Homelessed LGBTIQ+
In Azerbaijan, gey, lesbian and trans citizens or same-sex couples are forced to keep their gender identities and sexual orientations as secret as possible when looking for a home
17/Dec/21
2723
Evsizləşdirilən LGBTİQ+
Azərbaycanda gey, lezbiyan və trans vətəndaşlar və ya eynicinsli cütlüklər ev axtaranda öz gender kimliyi və cinsi oriyentasiyalarını mümkün qədər gizli saxlamağa məcburdurlar. Bu o deməkdir ki, başqalarının işinə qarışmağa həvəsli qonşular və ev sahibləri qarşısında daim qorxu, təşviş içindədirlər.
İxtisasca sosial işçi olan Anar (şərti ad) 2019-cu ildə Ağstafadan Bakıya qazanc arxasınca gəlib. Paytaxta gəldiyi gündən özünə uyğun peşə axtaran 22 yaşlı gənc bu vaxta qədər bir neçə iş dəyişib və hazırda Bakıda elektronik məhsullar satan mağazaların birində qərarlaşıb.
Kirayə mənzildə yaşayan Anar cinsi oriyentasiyasına görə orada özünə rahatlıq tapa bilməyib. O, məhəllə sakinlərinin hədə-qorxusuna tuş gəldiyi üçün evi tərk etməli olub.
“Ötən il “Elmlər” metrosun yaxınlığında yataqxana binasında kirayə qalırdım. Mən sırğa taxıram, saçım uzundu, çox vaxt da rəngli geyinirəm. Ev yoldaşım daha marjinal tərzdə geyinir və çox diqqət çəkir. Ona görə ətrafdakıların diqqəti üstümüzdə olur” - deyə, Anar xatırlayır ki, 2020-ci ilin yay aylarında şortik geyinib marketə gedəndə yataqxananın həyətində qocalı-cavanlı hər kəs onları hədələməyə başlayıb.
“Bizi hədələdilər ki, güya şortik geyinmək əxlaqsızlıqdı, biz uşaqların beynini pozuruq, qadınların bizə baxması ayıbdır”, Anar deyir. O qeyd edir ki, bu hadisə zamanı məhəllədəki kişilər kirayə yoldaşını öldürməklə hədələyiblər və onları yaşadıqları evə qayıtmağa qoymayıblar. Bundan sonra gənclər polisə müraciət edib və işə baxılana kimi bir həftə tanışlarının evində qalmağa məcbur olublar.
“Ev yoldaşım hadisə vaxtı video çəkmişdi. Videoya əsasən polis həmin şəxslərdən bir neçə nəfəri tapıb və bölməyə apararaq izahat yazdırıb. Biz onların polisdən qorxacaqlarını düşünərək bir həftə sonra evə qayıtdıq. Çünki uzunmüddətli qalmağa yer yox idi. Qayıdanda bizim qabağımızı yenə kəsdilər, söydülər. Amma polis məsələsinə görə bu dəfə çox irəli getmədilər”, o bildirir.
Lakin hadisədən bir neçə gün sonra Anar və ev yoldaşı şəhərin başqa hissəsinə köçməyə məcbur olublar.
Buna oxşar daha bir hadisə elə həmin ilin sentyabr ayında baş verib. Lakin orada trans qadın kirayə götürdüyü deyil, birbaşa ipotekaya aldığı mənzildən çıxarılıb.
Aydan Şərur MTK-ya məxsus binadan ipoteka ilə aldığı mənzili satmağa vadar olub. O, “Minority” Jurnalına bildirir ki, öncə mənzilinin işığını kəsiblər, daha sonra isə onu satmağa məcbur ediblər.
“Mənzilimi ucuz satdım, qoyduğum pulun az hissəsini götürə bildim. O vaxtdan kirayələrdə qalıram. Evimi satandan sonra çox problem oldu”, deyən Aydan onu da əlavə edir ki, kirayə pulunu ödəmək onun üçün çətindir.
Bu ilin yay ayında Bakının mərkəzində bir qrup trans qadının evdən zorla çıxarılması ilə bağlı mediada xəbərlər yayılıb. Məlumatlarda qeyd edilib ki, zərərçəkənlər sonradan özlərinə məxsus əşyaları və pulları götürmək üçün evə gəldikdə ev sahibi və polislə üzləşiblər. Trans qadınlar bildirib ki, kirayə üçün əlavə məbləğ təklif edib razılıq əldə etsələr də, üç gündən sonra ev sahibi qadınları hədələyib, zor tətbiq edərək evdən çıxarıb.
Ev sahibi isə mediaya açıqlamasında deyib ki, trans qadınlar onu təhqir edib və "bardel" yaratdıqları üçün evinə polislə gəlmək məcburiyyətində olub.
“Nəfəs” LGBTI+ Azərbaycan Alyansından bildiriblər ki, bu il ərzində kirayədən məcburi çıxarılma hadisəsi ilə bağlı onlara 3 müraciət daxil olub.
“Qovulan translarla söhbətdən əldə etdiyimiz məlumata görə, onlar trans kimliyi ilə ev tapmaqda çətinlik çəkirlər. Hətta pulları olsa belə. Onlar kirayə tuta bilmək üçün maklerlərlə sövdələşirlər. Trans qadınlardan biri ev tutmaq üçün kirayənişin qismində bacısını göndərir. Ev yiyəsi evdə trans qadınların yaşayacağından xəbərsiz olur” - deyə, təşkilatın cavabında qeyd olunur.
Elə 22 yaşlı Yusif Qasımov da kuir kimliyinə görə kirayə ilə bağlı problem yaşayan LGBTİQ+lardan biridir.
2018-ci ildə ailəsində cinsi oriyentasiyası ilə bağlı problem yaranıb, atası ona zorakılıq tətbiq edib. Bundan sonra o, evdən ayrılmaq qərarına gəlib. İlk dövrlər Yusif Gəncədəki dostunun evində bir neçə gün gecələməli olub. Amma atasının hədə-qorxusundan sonra qərara gəlib ki, Gəncəni də tezlikə tərk etməlidir. Beləliklə, Yusif Bakıda kirayə qalan bacısının yanına köçüb. 2019-cu ildə valideynləri ayrıldıqdan sonra isə anası ilə birgə Bakıda yaşamağa davam edib. Amma bir müddət sonra yenidən ailədə problemlər yaranıb və Yusif ayrıca yaşamaq üçün kirayə axtarmalı olub.
“2020-ci ilin aprel ayına kimi - pandemiyaya qədər şəhərdəki restoranların birində ofisiant kimi işləyirdim. Həmin dövrlərdə ev kirayələmək istəyirdim, amma xarici görünüşümə görə ev sahibləri razı olmurdular”, Yusif deyir ki, feminin, rəngli geyimi ev sahiblərinin diqqətini çəkirdi və o hər dəfə diskriminasiya ilə üzləşirdi. İşsizlik, maddi çətinlik ucbatından Yusif üç aydan çox müddətdə ayrı-ayrı evlərə köçməli olub, dost-tanışının evinə sığınmağa məcbur qalıb.
“Bakıdakı qohumumun evində də yaşadıqda xarici görünüşümlə bağlı mənəvi təzyiq görürdüm. Evlə bağlı problemlərimdən artıq sıxılırdım. Elə bilirdim küçədə qalacam. İntihara cəhd etdim və zəhərli dərman içdim. Sonra anam məni xəstəxanaya apardı”, o deyir.
Xaricdə yaşamasına baxmayaraq, aktivist Lili Nəzərov bildirir ki, son iki-üç il ərzində Azərbaycanda kirayə problemi yaşayan azı 30-35 nəfərə yardım edib.
“Çox zaman qonşular şikayət edir. Ev sahibi də sonradan problem yaranmasın deyə, onları sakitcə evdən çıxarır. Transgenderlər həm görünüş, həm şəxsiyyət vəsiqəsinə görə kirayə götürmək problemi yaşayır”, aktivist əlavə edir.
Ölkədə ailə dəstəyi olmadan evsiz və güvənsiz şəraitdə yaşamağa məcbur qalan LGBTİQ+ların vəziyyəti Covid-19 virusu ilə əlaqədar sərt karantin rejiminin tətbiq edilməsindən sonra daha da ağırlaşıb. Bu, beynəlxalq hesabatlarda da öz yerini tapıb.
“İLGA-Europe” təşkilatının 2020-ci ilə aid hesabatında qeyd edilib ki, “Covid-19” böhranı zamanı qoyulan sərt karantin məhdudiyyətləri LGBTİQ+lara, xüsusilə də trans seks işçilərinə "dramatik tərzdə" təsir edib. İşsizlik ucbatından kirayə haqqını ödəyə bilməyən kuirlər yaşadıqları evləri tərk etməli olub.
Eyni zamanda illərdir ki, LGBTİQ+lar üçün "hüquqi müdafiənin demək olar ki, yoxluğu"nu əsas tutaraq, “İLGA-Europe” Azərbaycanı 49 ölkə arasında ən son yerdə sıralayır.
Son yeddi ayda altıya yaxın LGBTİQ+ların kirayədən çıxarılma ilə bağlı problemi olduğunu deyən vəkil Zibeydə Zəkəriyyeva əlavə edir ki,queer vətəndaşların ümumilikdə hüquqi yardıma çatımlılıq problemi var, onların hüquqlarını müdafiə edən vəkil sayı olduqca azdır.
“Kirayə tutmaq barədə ev sahibləri tərəfindən ayrı-seçkiliyə məruz qalan zaman LGTBİQ+lar məhkəməyə müraciət edə bilərlər. Amma hələ ki, Azərbaycan praktikasında bu mövzuda müraciətimiz qeydə alınmayıb”.
Məqalə QueeRadar ilə “Minority” jurnalının əməkdaşlığı çərçivəsində hazırlanıb.
Powered by Froala Editor