Serbiyanın lesbiyan baş naziri ana oldu
Serbiyanın baş naziri Ana Brnabiç və qeyri-rəsmi nikahda olduğu partnyoru Militsa Curiçin oğlu dünyaya gəldi. Bildirilir ki, ana və İqor adlandırılmış övladı özlərini yaxşı hiss edirlər.
22/Feb/19
9753
Serbiya baş nazirinin lesbiyan ailəsində övlad dünyaya gəldi
Serbiyanın baş naziri Ana Brnabiç və qeyri-rəsmi nikahda olduğu partnyoru Militsa Curiçin oğlu dünyaya gəldi. Bildirilir ki, ana və İqor adlandırılmış övladı özlərini yaxşı hiss edirlər.
Militsa Curiç ixtisasca həkimdir, süni mayalanma yolu ilə hamilə qalmışdır. Serbiya – yeganə Balkan ölkəsidir ki, açıq lesbiyan hakimiyyətdə rəhbər vəzifə tutur. 43 yaşlı Ana Brnabiç 2017-ci ilin iyununda baş nazir olaraq, bu postda ilk qadın oldu. Həmçinin o, Balkanlarda bu cür yüksək vəzifə tutan ilk LGBT-aktivistidir.
Cümə axşamı LGBT icmasının bir çox nümayəndələri baş naziri oğlunun dünyaya gəlməsi münasibətilə təbrik etdilər, eyni zamanda Serbiyada lesbiyanların, geylərin, biseksualların və transgenderlərin problemlərinə diqqəti çəkdilər – zorakılıq, homofobiya və uşaq övladlığa götürməyin mümkünsüzlüyü.
Bununla yanaşı, sosial şəbəkələrdə baş nazirin ünvanına kifayət qədər kobud iradlar qeyd olunurdu. Hətta İnşaat, Nəqliyyat və İnfrastruktur Naziri Zorana Mixayloviç hökumət başçısını müdafiə edərək bildirdi ki, Serbiyada doğulan hər uşaq salamlamaya və xoş münasibətə layiqdir.
"Yolverilməzdir ki, yeni doğulan bir uşaq siyasi rəqiblərin hücumları üçün istifadə olunsun" - Zorana Mixayloviç
Serbiya cəmiyyəti bir çox Avropa ölkələri ilə müqayisədə kifayət qədər mühafizəkardır. Ölkədə LGBT-yə qarşı ayrı-seçkilik və zorakılıq geniş yayılıb. Eynicinsli nikahlar Serbiyada tanınmır; ölkə konstitusiyasında qeyd olunub ki, yalnız bir kişi və bir qadının ittifaqı nikah hesab olunur.
Habelə eynicinsli cütlüklərə uşaq övladlığa götürmək qadağandır. Lakin rəsmi nikahda olmayan şəxs öz oriyentasiyasından asılı olmadan, uşaq övladlığa götürə bilər. Təkcə “ənənəvi dəyərlərin” tərəfdarları deyil, həmçinin Serbiyadakı LGBT-icmasının bir çox üzvləri Ana Brnabiçə neqativ yanaşır. Onların fikrincə, o, geylərin hüquqlarının müdafiəsi üçün yetərincə işlər görmür. Onlar islahatların zəif gedişatına qarşı dəfələrlə narazılıqlarını ifadə ediblər.
Brnabiç 2017-ci ildəki gey-prayd zamanı öz ünvanına gələn tənqidlərə cavab verərkən bildirdi ki, yalnız serb cəmiyyətinin qarşısında duran daha vacib problemlər - inflyasiya səviyyəsinin aşağı düşməsi, pensiyaların artırılması və ümumi həyat səviyyəsinin yüksəlməsi həll olunduqdan sonra geylərin hüquqları ilə bağlı məsələlərlə məşğul olacaq. O, həmçinin Serbiyada eynicinsli nikahların qanuniləşməsini istəyib-istəməməsi barədə suala cavab vermədi.
Serbiyada LGBT-lərin bərabər hüquqları uğrunda marşlar ictimai asayişin qorunması bəhanəsi altında üç il dalbadal qadağan edilirdi. Bu qadağa 2010-cu ildə ifrat sağçıların gey-aktivistlərin tədbirinə hücum etməsindən sonra tətbiq edilmişdi. 2014-cü ildə gey-praydlar bərpa olundu, lakin gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə, polis xüsusi təyinatlılarının və zirehli maşınların müşayiəti altında.