"Dovşan qutudan çıxmaq qərarına gəlir..."
Bəzən sevgini hiss etməyə hazırlaşan qəlblərimiz anidən gözlənilməz situasiyalarla üzləşmək məcburiyyətində olur.
08/Aug/23
897
"Dovşan qutudan çıxmaq qərarına gəlir..."
Bəzən sevgini hiss etməyə hazırlaşan qəlblərimiz anidən gözlənilməz situasiyalarla üzləşmək məcburiyyətində olur. Yaşadığımız coğrafiyada qutudan çıxmağa cəhd göstərən müsahibimiz Alvi hökm sürən fobik mühitin onun özünü aşkar prosesinə necə təsir etdiyindən danışır:
“Bəzən kuirəm demədən də kuirəm demək olur. Uşaq yaşlarımdan feminin özünüifadəmlə görünən olmuşam.”
20 yaşlı Alvi deyir ki, ətrafa kaminq aut etməzdən öncə, özlüyündə kimliyi ilə qəbullanmağı çətin və ağrılı olub.
"Kiçik yaşlarımda kimliyimi ətrafa bəyan etmək məcburiyyətində olub-olmadığımı sorğulayırdım. Öz kimliyimi qəbul etdikdən sonra sanki üzərimdən böyük yük götürüldü. Zamanla hər şeyi axarına buraxmağı seçdim. Ailəmə görə ən kiçik şeylər belə özünü aşkar etməkdir. Anam mənim feminin davranışlarımla uşaqlığımdan tanış idi. Makiyaj etməyi sevməyim, dırnaqlarımı boyamağım, saçıma xüsusi qulluğum və oğlanlarla olan münasibətim ətrafa açıq idi. Xatırlayıram ki, yeniyetmə olarkən bir dəfə oğlanla alış-veriş etməyə çıxmışdıq. Özümdən aslı olmayaraq ona qarşı hisslərimi utanaraq bildirirdim. Anam isə bunu görüb, mənə "belə hərəkətlər etmə", "ayıbdır" , "kişilər birdən görər" deyirdi."
Kaminq aut təcrübəsi bir çoxları üçün travmatik ola bilər. Hətta dostlara və ailəyə açılmamışdan əvvəl fərdlərin insanların necə reaksiya verəcəyindən qorxması travma ilə nəticələnə bilir. Dostlarını itirəcəklərindən və ya ailələrinin onları evdən qovacağından narahat ola bilirlər. Bir çoxları üçün bu narahatlıqlar gerçəkləşir. LGBTQİ+lar kaminq-autdan sonra zorakılıq, təcrid, ayrı-seçkilik və tənhalıqla üzləşirlər.
Amerika Birləşmiş Ştatlarında LGBTQİ+lar arasında araşdırma aparan The Trevor Layihəsinə görə, LGBTQİ+ gənclərin 29%-i evsiz qalıb, evdən qaçıb və ya evlərindən qovulub.
'Fobik ailədə özünü aşkar prosesi'
“Atamla yollarımız biraz fərqlidir. O, mənim davranışlarımın yeniyetməliyimin bir parçası olduğunu, nə vaxta keçəcəyini, oriyentasiyamı əks etdirmədiyini zənn edir. Aramızda olan pərdəni qoruyur deyə, özünü aşkar prosesimdə çox az rol oynayıb. 18 yaşımın sonlarına doğru xalam mənim məxfi saxladığım səhifəmdə, məndən icazəsiz şəkillərimi götürüb qohumlarımıza yaymış, beləcə də anamın xəbər tutmasına səbəb olmuşdu. Anam isə aqressiv danışaraq "bunlar nə şəkillərdir?" demiş, onun diliylə desək, "sən kuir deyilsən, sadəcə özünü feminin aparan bir kişisən" deyə acıqlanmışdı.”
Alvi bu hadisələrin cərəyan etdiyi dövrdə tez-tez panik hücumlar keçirtdiyini, komfort zonasını və ailəsini itirməkdən qorxuğunu xatırlayır.
“Bu söhbətlərdən sonra psixoloqa getməli oldum, sosial işçi ilə işləməyə başladım və biz dəfələrlə üçlü görüşlər təşkil edirdik. Görüşdə "Mən kaminq aut etməliyəmmi?", "Etsəm, nələr ola bilər?" kimi sualları müzakirə edirdik. Həmçinin ailədə necə davranmalı, ailəmi tərk etməli olarsam, nə edəcəyimi və bütün prosesi nəzərdən keçirdərək seanslara başlamışdıq.”
Alvi evə gedərkən anasını yığıb və zorakılıq görməkdən çəkindiyi üçün evə gəlməyə ehtiyat etdiyini deyib. Anası isə problem yaşanmayacağını vəd edib. O, evə gələndə atasının onunla danışmadığını görüb. Alvi deyir ki, bu hal ona sərf edirdi. Günlər keçdikdən sonra anası ona “düzəlirmiş” kimi baxmağa başlayıb.
“Atam bir müddət sonra ölkədə olmayanda xalam atama məni ifşaladı. O, mənimlə sərt danışaraq uzun mesajlar atır, işimə gələrək mənə zorakılıq törədəcəyini deyərək təhdid edir, anam isə məni danışığa çağırırdı. İş yerimdə isə heç bir problemim yox idi deyə, bu hadisə yaşanarsa, olacaqlardan narahat idim. Həmin gün sosial işçimə zəng edərək olanları dedim. Sosial işçim təhlükəsizliyimi qorumaq üçün hər ehtimala qarşı bacımın nömrəsini, ev adresimi və digər məlumatları götürmüşdü. Evə gəldim və anam məni sorğu-suala tutdu. Elə həmin an "Ana, mən kuirəm" dedim.”
Alvinin sözlərinə görə, anası öncə onu başa düşməyib. Lakin Alvi özün nə kişi, nə də qadın kimi hiss etdiyini, həmçinin oğlanlardan xoşu gəldiyini anasına bildirib. Həm də həyat hekayəsini, özünü aşkar prosesini, gələcək yolunu ona danışıb.
“Anam isə cavabında bunu heç vaxt qəbul etməyəcəyini ifadə etdi. Xalam qızı isə məni qəbul etmişdi və aramız yaxşıdır. Anamla qərarlaşdıq ki, xalam qızı mənə yaxşı psixiatr tapsın, biz ora gedək, danışaq və anam artıq başa düşsün ki, kuir olmaq xəstəlik deyil. Psixiatr söhbət zamanı anama kuir olmağın normal olduğunu, seçim olmadığını aşılamışdı. Bundan sonra anamla münasibətimiz üzərində işləməyə başladıq, artıq anam qohumlarımızın yanında məni müdafiə edir, bu hal isə mənə xoşbəxt hiss etdirirdi.”
'Cis-tem məktəb və kuir şagird'
"Məktəbdə isə özümü aşkar prosesim məntiqə əsaslanmayan şifahi bullinqlə başlayıb. Həmişə "sən oğlansan, yoxsa qız", "qızbibi", "niyə qız kimi davranırsan" və s. kimi ifadələrlə qarşılaşmışam. Mənə qarşı o qədər nifrət var idi ki, məktəbə digər uşaqlardan fərqli olaraq tez saatlarda gedirdim ki, uşaqlar mənə söz atmasınlar və zorakılıq görməyim."
Qısnamaya məruz qalan Alvi bildirir ki, bullinq edən şagirdlər onun adını dəyişdirərək arxasıyca qışqırırdılar deyə, o, bufetə belə gedə bilmirmiş.
“İkinci məktəbimdə bir sinif yoldaşım trans qadın idi, bu, mənə tək olmadığımı hiss etdirirdi. Lakin ona qarşı bullinq və zorakılıq mənə nisbətən daha çox olub. Məndən fərqli olaraq o, bullinq edənlərə daha sərt cavab verirdi, mən isə çəkinən və qaçan biri idim.”
'İmtiyazlılığını hiss edən barista'
İş həyatında daha təhlükəsiz və rahat olmuş Alvi özünü orada kiməsə kaminq aut etmək məcburiyyətində hiss etmədiyini, qəbul gördüyünü deyir.
"İşlədiyim müəsissədə heç kim mənim kimliyimə təəccüblə yanaşmırdı və ayrı-seçkiliklə qarşılaşmırdım. Lakin müdirimin digər kuir işçilərə qarşı münasibətinin pis olduğunu öyrənsəm də, ümumilikdə iş həyatım travmatik keçməyib."
Alvi hal-hazırda Azərbaycan universitetlərinin birində təhsil alır və oxuduğu müəssisədə ciddi qısnama halları ilə qarşılaşmadığını, indi daha çox mübariz, güclü, xoşbəxt olduğunu deyir.
Gender Resurs Mərkəzinin həmtəsisçisi və sosial işçisi Aida Mirzəyeva deyir ki, ailələrinə kaminq aut edən benefisiarların bəziləri üçün bu mərhələ xoş keçsə də, bəziləri üçün çətinliklər yaradır və onlar müxtəlif formalı zorakılıqlara məruz qala bilirlər.
“Əgər ailə sadəcə qorxu hissi keçirir, bu mövzuda məlumatının olmadığını ifadə edir və övladını anlamağa, münasibətlərini zədələməməyə çalışırsa, bu zaman həmin ailəni benefisiarla birlikdə psixoterapevtə yönləndirirəm, ailə terapiyası ilə münasibətlərini daha sağlam hala gətirmələri üçün köməklik edirəm. Lakin əgər reaksiya mənfidirsə və zorakılıq halı varsa, həmin fərd evdən çıxmaq, qaçmaq məcburiyyətində qala bilir, bu zaman ona hüquqi dəstək göstərmək üçün vəkillər ilə birlikdə çalışırıq, daha sonra isə psixoloji dəstək hissəsi ilə də bağlı işləyirik, həmçinin iqtisadi vəziyyəti qənaətbəxş olmayan benefisiarlara işin tapılması, kurslara yönləndirməklə bağlı dəstək olmağa çalışırıq. Lakin bu prosesin narahatedici, yorucu təsirləri ola bilir və həmin benefisiar sonradan hansısa travmatik hadisələrin üzərində işləməkdə çətinlik çəkə bilir, intihara meyilli ola bilir, hətta bəzi benefisiarlara psixiatrlar tərəfindən PTSP (post-travmatik stress pozuntusu), depressiya və digər diaqnozlar qoyula bilir.”
Aidə Mirzəyeva iş mühitində də kuirlər psixoloji, fiziki, iqtisadi və sexual zorakılığa məruz qala bilirlər. Bu halda da əgər əmək hüquqlarının istismarı varsa və ya zorakılıq baş vermişdirsə, vəkil, hüquqşünaslarla işləyib, şəxsə dəstək olmağa çalışılır. Əgər ehtiyac yaranarsa, ictimailəşdirməkdən də istifadə olunur.
“Məktəblərdə kaminq aut edən yeniyetmələr bullinqə, zorakılıqlara məruz qala bilərlər ki, bu da onlarda müxtəlif psixoloji çətinliklərin, təşvişlərin, travmatik hadisələrin, güvən problemlərinin yaranmasına səbəb ola bilər. Nəticədə həmin şəxs məktəbi bitirməkdən imtina edə və ya intihara cəhd göstərə bilər. Məktəblərdə əsasən müəllimlər, sinif yoldaşları tərəfindən müxtəlif zorakılıqlara məruz qala bilirlər, bu zaman əsasən şəxslərin ailələri ilə işləməyə çalışırıq, çünki uşaq hüquqları yalnız iki institut tərəfindən qorunur - ailə və dövlət. Əgər ailə dəstəyi varsa, hadisə ilə bağlı əvvəlcə hüquq-mühafizə orqanlarına şikayət olunur. Sonra isə hüquqi və psixoloji dəstəyin göstərilməsinə çalışırıq. Lakin ailə də dəstək göstərmirsə və şiddət edirsə, bu zaman Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə hadisə ilə bağlı məlumat verilir və bu keyslərlə bağlı onlara yönləndirmə edilir. Lakin məsələ bağlı izləmədə qalırıq ki, işin uğurlu nəticələndiyindən əmin ola bilək.”
Müəllif: Aleks Şah
İllustrator: Nao
Powered by Froala Editor