual insanları qəbul etməyi öyrənməli, valideylər öz övladlarını daha yaxşı tanımağa çalışmalı və ümumiyyətlə ailə institutu bir daha gözdən keçirilməlidir. Statistika göstərir ki, boşanma halları hər il daha da artır və bunun səbəbini araşdırmaq mütləqdir. 

Homoseksuallar da öz növbələrində daha cəsarətli, daha qətiyyətli olmalı, yaxşı təhsil almalı, öz ayaqları üstündə durmağı öyrənməlidirlər ki, ailə qurmaq valideyn rəğbətini qazana bilməyin yeganə yolu olmasın.