225 saylı məktəbdə bullinq
“10 illik məktəb həyatımda seksual qısnama, üzərimə biçaq çəkilərək təhdid edilmə, öldürülmə və döyülmə kimi hədə qorxularla davam etdirmişəm”
13/Apr/23
2858
225 saylı məktəbdə bullinq
“10 illik məktəb həyatımda seksual qısnama, üzərimə biçaq çəkilərək təhdid edilmə, öldürülmə və döyülmə kimi hədə qorxularla davam etdirmişəm”
Bunlar Yasamal rayonu Telman Abbasov adına 225 nömrəli məktəbdə təhsil alan Aleksin* sözləridir.
Azyaşlı 10-cu sinif şagirdi deyir ki, daimi olaraq Telman Abbasov adına 225 nömrəli məktəbin müəllim heyəti və məktəblilər tərəfindən ayrı-seçkilik görür. O gender ve cinsi oriyentasiyası haqqında heç kimə bəyan verməsə də, qızlarla dostluq etməsi, saçını ortadan ayırması və söyüş söyməməsi məktəb heyəti və məktəblilərdə ona qarşı qıcıq yaradıb.
“Bunlar feminin davrandığıma görə baş verib. Gender roluna tabe olmamağıma görə petux (gey) olaraq “təsdiqlənmişəm” və daim qəlibləşməməyimə, özüm kimi olduğuma görə təhdid edilirəm”, - Aleks deyir.
“Oxuduğum məktəbin coğrafiya müəlliməsi Sevda İsmayılova davamlı olaraq sinifdə “niyə qız kimisən?”, “ biraz ciddi - kişi kimi ol”, “maskanı çıxart, təzə ərə gedən gəlinlər kimi üzünü bağlama”, “qızbibi” və s. Deyərək məni şagirdlərin içində alçaldır, sinif yoldaşlarımın da həmin an məni alçaltmalarına şərait yaradırdı.10 aprel sinifdə test yazdığım anda həmin müəllim mənə sinifdəki oğlanları nümunə göstərərək olar kimi olmağımı tələb edir. Bunu deyərkən nümunə çəkdiyi oğlan mənə “sənin kimilər İslamda lənətlənib və öldürülməlisən” dedi. Bu zaman vəziyyətimin pisləşməyini və əsdiyimi görən müəllim “arvad kimi ağlama, kişi ağlamaz, artistlik eləmə” dedi.”
Aleks deyir ki, o, bu sözlərdən sonra sinif otağını tərk edərkən yıxılıb və koridorda huşunu itirməsinə rəğmən heç kim ona yardım etməyib.
Müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq məqsədilə 2016-cı ildən “Məktəblinin dostu” adlı dövlət proqramı təsis edilib. Proqram ölkədəki məktəblərin yalnız bir hissəsini əhatə edir. Layihəyə təyin olunan psixoloqlardan biri Mehriban Verdiyevanın Chai-Khana üçün müsahibəsində bildirdiyinə görə, onun təcrübəsində LGBTİQ+ şagirdlər bullinqdən şikayətçi olmayıblar.
“Oriyentasiyalarını gizli saxladıqları üçün başqa uşaqlar tərəfindən hər hansı bullinq olunmayıblar. Amma özlərini qəbul etməklə bağlı problemləri olub. Adətən biz uşaqlara demirik ki, sən oğlansansa, mütləq qızdan xoşun gəlməlidir. Biz onlara özlərini qəbul etməyi, öz hisslərinə, düşüncələrinə daha çox fikir verməyi öyrədirik”, - deyə, psixoloq qeyd edir ki, “anti-LGBTİQ+ yanaşma müəllimlərin fərdi dünyagörüşündən irəli gəlir.”
Təhsil Nazirliyinə dövlət məktəblərində LGBTİQ+ şagirdlərə qarşı təzyiq ilə bağlı göndərilən sorğular isə cavabsız qalıb.
Minority Azerbaijan üçün danışan azyaşlı deyir ki, Sevda Eminova Əli qızının direktoru olduğu məktəbdə təhsil alan digər şagirdlər onun adına müəllimlər arasında şayiələr yayır, Aleksi təhqir edirlər və ona seks təklifləri edirlər. “Həmin şagirdlərin biri haqqında dəfələrlə polisə şikayətlər verildiyini eşitmişəm, həmin oğlan daimi olaraq mənə qarşı seksual qısnama etməyə çalışır, sakit qalmadıqda isə adıma şayiələr yayır.”
Məktəblilərin bullinqlə bağlı yaşadıqlarını ictimailəşdirməsi isə ilk hal deyil. Bir neçə il öncə başqa şagird də onun çantasındakı müxtəlif şəkilli pinlərə, istifadə etdiyi və üzərində LGBT bayrağını əks etdirən maskaya görə nəinki məktəblilər tərəfindən, hətta təhsil işçiləri tərəfindən iradlar, təhqirlər edildiyini öz sosial media hesablarında yazıb.
Aleks: “Keçən il məktəb rəhbərliyi bizə həmin uşaqlar haqqında tədbir görüləcəyini dedi və bəzilərini məktəbin psixoloquna yönləndirdilər. Hazırda anamla mən Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə məktəb rəhbərliyi haqqında şikayət ərizəsi göndərmişik.”
Zərərçəkən eləcə də Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edib. Azyaşlı həm də məktəblərin təhsilə deyil, şəxsi maraqlara fokuslu çalışmasından gileylənir.
Yasamal rayonu Telman Abbasov adına 225 nömrəli məktəb rəhbərliyi ilə telefon zəngi ilə əlaqə saxladığımızda, məktəbin müdiri hadisədən xəbərdar olduqlarını və problemin qarşısını almaları üçün çalışdıqlarını deyib. Eləcə də məktəb işçiləri və şagirdlərlə də bullinqlə bağlı hər il bir neçə dəfə məlumatlandırıcı görüşlər keçirdiklərini deyirlər. Rəhbərlikdən bildirilib ki, onlar özləri də Elm və Təhsil Nazirliyinə də bu haqda məlumat veriblər.
*Respondentin təhlükəsizliyi üçün ad dəyişdirilmişdir.
Materialı hazırladı: Əli Məlikov
Powered by Froala Editor