Alan Turinq kimdir
İkinci Dünya Müharibəsinin taleyini dəyişdirən kuir ixtiraçı Alan Turinqin kədərli sonluqla bitən hekayəsi
02/Aug/23
1010
İkinci Dünya Müharibəsinin taleyini dəyişdirən kuir ixtiraçı Alan Turinqin kədərli sonluqla bitən hekayəsi
Elmin məqsədi dünyanı dəyişdirmək və daha yaxşı dünyada insanların daha da xoşbəxt yaşamasını təmin etməkdir. Alan Turinq əlində olan məhdud imkanlarla buna nail oldu. Müharibənin taleyini dəyişdirdi və bu gün süni intellektin atası olaraq tanınmağa layiq olsa da, həyat hekayəsi hüsranlı bir sonla nöqtələnmişdir.
Əgər 2014-cü ildə çəkilmiş “Enigma” filminə baxmısınızsa, “Alan Turinq kimdir?” sualının cavabını ümumi şəkildə də olsa, bilirsiniz. Film əsl hekayənin yalnız bir hissəsini izah edir. Çünki, Alan Turinq qısa ömrü ərzində nəinki İkinci Dünya Müharibəsi tarixini dəyişdirdi, həm də bu gün bildiyimiz kompüterlərin və süni intellekt sistemlərinin riyazi əsaslarını yaratdı.
Alan Turinq kimi bir dahinin, xüsusən də İngiltərə kimi "inkişaf etmiş" bir ölkədə tac sahibi olduğunu düşünə bilərsiniz, lakin təəssüf ki, bu qeyri-adi insanın sonu Apple loqotipinə də ilham verən sianidli alma oldu. Gəlin, Alan Turinqin kim olduğu, nələr etdiyi, müharibənin taleyini necə dəyişdiyi kimi suallara daha yaxından nəzər salaq və bu dahinin qısa ömrünün necə acınacaqlı sonluqla bitdiyini görək.
Kompüterlərin insan olduğu zamanlar:
1912-ci ildə Londonda anadan olan Alan Turinq (tam adı Alan Metison Turinq), Sherborne məktəbində başladığı təhsil həyatında riyaziyyatın sehrli dünyasını kəşf etdi və bu istəyi üzərində uğurla çalışdıqdan sonra Kral Kollecinin riyaziyyat fakültəsində təhsilini davam etdirməyə qərar verdi. Təhsilini orada uğurla başa vurduqdan sonra Cambridge Universitetinə tədqiqatçı kimi qəbul edildi.
Alan Turinq Entscheidungsproblem (almanca: qərar problemi) adlı bir məqalə nəşr edib. O, dilimizə “Hesablana Bilən Rəqəmlər” kimi tərcümə edə biləcəyimiz bu məqalədə qərar problemi olaraq bilinən bir problemin əsas elektron kompüterlər üzərindən necə həll edəcəyimizi izah edib. Bu, təməlqoyma bir nəzəriyyə idi, çünki o dövrün kompüterləri insanlar idi.
Zarafat deyil ki, kompüter mənasına gələn ingilizcədəki “computer” sözü o dövrdə insanlara istinad etmək üçün istifadə olunurdu. Böyük hesablamalar, cədvəllərin tərtib edilməsi, mürəkkəb əməliyyatlar bir otağa doldurulmuşdu və demək olar ki, bütün günü işləyən qadınlar qrupu tərəfindən həyata keçirilirdi. Bu qrupdan hesablayıcı mənasında kompüter sözü ilə bəhs edilirdi.
Alan Turinq tərəfindən təklif olunan problemi həll etmə yolu qərarı əslində insanların rəqəmsal hesablama apara biləcəyi nəzəriyyəsinə əsaslanır. Bəli, bildiyimiz süni intellekt. Turinq tərəfindən təklif olunan bu sistem o dövrdə yalnız 4 əməliyyat edə bilən kompüterlərin daha çox şey edə biləcəyinin əsasını qoydu və kompüterlərin insan peşəsini deyil, bir cihaz olduğunu əsas götürdü.
Almanların həll olunmaz adlandırdığı Enigma sistemini həll edir:
Yazdığı bu məqalə ilə birlikdə riyaziyyat və məntiq dünyasında haqqında bəhs olunan Alan Turinq Princeton Universiteti tərəfindən qəbul edildi və İngiltərəyə döndü. 1938-ci illdə İngiltərəyə qayıtdıqdan sonra bu sistemi dövlət uğrunda istifadə etməsi üçün dövlət tərəfindən işə qəbul edildi. Lakin fəaliyyəti hələ yeni ikən İkinci Dünya Müharibəsi başladı.
İkinci Dünya Müharibəsi əsnasında İngiltərə nasistlər tərəfindən bombalanırdı. Bəlkə minlərcə ingilis cəsusu hücum strategiyalarını öyrənmək üçün alman radio sisteminə girmək istəyirdi, lakin hər gün yenilənən Enigma adlı şifrələmə sistemi sayəsində bu kəşfiyyat məlumatlarının təhlili qeyri-mümkün idi. Üstəlik, hər gün dəyişdirildiyi üçün bu insanların sadəcə 24 saat vaxtları var idi.
Bu məqamda Alan Turinq müdaxilə etdi və qurduğu sistem sayəsində demək olar ki, tək başına hər gün təsadüfi olaraq dəyişirmiş kimi görünən şifrələmə sistemini deşifrə etməyi bacardı. Onu normal şəraitdə bir insanın deşifrə etməsi mümkün deyildi. Qırılan şifrələmə sistemi sayəsində nasistlərin bütün rabitə məlumatları ələ keçirildi və miliyonlarla ingilisin həyatını xilas edilməklə yanaşı, müharibənin taleyi də dəyişdirildi.
Adsız müharibə qəhramanı, Alan Turinq:
“İkinci dünya müharibəsinin taleyini dəyişdirən adam” başlığı ilə bütün qəzetlərə manşet olmasını, onlarla medal almasını və ömrü boyu hörmət görməsini gözlədiyimiz Alan Turinq müharibədən sonra çoxlu sayda dövlət sirri bildiyinə görə bir kənara atıldı. Sözün əsl mənasında bir kənara atıldı, çünki ingilis höküməti Turinqi görməzdən gəlməyi seçdi.
İşinə olan həvəsini itirməyən Turinq elektron kompüterlər yaratmağı və yaratdığı bu sistemi sözün əsl mənasında rəqəmsallaşdırmağı qarşısına məqsəd qoymuşdu. Bu müddətdə bir çox elm adamının vərdişinə çevrilən uzun gəzintiləri qaçışa çevirdi və eyni zamanda 1948-ci ildə ingilis Olimpiya Oyunlarına qəbul ediləcək səviyyədə bir atlet olmağı bacardı.
Təəssüf ki, bu dövrdə müvəffəqiyyəti yalnız idman səviyyəsində qaldı, çünki o dövrdə oxşar Amerika sistemi İngiltərə hökuməti tərəfindən qəbul edildi. Turinq artıq xeyli dövlət sirrini bildiyi üçün kənara atılmışkən bir də, işinin lazımsız sayılması ucbatından getdikcə xəyallarından uzaqlaşdı.
Süni intellektin atasının sonu sianidli alma oldu:
Alan Turinq homoseksual idi. Əldə etdiyi o qədər müvəffəqiyyətə baxmayaraq İngiltərə höküməti sadəcə bu məsələni görürdü. Çünki İngiltərədə homoseksuallıq qadağan, hətta cinayət idi. Homoseksual olduğu ortaya çıxan Turinqə iki seçim şansı verildi. Ya həbsə girəcək, ya da yüksək dozada dişi hormonu olan estrogen inyeksiya ediləcəkdi. O, həbsxanada çürümək yerinə, ikinci seçimi qəbul etdi.
Yüksək dozada estrogen nəticəsində sinəsi böyüyən, testisləri kiçilən və daha da betəri, ağlını itirməyə başlayan Alan Turinq bu da azmış kimi təhsilinin lazımi səviyyədə olmadığı bəhanəsi ilə universitetdən uzaqlaşdırıldı. Ancaq bir elm adamının fəaliyyətini dayandırmaq üçün onu universitetdən xaric etmək yetərli deyildi. İngilis höküməti də bunun fərqində idi.
1954-cü il 7 iyun tarixində Alan Turinq evində ölü tapıldı. Şayiələrə görə, o, yalnız bir dişləmə nəticəsində sianidli bir alma vasitəsi ilə intihar etmişdi. Ancaq bu gün belə bir çox insan bu ölümün sui-qəsd olduğuna və ya Turinqin bu almanı dişləməyə məcbur edildiyinə inanır. Yaşadığı təzyiqi düşündüyümüz zaman bu düşüncələr heç də real olmayan sui-qəsd nəzəriyyələrinə bənzəmir.
Alan Turing mirası:
Alan Turinq kompüter ixtira etmədi. Hətta süni intellekti belə tam olaraq ixtira etdiyini deyə bilmərik. Amma onun etdiyi daha vacib idi. Çünki bu gün istifadə etdiyimiz bütün cihazların arxasında mürəkkəb riyazi düsturlar və onlara əsaslanan mühəndislik dayanır. Alan Turinq bəlkə də işin ən çətin hissəsini, yəni riyazi tərəfini ortaya qoydu.
Turinqə verilən intensiv hormonal cəzaya kimyəvi kastrasiya deyilir. Elmi işi üçün bədənini qurban verən Turinq "intihar” etməsəydi, müasir texnologiyanın bəlkə də çox erkən inkişafına imkan verəcək həqiqi bir elektron kompüter yaradacaqdı. Bu gün hamımızın bildiyimiz Apple loqotipinin Turinqin yalnız bir dişləmədən öldüyü sianidli almadan ilhamlanaraq hazırlandığı düşünülür.
Süni intellektin atası, eləcə də İkinci Dünya Müharibəsinin taleyini dəyişdirən alim adlandırılan Alan Turinqin kim olduğu sualına cavab verdik və kədərli sonluqla bitən bu dahinin qısa həyat hekayəsindən danışdıq.
Tərcümə etdi: Pərvin Ələkbər
Powered by Froala Editor