Intersexuality in Animals
İntersekslər həm dişi, həm də erkək cinsi göstəricilərlə doğulur, lakin tipik “erkək” və ya “dişi” kateroqiyalarına uyğun gəlmir
13/Apr/21
4073
Heyvanlarda intersekslik
İntersekslər həm dişi, həm də erkək cinsi göstəricilərlə doğulur, lakin tipik “erkək” və ya “dişi” kateroqiyalarına uyğun gəlmir. Tarix boyu ən çox qorxulan canlılar arasında olan intersekslərə yanaşma günümüzdə hələ də birmənalı deyil. Bu halın təbiətdə də çox rast gəlindiyini göstərmək və insanların yersiz qərəzlərini nisbətən azaltmaq istəyi ilə kiçik bir araşdırma etdim.
İntersekslik heyvanlar aləmində düşündüyümüzdən daha çox rast gəlinən bir haldır. Heyvanlarda az rastlandığı deyilir, lakin düşünürəm ki, bir çox ev heyvanında gözlə görüləbiləcək fərqliliklər olmur və vəhşi təbiətdəki hər heyvandan xəbərimiz yoxdur deyə bir çox vəziyyətin insanlara və elmə məlum olamayan tərəfləri var. Nəticədə, hər ev heyvanı da diqqətli yoxlanış üçün baytara aparılmır.
Vaşinqton Dövlət Universitetində çalışan həkim Ahmed Tibari (DMV, PhD, DAC) “Heyvanlarda interseks Vəziyyətləri” adlı məqaləsində bunları bildirir: “İntersekslik bir neçə ev heyvanı növündə aşkar edilmişdir. Həqiqi intersekslik* nadirdir. İnterseks heyvan həm yumurtalıq, həm də testis toxumasına malikdir və onlarda xarici cinsiyyət orqanlarının fərqli quruluşa sahib olduğunu görülür. Freemartinizm (dişi məməlilərin daha maskulin davranışlar sərgiləməsi və qeyri-reprodaktiv cinsiyyət orqanlarına sahib olması) mal-qara arasında, əsasən, qoyun, keçi və dəvələrdə yayılmışdır və əkiz (bir dişi və bir erkək) olaraq doğulan dişi freemartinlərin qısır olduğu aşkarlanmışdır.”
Məqalənin davamında təbiətdə rast gəlinən interseks heyvanlar haqqında qısa məlumatlar yer alıb.
Pişiklər – Əsasən, üçrəngli pişiklərin dişi olduğu bilinir (tük rənglərinin xromosomlardan qaynaqlanması səbəbilə), lakin bəzi hallarda erkəklərdə əlavə miras alınmış X-xromosom genetikanı XXY edir və erkək pişiklər də üç rəngli xəzə sahib ola bilir. Bu vəziyyət Klaynfelter sindromu olaraq bilinir və hər 1000 doğuşun 1-2-də görülür. İllərlə pişik sahibi olanlardan bu vəziyyəti bilməyənlər çoxdur.
Digər interseks pişiklərdən 2 nümunə mediadan asanlıqda tapıla bilir: Belli və Harri.
2016-cı ildə Britaniyada erkək olduğu zənn edilən 9 aylıq Bellinin hem erkək, həm də dişi reprodaktiv orqanlarına sahib olduğu aşkarlanmışdır.
Bu yaxınlarda isə mediada cari ilin yanvarında doğulmuş interseks pişik Harri barəsində yer almış xəbərlər var idi. Onun da erkək olduğu zənn edilsə də, yoxlanış zamanı interseks olduğu aşkarlanmışdır.
Atlar - İnterseksliyin atlarda müşahidəsi çətindir, çünki cinsi orqanlarda xaricdən rahatlıqla görüləbiləcək fərqlilik müşahidə olunmur. 2010-cu ildə Kanada Universitetinin və Quelf Universiteti Ontario Baytarlıq Kollecinin araşdırması nəticəsində interseks at ailə qrupu aşkarlanmışdır. Erkək olduğu zənn edilən Koko, “bacısı” Sequoia və qohumları Pandoranın da interseks olduğu alimlərin testləri zamanı ortaya çıxmışdır.
İtlər - Ən çox interseksliyin rast gəlindiyi it cinsləri “miniature schnauzers, poodles and Pekingnese” adlı olanlardır. Hətta heç bir kateqoriyaya aid edilə bilməyən it növləri də mövcuddur. 2015-ci ildə Molly adlı itin ayaqlarının qeyri-adi hərəkətləri nəticəsində əslində dişi yox interseks olduğu baytar tərəfindən bildirilincə, xəbər “Molly, nadir interseks it” başlığı altında mediada özünə yer tapmışdı.
Xallı Kaftarlar - Həm dişi, həm də erkək kaftarların testis toxumaları və penisi var. Dişilər uzantılar vasitəsilə doğum edə bilirlər. Dişilərdə penis tam olaraq cinsiyyət orqanı olmasa da, erkəklərinkindən daha uzundur.
*Burada araşdırmaçı “həqiqi interseks”-ə həm yumurtalıq, həm də testis toxumasına sahib olan və xarici görünən cinsi orqanlarında fərqlilik müşahidə olunan canlılar kimi tərif verir.
Qeyd edim ki, misal olaraq göstərdiyim heyvanlar yazıların sadəcə mif olmadığını göstərmək üçündür. Mediadan götürdüyüm xəbərlərin linklərini bilərək yerləşdirmədim, çünki bəzi vulqar və “qeyri-adi” tipli sözlərlə yazılan başlıqlar əsəb pozmağa kifayət edir.
Heyvanlarda intersekslik haqda elmi məqalələri aşağıdakı linklər vasitəsilə oxuya bilərsiniz.
Intersex condition of Animals (2021)
Intersexuality in horses (2007)
Intersexuality in domestic mammals (1990)
Intersexuality (1994)
Studies on intersexuality in milk goats (1952)
Müəllif: Rahima Salman, Sam
Powered by Froala Editor