Azyaşlı kuirlərdən əlinizi çəkin!
Beynəlxalq Uşaqların Hüquqlarının Müdafiəsi Günü - 1 iyunu Azərbaycan 2023-cü il üçün də bütün etik dəyərlərə tüpürərək açdı
18/Jun/23
2261
Azyaşlı kuirlərdən əlinizi çəkin!
Beynəlxalq Uşaqların Hüquqlarının Müdafiəsi Günü - 1 iyunu Azərbaycan 2023-cü il üçün də bütün etik dəyərlərə tüpürərək açdı. Azərbaycan rəsmilərindən cəmiyyətinə qədər uşaqları yox sayan, hissizləşdirməyə xidmət edən kütlə 1 iyunu erkən nikahlarla bağlı problemləri gizlətməyə, kuir uşaqları yox saymağa və hədəfə çevirməyə, qətl edilən uşaqların qatillərini gizlətməyə sərf etdi. 31 May dünyada uşaqların hüquqları üçün çağırışlar, hesabatlar başlanarkən Azərbaycanın Milli Məclisi də şərti olaraq hansısa müzakirələr etməli idi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (kod adı: arvad-uşaq komitəsi) 2020-ci ilə qədərki sədri və Deputat Hicran Hüseynova da bütün ölkəni bürümüş problem olan azyaşlıların məcburən evləndirilməsi mövzusunu 1 iyunda danışmağı təklif etdi. Necə məsuliyyətli deputatdır, elədir? DEYİL! Milli Məclisin sədri Sahibə Qafarova isə hətta Azərbaycan sərhədlərini də keçərək azərbaycanlıların bir çox yerdə azyaşlıları məcbur evləndirməsini yox saydı və bu mövzunu açıq müzakirə etməyin hesabatlara düşərək ölkə haqqında yanlış təəssürat yaradacağını bildirdi.
Qayıdaq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə. Feministlər 30 aprel 2022-ci ildə Azərbaycanda qadın qətllərinin və məişət zorakılığının artmasında əvəzsiz xidmətlərinə görə "Qadın qətllərinə dəstək" ordeni təsis edib. Öldürülən, evdən qaçmalı olan, küçədə qalan qadınlara yardım etmədiyi üçün onlar bu komitəyə və komitənin indiki sədri Bahar Muradovaya bu nominasiyanı veriblər.
Komitənin məharətləri bununla, əlbəttə, limitli deyil, mənim isə ən çox diqqətimi çəkən aktları Sosial Tədqiqatlar Mərkəzi ilə birgə hazırladıqları araşdırmadır. Sosial Tədqiqatlar Mərkəzi (STM) 2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə “Azərbaycanda Mövcud Ailə Münasibətləri: Sosial-Psixoloji Təhlil” başlıqlı tədqiqat aparıb və nəticələrini dərc edib. Araşdırmanın fokuslarından biri LGBTQ+ları xəstə və ailə dəyərlərinə zidd, feminizmi isə Qərbin dəyərləri olan və Azərbaycan ailəsinə düşmən model kimi göstərməkdir. Sosial Tədqiqatlar Mərkəzi həm də hər gün qadınların öldürüldüyü ölkədə 'Atalar Şurası', 'Ata haqları', 'Ailə Məsələləri Nazirliyi' yaradılmasını təklif edib. Eyni Rusiyada başladığı kimi anti-feminist və anti-LGBTQ+ propaqandasını gücləndirən dövlət təşkilatlarından biri olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş nümayəndəsinin, əlbəttə, Milli Məclisdə səsləndirdiyi nitq də problemi həll etməyə deyil, pul silmək üçün həyatlarımızı yeni üsullarla istifadə etməyə fokuslanmışdı.
Bu söhbətin utancı ilə günə davam etdikdən sonra isə yenə də günün mövzusu bu ölkənin ən imtiyazsız qruplarından olan kuir uşaqların başında partlamağa davam edir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi əlində göy qurşağı rəngində çərpələng tutan uşağın təsvirini paylaşaraq sanki təhsil sahəsində hər şey bomba imiş təəssüratı yaratmışdı.
Bu qədər qısnamaları, uşaqların məktəb rəhbərlikləri tərəfindən gördüyü ayrı-seçkilikləri mübahisələndirmək əvəzinə, təhsil eksperti kimi təqdim edilən Kamran Əsədov adlı “göy quşlu” vətəndaş isə bu paylaşımı rəngli çərpələngə görə “LGBT propaqandası” adlandırıb.
2021-ci ilin dekabr ayında mən - Əli Məlikov oxuduğum 244 nömrəli məktəbdə petux olduğum üçün ayrı-seçkilik görmüşəm. Müəllim kollektivi, şagirdlər ilkin mərhələdə bullerlər olub. Davamında isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nəznində yaradılan “məktəblinin dostu” adlı layihənin işçisi Hüseynağa Hüseynov da mən başıma gələn məsələni ictimailəşdirdiyim üçün mənim əlehimə azyaşlı şagirdləri qızışdırıb. Baş verənlərin fonunda isə nazirlik effektiv heç nə etməyib!
16 Dekabr 2021-ci ildə Esmira Ağayeva adlı universitet tələbəsi də Bakı Dövlət Universitetində feminist kontentdə yazılar paylaşdığı üçün təqib olunub. "Mən tualetə tək getməyə qorxuram. Axşam saatlarında tualet boş olur və bir dəfə qız qrup yoldaşlarım mənə baxaraq gülə-gülə deyirdilər ki, məni axırda zorlayacaqlar. Gedib dekan müavini Anar Fərəcova şikayət etsəm də heç bir yararı olmur. O mənə yalnız olanları unutmağa tövsiyə edir", - bunlar Esmiranın sözləridir.
Bu il 13 apreldə isə Yasamal rayonu Telman Abbasov adına 225 nömrəli məktəbdə təhsil alan azyaşlı kuirə qarşı isə məktəbdə zorakılıq olub. Yalnız hadisə sosial mediada ictimailəşdikdən sonra həllini tapıb. Bu misalları sadalamağımın səbəbi həqiqətən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin bizim həyatımızı qorumağa maraqlı olduğunu düşünənlərə əslində məktəb və universitet binalarında da özümüzdən başqa yoldaşımızın olmadığını demək üçündür. Hətta mövzu elə düşük səviyyədədir ki, Kamran Əsədov kimi əttökən bir vətəndaşa görə nazirlik paylaşımını silib və yerinə uşaq şəkli belə olmayan tələm-tələsik bir paylaşım edib. Mənə doğrudan gülməli gəlir ki, nazir Emin Əmrullayev və komandası özü 6-7 ədəd rəngdən belə hürkərək paylaşımı silir, amma bizim azyaşlıları təhsil mərkəzlərində hücumdan, cinsi istismarlardan qorumaq üçün çağırışlarımıza cavab vermir. Məsələn, Elm və Təhsil naziri Emin Əmrullayev ilə jurnalist Zülfiyyə Mustafayeva arasında dialoq olub. Jurnalist nazirə bütün suallardan yayındığı bildirərək məktəblilərin məcbur evliliyi ilə bağlı sual verir. Emin bəy isə jurnalisti “qeyri-peşəkar” adlandıraraq yenə cavab verməkdən yayınır. Bu qədər mərifətsizliyin toplandığı bir qurum LGBTQ+ları dəstəkləsə, elə birinci tənqidçisi mən olacağam. Lap Emin bəy öz sinəsinə “Geyləri qoruyun” şüarı yazaraq da brifinqə çıxsa, sadəcə onu baş verən hər şeyə susduğu və kamuflyaj etdiyi üçün utandırmaq olar. Maraqlıdır, Emin Əmrullayev özü məktəb koridorlarında döyülübmü? Heç o, nazlandığı üçün qiymətinin kəsilməsinin nə demək olduğunu bilirmi? Emin bəy özü imtiyazlarının fərqində olaraq ssdəcə məcbur evləndirilmək və zorlanmağın nə olduğunu təsəvvür edə bilər? Məncə, bunlar Emin bəy üçün çox kasıb fikirlərdir. Onun kasıblarla ən böyük əlaqəsi, güman edirəm ki, dövlət məktəblərindəki uşaqların başına sığal çəkən yerdə şəkil paylaşmaqdır. Mən isə valideynləri bazarda işləyən, qışda ayaqqabısı su keçirir deyə ayağına plastik selofan keçirərək işə gedən valideynin övladı olmağın, sinif otağının içinə qədər gələn insanlar tərəfindən söyülməyin nə olduğunu bilirəm. Atdığınız göy qurşağı paylaşımı belə, rayonda aktivizmdən uzaq, bu ölkənin çirkabını bilməyən hansısa azyaşlı “qoluboy”un üzünə azca ümid təbəssümü verərkən bu müzakirə ilə o təbəssümü necə oğurladığızı bilirəm. Biz 1 iyundan 4 gün sonra amansızlıqla qətlə yetirilən qızın məhkəmə prosesinin düzgün izlənilməsinə icazə verilmədən qərarlar çıxarılan, məhkəmə prosesini aktual olaraq yazan jurnalist Aytən Məmmədovanın boğazına bıçaq dirənən dövlətin vətəndaşlarıyıq.
Bu yığılmışlıqların içərisində isə vətəndaş cəmiyyətlərinin Elm və Təhsil nazirliyinin paylaşımını silməsinə reaksiyası ya yoxdur, ya da məzələnərək “indi hər göy qurşağı o deməkdir deyil”dir. Bu müzakirələrdə heç kim azyaşlı LGBTQ+lardan, onların canından bəhs etmir. Davaları yenə bayraq davasıdır, yenə biz olmadan bizdən danışmaq və qərar verməkdir. Heç kim söz sırasını bizə vermək istəmir və müzakirələri bizim iştirakımızla etmir. Elə hamınız əlinizi azyaşlı kuirlərdən çəkin!
Əli Məlikov
Powered by Froala Editor