Düzünü denən, geysən?
LGBTQİA+ fərdləri haqqında olan diskussiyalar artıq yalnız insanların yaşam tərzi, seçimləri, problemləri barədə olmaqdan çıxıb, mövzuya bələd olmayan bəzi cishetero insanların əyləncəsinə çevrilib.
31/Mar/19
7540
Düzünü denən, geysən?
Baxdığım filmlərdə, real həyatda bu və ya digər şəkildə, demək olar, hər gün LGBTQİA+ haqqında müxtəlif fikirlər, düşüncələr, məlumatlar eşidirəm. Bəziləri maraqlıdır, bəziləri gülünc, bəziləri haqsız, bəziləri xüsusi bir qəzəb doğurmağa qadirdir. LGBTQİA+ fərdləri haqqında olan diskussiyalar artıq yalnız insanların yaşam tərzi, seçimləri, problemləri barədə olmaqdan çıxıb, mövzuya bələd olmayan bəzi cishetero insanların əyləncəsinə çevrilib. Hətta bəzən öz eqolarını tətmin etmək üçün insanların seksual oriyentasiyasından istifadə etməyə də çalışırlar. Necə?
Baxdığım queer filmlərin biri məndə çox böyük diskomfort yaratmışdı, o narahatlığı yaradan səhnə barədə axtaranda isə bununla bağlı kiminsə hələ də diskussiya başlatmamış olmağı məni çox məyus etmişdi. Filmin adı: “Alex Strangelove”. Bəlkə eşitmisiz, bəlkə də baxmısız. Baxarkən sizə də nəsə qəribə gəlmədi ki?
Öz sevgilisini bir insan kimi çox sevən Aleks bir müddətdən sonra başa düşür ki, sevgilisi olan qıza, Kleirə qarşı heç bir seksual istək duymur. Orta məktəbdə oxuyan bu gəncin artıq bütün dostları seksual təcrübə yaşamışdı. Hələ özünü hazır hiss etmədiyi üçün dostları tərəfindən yüngülvari də olsa lağa qoyulur, hətta Kleir dostları qarşısında Aleksin bakirliyini əldən buraxmaq istəməməyi ilə bağlı şikayət də edir. Bura qədər hər şey kifayət qədər qeyri-etik olsa da, bundan sonra baş verənləri artıq sadəcə yeniyetmə dövrünün gətirdiyi əhli-kefliklə əlaqələndirmək çətinləşir. Kleir seksual və fiziki cəhətdən olmasa da, Aleksə psixoloji basqı edir, nəticə etibarilə yeniyetmə oğlan bunu istəməli olduğu düşüncəsi ilə özünü əlaqəyə girməyə psixi olaraq hazırlamağa çalışır. Film boyu Aleksin keçirdiyi hislər, tələskənlik, özünə əminsizlik və seksuallığı ilə bağlı şübhələri aydın təsvir edilib. Filmin sonuna yaxın Kleir ilə hoteldə görüşürlər və cəhdlərinə başlayırlar. Amma bacarmırlar, Aleks istəmədiyini bildirərək məsələni sonlandırmağa çalışır. Kleir isə təkidlə niyə bunu etmək istəmədiyini Alexdən soruşur və cavab ala bilməyəndə o məşhur sualı verir: “Geysən?”
Məsələ orasındadır ki, Aleksin başqa bir oğlandan xoşu gəlirdi. Amma məsələ bu qədər sadədirmi? Oğlanın hansısa qızla seksə marağı olmayanda onun avtomatik olaraq “gey” olduğunun düşünülməsi nə filmlərdə, nə də real həyatda az rastlaşdığım bir şey deyil. “O oğlan səni bəyənmirsə, geydi” tipli cümlələr, məncə, heç kəsə yad deyil. Burda haqsızlığa uğrayanlar kimlərdi?
Bir oğlanın əlaqəyə girməmək üçün bir bəhanəyə, hansısa dramatik səbəbə ehtiyacı yoxdur, istəmirsə, istəmir və bu mövzu müzakirəyə açıq olmamalıdır. “Oğlanların hamısı seksə meyllidir”, “heç bir oğlan hansısa qıza “yox” deyə bilməz” məsələləri kişilərin azadlığını, rahatlığını məhdudlaşdırır, bəzi hallarda həmin kişiyə təcavüz edilməsinə qədər gedib çıxarır.
Mənim haqqında danışmaq istədiyim, hetereseksual fərdlərin digər oriyentasiyaları, gender kimliklərini öz maraqları üçün qeyri-ciddi pozisiyalara qoymağıdır. Hansısa fərd özünün qarşı cins tərəfindən “maraqsız”, ya da “cazibədar olmayan” tipdə qarşılanmasını qəbul edə bilməyəndə, digərinin üzərinə “gey”, “lezbiyan” damğalarını yapışdırır. Bu damğaların fərdin sonrakı həyatına, seksuallığı və öz bədəni ilə münasibətinə olan təsirləri isə dərin və ağır bir mövzudur.
Bununla bağlı başqa bir nümunə üçün “Shameless” serialının ilk sezonunun ikinci və üçüncü seriyalarına baxa bilərsiniz. Qeyd edim ki, media da hər dəfə hansısa qızla bir yerdə olmaq istəməyən oğlanı “gey” olaraq qələmə verib bunu normallaşdırır və səhv mesaj ötürür.
“Sense8” serialında iş yoldaşı oğlanın ona “yox” deməyinə rəğmən içərək evinə qədər gəlir, etirazlara baxmayaraq, qız oğlanı soyundurmağa çalışır, özü soyunur və ancaq onun başqa kişi ilə bir yerdə olduğunu öyrənəndən sonra dayanır. İndiyə qədər də heç kəsin bu səhnə barədə cinsi qısnama olaraq danışdığını görməmişəm. Gey insanlar digərləri rədd edilməyi daha rahat qavrasın, eqoları incinməsin deyə mövcud deyil. Cinsi əlaqəyə istəksizliyin ancaq həmin cinsə qarşı marağın olmamağı ilə assosiasiya olunması isə sadəcə olaraq absurddur.
Bu yaxınlarda eşitdiyim başqa bir metod isə belədir (xarici bir post idi): bəzi qızlar hansısa oğlan onlardan əl çəkməyəndə, yalandan trans qadın olduqlarını deyərək həmin insandan yaxa qurtarmağa çalışırlar. Bu, nə qədər etikdir? Danışdıqları qızın cisgender deyil, transseksual qadın olduğunu düşünən həmin oğlanların çoxu artıq onlara yazmağa davam etmədiyi üçün bu metod çox vaxt “uğurlu” olur. Amma nəyin bahasına? Trans olduğuna inanan şəxsin ondan uzaqlaşacağını düşünərək, trans qadınlara qarşı olan diskriminasiya və önyarğıdan istifadə edilməsi nə dərəcədə doğrudur? Bu, trans qadınların “əsl qadın” olmadığını deyən, onları yalnız “penisli qadın”* olaraq qavrayan bir sistemi dəstəkləmək deyilmi? Soruşanda verdikləri cavab “buna məcbur qaldıqları” olur.
LGBTQİA+ cisgender heteroseksual insanlar daha rahat yaşasın deyə burada deyil və vəziyyətdən sui-istifadə etməyin özünün homofobiya və qərəz olduğunu düşünürəm.
“Penisli qadın” deyərkən burda cəmiyyətdə trans insanları genitaliyaları çərçivəsində qavramağı nəzərdə tutulur. Təbii ki, hansısa qadının penisinin olmağı onu “daha az qadın” etmir.
Müəllif: Jack