Virgin Atlantic genderli uniformaları ləğv edib

Britaniyanın Virgin Atlantic hava yolları öz gender kimliyi siyasətini yeniləyib. Bu haqda aviaşirkətin rəsmi vebsaytında məlumat verilib. Artıq aviaşirkətin əməkdaşları cins, gender kimliyi və ya gender özünüifadəsindən asılı olmayaraq, Vivyen Vestvud tərəfindən hazırlanmış ikonik uniformalardan öz istədiklərini seçə biləcəklər. 

Aviaşirkət bildirib ki, öz heyətinin genderləşmiş uniforma geyinməsi tələbini ləğv edir. Bu siyasət Virgin Atlantic heyətinin individuallığını qoruyur və onların özlərini ifadə edə biləcəkləri formanı geyinmələrinə imkan yaradır. Buraya ekipaj heyətinin öz seçiminə görə makiyaj və bədənin açıq hissələrində tatu icazəsi də daxildir. 

Bu siyasətə əlavə olaraq, daha geniş yenilənmələr edilmişdir. Belə ki, heyət öz seçiminə uyğun əvəzliklərlə beyc taxa biləcək. Bilet satışı sistemində isə neytral gender markeri olan pasport sahibləri öz gender kodlarını istifadə edə və neytral “Mx” xitabını seçə biləcəklər. Aviaşirkətin saytında deyilir ki, hazırda ABŞ, Hindistan və Pakistan olmaqla, bəzi ölkə vətəndaşlarının bu cür pasportları var və onlar öz pasportlarına uyğun kodlarla səyahət etməlidirlər. 

Habelə işçi heyətə inklüzivlik haqqında məcburi təlimlər, eləcə də təyinat məntəqəsindəki turizm və mehmanxana tərəfdaşları ilə treninqlər keçiriləcək ki, LGBTQ+ bərabərliyinə doğru gedən yolda baryerlərə rəğmən bütün müştərilər özlərini arzuolunan hiss edə bilsinlər.

Virgin Atlantic bildirib ki, bu qərarlar onların özlərinin 2022-ci ildə apardığı araşdırmanın nəticələrindən sonra qəbul edilib. Belə ki, nəticələrə görə, əməkdaşların iş yerində öz individuallıqlarını ifadə etmək icazəsi onların psixoloji rifahını (49%), xoşbəxtlik hissini (65%) artırır və işçilər və müştərilər üçün daha yaxşı təcrübə yaradır (24%). 

Aviaşirkət bununla əlaqədar promo video da hazırlayıb:



Powered by Froala Editor