Uqandanın anti-gey qanununun ölkə iqtisadiyyatına təsiri
Uqandada gey və translara ölüm cəzası tətbiq edən qanun layihəsi bütün dünyanın reaksiyasına səbəb olub
26/Dec/23
1179
Uqandanın anti-gey qanunu ölkə iqtisadiyyatına necə təsir edib?
Uqandada gey və translara ölüm cəzası tətbiq edən qanun layihəsi bütün dünyanın reaksiyasına səbəb olub. The New York Times Homoseksuallıqla Mübarizə Qanununa verilən reaksiyaların ölkə iqtisadiyyatına təsir etdiyini yazıb.
Azas Safaris şirkətinin sahibi Simon Azarwagye kompüter ekranındakı rəqəmlərə işarə edərək onu bədbəxt edən hekayəni danışmağa başlayıb. Kompüterində tələb qrafikini göstərən Azarwagye bu il 89 potensial müştərisinin olduğunu bildirib.
2023-cü ilin əvvəlində əlaqə saxladığı bütün bu potensial müştərilər Uqandanın gur meşələrinə safari turları haqqında suallar veriblər. 13 gün ərzində begemot və qorillaların müşahidə edildiyi safari səfərləri bir cütlük üçün 15 min dollara başa gəlir. Lakin bu, Uqandanın dünyada ən sərt anti-LGBTİ+ qanununu müzakirə etməyə başlamazdan əvvəl idi.
Bu qanun homoseksuallığa görə ölüm cəzasını ehtiva edir və ictimai yerlərdə homoseksuallığı təbliğ etməyi cinayət hesab edir. Uqandada müzakirə olunan qanun layihəsi ilə bağlı xəbərlər beynəlxalq mediada işıqlandırılıb. Qanun layihəsi may ayında qəbul edildikdən dərhal sonra ABŞ prezidenti Joe Biden və Avropa liderləri Uqandanı ölkəyə qarşı sanksiyalarla hədələyiblər.
Bir neçə həftə ərzində Azarwagyenin 89 potensial müştərisindən 60-ı rezervasiyalarını ləğv ediblər və mesajlara cavab verməyiblər. Bu müştərilərin əksəriyyəti Avropa və ABŞ-dan olub. "Onlar mənə məhəl qoymadılar," - deyə Azarwagye bildirib. “Mənimlə danışan bir neçə nəfər qanuna görə Uqandaya gəlməyin təhlükəsiz olmadığını söyləyib."
Convening for Equality insan hüquqları qrupunun hesabatına görə, Homoseksuallıqla Mübarizə Qanununun 2023-cü il rəsmi olaraq qəbulundan bəri LGBTİ+lar həbs edilib və yüzlərlə insan hüquqları pozuntusu baş verib. Geylər və translar qanunun tələb etdiyi kimi ev sahibləri tərəfindən evlərindən çıxarılıblar. Gey və translar polisə xəbər edilmək qorxusundan tibbi yardım ala bilmirlər. Qanun həm də ölkəyə dəhşətli iqtisadi qiymət ödətdirir.
Otelçilər qonaqpərvərlik sektorunun zərər gördüyünü deyirlər. Tekstil istehsalçıları ABŞ, Böyük Britaniya və Avropadakı alıcıların sifarişlərini ləğv etdiklərini bildirirlər. Ölkənin tikinti şirkətləri Qərb investorlarının qanundan qorxduğunu bildirir.
Uqandanın paytaxtı Kampalada tikinti şirkəti olan Dott Services şirkətinin baş direktoru Venuqopal Rao, “Biz Amerika şirkəti ilə üz-üzə görüşdük və şirkəti idarə edən insanlardan biri qanunla bağlı mənəvi problemi olduğunu açıq şəkildə ifadə etdi,” deyə bildirib. “Tanzaniya və Konqo Demokratik Respublikasındakı layihələrimiz üçün pul ala bilərik. Lakin Uqanda üçün ala bilmirik.”
Powered by Froala Editor