Hər gecə ağlamayan kuir personajlar
İnandırıcı, hərtərəfli kuir qəhrəmanları necə yazmaq olar?
18/Aug/23
1207
Hər gecə ağlamayan kuir personajlar
İnandırıcı, hərtərəfli kuir qəhrəmanları necə yazmaq olar?
Hər şeydən əvvəl əsər qəhrəmanının kuirliyinin nə qədər diqqət mərkəzində olacağı janrdan asılıdır. Həm də hekayənizin əsas süjeti bunu müəyyən etməkdə mühüm rol oynayır. Yəni, hekayənizin nə qədəri qəhrəmanınızın cinsindən və ya seksuallığından asılı olacaq? Hekayənizdə qəhrəmanın cinsi və seksuallığı ətrafında mərkəzləşən nə qədər hadisə və münaqişə var?
Bunları müəyyənləşdirin:
Yazdığınız əsər baş və ya ikinci dərəcəli personajın gender, yaxud seksual kimliyini kəşf etdiyi bir yetkinlik hekayəsidirmi? Bu, dar düşüncəli bir cəmiyyətdə kuir insana xas olan mürəkkəb ailə və münasibətlər dinamikasını araşdıran bir hekayədirmi? Xüsusilə kuir insan haqları ilə bağlıdırmı? Oxucuya siyasi, yaxud ideoloji bir mesaj çatdırmağa çalışırsınızmı?
Yuxarıda qeyd olunan hallarda süjet həmin hekayədəki personajların kuir kimliyi ilə sıx şəkildə əlaqəli olacaq. Beləliklə, onun kuir kimliyi tez-tez müzakirə və təhlil ediləcəkdir. Hekayənin hansısa qəhrəmanın sırf kuirliyi ətrafında cərəyan etməsi bu hallarda məna kəsb edir. Ancaq mənim fikrimcə, bu cür hekayələr yazarkən çox ehtiyatlı olmaq lazımdır. Bu cür hekayələrin orijinal olması üçün gərək sizin təklif etməyə unikal bir perspektiviniz olsun, ya da ki, gördüyünüz və ya yaşadığınız şəxsi təcrübələr haqqında öz səsinizi eşitdirmək istəyəsiniz. Oxucuların kuir icmanın, kuirliyin müxtəlif tərəflərini də görmələri və hekayənizin fərqlənməsi üçün daha çox niş və daha az ümumi mövzuları, haqqında daha az danışılan kuir kimlikləri ön plana çəkə bilərsiniz. Ancaq kimsə icmadan kənar insanlardan daha çox anlayış əldə etmək üçün kuir mübarizələr ətrafında mərkəzləşdirilmiş hekayələr yazırsa, bunun çox birtərəfli görünməsi ehtimalı daha yüksəkdir.
Məni qıcıqlandıran əsas şeylərdən biri odur ki, insanların çoxu kuirlik və kuir travmalar haqqında olmayan hekayələrdə kuir əsas personajları təsəvvür etməkdə çətinlik çəkirlər. Sanki biz bu səfalət və ayrı-seçkilik mövzularından kənarda mövcud deyilik. Biz gündəlik həyatı yaşayırıq, adi işlərlə məşğul oluruq. Biz mifik meşələri araşdıran hekayələrdə, yüngül romantik komediyalarda, kuirlik haqqında olmayan faciələrdə, trillerlərdə və s.-də əsas yeri tutmağa layiqik. Biz kuir personajların hər gün travma yaşamadan mövcud olduğu və hər addımda kimliklərinə görə çətinliklərlə üzləşmədiyi hekayələrə layiqik. Bəzi insanlar düşünə bilər ki, amma biz hər addımda çətinliklərlə üzləşirik axı. Əgər qalaktikalar arası səyahət edən personajları, yuxuların çin olduğu hekayələri, təkbuynuzlu atları və ya ən qeyri-realını, içində ancaq bir kuir şəxs olan cishetero insanlardan ibarət dost qrupu təsəvvür edə bilirsinizsə, o zaman hər gecə ağlamayan kuir personajlar da təsəvvür edə bilərsiniz.
Hal-hazırda deyəcəklərim həm personajın kuirliyinin hekayədə əsas yer tutduğu, həm də tutmadığı hallara aiddir. Amma birincini nəzərdə tutaraq danışacam.
Hekayənin əsas konfliktinin (daxili və ya xarici konflikt ola bilər) kuir kimlik ilə əlaqəli olması, personajın hər bir probleminin də bu məsələ ətrafında fırlanması demək deyil. Elə olan hallarda ortalığa tam formalaşdırılmamış, səthi bir xarakter çıxır.
Həyatınızdakı kuir insanları düşünün. Əgər özünüz kuir deyilsinizsə və real həyatda hiç bir kuir şəxsi yaxından tanımırsınızsa, əvvəlcə özünüzdən soruşun, niyə əsas münaqişənin kuir kimliyə görə yarandığı bir hekayə yazmağa çalışırsınız?
Davam edək. Beləliklə, bəli, əsl insanları düşünün. Biz hamımız ən azı bir kuir insan tanıyırıq ki, onun ailəsi ilə kimliyi barəsində çox ciddi problemləri var. Bu, təbii ki, onların həyatının hər sahəsinə təsir edir. Məsələn, belə bir qəhrəman sadəcə bu məsələyə görə evdən köçməyə çalışa bilər. Beləliklə, əlverişli mənzil, etibarlı otaq yoldaşları axtarmağa başlayacaq (əlavə konfliktlər). Əgər insan öz kuir kimliyi ilə çox açıqdırsa, bu, kuirfob bir cəmiyyətdə prosesi çox çətinləşdirə bilər. Yəni ona mənzil kirayə vermək istəyən insanları tapmaqda çətinlik çəkmək və s kimi yorucu problemlər. Eyni səbəblərə görə, onlar iş yeri tapmaqda da problemlərlə qarşılaşa bilərlər. Bu, maliyyə sıxıntılarına gətirib çıxarar. Bu halda həmin insanın kuir kimliyi və özünüifadəsi o personajın hərəkətverici qüvvəsinə, qarşılaşacağı bir çox münaqişələrin və maneələrin yanacağına çevrilir.
Amma istənilən halda insan çoxşaxəli varlıqdır. Qəhrəmanların həyatlarında mütləq ki, bundan daha çox şey olacaq. Hərtərəfli qəhrəman yazmaq istəyirsinizsə, bu çoxşaxəliliyi hekayənizdə əks etdirməlisiniz. Məsələn, bu adamın çox qeyri-adi bir hobbisi ola bilər. Nə qədər məşğul olsa da, hər gün etdiyi bir şey. Ola bilsin ki, bu, valideynlərinin, yaxud dostunun uşaq ikən ona öyrətdiyi bir şeydir.
Yaxud da qəhrəmanın çox adi, hətta klişe maraqları ola bilər. Hobbi, yaxud maraq nə qədər sadə olursa, olsun, bəlkə də bu insan bu məsələdə çox həvəslidir və həmin mövzuda saatlarla danışa bilər.
Dostları ilə kuirliklə hiç bir əlaqəsi olmayan problemlər yaşayar, məsələn. Bu adamın bəlkə də dostunun danışarkən sözünü kəsməsi xoşuna gəlmir. Yaxud bu günlərdə tez-tez görüşə bilmədikləri üçün əsəbiləşir və artıq dostları üçün o qədər də vacib olmadığını hiss edir. Yaxud tamamilə əlaqəsiz və təsadüfi bir şey üçün dava edə bilərlər. Biri digərinin çox bəyəndiyi məşhur haqqında mənfi fikir söyləyə bilər və buna görə qızğın mübahisəyə girə və üç gün bir-birləri ilə danışmaya bilərlər.
İş yerində, ya məktəbdə bu personajın heç bir səbəb olmadan nifrət etdiyi hər hansı bir şəxs ola bilər. Bir çox insan üçün adətən böyük məna kəsb etməyən şeylər haqqında çox güclü fikirlərə sahib ola bilərlər. Məsələn, deyək ki, hansı qidaları bir yerdə yemək olar, hansı qidalar uyğun gəlmir. Onun həyata, içində yaşadığı siyasi-sosial mühitə öz fəlsəfəsi, yanaşması olacaq. O, kapitalizmi dəstəkləyir və onunla razılaşırmı? Yoxsa anarxiya tərəfdarıdır? Yoxsa sosialist cəmiyyəti arzusundadır?
Həmin qəhrəman partnyor istəyirmi? Əgər istəyirsə, hansı standartları var? Həmin şəxsi nələr dərhal qıcqlandırır? Hansı sərhədləri var?
Əsəbiləşəndə hara gedir? Qəzəb, nifrət, əsəb kimi hislərin öhdəsindən necə gəlir? Ən xoşbəxt anlarında birinci kimə zəng edir? Ən büyük qorxuları, ən sevimli xatirələri nələrdir?
Bunlardan bəziləri birbaşa və ya dolayı yolla kuir kimliklə əlaqəli ola bilər, lakin hamısımı? Çətin ki.
Bununla belə, mən heç bir şəkildə deməyə çalışmıram ki, bu qəhrəmanın kuirliyi onun bütün şəxsiyyətinə yansımamalıdır. Yox. Qəhrəman kuir kimliyini həyatının hər aspektində ön plana çəkə bilər. O, özü hər şeyi kuirliklə əlaqələndirə bilər. Amma siz bir yazıçı olaraq bunu edə bilməzsiniz. Bəs aradaki fərq nədir? Sadə.
Personajlarınız həftənin hər günü öz bayrağının parlaq rənglərini geyə bilər, ya da üzünü boyaya bilər, daşıdığı hər çantaya o qədər sancaq yapışdıra bilərlər ki, yazıq çantanın parçası görünməz. Otaqlarını bəşəriyyətə məlum olan bütün kuir bayraqlarla bəzəyə bilərlər. Onlar hər söhbəti hərlədib-fırladıb, kuirliyə gətirə bilər, və ya çətinliklərin öhdəsindən gəlmək üçün bəlkə də kuir təcrübələri ilə bağlı zarafatlar edə bilərlər. Kuir incəsənət, hər sosial mövzunun kuir təhlili və tarixə kuir baxış, kuir kimliklərin və mədəniyyətinin öz tarixi və siyasət haqqında hər şeyə həvəsli ola bilər. Hər fürsətdə paradlara qoşula bilər.
Mən heç vaxt demərəm ki, siz personajınızın səsini aşağı salasınız. AMMA bütün sadaladıqlarımızla belə, bir insan bütün kuir bayraqların sahib olduğundan daha çox rəngə malik olacaq. Onun hələ də qorxuları, inancları, qəribəlikləri, bəyəndiyi və bəyənmədiyi şeyləri, xurafatları, sevimli ailə üzvü, ən çox sevdiyi yeməklər, gündəlik vərdişləri, yerişi, təmizliyə nə qədər önəm verməsi və s. kimi saysız-hesabsız özünəməxsus xüsusiyyətləri olacaq.
Hansı hisləri həvəslə göstərir? Hansıları gizlətməyə çalışır? Hansıları gizlətməyə çalışsa da, heç vaxt bacarmır? Personajın özü bu şeylər haqqında danışmaya bilər. Ancaq bir yazıçı olaraq siz bunları göstərməlisiniz. Bəzən açıq-açıq qeyd etməklə, bəzən sadəcə işarə etməklə. Sadəcə kiçik bir abzasda, kiminləsə danışarkən dialoqlar arasında personajın yemək tərzini, üz ifadələrini və bədən dilini, yaxud qəhvəni dəmləmə üsulunu təsvir edə bilərsiniz.
Hekayənizdə qəhrəmanınızı sadə işlər görərkən təsvir etmək üçün çoxlu imkanlarınız olacaq. Axıcılığın qorunması üçün ümumi qayda budur ki, siz onun həyatına nəzər salarkən qəhrəman hər zaman hərəkətdə olmalıdır. Bütün digər qaydalar kimi, bu qayda da bəzən pozula bilər, əgər yaxşı səbəbiniz varsa. Ancaq hansı qaydaları nə vaxt, harda, necə pozmaq özü təmiz ayrı müvzudur.
Beləliklə, bu fürsətlərdən istifadə edin, əmin olun ki, qəhrəmanınızın fərqli davranışları, jestləri, özünəməxsus vərdişləri (onlar paltarlarını necə qatlayırlar?) oxucunun nəzərinə çarpacaq. Personaj həmişə nəsə edir, telefonla danışarkən belə. Bəlkə danışa-danışa nəsə toxuyur, ya nəsə şəkil çəkir, dırnaqlarını rəngləyir və s. Harasa gedərkən yolda nəyəsə qulaq asır? Kitab oxuyur? Kağız nüxsə həvəskarıdır, yoxsa elektron versiyanın? Bəlkə audio kitablar? Onlayn görüş zamanı kameranı açıq saxlayır? Bəlkə səliqəli köynək geyinərək alt paltarında kameranın qabağında oturur ki, onsuz da heç kəs görməyəcək. Yoxsa tam geyinib, hazırlaşır?
Bu cür şeylər haqqında çox davam edə bilərəm.
Dediyim odur ki, sizin kuir qəhrəmanınızın çox mürəkkəb bir həyat sürən, ətrafdakı dünya ilə daim interaksiyada olan və ona reaksiya verən bir insan olduğunu unutmayın. Qəhrəmanınızın dünyasını kiçiltməyin.
Kuirlik ətrafında mərkəzləşməyən hekayələr də qurmaq olar, məsələn, detektiv qadının öz iş yoldaşı olan digər bir qadınla sevgili olduğu detektiv hekayəsi. Qəhrəmanınızın sırf kuir olduğu üçün homofobiya ilə qarşılaşması şərt deyil. Hələ də gündəlik oxşar problemləri müəyyən dərəcədə əks etdirmək istəsəniz də, bunun diqqət mərkəzində olmadığından əmin olun. Çünki biz hər yazılan hekayədə əziyyət çəkməli deyilik. Həmçinin, indiyə qədər haqqında danışdığım hər şey burada da keçərlidir.
Əslində bu sadalananlar istənilən bir tip qəhrəmana aid edilə bilər. Problem ondadır ki, insanlar xüsusilə kuir personajları yazarkən bunları unutmağa meyllidirlər. Bir çoxları (ən çox da sis-heterolar) gündəlik təsadüfi homofobiya/transfobiya yaşayan, stereotiplər üzərində qurulmuş bir qəhrəman yaradıb, ona büyük bir ailə travması verirlər və düşünürlər ki, kitab hazırdır. Yeri gəlmişkən, stereotiplərdən uzaq durmalı olduğunuzu da demək istəmirəm. Mənə ən çox əzab verən qəhrəman tiplərindən biri də bütün hekayə boyu özünün stereotipik olmadığını sübut etməyə çalışanlardır. Qəhrəman stereotipik ola da bilər, olmaya da. Hər şey təqdimatdan asılıdır. Klişelərdən qaçmayın, onları özününküləşdirin.
Əgər bacarırsınızsa, film kimi səhnələri təsəvvür etməyə çalışın, personajlarınızı, davranışlarını, danışanda ağızlarının necə hərəkət etdiyini, nə geyindiklərini görməyə, onları eşitməyə çalışın. Əgər gözünüzün önündə bu, çox aydın şəkildə canlanırsa, beyninızdə sıfırdan bir insan yaratmısınız. Onsuz artıq keçib, yazıçıların demək olar, hamısının psixiatrik yardıma ehtiyacı var. Elə həmin ehtiyacdır ki, oturub səhifələri doldururuq.
Müəllif: Sam
Powered by Froala Editor