“Bədənim belə istədi” - X hissə

Roman

Müəllif: Aylin Wise

Tərcümə etdi: Günel Mövlud

***

Nədənsə o an Əlinin hələ bətnimdə olduğu zamanları xatırladım. Hamiləliyim çox çətin keçmişdi. Qusmağım dayanmırdı, dölün düşmə ehtimalı həmişə yüksək idi, bədənimdəki ağrıların ardı-arası yoxdu. Günüm həkimlərdə, analiz verməklə, dərman, ya da sistem qəbul etməklə keçirdi. O günlərdə mən öz bədənimin həbs olunduğunu hiss edirdim, canımın bu əzablardan nə vaxt qurtaracağından başqa bir şey düşünə bilmirdim. Normal anaların “bədənimdə bir canlının ürəyi döyünür” kimi müdrik, işıqlı hissləri mənə yad idi. Düşünmürdüm ki, mənimlə yanaşı, içimdəki canlının da hissləri var. O zamanlar mən dərin bir mənəvi çöküşün içində idim, vəssalam. 

Amma uşağın sağlamlığını, vəziyyətini düşünməmiş deyildim. Bədənimin bu körpəni qəbul etmək istəməməsini anlamaq mənə əzab verirdi. Hamiləliyimin altıncı ayında kabus gördüm, görmüşdüm ki, USM müayinəsinə gəlmişəm, həkim mənə bətnimdəki körpənin artıq ölü olduğunu deyir. İndiyə qədər də bu yuxu mənim üçün yaşadığım ən qorxunc şeydir. Yadıma gəlir, o yuxunu görəndə qışqıraraq oyanmış, ərimi oyatmışdım. Amma o, bunun yuxu olduğunu deyib, məni sakitləşdirməyə çalışmışdı. Oğlumu itirmək qorxusu mənim düşünə bilmək bacarığımı əlimdən almışdı. Məni sakitləşdirmək üçün Samir mətbəxdən bir stəkan su gətirmişdi, o sudan bir neçə qurtum içəndən sonra həkim müayinəsində deyil, evdə, öz yatağımda olduğumu anlamışdım. O səhnələri, o xatirələri indi də unuda bilmirəm. 

Doğuş ona görə çətindir ki, sən bundan sonra körpənin sənin bədənindən ayrı yaşayacağını qəbul etməlisən. Başqa söz tapıb, deyə bilmirəm, ancaq belə ifadə edə bilərəm – sənin körpən səndən aralanır, başqa, yeni bir insana çevrilir. Onun hissləri, fikirləri, dərdləri daha səninlə bağlı olmayacaq...

Əli doğulandan sonra anladım ki, mən artıq ömürlük bu insana bağlanmış olacam. Çünki həyatımda onun qədər doğma, yaxın insan yoxdu. Valideynlərimlə heç vaxt bu qədər yaxın olmamış, onların doğmalığını belə hiss etməmişdim. Mənim böyüdüyüm ailə cəmiyyətin, ənənələrin hansısa normalarına uyğun olaraq eyni evdə yaşayan yad adamlardan ibarət idi. Hə, inanıram ki, valideynlərim məni də, qardaşımı da sevirdilər. Amma evimizdə hər gün davam edən şiddət, mübahisə bizi bir-birimizdən uzaqlaşdırmışdı, illər keçdikcə valideynlərimlə də, qardaşımla da az qala ögey insanlara çevrilmişdim. 

Qardaşımla münaisbətlərimiz ona görə isti alınmamışdı ki, mən ona ana əvəzi olmalı idim, bu isə xoşuma gəlmirdi. Həyat yoldaşımla məişətimizdə də, yatağımızda da min dənə problemimiz vardı, bütün bu şeylərə görə onunla heç vaxt bir-birimizə yaxın olmadıq. 

Həmin bazar günü axşamını sanki yarıölü vəziyyətdə keçirdim. Küncə sıxılmış pələng kimi, özümə yer tapmır, otağın bir küncündən o biri küncünə yeriyir, əllərimi ovuşduraraq, çıxış yolu tapmağa çalışırdım. Arada Samirin nömrəsini yığırdım, onun telefonunun açıq olacağına ümid edir, gözləyirdim. İkicə dəqiqə divanda oturan kimi, məni dəhşət bürüyürdü, nəfəs ala bilmirdim. Gecə yarısı hiss elədim ki, daha gücüm qalmadı. Elə divandaca yuxuya getdim...

Zəngli saatın səsinə oyandım, onu nə vaxt qurduğum heç yadımda deyildi. Divanda oturub, uyuşmuş boynumu ovmağa başladım. Dünən gecə ağlamaqdan şişən gözlərimi ancaq yarıya qədər aça bilirdim. Özümü ələ alıb, işə getməli idim. Birtəhər ayağa qalxıb, yuyunmağa getdim. 

Vanna otağından çıxar-çıxmaz qapının zəngi çaldı. Ürəyim yerindən oynadı. Bəlkə, Əlini gətiriblər? Qapını açanda dayəmizi gördüm, hər gün işə getməzdən əvvəl o gəlib, Əliyə baxmağa başlayırdı. Dünənki dəhşətin içində çaşıb qalmış, qadına zəng edib, gəlməməsini tapşırmağı unutmuşdum…

– Amina, bağışla, dünən sənə xəbər vermək yadımdan çıxıb, – çarəsizlikdən yenə gözlərim doldu.

– Nə olub, Leyla xanım? – dayə vəziyyətimi görüb, özünü itimişdi. 

Ona baş verənləri danışdım. Sonra bu günün pulunu vermək istədim, axı hər necə olsa, o boyda yol gəlmişdi. Amma Amina bu təklifi təkidlə rədd elədi. Çevrilib gedərkən mənə təsəlli verməyə çalışdı:

– Əli çox hərəkətli uşadı. Onunla hər kəs bacara bilməz. Görərsiniz, atası tez başa düşəcək ki, uşaq oyuncaq deyil, bir qıraqda qalsın. Bezib, tez də gətirəcək. 

Ona dedim ki, belə olacağına mən də ümid edirəm.

Evdən çıxıb, işə gedəndə qulaqlarımda bir uğultu vardı – dünən gecə yata bilməməyin, səhərə qədər çarəsizlik içində qovrulmağın acı nəticələri. Yol boyu son iki gündə baş verənləri təkrar-təkrar xəyalımda canlandırır, bundan sonra atmalı olduğum addımları götür-qoy edirdim. 

Bəlkə də oğlumu daha görə bilməyəcəkdim. Bunu düşünəndə özümü qızdırmalı adam kimi hiss edirdim. Həyatımdakı ən qiymətli varlığı – oğlumu qoruya bilmədiyimə görə özümü lənətləyirdim. Əlbəttə, başa düşürdüm ki, Samirin bu hərəkəti məni cəzalandırmağa hesablanıb – ondan boşandığımı, dünən səhər gördüklərini həzm edə bilmirdi. Heç bilmirəm, onu daha çox qəzəbləndirən nə idi, ondan boşanmağım, yoxsa onun yerinə bir qadını qoymağım. Yəqin, anam onun sözlərini ciddi qəbul etmədiyinə görə, məndən qisas almaq üçün bu yolu seçmişdi. 

Lenanı da düşünməyə bilmirdim. Mən öz sözlərimlə sevdiyim insanı özümdən uzaqlaşdırmışdım. Bunu ona görə eləmişdim ki, öz şəxsi həyatımı qurban vermək bahasına oğlumu geri qaytarım. İndi belə çıxırdı ki, mən anamın elədiyi səhvi təkrar edirəm – uşağıma görə öz həyatımdan vaz keçirəm... 

Bazar ertəsi sanki duman içində keçdi. Gördüyüm işləri mexaniki edirdim, elə bil, robot idim. Fikrim ancaq oğlumun yanında idi. Əsəblərim o qədər gərgin idi ki, yemək yeyə bilmədim. Dəfələrlə Samirin nömrəsini yığsam da, telefonu hələ də açmamışdı. 

Hər gün özündən əvvəlkini təkrarlayırdı. Günlər keçirdi, mən isə bir bitki kimi yaşamağa davam edirdim. Səhər oyanır, işə gedir, işlərimi bitirib, evə gəlirdim. Evdə divarlar üstümə gəlirdi, özümə yer tapa bilmirdim. Bəzən saatlarla hərəkətsiz oturub qalırdım. 

Beləcə, bir neçə gün keçdi. Daha ağlamağa göz yaşım qalmamışdı, sakitləşmişdim, amma evə qayıtmaq olduqca çətin idi. Mənzilin içində məqsədsiz bir şəkildə var-gəl edir, özümə nə iş tapacağımı bilmirdim. Həyatımın bütün mənası yoxa çıxmışdı. Əlinin otağına girir, onun paltarlarını qoxulayır, oyuncaqlarını sığallayırdım. Bəzən içimdən elə qəddar bir ağrı keçirdi ki, əzabdan ulamaq istəyirdim. Mənə elə gəlirdi ki, qarnımı cırıb, ordan körpəmi çıxarıblar. Elə bil, bədənim qanlı yaralarla dolu idi və bu yaraların ağrısı məni öldürürdü. 

Bu əzablı düşüncələr məni işdə bir az rahat buraxırdı. Orda bir az həyata qayıda bilirdim. Amma cəmi bir neçə günün içində arıqlayıb, uzanmış üzüm, avazımış rəngim ətrafdakıları mənim vəziyyətimdən xəbərdar edirdi. İş yoldaşlarım mənim nəsə dərdimin olduğunu anayırdılar. Buna görə də onlar məndən tez-tez nə baş verdiyini soruşurdular.  Amma mən ancaq ümumi sözlərlə kifayətlənir, dərdimi danışmırdım. “Hər şey qaydasındadır” deyə cavab verirdim. Bir dəfə növbəti sorğu-sual zamanı daha özümü saxlaya bilməyib, ağladım.

Hesabdarımız Mariya, məndən halımı soruşan qadın çox pis oldu. Göz yaşımı silməyim üçün qarşıma dəsmal qoyub, çəkinə-çəkinə dedi:

– Leyla, bağışla, belə olacağını bilsəm, soruşmazdım...

Biz ona Maşa deyirdik. Maşa bu kollektivdə dostlaşa bildiyim birinci adam idi. Onunla yaşıd idik. O, həmişə işgüzar geyinsə də, bunu elə zövqlə edirdi ki, əyin-başından həmişə şıqlıq yağırdı. Rəsmi iş kostyumunu ya əlvan dırnaq lakı, ya da başqa rəngli bir detalla caanlandırır, obraz yarada bilirdi. Onun rəngli, naxışlı aksesuarlarına tamaşa eləmək çox xoşuma gəlirdi. Maşanın kül rəngli gur, düz saçları vardı, həmişə özünün heç nə ilə “ütülənməyən” qısqıvrım saçlarına görə narahat olan biri kimi, mən onun düz, hamar saçlarına həsəd aparırdım. 

Maşa ilə tanış olanaq qədər mən hesabdarlar barədə xeyli lətifələr eşitmişdim. Bir qayda olaraq, ofislərdə onları ən ruhsuz, ən quru, bəzən də ən ətiacı adamlar kimi təsvir edirlər. Maşa isə tamamilə başqa adam idi. Qeybətdən və ofisdə baş alıb gedən intriqalardan xoşu gəlmədiyinə görə, Maşa həmişə nahar fasiləsinə mənimlə gəlirdi, çünki mənim də çox danışmadığımı bilir və bunu yüksək qiymətləndirirdi. Odur ki, son bir neçə gündü mənim özümdə olmamağım daha çox Maşanı narahat etmişdi. 

– Yox, Maşa, narahat olma. Sənlik bir şey yoxdu. Başqa məsələlər var...

– Nə məsələlər? – otağa girən müdirin səsi eşidildi. Sonra müdir cavab gözləmədən, mənə dedi: – Mənim otağıma gələrsən. 

Roman Aleksandroviç cavan olsa da, yetərincə istedadlı və peşəkar arxitektor idi. 37 yaşlı bu adam ildən-ilə böyüyən biznes qura bilmişdi. Ortaboylu olsa da, idmançı bədən quruluşuna malik bir adam idi. İşdə hamı ona həm hörmət edir, həm də həsəd aparırdı. Az hallarda qalstuk taxsa da, əynində həmişə ağappaq, gözəl ütülənmiş köynək olurdu. Saçlarına dən düşmüşdü, amma bu çallaşma onun üzünə bir ağayanalıq gətirirdi. Azca donqarı olan burnu isə Roman Aleksandroviçin dəmir iradəsindən və liderlik keyfiyyətlərindən xəbər verirdi. 

Müdirimizin otağı başqa işçilərin otağından elə də seçilmirdi. Bircə fərqi onda idi ki, kabinetdə Roman Aleksandroviç tək otururdu. Bir də, otaq nə mühasibatlıq kimi qovluqlarla dolu deyildi, nə də dizayn otağındakı çoxsaylı monitorlar adamın gözünü deşmirdi. Buna görə də, müdirin otağı başqalarından bir az daha geniş, işıqlı və səliqəli görünürdü. 

Göz yaşımı silib, müdirə göstərməli olduğum sənədləri də qoltuğuma vuraraq, Roman Aleksandroviçin otağına keçdim. Mən otağa girəndə o, pencəyini çıxarıb, kürsünün söykənəcəyindən asırdı. 

– Neçə gündü işdə kölgə kimi gəzirsən. Danış, görək, nə olub? – müdir qısaca soruşdu.

– Boşanma ərəfəsindəyəm, Roman Aleksandroviç. Ərim neçə il idi ki, döyürdü məni. İndi o, məndən mülk tələb edir. Bazar günü də oğlumu məktəbdən aparıb, harda olduğunu bilmirəm. Gizlədir onu məndən... – son sözləri deyəndə, özümü saxlaya bilməyib, yenə ağladım.

Roman Aleksandroviç nədənsə bir az düşündü, sonra təəcüblə soruşdu:

– Bir dəqiqə, sən millətcə azərbaycanlı deyilsən?

– Hə, azərbaycanlıyam, – heç nə anlamadan, dedim. 

– Sənin atan, qardaşın yoxdur? Niyə sənə kömək eləmirlər? Sizinkilər belə edir axı? – müdirim yenə təəccüblə danışırdı.

– Ailəm boşanmağımı istəmir, – utana-utana dedim. Mənə kömək etmək istəməyən ailəmin yerinə də mən utanırdım. 

  • Nə olur-olsun, ailən səni müdafiə etməlidi. Bu, hər ailədə belədir. Əgər bir yerdə səni sevirlərsə, nə olur-olsun, səni qoruyacaqlar. 

O danışdıqca mən anlayırdım ki, heç vaxt əsl ailəm olmayıb. Eyni evdə yad adamlar kimi yaşayan valideynlərim olub, amma ailəm olmayıb. Sevgi adına heç nəyi olmayan iki adam dünyaya gətirib, böyütdüyü övladlarına nə verə bilərdi axı? 

– Görürəm, başını itirmisən... – müdirim canıyananlıqla başını yellədi. Sonra vizit vərəqələri saxladığı qovluğu açaraq, ordan bir kağız çıxarıb, mənə uzatdı: 

– Tanışımdı, vəkildi. Boşanma, ailə işləri məsələsində yaxşı mütəxəssisdi. Zəng elə, məsələni danış. De ki, əlaqə nömrələrini mən vermişəm. O sənə kömək edər. Bir də iş yerində ağlamaq, ölü kimi gəzmək olmasın. Yaxşımı? İndisə, de görüm, departament bizim o suallarımızla bağlı nə deyir? 

Müdirimin otağından çıxanda ürəyim bir az yerinə gəlmişdi. Müdirimə sonsuz dərəcədə minnətdar idim. Vizit vərəqəsini ovcumda sıxaraq, iş masamın yanına getdim. İndi ürəyimdə oğlumu qaytara biləcəyimə dair ümidlərim yaranmışdı. İşimin azalacağı, vəkilə zəng edə biləcəyim vaxtı səbirsizliklə gözləyirdim. 

Ofisin işləri qurtarmaq bilmirdi. Özümü ovunun üstünə atılmağa hazırlaşan pələng kimi hiss edirdim. Arada masanın üstündə qalan, boş vaxtımı gözləyən vizit vərəqəsinə göz atırdım. Keyfiyyətli, parlaq ağ kağızın üstündə qızılı hərflərlə “Qonçarov Artyom Qriqoryeviç” yazılmışdı. Aşağıda bir az daha xırda rəqəmlərlə mobil nömrə və ofisin telefon nömrəsi vardı. Tez-tez vərəqəyə göz yetirir, öz-özümə “hər şey yaxşı olacaq” deyirdim. 

Axır ki, işlərimin xeyli hissəsini görüb, qurtardım. Vərəqəni masanın üstündən  qapıb, cəld tualetə qaçdım, kabinəyə girib, orda yazılan nömrəyə zəng elədim. Telefonu Artyom Qriqoryeviçin özü açdı. Özümü təqdim elədim, dedim ki, nömrəni mənə Roman Aleksandroviç verib. Bir dəqiqə belə itirmədən, ona bütün vəziyyəti danışdım, ərimin mülk tələbindən tutmuş, uşağımı oğurlamasına qədər hər şeydən xəbərdar elədim. 

Vəkil, aradabir mənə dəqiqləşdirici suallar verərək, dediklərimi səbrlə dinlədi. 

– Başa düşdüyüm qədərilə sizdə indi standart boşanma prosesi gedir, – deyə, vəkil mənim dediklərimi sanki ümumiləşdirdi. – Nə isə, döyülmək məsələsini qoyaq bir kənara. Sizdən mülk ala bilməz, siz mülkünüzü evlilikdən əvvəl əldə etmisiniz. Yaxşı, bəs mən sizə necə kömək edə bilərəm?

– Keçmiş yoldaşımla razılaşmamız belə olmuşdu ki, o cümə günü uşağı aparacaq, həftəsonu özündə saxlayacaqdı. İndi o uşağı götürüb, amma geri gətirmir, harda olduğunu da demir. Qorxuram, məhkəmədə məni valideynlik haqlarımdan məhrum etmək istəsin.

– Valideynlik hüquqlarından məhrum etmək üçün əsas olmalıdır. Məhkəmələr adətən o yaşda uşağın ana ilə qalmasına qərar verir. Əlbəttə, ananın içki və ya narkotik asılılığı yoxdusa. Hə, bir də əxlaq məsələsi var, ona da diqqət edirlər. Bu problemlərin heç biri yoxdusa, uşaq anada qalır. 

– Həyat yoldaşım məhkəmədə mənim...- duruxdum, amma mən cavab almalı idim. – O mənim lezbiyan olduğumu deyəcək...

– Siz lezbiyansız? – həmsöhbətimin səsindən onun təəccübləndiyini hiss elədim. 

– Yox! – tez cavab verdim. – Amma yoldaşım belə deyəcək ki, uşağımı əlimdən ala bilsin. 

– Bilirsiniz, kiminsə lezbiyanlığını nə sübut, nə də inkar etmək mümkündür. Bir də ki, lezbiyanlıq kriminal deyil. Qanun uşağı anadan ala bilməz. Sizin məsələnizdə məhkəmə daha çox başqa şeylərə fikir verəcək, məsələn, atanın evi, daimi işi varmı. Dediklərinizdən belə başa düşdüm ki, uşağın atası, siz də məni bağışlayın, lütün biridi. Deməli, məhkəmə sizin tərəfinizdə olacaq. 

– Çox sağ olun! Ürəyim elə yerinə gəldi ki! – dedim. 

İndi sinə dolusu nəfəs alırdım. Elə bil, üstümdən tonlarla yük götürülmüşdü. 

– Amma nəzərə alın, – birdən vəkil sözünə davam elədi, – əgər yoldaşınız uşağı götürüb, harasa getsə, heç kim ona mane ola bilməyəcək. Düzdü, ölkəni tərk edə blməyəcək, amma bizim ölkəmizin özü də yetərincə böyükdür. Təəssüf ki, qanunda boşluqlar çoxdu, bəzi əxlaqsız valideynlər də bu boşluqlardan faydalanırlar. Siz gərək elə edəsiniz ki, o, uşağı öz xoşu ilə sizə gətirsin. 

Vəkilin son sözləri qol-qanadımı təkrar qırdı. İndicə içimdə alışan bir damcı ümid alovunun üstünə sanki soyuq su töküldü. Mən indi nə edəcəkdim. Lap məhkəməni udsam belə, Samir uşağımı gətirməyə bilərdi. Qanun isə gücsüzdür...

– Leyla, siz məni eşidirsiniz? – vəkil sanki vəziyyətimi anladı.

– Həəə, – boğazımdakı düyünü udaraq, cavab verdim.

Vəkil köksünü ötürdü, mənim ümidsizliyimi o da qəbul edirdi. Sonda o, bir az əminliklə danışdı:

– Sizə bir şey məsləhət görə bilərəm. Uşağın yerini öyrənin, qohumlarınızı, sizə kömək edə biləcək hər kəsi səfərbər edin, uşağı ordan çıxardın. Özünüzü ələ alın, əldən düşməklə, ağlayıb-sızlamaqla siz ancaq özünüzə ziyan verirsiniz. Siz uşağı gətirin, ondan sonra oğlunuzun daimi yaşayış yerinin sizin mənziliniz kimi qeyd edilməsinə nail olmağa çalışarıq. 

Söhbətimiz qurtarandan sonda üzümü soyuq su ilə yudum. Güzgüdə özümə baxdım. Vəkil haqlı idi. Neçə gün idi ki, mən öz gücümü ağlamağa, qorxmağa, özümü üzüb əldən salmağa xərcləyirdim. Buna görə də, indi güzgüdən mənə başqalarını asanca sındırmağa, özünə tabe etməyə çalışdığı, zəif bir qadın görürdüm. Bunu kim istəsə, asanca edə bilərdi, çünki körpəlikdən təlqin etmişdilər ki, mənim həyatım, taleyim atama, ərimə məxsusdur. Mənim nə etməli olduğumla bağlı ancaq onlar qərar verə bilərlər. 

İçimdəki səs daima bunun əleyhinə çıxmışdı. Qəlbimin dərinliklərində mən bunun doğru olduğunu bilmişdim. 

İndi, güzgüyə baxanda yavaş-yavaş anladığım bir şey vardı. Mən nə etsəm də, necə yaşasam da, ətrafımı heç vaxt razı sala bilməyəcəkdim. Seçdiyim yol nə olur-olsun, heç kim, heç vaxt məndən razı qalmayacaqdı. Bəs, mən niyə özümə əzab verirdim. Yaxşı, itaətkar, doğru-düzgün yaşayan qadın olduğumu kimə sübut etməyə çalışırdım? Niyə özüm istəyən kimi yaşamırdım? Niyə artıq öz rahatlığımı düşünmürdüm? 

Lenanın sözlərini xatırladım. O deyirdi ki, mən də anam kimi, özümü dəyərsizləşdirirəm. Düz deyirdi. Mən öz uşağım üçün hər şeyi eləmişdim. Sevmişdim, qayğısına qalmışdım. Seksual orientasiyamın oğluma heç bir dəxli yox idi. Lezbiyan olmağım məni pis ana etmirdi. 

Mən artıq özümlə nəsə etməli idim. Özümü hamının kefi istəyəndə gəlib döyəcləyə biləcəyi yastıq vəziyyətindən çıxarmalı idim. Məni vurmaq, əzmək başqaları üçün daha belə asan olmamalı idi. Mən də istədiyim işi seçə bilməli, istədiyim şeyi geyinə bilməli, istədiyimi edə bilməli idim. Kimi sevəcəyimə, kiminlə yaşayacağıma da artıq təkcə özüm qərar verməli idim. 

Həmin dəqiqələrdə mən qətiyyətlə dolu idim. Artıq həyatımı öz əllərimə almalı, özümü toparlamalıydım. Mən daha heç kimin əmrinə tabe olmayacaq, heç kimə mənimlə istədiyini etməyə icazə verməyəcəkdim. Bunda sonra başqalarının istədiyi kimi deyil, öz istədiyim kimi yaşayacaqdım!

Özümə gələndən sonra soyuq başla düşünməyə başladım. Samir uşağı ona görə aparmışdı ki, məni sındırsın, özünə tabe etsin. İstəyirdi məni darmadağın eləsin, mən də sonunda onun şərtlərinə razı olum. Deməli, oyunun qaydalarını dəyişməyin vaxtı idi. Gələn həftə növbəti məhkəmə iclası idi. Samir də gələcəkdi, gəlməyib, nə edəcək. O vaxta qədər özümü ələ alıb, plan qurmalı idim. 

Həmin gecə mən evə qayıdanda daha sakit idim. Bir az əvvəlki qorxulardan nə isə qalmışdı, amma mən özümü ələ alır, pis fikirləri başımdan qovurdum. Yolun yarısında hiss elədim ki, evə getmək istəmirəm, şəhərdə bir az dolaşmaq, insanlara baxmaq, təmiz hava udmaq istəyirəm. 

Maşını yaxınlqdakı binanın dayanacaq yerində saxlayıb, düşdüm. Ayağımı çölə atan kimi, havanın ilıqlığını, xoşluğunu hiss elədim. Yayın ortaları idi. İlahi, yay gəlmişdi, mənsə ağacların necə yaşıllaşdığını, kolların gül açdığını, havanın isindiyini belə hiss etməmiş, heç nəyin fərqinə varmamışdım! 

İlıq meh üzümə vurur, elə bil ürəyimi isidirdi. Yasəmən qoxusu hər tərəfdən axıb, bunruma dolurdu. Günəş çoxdan qüruba əyilmişdi, amma hələ də hər tərəfə narıncı-qırmızı işıq yayırdı.

Sağımdan-solumdan cüt-cüt, tək-tək adamlar keçib gedirdi. Bəzən şən, səs-küylü dəstələri də görürdüm. Kimsə tələsir, kimsə telefonla danışa-danışa, tələsmədən yeriyirdi. Kimsə sürətlə velosipedlə ötüb-keçirdi. Şosse ilə maşınlar, avtobuslar şütüyürdü. Şəhər öz adi günlərindən birini yaşayırdı. Amma bütün bunlar mənə yenilik kimi gəlirdi, sanki bu gün hər şey başqa cürə idi. Paytaxtın bu izdihamlı, səs-küylü həyatının, saysız qoxularının və hərəkətinin ortasında mən özümü sahildəki qum zərrəciyi kimi hiss edirdim. Amma öz sahili ilə, dənizlə, dünya ilə həmahəng olan bir qum zərrəciyi kimi...

Bu bahar, bu yay uzunu nələr baş vermiş, həyatımda nələr dəyişmişdi? Addımladıqca hiss edirdim ki, bütün bədənimdə, canımda bir yüngüllük peyda olub, yerişim isə heç vaxt belə rahat, azad olmamışdı. Başıma gələn bütün bədbəxtliklər, dərdlər elə bil, mənimlə deyil, kimsə başqa biri ilə baş vermişdi. Yaxındakı skamyada oturdum. Gözlərimi yumub, başıma gələnləri bir daha düşündüm. İndi qarşımda yeni bir iş durmuşdu. Yaşamağı, istədiyim kimi yaşamağı öyrənməli idim. Düşünürdüm ki, gözlərini 25 yaşında açmaq necə bir hissdir? Qorxulu idi. Amma qorxulu olduğu qədər də, qarşıdakı yeni həyatın,  yeni münasibətlərin, yeni dostların verdiyi həyəcan da vardı. Ən əsası, qarşıda yeni “mən”ə alışmaq...

Samirlə toy günümüz yadıma düşdü. Daha doğrusu, toyumuzdan biri. Həmin toy rəsmi nikah mərasimindən bir gün əvvəl baş tutmuşdu. Həmin gün əynimdə gəlinlik donu, əlimdə gül çələngi ilə güzgüyə baxanda nəyə görəsə ağlıma o vaxta görə qorxunc bir fikir gəlmişdi: nədənsə, günlərin birində boşanacağımı düşünmüşdüm. Bu fikir ağlımdan bircə anlığa keçmişdi, belə qorxulu bir şeyin beynimdə çox qalmasına icazə verməmişdim. Amma indi fikirləşirəm, deməli, qəlbimin dərinliklərində mən seçimimin doğru olmadığını bilirmişəm, beynimin hansısa qatı mənə ipucu vermişdi, amma mən qəbul etməmişdim. 

Evə çatıb, çay dəmlədim, televizoru açıb, baxmağa başladım. Sakitlikdən, təklikdən xoşum gəlməyə başlayırdı. Heç nə etməmək, heç nəyin dərdini çəkməmək necə də yaxşı şeymiş. Deməli, təklik lənət deyil, xoşbəxtlik də ola bilərmiş. Oğlum doğulandan bəri bütün vaxtımı ancaq onunla keçirirdim, özümə heç vaxt ayıra bilmirdim. Mənə elə gəlirdi ki, elə belə də olmalıdır. İndi, özüm üçün nə iləsə məşğul olmaq istəyirdim. Axır ki, mən özüm, təkcə özüm üçün yaşamaq, bunu öyrənmək istəyirdim. 


Powered by Froala Editor