Ayağını fonduna görə uzat
“Avropaya işləyirsən!” - bu cümləni artıq hər yerdə görməyə başlayırıq
21/Apr/23
3176
Ayağını fonduna görə uzat
“Avropaya işləyirsən!” - bu cümləni artıq hər yerdə görməyə başlayırıq.
20-ci əsrin əvvəllərində bir çox bazar sistemləri iqtisadi və digər qloballaşma proseslərində birləşdirərək qlobal sistemə inteqrasiya etdi və kapitalı həyatımızda qərarverici vəzifəsinə gətirdi. Getdikcə canavarlaşan bazar LGBTQ+ həyatlarını da dövlət əlində oyuncağa çevirirdi. Əxlaqsızlaşdırma, xor görülmə, təkləşmə iqtidar tərəfindən baş verən poqromlar, hücumlarla həyatlarımızı qapalı qul bazarında satışa çıxarırdı. Daim kuir* məkanlara basqınlar, qanunsuz həbslər və hədələr, ölümlər 60-cı illərin sonunda Amerikada iqtidarın əlində partladı. Qanunsuz həbslərə və evsizləşməyə məruz qalan kuirlər baş verən proseslərin ədalətsizliyinə sakit qalmadan küçələrə, meydanlara, mətbuata, daha sonra parlamentlərə çıxdılar. Həmin dövrlərdə güclənən LGBTQ+ hərəkatı artıq sadəcə sağ qalmağı deyil, sosial və siyasi mühitin hər qolunda təmsil olunmağı tələb etdi. Yarım əsrdən çoxdur təşkilatlanmanı, həmrəyliyi bütünləyən LGBTQ+ aktivizmi bir çox sosial ədalət hərəkatları ilə zəncirvari şəkildə mübarizəsini daha dayanıqlı etdi.
Artıq illərdir institusionallaşmamız, dövrlərə və coğrafiyalara görə fərqli variasiyalarda hərəkatları ayaqda tutmağımız və mənbə yaratmanı formalaşdırmaq hamımızın həyatına dövrün ehtiyaclarına uyğun mədaxil ehtiyacları ilə oturdu. 2000-ci illərdən dünyada və Azərbaycanda LGBTQ+ hərəkatlanmalarının gündəmində fərqli başlıqlar yarandı. Xüsusən Azərbaycandan danışsaq, Avropaya inteqrasiya mövzuları donor və fondlarla da bağlı Azərbaycanda fəaliyyət göstərən insanların fərqindəliyini yaratdı. Yazımda, əlbəttə, mən bütün fondları və təşkilatlanmış platformaları təmizə çıxarmağa çalışmıram. Lakin “xaricə işləyənlər” propaqandasının analiz olunması üçün başlanğıc vermək istəyirəm - xüsusən də Azərbaycanda fəaliyyət göstərən azad LGBTQ+ platforma və təşkilatları üçün. “Xaric” – əslində hazırki dövrdə o ölkələrdəki LGBTQ+lərin apardığı mübarizə nəticəsində qazanılan nəaliyyətlərdir ki, bu, bizə “maliyyələşdiyin qədər danışırsan” başlığında yansıyır. Həmin bu başlıqları dövlətə bağlı televiziya kanallarında da hansısa ölkə dəyirmanlarına su tökmək şəkilində göstərərək faşist, transfob və anti-feminist irticanın nitqində görə bilirik. Siyasi proseslərdə artıq öz gücləri ilə özlərinə səs olan qadın* və kuirlər evsizləşdirilir və işsizləşdirilir. Bu ayrı-seçkiliklərə qarşı dünyanın hər yerində hərəkatlar ilə təşkilatlandıqda isə dövlətin ikiüzlü senzura maşınından keçirlər. İkiüzlü iddiamda ciddiyəm, çünki biz hər zaman azad mübarizə aparan feminist və LGBTQ+ aktivistlərinin təhqir və hədəf göstərilmələrə məruz qaldığının şahidi olsaq da, heç zaman bu “pul yemək” silahısının Paşa Holding, Azərbaycan Gənclər Fondu kimi vasitələrlə danışan təşkilat və bloggerlərin alnına dirəndiyini görmürük. Məsələn necə olur ki, dəfələrlə şikayət olunmasına baxmayaraq dövlətin heç bir tədbir görməməsi nəticəsində həyatını itirən Sevinc üçün polis idarəsinə qırmızı boya tökərək etiraz edən feministlər Xəzər Rayon Polis İdarəsində təcavüz təhdidləri ilə üzləşirlər, amma dövlət propaqandası ilə çalışan fondlarla dövlət binalarına da rahatca girə bilən Gender Hub kimi GONGO*-lar qadınların kütləvi öldürülməsindən danışa bilirlər? Hədəfi “cəmiyyətimiz belədir” səfsətəsinə çevirən dövlətin propaqanda maşınları qadın*ların həyatlarını, mübarizəsini, gündəmini məişət mövzuları ilə əhatələməyə davam edərkən, bir az geriyə səyahət etmək istəyirəm.
2020-ci il, Azərbaycan və Ermənistan arasında yaşanan uzunmüddətli müharibə bir gecədə cisgender-heteroseksual, varlı kişilərin qərarı ilə qanlı şəkildə başladı. 30 il boyu iki tərəfin də yetişdirdiyi generasiya artıq “düşmən” anlaşıyışını patriarxal irticaya yönəltmirdi. “Vətənə sədaqət, düşmənə Nifrət! Nifrət! Nifrət!” şüarı vergisi yeyilən, sosial müavinətsiz, əzilən xalqların dilində monoton şüar oldu. Ağrılarından sui-istifadə olunan, alçaldılan insanlar olaraq yeni generasiyalarımızı da müharibənin zərərçəkən və qurbanlarına çevirməyə qərar verdilər. Bu taxt-tac oyunlarının arxa fonunda, əlbəttə, sülh üçün çağırış edən, baş verən həyasızlıqlara və müharibə lehinə təbliğata susmayan insanlar da oldu. Bu insanlar isə sadəcə sosial mediada ədalət üçün çağırış etdikdə belə hədələrə və hücumlara məruz qaldılar. Bu insanlardan biri olaraq artıq 2 ildir hələ də durmayan, aclaşan dövlətə satılmış bir televiziya kanalında müharibəyə səsimi yüksəltdiyim üçün günü bu gün də söyülürəm. Təsəvvür edə bilərsiniz, mən hətta sülh üçün bir imza kompaniyasında adımı qeyd etmişəm deyə, milyonlarla izləyicisi olan internet kanalında LGBTQ+ kimliyim hədəf göstərilərək alçaldılmışam. Lakin sülh üçün səslərin yüksəldiyini görən propaqanda maşınları, əlbəttə, bunu da “yuyulmaya” məruz qoyaraq satışa çıxarıblar. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi ilə desək, bir-birinin qardaşı olan propaqanda maşınları artıq müharibədən əziyyət çəkən qadınlar barəsində danışmağa qərar veriblər.
Bir az da geriyə - mənim yaralı yerim olan Gender və Tərəqqi İctimai birliyinə gedək. Niyə yaralı? Çünki mən sadəcə təşkilatı sorğuladığım üçün hücuma və böhtanlara məruz qalmışam. Davam etsək, 2007-ci ildə qeydiyyatdan keçən "Gender və Tərəqqi" təşkilatının sədri bildirir ki: "Bizim təşkilat gender təşkilatı kimi qeydiyyatdan keçib, genderə də hər şey aiddir. Qeydiyyat zamanı görüşdə açıq-aşkar nə ilə məşğul olacağımızı gizlətməmişəm və qeydiyyatdan keçiriblər bizi." Dövlət qeydiyyatına isə heç bir müxalif QHT-nin düşə bilmədiyi isə artıq gizli fakt deyil. Bəs bu təşkilat dövlətin nəyinə lazımdır? Əlbəttə, sadəcə ictimaiyyəti mənipulyasiya etmək üçün ki, “baxın, biz transları, LGBT-ləri əngəlləmirik”. Lakin həmin dövlətin qurumu bizə LGBTQ+ vətəndaşların sosial qrup olmadığını da ayrıca deyir.
Bu cərəyanlarln fonunda və ya fondunda, hamını pul ilə satın almağa çalışan irticaya alternativlər sərf etmir. Bəzi insanları pul ilə ala bilmədikdə qıcıqlanır, şər maşınını işə salır. Satılmayacağıq.
Müəllif: Əli Məlikov
“Minority Azerbaijan” yazı müəlliflərin mövqeyinə görə məsuliyyət daşımır.
Powered by Froala Editor