Nəyə baxaq? - Kuir seriallar
İsti yay günlərini maraqla keçirmək və ya işdən gəlib dincəlmək üçün kuirlərin sevəcəyini düşündüyüm bəzi serialları bu məqalədə yığmağa çalışdım
15/Jul/23
1169
Nəyə baxaq? - Kuir seriallar
İsti yay günlərini maraqla keçirmək və ya işdən gəlib dincəlmək üçün kuirlərin sevəcəyini düşündüyüm bəzi serialları bu məqalədə yığmağa çalışdım.
1. Interview with the Vampire (Vampirlə İntervyu) – Bu serial Enn Raysın “Vampir Salnamələri” adlı əsəri əsasında çəkilib. Əsər 1796-ci ildə qotika-qorxu janrında yazılmışdır. 2022-ci ildə AMC platformasında yayımlanmağa başlamış serial vampir Lestat və insan (daha sonra vampirə çevriləcək) olan Luiz arasında münasibətdən bəhs edir. Vampirlə intervyunu siyahıda ilk sırada göstərməyimin səbəbi əsas süjet xəttinin kuir romantika ətrafında cərəyan etməsi və kuir mövzuların həssaslıqla işlənmiş olmasıdır. Mənim kimi kuir personajların yalnız baş rolun ən yaxın dostu, barəsində sadəcə 5 dəqiqə məlumat verilən və ya ikinci dərəcəli olduğu seriallardan bezmisinizsə, bu serialı tövsiyə edirəm.
Romandakı hadisələr 18-ci əsrdə Luiziana ştatında baş verir. “Vampirlə intervyu” “Vampir salnamələri” silsiləsinin ilk romanıdır. 30-dan çox kitabın müəllifini olan Enn Raysın “Vampir Salnamələri” silsiləsi personaj və münasibətlərin çoxunun kuir olduğu 10 kitabdan ibarətdir.
2. Heartstopper (Ürəkdayandıran) – Elis Osman tərəfindən yazılan təsviri qrafik roman seriyasıdır. Bu serial gey Çarli və onun oxuduğu məktəbin məşhur idmançısı Nikin sonradan romantik münasibətə çevrilən gözlənilməz dostluğundan bəhs edir. Netflix platformasında 2021-ci ildən davam edən serial son illərin ən maraqlı kuir romanı və serialı olaraq rəğbət qazanmağı bacarmışdır. Elis Osman britaniyalı müəllif-illüstratordur və onun qrafik romanları mental sağlamlıq, seksuallıq, kimlik kimi mövzuları əhatə edir. Yazıçı bir müsahibəsində “Heartstopper” haqqında belə deyir:
"Mən həmişə kuir hekayələri sevmişəm, ancaq pozitiv və sağlam təmsilçiliyin az olması məni tez-tez məyus edirdi. Kuir yeniyetmələrin heç bir tragediya olmadan şirin və həqiqi sevgi hekayəsini yazmaq istəyirdim. 2016-ci ildə bu romanı yazmağa başladım və insanların bu hekayəni sevməsi məni çox xoşbəxt etdi.”
“Heartstopper” - yeniyetmə olanda “kaş olardı” deyə arzuladığım bir kitabdır. Düşünürəm ki, kuir insan tərəfindən kuirlər üçün yazılmış kitablar təmsilçilik və özünü kəşf edən şəxslər üçün önəmli effektə sahibdir.”
“Mən çox şadam ki, “Heartstopper” həm müxtəlif yaş qruplarına, həm də kuir, yaxud qrafik roman oxumamış insanlara qədər belə gedib çatıb. Ümid edirəm ki, bu hekayə sayəsində insanlar görüldüyünü, eşidildiyini, başa düşüldüyünü və dəyərli olduğunu hiss edərlər.”
Serial bu avqustda 8 epizodluq 2-ci sezonu ilə Netflix platformasında ekranlara qayıdacaq.
3. Queer as Folk (Yaxınlar) – 1999-cu ildə Rassel T.Devis tərəfindən yaradılmışdır. O, “Doctor Who” və “A Very English Scandal” kimi məşhur televiziya serialları ilə tanınan uelsli dramaturq və ssenaristdir. Devisin fikrincə, o dövrdə televiziyada kuir şəxsiyyətlərin təmsilçiliyində çatışmazlıqlar var idi. Buna görə də o, ABŞ-da gey kişilərin həyatını əks etdirən bir şou yaratmaq istəyirdi. Devis Amerikanın kuir mədəniyyətindən ilhamlanmış və geylərin orada yaşadığı xüsusi çətinlikləri və təcrübələri araşdırmağa çalışmışdır. O, öz yeniyetmelik illərini Pitsburqda keçirmişdi ve həmin şəhərin güclü icması olduğunu, serialın orda daha güclü dəstək alacağını bilirdi.
Beləliklə, bu serial ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində beş gey şəxsin həyatından bəhs edir. Homofobik cəmiyyətdə ortaya çıxan kimlik, sevgi, kədər kimi mürəkkəb və dərin şəxsi mövzuları ələ aldığına görə bu serial öz dövrü üçün çox yenilikçi idi. O vaxtın demək olar ki, tək serialı idi ki, LGBTQİ+ şəxslərdən danışarkən kuir sözünü işlədirdi.
4. Ratched (Retçed) - 2020-ci ildə Netflix-də nümayiş olunan fransız dram serialıdır və Albert Kamyunun "The Plague (Taun)" kitabından ilahmlanaraq çəkilmişdir. Kişilərin dominant olduğu bir sahədə işləməyin çətinliyi ilə üzləşən tibb bacısı Mildred Retçedin hekayəsindən bəhs edir. Serialda Retçed və sevgilisi Qvendolinlə münasibətlərinin alt süjeti var. Bu süjet hekayənin çox vacib hissəsidir. Retçed və Qvendolin o vaxtkı ictimai normalara görə bir-birlərinə olan hisslərini gizlətməyə və mübarizə aparmağa məcbur idilər. Serialda bu cütlüyün işlədiyi yerdə pasiyentlərdən biri olan Hanna üzərindən kuir mövzular əhatə olunmuşdur. Mərkəzi konflikt isə əsasən 1940-cı illərdə psixoloji sağlamlıq sektorunun necə dəhşətli, irqçi və seksist olmasi ilə bağlıdır. Bundan əlavə, serialın musiqilərini dinləməyə dəyər.
5. Dickinson (Dikinson) - bu televiziya serialı 19-cu əsrdə yaşamış ən böyük Amerika şairələrindən biri Emili Dikinsonun həyatından bəhs edir. Şairənin yaradıcılığının mərkəzində qadın hüquqları, cəmiyyət, gender və ailə məhdudiyyətləri mövzuları yer alır. Serial isə komediya, dram və tarixi-bədii janrında çəkilib. Hadisələr Dikinsonun böyüdüyü Massaçusets ştatının Amherst şəhərində təsvir olunur. Həmçinin Dikinsonun yaradıcılıq prosesini və kişilərin üstünlük təşkil etdiyi bir sahədə güclü bir şairə kimi tanınma mübarizəsini də araşdırır. Serialda Emilinin romantik münasibətdə olduğu Syu kimi maraqlı uydurma personajlar da yer alır. Dikinsonun mürəkkəb və hərtərəfli insan kimi təsvir edilməsi və serialın unikal üslubu izləyicilər tərəfindən olduqca bəyənilmişdir. 2019-cu ildən Apple TV+ platformasında başlayan serial 3 sezondan ibarətdir.
Bu məqalədə seriallara yer vermişəm, digər məqaləmdə isə filmlər haqda danışacağam.
Rahima Salman
Powered by Froala Editor