Sevil fanzinində kuir məzmun
SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı - Azərbaycanda gender məsələlərinə fokuslanan müstəqil sənədli filmlər festivalıdır
16/May/23
1340
Sevil fanzinində kuir məzmun
SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı - Azərbaycanda gender məsələlərinə fokuslanan müstəqil sənədli filmlər festivalıdır və 2020-ci ildə fəaliyyətə başlayıb. 2023-cü ildə festival böyük bir etina ilə hazırladığı Sevil fanzinini təqdim edib. Biz Minority Azerbaijan olaraq fanzini nəzərdən keçirdik və diqqətimizi çəkən mətnlər barədə icmal hazırladıq.
Fanzinin ilk məqaləsi trans qadın Mariannanın kimlik inşasını mərkəzə yerləşdirən “Mənə Marianna de” filmi barədədir. Müəllif Toğrul Abbasov kinematoqrafiyada kuir təmsillərin vizuallaşdırma formalarından və feminizmin üçüncü dalğasının, eləcə də kuir nəzəriyyənin inkişafının “yeni kuir kinosunun” yaranmasına təsirindən bəhs edir və “Mənə Marianna de” filmini məhz kuir film edən əlamətləri təhlil edir:
“Anasına hər dəfə zəng vuranda, anası inadla ona keçmiş adıyla müraciət edib onun “bu yoldan qayıtmağını” istəyir. Hətta o, xəstə yatağında yatanda belə. Onun isə anasından yeganə istəyi öz adıyla, Marianna kimi çağırılmaq olur. Mariannanın dərmanların dozasını artıraraq tələsdiyi məhz bu idi - anasının artıq bu həqiqəti ən tez vaxtda qəbul etməyi və nəhayət onu öz adıyla səsləyərək “ona Marianna de”məyi. Adlarımızın ilk baxıcımız, ilk görənimiz, anamız tərəfindən səsləndirilməsi; onun səsiylə bu həyatda bir adımız və yerimiz olduğunu öyrənməyimiz ontolojik mövcudluğumuzun da təməli deyilmi?”
Fanzində habelə kuir rejissor Vüsalə Hacıyeva ilə müsahibə yer alır. O, özünün “Dovşan getmək qərarına gəlir” filminin ərsəyə gəlməsindən danışır. Film Vüsalənin bir trans qadın kimi bioqrafik hekayəsini təsvir edir. Onun əsas ssenarisini ailə və qohumlarla olan problemlər, Vüsalənin uzunmüddətli izolyasiyası, Bakıda yaşadığı hücum və diskomfort və bütün bunların nəticəsi olaraq Tbilisiyə köçməli olması təşkil edir. Vüsalə deyir ki, Azərbaycan kimi ölkələrdə trans təcrübələri barədə mütləq danışılmalıdır:
“Biz danışmasaq kimsə danışmayacaq, danışacaqsa da ancaq təhriflərlə. Kinematoqrafiya geniş kütləyə xitaba imkan verir. Azərbaycanda ən çox təzyiqə məruz qalan icmanın problemlərini nümayiş etdirmək, fokusu bizə yönəltmək və eyni zamanda filmi izləyən digər transları hər şey nə qədər pis olsa da istənilən halda mübarizə aparmağa dəyər ideyasına inandırmağa çalışmaq istəyirdim.”
Müsahibə zamanı Vüsalə özünün digər filmlərindən və rejissorluq fəaliyyətində qarşılaşdığı çətinliklərdən də danışır.
Sözügedən məqalələri daha ətraflı oxumaq, fanzindəki digər maraqlı yazılarla tanış olmaq, eləcə də 4-cü Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına filminizi göndərmək üçün bu keçiddən istifadə edə bilərsiniz.
Powered by Froala Editor