Əvəz Hafizlinin qətlindən bir il ötüb

22 fevral LGBTQ+ hüquqları aktivisti, jurnalist Əvəz Hafizlinin qətlindən 1 il keçib. Əvəz Hafizli ölkədə LGBTQ+ icmasını təşkilatlandırmaq üçün müstəsna işlər görmüş və hər hansı ayrı-seçkilik olmadan cəmiyyətin bütün kəsimlərinin problemlərini işıqlandırıb.

Əvəz Hafizli 2022-ci ilin yay aylarından etibarən homofob və transfob blogger Sevinc Hüseynovanın hədəfinə tuş gəlib. Blogger Əvəz Hafizlinin, eləcə də bir sıra icma üzvlərinin döyülməsinə və öldürülməsinə çağırış etsə də, heç bir hüquq-mühafizə orqanı tərəfindən hər hansı əks tədbir həyata keçirilməyib.

Əvəz Hafizli dəfələrlə bu məsələyə qarşı etiraz aksiyaları keçirsə və həyatının təhlükədə olduğunu bildirsə də, nə DİN, nə prokurorluq, nə də Dövlət Təhlükəsizlik Xidməti müraciətlərə reaksiya verməyib.

Əvəz Hafizli 22 fevral 2022-ci ildə öz əmisioğlu tərəfindən seksual oriyentasiyası zəminində qətlə yetirilib. Cinayət işinin araşdırılması zamanı işin halları, çoxsaylı bıçaq zərbələri, nifrət zəminində olması nəzərə alınmayıb və qatilə mümkün olan ən aşağı cəza verilib. Onun hüquqi varisi olan qardaşı məhkəmə zamanı qatildən şikayətçi olmadığını bildirib.

Qətlindən aylar sonra Əvəz Hafizlinin dostlarına məlum olub ki, ailəsi onun qəbrini itirmək məqsədilə ona başdaşı qoymaqdan imtina edir. Hafizlinin dostları öz vəsaitləri hesabına baş daşı qoymağa təşəbbüs etsələr də, ailəsi buna mane olub. Onun qəbri hələ də məzar daşından məhrumdur.

Bu gün LGBTQ+ icması, ictimai-siyasi fəallar, jurnalistlər Əvəz Hafizlinin məzarını ziyarət ediblər, onun xatirəsini yad ediblər. Dostları bildirib ki, Əvəzin xatirəsinin unudulmaması üçün əllərindən gələni edəcəklər. 


Powered by Froala Editor