LGBTQ+lər azad olmadan, məkanlar azad olmayacaq!

Bir dəfə belə bir cümlə işləndi: “LGBTQ+lər azad olmadan, heç kim azad olmayacaq”.

Hazırda günümüz onlayn və oflayn olaraq fərqli məkanlarda cərəyan edir. Bizi bəzən toksik sosiallaşma cəhdlərinə də çəkən məkanların bir çoxunda istəyimizlə, bəyansız, məcburən digər insanlarla kontaktlar qurmalı oluruq. Dövri olaraq qurduğumuz kontaktlar bizim mental sağlamlığımıza da kifayət qədər təsirlidir. Bir dəfə LGBTQ+lərlə getdiyim turda müşahidə etmişdim ki, iştirakçılar öz komfortlarının pozulduğu mühitləri danışdıqda küçədən savayı, hansısa kafeləri, yaxud da məcburi olaraq getməli olduqları dövlət binalarını deyirlər. Məhz buna görə də cəmiyyət tərəfindən təcrid olunmağa çalışıldığımız dövrlərdə təhlükəsiz məkan (safe space) qadınlar* və kuirlər üçün olduqca əsasdır. Təhlükəsiz məkan - şəxsin kimliyinə, özünü ifadəsinə görə təcridedici akt baş vermədiyi təqdirdə təhlükəsiz hiss etdiyi yerdir. Bu məkanlar təkcə kofeşoplar, restoran, sənət məkanları, anti-kafelər və s. ilə limitli deyil. Eləcə də sosial media platformaları, olduğumuz qrup/kanallar da bu məkanlardandır.

Azərbaycanda feminist, LGBTQ+ məkanların publikə açıq qurulması qeyri-mümkündür. Bu, birbaşa olaraq potensial təhlükəli insanların hədəf nöqtəsinə çevrilməyə gətirərkən nə dövlət, nə də polis məkanlarımızın təhlükəsizliyi üçün çalışmayacaq. Məsələn, Azərbaycanda sosial mediada işıqlanan bir neçə internet məkanlarında baş verən kuirfob aktlar mövcuddur və sonları zərərçəkənlərin intiharı ilə də nəticələnib. Son dövrlərdə Telegram sosial şəbəkəsində cərəyan edən faşist kanallar kuirlərin şəxsi görüntülərini paylaşaraq ifşalayır. Polisə gedən onlarla şikayətin cavabı isə “kanal adminləri xaricdədir deyə tapa bilmirik”dir. Yəni Azərbaycan dövləti sadəcə Telegram ilə kontakta keçə bilmir, insanları toplu şəkildə hədəf göstərən dəstələri dayandırmaqda acizdir. Hansı ki, bu dövlət öz “dəyər mərkəzlərini” tənqid edən istənilən insanı dünyanın hər ölkəsində ölümlə hədələyə bilir. Amma mövzu LGBTQ+ vətəndaşların təhlükəsizliyi olduqda onların qarşısındaki “ciddi” əngəl hətta güclü təhlükəsizlik orqanlarını da aciz qoyur?

Vətəndaş cəmiyyətinin qurduğu məkanların polis tərəfindən basıldığını, LGBTQ+ klubların, parti və ofislərin daim nəzarət altında saxlanılmağa çalışıldığını görürük. Bir dəfə getdiyim bir kuir klubda görmüşdüm ki, məkanın qapısının önündən daim formalı və mülki polislər keçir ki, “ilişməyə” yer tapsınlar. Yaxşıca da rüşvətlərini alırlar. Hətta onlar icmalara o qədər qorxulu mühit yaradıblar ki, parti zamanı kiçik mübahisə yaşandığı üçün hər kəs həmin mübahisəni sonlandırmaq və ya partiyə davam edərək mövzunu təşkilatçılara vermək əvəzinə, əlini çantasına ataraq qaçmağa çalışırdı. Çünki bilirdilər ki, kuirlər və qadın*lar öldürülərkən gəlib-çıxmayan polis saniyələr içərisində məkanı basa və insanları bölmələrə apararaq təhdid edə bilər. 

Məkanlarla bağlı danışdıqda ağlıma hər zaman hakimiyyətə alternativ olmaq istəyənlərin çıxıb tədbirlərində “insan resursu” haqqında danışdıqları şablonlar gəlir (həvəslənməyin, oradaki “insan” bəndindən LGBTQ+lər xüsusən çıxarılıb). Maraqlısı isə budur ki, bu alternativlərdən danışan şəxslərin də özlərinin əlində imkan olan kimi kuirləri qırmaq istəyəcəyini bilirik.

Bir dəfə Qürur ayı ilə bağlı “Caspian Platforum” adlı bir məkanda konfrans keçirirdik. Hələ tədbir başlamamışdı və insanların çoxu yox idi. Bu zaman jurnalistlərdən biri gülərək məkanın sahibi və həmin gün məkanın idarəçisi olan Bəxtiyar Hacıyevə dedi ki: “Bəxtiyar bəy, keçin sizi bayraqla (göyqurşağı bayrağı) çəkim, həhəhə.” Elə Bəxtiyar bəy də həftə boyu bu şit zarafatı gözləyirmiş kimi güldü. Etik normaların başını buraxın, cis-hetero kişilərdən xüsusi etika gözləmək ümidini uzun müddətdir itirmişəm. Çox maraqlıdır ki, bir müddət sonra müsəlman şiələrin də tədbirində kostyum geyinən Bəxtiyar bəy (bizim tədbir zamanı gözəl bir kofta geyinmişdi. Deyə bilərəm ki, kofta ona rəsmi kostyumdan daha çox yaraşır) şiələrə də elə gülə bilərdi? Hansı ki, biz tədbirdən əvvəl düşünmüşdük ki, “görəsən məkana təhlükə yaratmırıq?”. Səhv bizdədir ki, belə şey düşünmüşük. Qoy təhlükə yaransın, Bəxtiyar bəy də başa düşsün ki, LGBTQ+lər azad olmadan, heç kim azad olmayacaq. Amma mən hələ də o məkana gedirəm, çünki alternativlər çox azdır.

Yaxud da kuirlərin çox getdiyi kofeşoplardan biri olan “Coffee-Moffie” adlı, işçilərinə N qədər iş gördürüb 300 manat pul verən məkan öz tualetlərini “qadın/kişi” olaraq böldükdə onlara həmin məkana transların da gəldiyini və bundan narahat olduqlarını aşağıdaki ürək sözləri ilə demişdim:

“Salam Coffee-Moffie-yə cavabdeh şəxslər,

mən uzun bir müddətdir ki, kofeşopun daimi müştərisiyəm. Özümü komfortda hiss etdiyim məkan, ərazinin rahatlığı, məkanın LGBTQ+lər üçün görünən qədər problemsiz olması kimi səbəblərdən məkan hazırda mən və bir çox insanın sevimlisidir. Məhz LGBTQ+ senzura tətbiq olunmadığı üçün Coffee-Moffie-ni seçən onlarla insan tanıyıram ki, fobik ölkədə bu alternativi tapmaq hamıda xoş aura yaradır.

Təəssüf ki, məkanın genişləndirilməsindən sonra məkanda tualetlərlə bağlı ciddi problemlər yaşayırıq. Əvvəl 1 ədəd gendersiz tualet olduğu üçün belə halla üzləşməmişdik, indi isə say 2 sanitar qovşağına qalxsa da, məkanda translar olaraq məhz təyin olunma mövzusuna görə disforiya yaşayırıq. Tualet növbəsində "kişi" üçün labüdləşdirilən tərəfə şəxsim olaraq deyə bilərəm ki, girməkdə çətinlik çəkirəm. Gündəlik həyatımda mənə təyin olunan genderi orada "könüllü qəbullanmaq" istəmirəm. "Qadın" olaraq yazılan tərəfə girmək bu zaman mənim tək alternativimdir, amma bu zaman qadın olaraq təyin olunmadığım üçün digərlərinə uzun bir növbə verməli, və ya tualetin qarşısının tamam boşalmasını gözləməli oluram. Bir neçə dəfə də "kişilər üçün o biri tərəfdir" ifadələrini şəxsim olaraq eşitməli olmuşam və hər tanımadığım insana öz gender kimliyim haqda danışma ehtiyacının yaranmasını etik görmürəm.

Eləcə də məkanda tanıdığım daimi müştəri olan/olmayan translar, gender təyin olunmasına qarşı olanlar bənzər problemlə üzləşir. Bildirmək istəyirəm ki, məkanda kifayət qədər LGBTQ+ zaman keçirir, eləcə də LGBTQ+lər arasında kifayət qədər gender disforiyası yaşayan, hətta bunu ifadə etməyin "yetəri qədər əhəmiyyətli" görünmədiyini düşündüyü üçün rəhbərliyə bildirməyən insanlar var. Dünyanın inklüzivliyi qarşılayıb, daha yaxşı yer olmasını istədiyimiz dövrdə sevimli məkanımız tualetlərini "kişi" və "qadın" deyə bölüb. Kişi olanı zorakı, qadın olanı isə qurban kimi təsvir edən simvolikadan da istifadə edib. Gender-neytral və zorakılıqsız tualet olmaz?

Məkanda daim bu problemlə qarşılaşan, gender disforiyası yaşayan transları və gender təyin olunmasından narahatlıq duyan cisgenderləri (trans olmayanlar) nəzərə alacağınızı, eləcə də hər zaman müştərilərə göstərdiyiniz "qonaq" prinsipi ilə əvvəlki rahatlığı təkrar gətirəcəyinizi ümid edirəm. Təkrar demək istəyirəm ki, gendersiz tualetlər təməl ehtiyacdır.”

Mənə nə cavab verildiyini bilirsiniz? Yox, çünki mesajımı oxuyaraq cavab vermədilər. Heç tüklərini tərpətmək ehtiyacı da hiss etmədilər. Belə.

Hazırda Azərbaycanda LGBTQ+ dostu məkan barmaqla sayılacaq qədər deyil. Qadınların* təhlükəsizliyi üçün çalışan məkanlar vətəndaş cəmiyyəti təşəbbüslərindən kənara çıxmır. Məkan/icma quruculuğu üzərində çalışacağıq, təşkilatlanacağıq, məkanlarımızı tərk etməyəcəyik! Qoy məkanlar da bilsin ki, LGBTQ+lər azad olmadan, heç biri azad olmayacaq.


Əli Məlikov



Powered by Froala Editor