Trans çempion
2022-ci ilin mart ayında Amerikada universitetlərarası üzgüçülük çempionatında 500 metr məsafədə sərbəst üsulda çempion Lia Tomas oldu
09/Oct/22
1252
Trans çempion
2022-ci ilin mart ayında Amerikada universitetlərarası üzgüçülük çempionatında (NCAA Divison I Women’s Swimming and Diving Championship) 500 metr məsafədə sərbəst üsulda çempion Lia Tomas oldu. Tomas bu çempionatı qazanan ilk açıq trans atlet olaraq tarixə keçdi. Baxmayaraq ki, oyundan əvvəl bütün idmançıların keçdiyi sağlamlıq nəzarəti prosesindən uğurla keçən atletin bu uğuruna kölgə salmaq “cishetero” cəmiyyətin çox vaxtını almadı. Digər iştirakçılardan və mediadan gələn çoxsaylı təzyiqlərdən sonra Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) kişi cinsi yetkinliyinin hər hansı bir dövrünü yaşamış trans idmançılara qadın kateqoriyalarında yarışmağı qadağan etdi.
2019-cu ildə trans olduğunu açıqlayan 23 yaşlı Tomas 2019-2022 arasında qadın kateqoriyaları üzrə yarışmağa başlamışdır. Təəccüblüsü isə, qadın kateqoriyasında yarışan trans fərdlərlə bağlı mübahisənin Lia Tomas bu il NCCA yarışmasında qalib gəldikdən sonra alovlanmasıdır. Çünki əgər trans iştirakçılar qalib gəlmirsə, və ya ilk üçlükdə yer almırsa, heç kim onların iştirakına etiraz etmir və mediada xəbər belə tapmaq olmur. Buna iki misal gətirmək olar. Bundan əvvəl Laurel Hubbard Tokio 2020 Olimipadasında ağırlıqqaldırma üzrə iştirak edərək dünya Olimpiada tarixində [1] qeydə alınmış ilk trans atlet kimi tarixə keçmişdi. Amma o, cəhdlərinin heç birində uğurlu ola bilməmişdi. Yay Oyunlarında yarışan kanadalı trans qadın oxatan Stefani Barret qadınların fərdi yarışında 33-cü olub.
Bu qərar o deməkdir ki, Olimpiadada yarışmaq istədiyini deyən amerikalı üzgüçü Lia Tomas ilə birlikdə Tanner Şkalasının [2] ikinci mərhələsindən sonra kişi cinsi yetkinliyini yaşayan insanlar artıq qadınlar kateqoriyasında yarışa bilməzlər. FINA üzvləri qeyd ediblər ki, qadınların yarışlarında yalnız 12 yaşına qədər trans üzgüçülər iştirak edə bilər.
Beynəlxalq Olimpiya Komitəsi trans idmançıların iştirakını hər idman növü üzrə ayrıca müəyyən etməyi qərara almışdı. Bundan sonra Dünya Reqbi Federasiyası da Üzgüçülük Federasiyasından sonra “sağlamlıq və ədaləti” əsas gətirərək trans fərdlərin iştirakını qadağan etmişdi.
Məsələnin problemli yanı isə hal-hazırda trans qadınların (və ya kişi fərdlərin) tam keçid və ya hər hansı bir keçid mərhələsində (məsələn, hormonlar qəbul etməyə davam etmək, cərrahiyyə əməliyyatları keçirmək) atletik üstünlüyə malik olduqlarını və buna görə də digər idmançılara məhdudiyyət törətdiklərini birbaşa təsdiq edən tədqiqatın olmamasıdır. Ona görə də transların iştirakı ilə bağlı qadağalar və ya yarış məhdudiyyətlərinin qoyulmasına nəzarət gücləndirilməlidir. [3]
Hətta həm professional, həm də həvəskar imdanla məşğul olan idmançılarla intervyu zamanı onlar yarışlarda həmişə diskriminasiyaya və mənfi təcrübələrə məruz qaldıqlarını qeyd edirlər.
“Yarışlarda uğur qazanmaq üçün gücdən başqa tələb olunan faktorları kənara qoymaq olmaz. Güc atletin üstünlüyə malik olub-olmadığını müəyyən edən bir neçə amillərdən sadəcə biridir, o cümlədən davamlılıq, dözümlülük və bədən kütləsi kimi” (Joanna Marie Harper).
Özü də trans qadın, tibbi fizik olan və Loughborough Universitetində araşdırmaçı işləyən Harper idmanda [4] yarışan trans qadınların "ədalətsiz" üstünlüyə malik olacağı fikrini rədd edir və qeyd edir ki, bir idmançının necə performans göstərdiyini formalaşdıran bir çox başqa amillər var, məsələn əl-göz koordinasiyası və ya texnika.
Harper tarixdə trans idmançıların performansı haqqında rəy məqaləsi dərc edən, eyni zamanda Beynəlxalq Olimpiya Komitəsinin gender və idman məsələləri üzrə məsləhətçisi olan yeganə transdır. İdmançılarda əlavə dözümlülüyə səbəb əsas amillərdən biri də hemoqlobindir.
Harperin araşdırmaları göstərib ki, testesteron səviyyəsini aşağı salan dərmanlar və digər vasitələr trans qadınlarda hemoqlobin səviyyəsini də cisgender qadınlarla eyni səviyyəyə endirir, bununla da haqsız üstünlüyü aradan qaldırır.
Heç bir ciddi elmi araşdırma olmadan transların yarışlardan uzaqlaşdırılması və belə bir ciddi diskriminasiyaya məruz qalması insan haqları pozuntusudur. Translar və idman yarışları haqda olan və məqaləmdə də mənbə olaraq istifadə etdiyim bəzi elmi məqalələrə aşağıda göstərdiyim linklərdən keçid edə bilərsiniz.
Mənbələr və açıqlamalar:
1. İctimaiyyətə açıqlama edənlərdən söhbət gedir, çünki yarış müddətində kaminq aut etməyən digər idmançılar haqda dəqiq məlumat yoxdur.
2. Tanner Şkalası - uşaqlar, yeniyetmələr və böyüklər üçün fiziki inkişaf miqyasını göstərən şkaladır.
3. Sport and Transgender People: A Systematic Review of the Literature Relating to Sport Participation and Competitive Sport Policies (2016) - Burdan “Springer link”-də hamıya açıq şəkildə paylaşılan məqaləyə keçid edə bilərsiniz.
4. How does hormone transition in transgender women change body composition, muscle strength and haemoglobin? Systematic review with a focus on the implications for sport participation (2021)
Powered by Froala Editor