İş hüquqları pozulan LGBTİQ+lar

Keçən ilin payızında 22 yaşlı Pərviz Abdullayev saçlarını boyadığı və sırğa taxdığı üçün təzyiqlərə məruz qalaraq işdən çıxarılıb. Səbəb kimi isə ona “iş yerinə uyğun geyinməməsi” göstərilib.

“Hər şeyi bəhanə edərək mənimlə mübahisə edirdilər, danışdırmırdılar”, - Pərviz deyir. O qeyd edir ki, bəzi homofob iş yoldaşları ona işi qəsdən öyrətməyərək problemlər yaradıblar və çox zaman da onunla ünsiyyət qurmaqdan çəkiniblər.

“Öz etirazımı bildirəndə bəhanə tapırdılar. Tələb qoyurdular ki, daha maskulin görünməliyəm, sırğa və pirsinqlərimi çıxarmalıyam. Halbuki özəl iş yeri idi və geyim sərbəst olmalı idi”.

Amma Pərviz cinsi oriyentasiyasına görə ayrı-seçkiliklə üzləşərək işini itirənlərdən sadəcə biridir.

Kuir-feminist platorma olan Gender Resurs Mərkəzinə 2021-ci ilin yanvar-avqust aylarında işsizlik problemi ilə bağlı gələn müraciətlərin sayı 130 olub. Müraciət edənlərin 28%-i gender kimlik və cinsi oriyentasiyasına görə iş tapmaqda çətinlik çəkdiklərini qeyd ediblər.

“Xüsusilə də əksər işə götürənlər transfob olduğu üçün translar görünüşlərinə görə iş tapa bilmirlər” - deyə, mərkəz hesabatında qeyd edir.

Müraciətlərin 20%-i isə pandemiyanın yaratdığı şəraitə görə iş yerini itirmək və ya əvvəlki iş imkanları olmadığı üçün yeni iş tapmamaqla bağlı olub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin yerli qeyri-hökumət təşkilatına istinadən yazılmış hesabatında da LGBTİQ+ların üzləşdiyi problemlərə toxunulub. Hesabatda qeyd edilir ki, işçilərin cinsi oriyentasiyası aşkar olunduqdan sonra dərhal işdən azad olunublar.

Lakin ölkədə karantin tədbirləri onların üzləşdikləri ayrı-seçkiliyi daha da dərinləşdirib. İşədüzəlmə ilə bağlı mütəmadi olaraq problemlərlə üzləşən LGBTİQ+lar əsasən qeyri-rəsmi işləməyə üstünlük verib və gündəlik əsaslarla ödəniş alıblar. Elə Pərviz Abdullayevin vəziyyətində olduğu kimi...

Pərviz pandemiya zamanı pula ehtiyacı olduğu üçün heç bir əmək müqaviləsi olmadan işləməyə başlayıb. Ancaq bu, onun başına gələn ilk hal deyil. Bu ilin mart ayında düzəldiyi işdən də eyni aqibətlə çıxarılıb və nəticədə ona verilməli olan maaşın ancaq yarısını ala bilib.

“Pandemiya dövründə pula ehtiyacım olduğu üçün əmək müqaviləsinin olub-olmamasına üstünlük vermədən işə qəbul olmağa çalışırdım”, - Pərviz bildirir və deyir ki, iş tapmaq onun üçün görünüşünə görə çətin olub.

Sosial hüquqlar üzrə Avropa Komitəsinin 2021-ci ildə dərc etdiyi hesabatda göstərilir ki,  Azərbaycanda məşğulluqda cinsi oriyentasiyaya görə ayrı-seçkiliyə qarşı heç bir müdafiə yoxdur və kifayət qədər qanunvericilik bazası yaradılmayıb.

“İLGA-Europe” təşkilatının 2020-ci ilə dair dərc etdiyi hesabatda COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin LGBTİQ+lara, xüsusilə trans seks işçilərinə mənfi təsir göstərdiyi qeyd olunub. Aylıq gəlirlərini ala bilməyənlər evlərini tərk etməyə məcbur olublar.  

29 yaşlı aktivist Rəvan Nəsimi də cinsi oriyentasiyasına görə işini itirib.  2017-ci ildə özəl şirkətlərin birində işə düzələn Rəvandan keçən ilin mart ayında “öz razılığı ilə” çıxması tələb edilib və elə aprel ayının ilk günü onun müqaviləsinə xitam verilib. Rəvana iş yerlərində aksesuarlar taxmaması və LGBTİQ+lar haqqında danışmaması ilə bağlı qadağalar belə qoyulub.

“Mən aktivizmlə məşğul oluram. Yutubda müsahibələrim çıxırdı və onları rəhbərliyə göndərirdilər. Əvəzində mənə “Bəs sənə dedik axı bunlar olmasın” deyə, şikayət edib irad tuturdular. Sonra sevgilimlə sosial şəbəkələrdə öpüşmə videolarım yayıldı”. Rəvan vurğulayır ki, videodan sonra ona qarşı təzyiqlər artıb. O da şantaj və təhlükədən çəkinərək işdən çıxmalı olub.

Rəvan onun tanışı olan kuirlərin də eyni problemlərlə üzləşdiyini deyir. Onun sözlərinə görə, tanıdığı kuirlər banklarda və özəl iş yerlərində cinsi oriyentasiyalarına görə işə qəbul edilməyiblər.

“Müsahibəyə çağrılıblar, lakin onlar kuirin cinsi oriyentasiyası haqqında məlumat əldə etdikdən sonra onu işə qəbul etməkdən imtina ediblər”.

Azərbaycanda Əmək Məcəlləsinin 12-ci maddəsi işəgötürənin qarşısında cinsindən asılı olmayaraq, bütün hallarda işçilərə bərabər yanaşmaq öhdəliyi qoyur. Elə həmin qanunun 16-cı maddəsi də xüsusi olaraq ayrı-seçkilikdən bəhs edir. 

“Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əmək münasibətlərində cinsi ayrı-seçkiliyə yol verilməsi bilavasitə qadağandır”, hüquqşunas Emin Abbas deyir və əlavə edir ki, lakin gender kimliyi və cinsi oriyentasiyaya görə əmək münasibətlərində ayrı-seçkiliyin qadağası ayrıca olaraq müəyyən edilmir.

Eyni zamanda Azərbaycan 2004-cü ildə “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”na da qoşulub. Xartiyadan irəli gələn öhdəliklərindən biri də iş yerlərində cinsi oriyentasiya və gender kimliyindən asılı olmayaraq heç bir ayrı-seçkiliyə yol verilməməsidir. Xartiyaya qoşulandan 17 il keçməsinə baxmayaraq, Azərbaycanın bu sahədə hansı tədbirlər aparması ilə bağlı sorğuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab verməyib.

Hüquqşunas Səməd Rəhimlinin sözlərinə görə, cinsi oriyentasiyaya görə işdənçıxarılma ilə bağlı cəmi bir müraciət almasına baxmayaraq, müraciət edən şəxs həmin məsələni sonuna qədər davam etdirməyib və o da işi yekunlaşdırmalı olub. Sadəcə hüquqi prosedurla bağlı məsləhət verməklə kifayətlənib.

“Polis adətən şikayətləri effektiv araşdırmır. Məhkəmələrə isə müraciət edənlər azdır. Bir çox şəxslər işi davam etdirmək istəmir. Bunun səbəbləri hüquqi prosesə meyl olmaması və maddi problemlərdir”, - hüquqşunas Rəhimli deyir.

Müəllif: Pərvanə Rəhimova



Məqalə QueeRadar platforması ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.


Powered by Froala Editor