Pinkvoşinq nədir?
Pinkvoşinq (pinkwashing) birdən çox mənası olan bir termindir, ancaq daha çox seksual azadlıq hərəkatlarının gerici siyasi məqsədlər üçün qəsdən mənimsənilməsini ehtiva edir
03/Oct/22
1429
Pinkvoşinq (pinkwashing) nədir?
Pinkvoşinq (pinkwashing) birdən çox mənası olan bir termindir, ancaq daha çox seksual azadlıq hərəkatlarının mürtəce siyasi məqsədlər üçün qəsdən mənimsənilməsini ehtiva edir.
“Pinkwashing” ifadəsinin ilk istifadəsi sosial və ətraf mühit ədalətinin kəsişmə nöqrəsində döş xərçəngi ilə mübarizəyə həsr olunmuş bir qurum olan "Breast Cancer Action"a aiddir. Xoş olmayan faktları gizlətmək və ya seyrəltmək mənasında işlədilən “vaytvoşinq” (whitewashing) termini ilə əlaqəli bir ifadə olan pinkvoşinq – kanserogen məhsullar istehsal edib satdıqları halda döş xərçəngi üzrə xeyriyyə təşkilatlarına dəstəyi simvolizə edən çəhrayı lentdən istifadə edən şirkətləri tənqid etmək üçün 2002-ci ildə yaradılıb.
Pinkvoşinq hal-hazırda əsasən LGBTİQ+ hərəkatının müəyyən bir korporativ və ya siyasi agendanı təbliğ etmək üçün mənimsənilməsini ifadə edir. Başqa sözlə, təşkilatlar proqressiv kəsimdən dəstək qazanmaq üçün özlərini "gey dostu" kimi təqdim edərək özlərinin zorakı və qeyri-demokratik aspektlərini maskalayırlar.
Bəlkə də pinkvoşinqin ən diqqət çəkən nümunəsi İsrailin özünü Orta Şərqin "gey Məkkə"si olaraq tanıtmaq üçün həyata keçirdiyi PR kampaniyasıdır. Bu kampaniya xüsusilə Sabra və Şatila Qətliamlarının qlobal mediada yer almasından sonra insan hüquqları pozuntuları səbəbilə mətbuatdan aldıqları tənqidlərə birbaşa cavab olaraq meydana çıxıb.
Aktivistlər İsrailin pinkvoşinq cəhdlərini seksual kimlikdən asılı olmayaq fələstinlilərə qarşı etdikləri insan hüquqları pozuntularını maskalamaq və legitimləşdirmək təşəbbüsü kimi problemləşdirdi. Fələstinlilər kütləvi şəkildə bombalananda kuir fələstinlilərin canı bağışlanmır, nə də onlara Qəzzadan sərbəst çıxış icazəsi verilmir. İsrail aparteidi altında mariginallaşdırılmaqdan azad deyillər və əslində hiper-transqressiv fərdlər olaraq daha şiddətli zorakılığa məruz qalırlar. Fələstinli kuirlər homofobiya və transfobiya ilə yanaşı, möhkəmlənmiş kolonializm və işğal zorakılığından əziyyət çəkir.
Bundan əlavə, kuir fələstinlilərin kimlikləri mütəmadi silindiyi və manipulyasiya edildiyi üçün onlar epistemik zorakılığın subyektinə çevrilir. Kuirliyi qeyri-ərəb sahələrinə endirən bir hekayə altında İsrail onların kimliklərini "fələstinli" və "kuir" olaraq iki yerə bölüb, bir-birindən çıxdaş edir və fələstinlilərə qarşı bütün zorakılığı ört-basdır edir. Alternativ olaraq, İsrail özünü fələstinli və ərəb kuirlərin xilaskarı olaraq fərz edir. Təbiətən oriyentalist və islamofobik olan bu ritorika altında Fələstin cəmiyyəti geridəqalmış, fələstinli kuirlər isə xilas edilməyə möhtac hesab edilir (İsrail tərəfindən).
İsrailin kampaniyası LGBTIQ+ hüquqları əskikliyinin fonunda xüsusilə ironikdir. Məsələn, Pravoslav dini qanunlarına əsasən İsrail gey cütlüklərin evlilik və uşaq himayə etməkdə iştirakçılığına qadağa qoyur. Bu istiqamətdə ABŞ-dakı İsrail tərəfdarı olan AIPAC lobbisi Dövlətin LGBT hüquqları barəsində proqressiv mövqeyi ilə öyünərkən, eyni zamanda məşhur homofob, sabiq vitse-prezident Mayk Pensi illik konfranslarında danışmağa dəvət etmişdi. Kuir azadlığının əsas şərtləri səmimi şəkildə deyil, daha çox digər basqılardan diqqəti yayındırmaq üçün strategiya olaraq istifadə edilir.
Pinkvoşinq sadəcə İsrailə aid deyildir, belə ki, ABŞ və Avropada da radikal sağ asanlıqla pinkvoşinq strategiyalarını istifadə edir. Bu bayağılıqda bəziləri mühafizəkar kuirləri öz məqsədlərinə daxil etmək üçün dayaz bir şəkildə pro-lezbiyan və pro-gey platformalarını mənimsəyib. 2017-ci ildə Fransada keçirilən prezident seçkilərində həddindən artıq sağçı namizəd Marine Le Pen özünə gey məsləhətçilər - Florian Philippot və Sébastien Chenu təyin edərək, partiyasının ənənəvi homofob platformasından uzaqlaşdı. Eyni zamanda, tam sağçı təmsilçi Milo Yiannopoulos Orlandonun Pulse gecə klubundakı silahlı hücumda müsəlmanları müqəssir hesab etmişdi. O, bu faciəni rasist, anti-immiqrant və islamofobik agendanı təşviq etmək məqsədilə "LGBT hüquqları" üçün bariz narahatlıq dönəmində istifadə etdi. Bənzər şəkildə, Birləşmiş Krallıqda yerləşən və ultra-konservativ bir qrup olan İngilis Müdafiə Liqası (The English Defense League) "LGBT azadlığı" ön şərti altında ksenofobik və anti-müsəlman ritorikasını gizləyir. Liqa hətta Birləşmiş Krallıqdakı "homofobiyanı yox etmək" üçün müsəlmanları İngiltərədən qovmağı hədəfləyən bir LGBT diviziyasını ehtiva edir.
Jasbir Puar "Homonasionalizmi Yenidən Düşünmək" (Rethinking Homonationalism) məqaləsində pinkvoşinq taktikalarının arxasındakı ideoloji gücü dekonstruksiya etmək üçün əlverişli bir sistem təqdim edir. Puar LGBTIQ+ lərin və ya onların hüquqlarının necə milliyyətçi, sağ qanadlı və ya neoliberal hərəkatlar tərəfindən assimilyasiya edilə biləcəyini təsvir etmək üçün "homonasionalizm" terminini istifadə edir. Puara görə pinkvoşinq seksual modernliyin "milli suverenlik hüququ və tutumunun qiymətləndirildiyi bir barometr" halına gəldiyi Avro-Amerika homonasionalizminə müraciəti ifadə etməyə başlamışdır. Başqa bir sözlə, bir ölkənin LGBTIQ hüquqları ilə əlaqəli tək bir məsələ ilə bağlı mövqeyi Avropa-Amerika düşüncəsindəki bütün digər zorakılıq formalarını yaxşılaşdıra bilər.
İronik olaraq, pinkvoşinq istifadə edənlər fundamental olaraq homofobikdir, çünki kuir azadlığı irqi, iqtisadi və digər bütün ədalət formaları olmadan əldə edilə bilməz. Səthi həmrəylik nümayişləri altında quruluşlar əslində heteromormativ zorakılıq sistemlərini dəstəkləməyə davam edərkən kuirlərin əzilməsində öz paylarını gizləyirlər.
Pinkvoşinq təzyiqləri individuallaşdırmaq üçün “parçala və hökmranlıq et” taktikalarını istifadə edərək həqiqi ədalət cəhdlərini baltalayır. Kuirlər müsəlmanlar, qeyri-ağlar və ya immiqrantlarla qarşı-qarşıya gəldikcə, bu qrupların hər biri daha asan fəth ediləbilən vəziyyət alır. Təzyiq sistemlərini aradan qaldırmağa çalışan hərəkatlar qazanc əldə etmək üçün digər qruplara təzyiqi təşviq etmək əvəzinə, bunu qeyd-şərtsiz etməlidir.
Pinkvoşinq bəlkə də ən şiddətli şəkildə bu praktikanın mariginallaşdırdığı icmalarda kuirlərin varlığını silir. "Biz onlara qarşı" hekayəsini konstruksiya edərkən pinkvoşerlər özlərini (və müraciət etdikləri insanları) kuir təcəssümün yeganə sahibləri kimi təsvir edirlər. Başqa sözlə, kuirlik mariginallaşdırılmışların arasında kuir kimliklərin olma mümkünlüyünü inkar edərək "Qərb" üçün ekskluziv olaraq ifadə edilir. "Ərəb kuir" kimi "özgələşdirilmiş" kuir kimliyinin inkarı vasitəsilə, pinkvoşinq kuirlik və digər təzyiq sahələrinin kəsişmə nöqtələrində təzyiq altında olanları çoxtərəfli marginallaşdırır.
Mənasının özəlliyi nə olursa olsun, pinkvoşinq məkrli agendaları təşviq etmək üçün mariginallaşdırılmış seksual kimliklərin istismarını ifadə edir. Fərdlər öz yerlərinin fərqinə vararaq və buna qarşı çıxaraq mənimsənmiş hərəkatlarını geri qazana, onları mənalı kollektiv sosial dəyişikliyə doğru yenidən yönləndirə bilərlər.
Tərcümə: Raven
Mənbə: femmagazine.com
Powered by Froala Editor