Feminist fəala təzyiq olunub
Feminist fəala təzyiq olunub: “Petuxların döyülməsindən şikayət edib”
27/May/23
1183
Feminist fəala təzyiq olunub: “Petuxların döyülməsindən şikayət edib”
Mayın 25-i feminist fəal Səhər Cahan öz Feysbuk hesabında paylaşım edərək bildirib ki, 24-cü polis bölməsindən onunla əlaqə saxlayıblar və bölməyə gəlməsini tələb ediblər.
O, çağırışın səbəbini soruşduqda və vəkili ilə gəlmək istədiyini bildirdikdə polis nəfəri ona deyib ki, səbəb Səhərin şikayəti ilə bağlıdır və vəkilə ehtiyac yoxdur.
Çağırış vərəqəsi tələb edən və vəkilsiz gəlməkdən imtina edən Səhər Cahan qeyd edir ki, daha sonra polis onun atası ilə əlaqə saxlayıb və qeydiyyatda olduğu ünvana gedib:
“Ən son ailəmin qapısına dirəniblər ki, “Leyla (fəalın sənəddəki adı) burdadırmı?” Rəsmi bildiriş göndərməyə heç bir səbəbləri olmadığı üçün özləri zorla gətirə bilmir və atamdan istifadə edərək məni onun zoruyla gətirtməyə çalışırlar.
102-yə şikayət edirəm təzədən atama yığıb deyir ki, niyə şikayət edib, geri alsın. Atama israrla deyir ki, vəkillə gəlməsin.
Ailəmə deyiblər ki, ”petuxların döyülməsiylə bağlı şikayət edib”, amma mənim elə bir şikayətim olmayıb.
Ailəmi elə həddə gətirirlər ki, gəlib məni zorla evimdən çıxarsınlar.”
Feminist fəal baş verənlərlə əlaqədar 102 xidmətinə şikayət edib. O, təqib olunmasını son zamanlar LGBTQ+ fəallarına dəstək verməsi ilə əlaqələndirib.
Mayın 26-sı onun və dostlarının DİN-ə şikayətlərinə cavab olaraq bildirilib ki, bu çağırış Səhər Cahanın xarici vətəndaşın döyülməsinə şahid olduğu barədə Feysbuk statusuna görədir. Polisdən bildirilib ki, əgər o, şahid olduğu hadisə ilə bağlı şikayət vermək istəyirsə, 9-cu polis bölməsinə gələrək ərizə yaza bilər.
Qeyd edək ki, sözügedən Feysbuk statusunda Səhər Cahan xarici vətəndaşın döyülməsinə qarşı polis biganəliyinə və LGBTQ+ fəalları Cavid Nəbiyev və Əli Məlikovun saxlanılması məsələsinə toxunub.
Powered by Froala Editor