Əxlaqsızların seçə bilmək azadlığı
Bakının restavrasiya olunan binalarının arasından sürətlə yarış maşınları keçir
13/May/23
2724
Əxlaqsızların seçə bilmək azadlığı
Bakının restavrasiya olunan binalarının arasından sürətlə yarış maşınları keçir. Maşınların təkərlərinin yerə sürtünməsi və motorlarının xodlanmasından çıxan səslər evdə sakit oturmağa icazə vermirdi deyə, evimə yaxın olan bir kofeşopda oturmuşam. Düzü, bu məkanda özümü rahat hiss etmirəm, bir neçə ay əvvəl - ilk dəfə buraya gəlməyə başlayanda işçilər mənə gizlincə gülürdü. Lakin başqa variantım yoxdur, dadı və qiyməti bura qədər uyğun başqa yer bilmirəm. Axı bunları mən seçməmişəm. Hazırda şəhər beynəlxalq konkurs üçün bəzənib. Hətta mənim evimin qarşısı da bağlıdır. Təəssüf, nə burada yaşamağı, nə də bu yarışın yaratdığı səs-küyü mən seçə bilməmişəm. Niyə məhz Bakının mərkəzində yaşamaq istədiyimi sorğulamağa başladıqda, əslində baş verənlərin lüks olmadığını görmək çətin deyil. Artıq 2 ildir ki, birgə böyüdüyüm insanlardan uzağam. Hətta anamla 1 ildən çox müddət görüşməmişəm. Səbəb əslində elə də ciddi hal deyil, sadəcə anamın bir övladı petuxdur. Bir çoxumuzun yetkinlik dövründə başına gəlir: saysız-hesabsız və səbəbsiz mübahisələr. Bizdə isə mübahisələrin həmişə bir səbəbi olub. Hər zaman bir səbəb üstündə evdəki sükutumuzu pozmuşuq. Elə bunun nəticəsində evdən uzaqlaşmağa məcbur olmuşam.
Hazırki oturduğum kafe də elə bəhs etdiyim yarışın - Formula 1 zolağının yanındadır. Hər maşın keçdikdə seçə bilməməyin və ya seçilməyin gücünü gərginləşən əzab kimi hiss edirəm. Azərbaycanda artıq 2 generasiyanın seçimsiz böyüdüyünün şahidiyik. Dövri olaraq yaranan irticaya qarşı müqavimət permanentliyini, təşkilatlanmanı hələ indi öyrənən hərəkatların fonunda qorumağı bacarmır. Seçə bilmək, alternativi yarada bilmək şanslarının olmadığı Azərbaycanda LGBTQ+ icmaları, LGBTQ+lar üçün fikir hovuzu yaradacaq cərəyanlar formalaşa bilmir.
2019-cu il, 19 oktyabr Azərbaycanda baş verən yoxsulluq insanları küçələrə tökdü. İşgəncələrə, hədələrə baxmayaraq onlarla insan həbs riskini heçə saydı və Milli Şuranın mitinqinə toplaşdı. Düşünürəm ki, həmin dövr 2018-2019 Azərbaycan üçün illər sonra simvol idi (əlbəttə Milli Şuranı ideallaşdırmıram, hətta 2020-ci ildə Milli Şura özü də LGBTQ+fobik ifadələri ilə yadda qalıb. Maraqlısı da o idi ki, Azərbaycanı hər il LGBTQ+lar üçün cəhənnəmə çevirən hakimiyyət bu hadisəni də öz piarı üçün istifadə etmişdi). Misalı həmin ilin əvvəlində minlərlə insanın bloqer Mehman Hüseynovun azadlığa çıxması üçün küçələrə axışması ilə də uzatmaq olar. Uzun müddətli bezmişlik ciddi hərəkatların başlanğıcı olsa da, əsasən insanların qəzəbini kontrol edə biləcək və ideoloji mübarizəyə səsləyəcək üzlər, ya da baza olmadıqda Azərbaycan misalındaki kimi hər şey nəticəsiz qalır. Bu proses özü bizdə seçim üçün kütlük yaradır. Azərbaycanda nəyi oxuyacağımızı, hara gedəcəyimizi, nələri deyəcəyimizi seçə bilməməyimiz günümüzün fəlakətlərinin: seçimsizliyin, qeyri- insani mühitin təməlini qoyub. Uzağa getməyək, 14 mayda gündəmini yaxından izlədiyimiz Türkiyədə prezident seçkiləridir. Azərbaycanda da bununla bağlı anket keçirilib. Türkiyədəki anketlərdə 50%-i keçə bilməyən Ərdoğan Azərbaycanda 90%-dən artıq səs toplayıb.
Bu misallarla bizim vətəndaş olaraq seçmək imkanlarımızın olmadığını göstərirəm. Siyasi iştirakçılığın olmadığı dövlətlərdə karusellərlə seçilən cisgender-heteroseksual kişilər qadın* və LGBTQ+ların azadlığını müzakirə etmək gücünü özlərində görürlər. 2022-ci ildə 7 deputat tərəfindən 18 nifrət nitqi petux və feministlərə qarşı səsləndirilib. “Qadın Qətlləri” platformasının 2022-ci il üçün hazırladığı dataya görə, 64 qadın öldürülüb. Platformanın qeyd etdiyinə görə, hər gün 3 qadın zorakılığa məruz qalır. Bunlar sadəcə mediaya yansıyan hadisələrin toplusudur. Hazırda hökümətin alternativi olduğunu iddia edən istənilən hərəkat getdikcə dəyərlərini itirsə də, feminist-LGBTQ+lar ümumən bu dəyərlərin hegemonluğunu sorğulayır. Qadınlara qarşı baş verən qətliamın komuflyaj olunması üçün yenə qadınlar istifadə olunur. Məmələrinə seçkilər zamanı bülleten topaları gizlədilən qadın*lar, öz talelərini sorğulamaq üçün həmin məmələrə azadlıq tələb etdikdə əxlaqsızlaşdırılır. Hətta dövlət bədənlərimizə təsir etmək azadlığımızı da seçməyə qoymur, öz seçki prosesində vasitəyə çevirir. Bizim səslərimizi, sözlərimizi oğurlayaraq, bizi öz maraqları üçün istifadə edir.
Seçə və seçilə bilməmək həyatlarımızın hər mərhələsini işğal edir. Seçki məntəqələrimizdən küçələrimizə, ailələrimizdən geyimlərimizə, uşaqlığımıza hopur. Bizi kütləşdirərək şəxsi olanın siyasi olmadığına inanmağımızı tələb edir. Hər “Ailə məsələsi deyil!” şüarımızı deformasiya edir. Bizim necə həmrəyliyə, siyasi arenanın hər yerində təmsil olunmağa ehtiyacımızı göstərən dövlət məndə bir şüar oyadır: Bizsiz seçimləriniz, məkanlarınız, başınız batsın! LGBTQ+lar azad olmadan, heç kim azad olmayacaq.
Müəllif: Əli Məlikov
Powered by Froala Editor