Polis Friends kafesinin fobik davranışını araşdırmır
Bu ilin mayın 14-ündə LGBTQ+ aktivisti Əli Məlikov öz sosial şəbəkə hesabında Bakıda yerləşən “Friends” adlı kafedə fobik rəftara məruz qaldıqlarını xəbər vermişdi
09/Jul/23
1307
Polis Friends kafesinin fobik davranışını araşdırmır
Bu ilin mayın 14-ündə LGBTQ+ aktivisti Əli Məlikov öz sosial şəbəkə hesabında Bakıda yerləşən “Friends” adlı kafedə fobik rəftara məruz qaldıqlarını xəbər vermişdi.
Onun Minority Azerbaijan-a bildirdiyinə görə, həmin gün kafedə 4 nəfər olublar. Əli çantasındakı göy qurşağı bayrağını sadəcə stolun üstünə qoyub. Daha sonra masada oturan dostları şəkil çəkdirdiyi zaman Əli həmin bayrağın da şəkildə düşməsi üçün onu əlində tutub. Bu zaman kafenin əməkdaşlarından biri onlara yaxınlaşıb və deyib ki: “Zəhmət olmasa, bayrağı burdan götürün.”
Əli deyir ki, onlar bayrağın kafedə heç kəsi narahat etmədiyini, digər masaların şikayət etmədiyini sakit şəkildə bildiriblər. Bu zaman kafenin əməkdaşı onlardan məkanı tərk etmələrini istəyib. Əli Məlikov buna cavabında qəhvəsini bitirmədən məkanı tərk etməyəcəyini bəyan edib.
Onun sözlərinə görə, əməkdaş bu qərarın onun səlahiyyətində olmadığını, müdriyyətin ona belə tapşırdığını deyib.
“Biz dedik ki, biz də sizi anlayırıq. Müdriyyəti çağırın, özü ilə danışaq. Onda ofisiant cavab verdi ki, müdriyyət burda deyil. Müşahidə kameralarından baxır.”
Elə bu an kafenin çölündən bir şəxs içəri girərək birbaşa onlara yaxınlaşıb və bayrağı yığışdırmağı, çantaya qoymağı tələb edib. Əli və dostları qeyd ediblər ki, bayraq onların şəxsi əşyasıdır və onu masadan götürməyəcəklər. Nəticədə mübahisə böyüyüb və səs-küy yaranıb.
Əli Məlikov deyir ki, mübahisənin gedişatı zamanı qəhvəni içib bitiriblər və məkanı tərk ediblər, bundan sonra 9-cu polis bölməsinə şikayət ediblər.
Məsələnin üstündən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq hələ də Daxili İşlər Nazirliyindən heç bir cavab gəlməyib. Sadəcə 5 iyun tarixində ona DİN-dən müraciətinin qeydə alındığına dair sms bildiriş gəlib. Lakin o, bu sms-in hansı müraciətlə bağlı olduğunu da öyrənə bilməyib. Əli Məlikov deyir ki, nazirliyin məlumat şöbəsinə dəfələrlə zəng etsə də, zəngini açan olmayıb və şikayətlə bağlı evinə də heç bir məktub göndərilməyib.
Powered by Froala Editor