Aseksuallıqdan niyə danışılmır?

Salam. Adım Aliş, 25 yaşım var, ali təhsilli (master dərəcəli) bir gəncəm. Aseksual, maskulin, seks neqativ olaraq özümü təyin edirəm. Özümdəki fərqliliyi 20 yaşlarında tam aydın şəkildə kəşf etmişəm. Gender olaraq özümü transgender çətirinin demiboy* genderi ilə təyin edirəm və emosional olaraq abroromantikəm**. Aseksual kimi ailəmə 2 il öncə kaminq aut etdim. Ailəmə hər şeyin normal olduğunu və heç bir problemimin olmadığını isbat etmək üçün kaminq autdan sonra tibbi yoxlanışlardan, müxtəlif tipli müayinələrdən keçdim və sonda alınan nəticələrdə də heç bir bir tibbi xəstəlik və pozuntu qeydə alınmadığı öz əksini tapdı. Ailəmin israrı ilə bir neçə dəfə müxtəlif müalicələrdən keçdim və sonda heç bir dəyişiklik olmadı. Əksinə, sağlamlıq durumumda ağırlaşmalar olmağa başladı. Bundan sonra tibbi kondisiya və psixoloji pozuntularımın olub-olmadığını yoxlamaq üçün psixoloji müayinələrdən də keçdim və heç bir psixoloji pozuntunun olmadığı qeydə alındı. Beləliklə, ailəmə, eləcə də aseksuallığı bir xəstəlik və psixoloji pozuntu kimi dəyərləndirən insanlara tam rahat bir şəkildə bunun nə hormonal, nə tibbi, nə də bir psixoloji pozuntu olmadığını konkret bir şəkildə bildirməyə imkan yarandı. 

İnsanlar tərəfindən dəli biri kimi görülmək, yersiz rəylərlə qarşılaşmaq kimi hallar məni çox narahat edir. “Aseksual deyə bir şey yoxdur, sən sadəcə cinsi əlaqədən qorxursan”, “sən sadəcə passiv geysən və cinsi əlaqə qorxun var”, “mənimlə olsan keçər, mən səni demiseksual*** edərəm”, “sən kişisən, aseksuallıq da nədir” kimi cinsi kimliyi alçaldan lazımsız fikirlərə məruz qalıram ki, bu da mənə və mənim kimi bir çox aseksual kimliklərə gündəlik həyatda davamlı olaraq problem yaradır. Alloseksual**** bir dünyada yaşayırıq, doğrudur və biz insanlara heç seksual münasibətlər olmadan yaşamalı olduqlarını demirik. Sadəcə hər kəs öz həyatını istədiyi kimi yaşamalıdır və bir insan özünü aseksual olaraq bəyan edirsə, o insana psixoloji zorakılıq etmək doğru deyil. 

Bəzən insanlar düşünür ki, guya aseksualla zorakı şəkildə seksual münasibətlər yaşansa, o artıq alloseksual kimi seksual həyatına davam edəcək. Xeyr, bu, heç də belə deyil. Əksinə, o insanın bu tip münasibətlərə məruz qalması travma alıb, intihar etməsinə gətirib çıxara bilər. Mütəmadi şəkildə seksual münasibətlərdən danışmaq, zorakı şəkildə onları seksual münasibətlərə təhrik etmək daha çox aseksualları insanlardan cəmiyyətdən uzaqlaşdırır və sosial fobiyalı birinə çevrir. Aseksuallığı bir cinsi kimlik kimi anlamayan LGBTQ+ insanların da sayı heç də az deyil. Afobik insanlarla dolu ortamlarda yersiz rəylərlə qarşılaşmaq bir fərd kimi məni sosial həyatdan uzaqlaşdırır. 

Bir neçə ay əvvəl kiçik bir müəssisədə işə başlamışdım və burada iş yoldaşlarım tərəfindən seksual məzmunda yersiz zarafatlar səbəbindən cinsi kimliyimi kaminq aut etdim. Sonrasında isə heç bir əsaslandırılmış səbəb göstərilmədən (amma məhz bunun cinsi kimliyimlə bağlı olduğu çox aydın idi) işdən azad edildim. Mən bu səbəbdən dolayı istər ictimai yerlərdə, istər xidmət müəssisələrində, istərsə də iş və təhsil müəssisələrində davamlı bullinqə və ayrı-seçkiliyə məruz qalıram. Həmçinin transgender çətirinin demiboy genderi olaraq bir oğlanın feminin tərəflərinin olması və bununla barışıq halda yaşaması gülüş obyektinə çevrilməyə və yersiz tövsiyələrə, lazımsız müzakirələrə gətirib çıxarır. Gender kimliyimin maskulin olduğunu və özümdə heç bir problem hiss etmədiyimi bildirsəm də, davamlı şəkildə “kişi kimi hərəkət et”, “kişi kimi danış”, “əl hərəkətlərinə nəzarət et”, “sən kişisən” kimi ifadələr eşidirəm. Demiboy kişi genderi ilə yaxın olsa da, kişi deyil. Amma bu, qadın olmaq istədiyin anlamına da gəlmir axı. Sadəcə müəyyən feminin tərəflərin var ki, sən onunla barışıqsan və gündəlik həyatında heç bir problem etmirsən. 

Mən nə zaman ki, “seksual münasibətlərdə olmağı yoxlamısanmı”, “kişi kimi davran, özünə nəzarət etsən, düzələr”, “iradən olsa, olar, sadəcə sən yoxlamalısan” kimi lazımsız fikirlər eşidirəmsə, "bəs siz məni bu şəkildə qəbul etməyi heç yoxlamısınızmı?" cavabını verirəm. Niyə mən nəyisə dəyişməyi yoxlamalıyam axı? Bəlkə ətrafımdakıların artıq məni olduğum kimi qəbul etməyi yoxlamalarının vaxtıdır. Sadəcə anlamaq lazımdır ki, xoşbəxt olmaq üçün hər kəsin seksə ehtiyacı yoxdur. Fem tərəfləri ilə barışıq maskulin olmaq həyatın sonu deyil, cinsi istəksiz, qeyri-libidolu insan olmaq yadplanetli bir məxluq olmaq demək deyil. Biz də normal insanlarıq və siz artıq bizi bu şəkildə qəbul etməyi yoxlamalısınız. 

Ümumiyyətlə, aseksual insanlar xarab texnika deyil, aseksuallar romantik münasibətlər yaşaya, evlənə və tam rahat bir şəkildə uşaq sahibi ola bilərlər. Aseksual olmaq eqoist, sıxıcı olmaq deyil, hər bir insanın öz şəxsi keyfiyyətləri var. Həm də abroromantik biri olaraq digər bir çətinliyim isə romantik oriyentasiyamın mütəmadi axın etməsi, dəyişməsidir ki, bu da insanlarla emosional bağ qurmaqda çətinlik yaradan digər bir durumdur. Çünki münasibətdə olarkən sevgilin həmişə narahat olur ki, birdən romantik oriyentasiyan dəyişər və bu səbəbdən də münasibət bitər. Əslində münasibət dönəmində romantik oriyentasiyamda heç vaxt dəyişkənlik baş verməyib, amma yenə bir çox hallarda bu məqam sevgilimlə soyuqluq yaranmasına səbəb olur. Romantik oriyentasiyamı tanış olduğum insana həmin vaxtki oriyentasiya kimi bildirirəm. Çox vaxt əsl oriyentasiyamı gizli saxlayıram ki, qarşı tərəfdə narahatlıq olmasın. 

Bəzən özümü biromantik, bəzən poliromantik, ya da omniromantik*****, əksər hallarda isə heteroromantik olaraq təyin edirəm. Düzü, romantik oriyentasiyamdakı davamlı axıcılıq seksual oriyentasiya və genderim qədər gündəlik həyatımda çətinliklər yaratmır. Çünki 25 yaşlı master dərəcəsi olan bir gəncin genderi və cinsi kimliyinə görə işsiz olması, ailə, qohum ortamlarında "nə vaxt evlənirsən" kimi yersiz suallar, genderinə görə davamlı olaraq qohumlar tərəfindən gülüş obyektinə çevrilmək, əlbəttə ki, gündəlik həyatımı həddindən artıq çətinləşdirir. Kaminq aut etdiyim qohumlar öz uşaqlarını məndən uzaq tutur, sanki bu hal bir virusdur və onlara da yoluxacaq.

Bütün bunlar barədə cəmiyyətdə maarifləndirmə aparmaq olduqca önəmlidir ki, aseksual deyəndə insanlar bunu dəlilik, tibbi kondisiya, hormonal və ya psixoloji pozuntu olaraq görməsin. Bizimlə sadəcə seks oyuncağı davranılmasın və transgender çətirinin demiboy genderi olduğumu, tranzisiya əməliyyatlarına ehtiyacım olmadığını bildirdiyim halda belə yenə yersiz suallar gəlməsin. Kənardan sanki səni öldürəcək kimi atılan baxışlar olmasın. Bu kirminallaşdırılmış ailə-qeyrət məsələləri sona çatsın, hüquqlara bizim də əlçatanlığımız təmin olunsun. 



*demiboy - elə bir gender kimliyidir ki, fərd özünü qismən kişi, qismən isə başqa genderdə hiss edir.

**abroromantik - bu insanlar öz romantik oriyentasiyalarını zamanla dəyişkən, axıcı hesab edirlər. 

***demiseksual - yalnız möhkəm emosional bağlantı zamanı seksual hisslər keçirən şəxs

****alloseksual - mütəmadi seksual meyillilik yaşayan şəxslər (heteroseksuallar, homoseksuallar, biseksuallar və s.)

*****omniromantik - bütün genderlərə qarşı romantik hisslər keçirən şəxs



Powered by Froala Editor