Man with menstruations
Onun baxışlarının arxasında utanc var idi. Şübhələr ətrafını sarır, elə qucaqlayırdı ki, heç kəs onu hələ belə bağrına basmamışdı. O, öz dərisini çox dar, narahat bir paltar kimi geyinirdi, o paltar ki, ona nəfəs almağa imkan vermirdi.
17/Feb/19
8828
Menstruasiyada olan kişi
Onun baxışlarının arxasında utanc var idi. Şübhələr ətrafını sarır, elə qucaqlayırdı ki, heç kəs onu hələ belə bağrına basmamışdı. O, öz dərisini çox dar, narahat bir paltar kimi geyinirdi, o paltar ki, ona nəfəs almağa imkan vermirdi. Həmişə nəsə düz getmirdi, həmişə nəsə çatışmırdı. Hər addımı digərindən daha ağır gəlirdi. Hər nəfəs soyuq bir əsinti olaraq bədəninə dolur, tüklərini ürpədirdi. Hər güzgü bir düşmən idi, görmək istəmədiyi kədərli bir reallıq.
Hara baxacağını bilmirdi, buna görə də noutbuk monitoru arxasında gizlənirdi. Aşağı baxmağı sevmirdi o, başı ilə yer arasında daha çox məsafə olmağını arzulayırdı. Görüntü onu həmişə məyus edirdi.
Yolda gedərkən mağazaların şüşələrinə göz gəzdirərdi arabir, sehrli bir şəkildə, hər dəfəsində fərqli bir şey görmək üçün yalvarırmışcasına. Amma boşuna idi, o da bunu bilirdi.
O, bacardığı qədər dik durmağa çalışaraq addımlayırdı. Bir əli cibində idi həmişə, pulunun orda olduğundan əmin olmaq üçün. Digər əli də heç vaxt yanından ayırmadığı bel çantasının kəmərində. Bir az paranoid idi, çox narahat olurdu.
Gəzərkən sürətini tez-tez dəyişərdi. Bir müddət sonra öz fikirlərinə, heç vaxt reallaşmayacaq xəyallarına dalardı. Hətta gülümsəyərdi öz-özünə bəzən. Adi bir zarafat düşərdi yadına, dodaqlarının bir küncünü yuxarı qıvırardı. Aşağı baxa-baxa gedərdi, öz təsəvvürlərində itmiş halda. Harada ki, o sadə bir oğlan idi. Əslində qəddar bir dünyada yaşadığını unudurdu, harada ki, insanlar düşüncəsizcəsinə sözləri ətrafa səpələyirdi, hər bir sözün ucları əvvəlkindən daha iti.
Kimləsə toqquşardı əvvəl-axır, heç düşünmədən “bağışlayın”, ya da “üzr istəyirəm” deyərdi hər dəfə. Elə həmin saniyədə bütün dünyası sarsılardı. Parçalanar və ətrafa dağılardı, keçən dəfəkindən bu yana güclə yığdığı özgüvəni ilə bərabər. Səsi bir az cingiltili çıxırdı, feminin bir tonla. Başını yelləyərdi, bu detalı özündən uzaqlaşdırmaq, unutmaq üçün. Amma bu hadisə, demək olar ki, həmişə digər şəxsin “eybi yox, xanım” deməyi ilə bitirdi.
Udqunardı başını aşağı-yuxarı hərəkət etdirərək, sakit və köməksizcəsinə, boğazına onlarla şüşə qırığı batırmış kimi hiss edərək. Hər gün tamamilə çökməkdən yalnız bir neçə “xanım”, bir neçə “qızım” qədər uzaqda idi.
O yorulmuşdu. Amma dünya ona öz yerini xatırlatmaqdan yorulmurdu. Nə qədər çalışsa da içində hiss etdiklərini xaricinə yansıda bilmirdi. Gözlərini yumanda o, adi, hündür, arıq bir oğlan idi. Rok musiqisini, kitab oxumağı, pivə və Netflix-i sevirdi. Xəyallarında daha azad, daha rahat və özgüvənli idi o. Heç nədən qorxmurdu, çəkinmirdi. Real heyatda içinə qapalı olsa da, xəyalındakı obraz çox sosial və açıq biri idi. Dərin və qalın səsi vardı, başqa oğlanlarla hamı kimi vaxt keçirirdi. Heç kəs onu doğulanda valideynlərinin ona verdiyi adla çağırmırdı. O, sadə, sıradan bir oğlan idi.
Gözlərini açdığı anda çiyinlərində büstqalterin asılqanlarının təzyiqini hiss edirdi, vaginasından qanayırdı həmin gün. Onun incə beli var idi, insanların kompliment etdiyi. Onun nifrət etdiyi komplimentlər. Eşitməkdənsə kar olmağı üstün tutardı. Həyat onu mağazalarda qadınlar üçün olan bölməyə yönləndirən hər satıcı ilə və hər dəfə don geyinmiş insan fiquru olan ictimai tualetdən istifadə etmək məcburiyyəti ilə daha da dözülməz olurdu.
O, öz bədənini sevməyə çalışırdı. Hər səhər durar və mehribancasına güzgüyə gülümsəyərdi, gördüyü hər nə qədər gözlərinə əzab versə də. Gün boyu mübarizə aparmağa çalışardı. Lakin hər dəfə kimsə onu valideynlərinin verdiyi adla çağıranda, kimsə ona “xanım”, ya da “qızım” deyə müraciət edəndə, hər dəfə öz səsi ilə danışmalı olanda ruhunda dərin kəsiklər peyda olurdu. Günün sonuna qədər tamamilə gücdən düşür və yorulurdu. Düşünərək ki, özünü bu dünyaya heç vaxt olduğu kimi təqdim edə bilməyəcək, bu dünya heç vaxt onu tanımayacaqdı. Heç kəs onu özünün gördüyü kimi görməyəcəkdi. O, heç vaxt həyatını digər oğlanlar kimi yaşaya bilməyəcəkdi. Onun özü olmaq icazəsi yox idi. Nə indi, nə də sonra. O, əsl kimliyi ancaq xəyallarında yaşayacaq və bəlkə də illər sonra dünyanın çox inadkarcasına ona sırımağa çalışdığı kimlik tərəfindən məhv ediləcəkdi.
Onun ən sadə insan hüququ, özü olmaq şansı əlindən alınmışdı. Bu həyatda oynamağı üçün ona bir rol verilmişdi və hər gün bu rolu onlarla insan ona xatırladırdı.
Həyat boyu davam edən bir lənət idi bu sanki. Amma o, bu nağılda tilsimlənmiş incə “princess” deyildi, hər nə qədər nağıl belə olmağını istəsə də. O bilmirdi ki, hər səhər alovun içinə addımlamağa və axşama qədər yenidən külə dönməyə daha neçə gün gücü qalıb.
Müəllif: Sam
Powered by Froala Editor