Dövlət Komitəsinin sədr müavinindən homofob açıqlama
Homofobiya və transfobiya rəsmi qaydada dövlət siyasətinin tərkib hissəsi olmasa da, ayrı-ayrı dövlət qurumlarının səlahiyyətli şəxsləri, deputatlar vaxtaşırı olaraq, ayrı-seçkilik ehtiva edən mövqe irəli sürürlər.
23/Feb/19
6790
Aynur Sofiyevanın homofob çıxışı
“Qafqazinfo” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bunları qeyd edib:
“Təəssüflər olsun ki, bu gün Qərbdə ailədə uşaq əvəzinə heyvan saxlanılır. Geniş ailələri kiçik ailələr təşkil edir və belə ailələr dünyada artmaqdadır. Fərqli ailə modellərini bizə sırımaq istəyirlər. Həmcinslərin nikahını bizə ailə modeli kimi sırımaq istəyirlər. Bunlara nəzərə salanda Qərbdə ailə modelinin dağıldığını görürük. Bu da dünyada demoqrafik problemlərə gətirib çıxarır. Əsasən Qərb bu problemləri həll etmək yerinə onu başqa cəmiyyətlərə ötürmək məqsədi tutub. Bizim üçün əsas məqsəd milli dəyərləri qorumaq olmalıdır.”
Xatırladaq ki, Azərbaycan artıq bir neçə ildir ki, ILGA-Europe beynəlxalq LGBTİ təşkilatının reytinqində homofobiyanın ən yüksək olduğu Avropa ölkəsi kimi sonuncu yeri tutur. Azərbaycanda seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkiliyi qadağan edən qanunlar yoxdur. Ölkədə hər il homofobiya və transfobiya zəminində nifrət cinayətləri və intihar halları qeydə alınır.
Homofobiya və transfobiya rəsmi qaydada dövlət siyasətinin tərkib hissəsi olmasa da, ayrı-ayrı dövlət qurumlarının səlahiyyətli şəxsləri, deputatlar vaxtaşırı olaraq, ayrı-seçkilik ehtiva edən mövqe irəli sürürlər.