Münaqişə fonunda identifikasiya böhranı və sevgi axtarışı
Plutonda səhər yeməyi: Münaqişə fonunda identifikasiya böhranı və sevgi axtarışı
28/May/24
1520
Plutonda səhər yeməyi: Münaqişə fonunda identifikasiya böhranı və sevgi axtarışı
Müəllif: Vüsalə Hacıyeva
Müasir dünya kinematoqrafiyası son 20-30 il ərzində transgenderlik mövzusuna tez-tez toxunub. Belə filmlər arasında uğurlu sayıla biləcək kifayət qədər ekran işinə rastlamaq olar. Lakin məsələnin problematik tərəfi bu filmlərin bir çoxunun trans rejissorlar tərəfindən deyil, adətən cis-heteroseksual kişi rejissorlar tərəfindən çəkilməsindədir. Lakin bu filmlər arasında elə nümunələr var ki, onlar mövzunu sadəcə səthi formada təqdim edib izləyici marağına səbəb olmaqla kifayətlənmir, eyni zamanda da, personajların emosional dünyasını bizə göstərir və transların yaşadıqları problemləri qabartmağa çalışırlar. Belə filmlərdən biri də irlandiyalı rejissor Neal Jordanın “Plutonda səhər yeməyi” filmidir.
Gender normalarından qaçış
Filmin əsas qəhrəmanı Kitten adlı transgenderdir. O, nikahdankənar doğulub və bu fakt onun uşaqlıq dövrünü çətinləşdirən yeganə amil deyil. Eyni zamanda da, gender ifadəsinə görə uzunmüddətli problemlər yaşayan və sosial normalardan azad olmağa çalışan Kitten sadəcə ömrünün bir dövrünü deyil, demək olar ki, filmdə nümayiş olunan bütün həyat periodunu sosium tərəfindən bəlli edilən qayda və normalara uyğunlaşmadığı üçün seçimsiz mübarizəyə məcbur olaraq keçirir. Kitten öz vətənini tərk edib, sonradan axtarışlarını davam etmək üçün səyahətə başlayır. Lakin bu səyahət də onun hər yerdə özü olacağına əminlik yaratmır. Qəhrəman daimi olaraq qəbullanmaq qorxusunun fonunda yaşamalı olur və bu, onun emosional kimliyini daimi stress çarxında saxlayır.
Müharibə küyünün fonunda
Filmdə hadisələr 1970-ci illərin gərgin İrlandiyasında cərəyan edir. Müharibə, konflikt və terror axar su kimi ölkənin hər yerinə yayılıb. Belə bir vəziyyətdə səyahətə başlamaq qərarı alan Kitten üçün ölkədə baş verən hadisələr vəziyyəti daha da çətinləşdirir. Lakin biz, adətən baş verən situasiyanın əksini görürük. Kittenin müharibə fonunda baş verən səyahəti onu dəyişərək zorakılığa haqq qazandıracaq və yaxud daimi olaraq sosiumdan gördüyü təzyiqlərə eyni formada cavab verəcək şəxsə çevirmir. Kitten bütün bu hadisələrdən sonra belə, yenə də daha çox emosional olmağı, daha çox sevgi ilə olmağı və daha çox insan olmağı seçir. Bununla da, bizə göstərir ki, hətta ən qeyri–insani akt olan müharibənin episentrində belə insan olmağı seçmək mümkündür.
Ana, qız və müqəddəs sevgi adına
Kittenin səyahət üçün əsas məqsədlərindən biri özünü tapmaqla yanaşı, həm də anasının axtarışlarıdır. Realistik eynəklərdən baxdıqda dəhşətli dərəcədə kədərli görünən bu hekayə filmin ümumi nağılvari estetikasına uyğunlaşaraq müəyyən qədər fərqli təəssürat yaradır. O, Londona gedərək axtarışlarını orada davam etmək qərarına gəlir. Filmdə baş verən hadisələrin cəminə Kittenin daimi sevgi ilə cavab verməsi onun, demək olar ki, heç vaxt görmədiyi anası ilə olan hisslərinə bağlanmış xüsusi məqamdır. Ana sevgisi onun əsas güc mənbəyidir. O, bütün keçdiyi çətinlikləri bu motivasiya hesabına geridə qoya bilir və daimi hərəkətdə qalmaq üçün stimul kimi istifadə edir. Və bütün bunların nəticəsi olaraq film bizə nümayiş etdirir ki, hətta sosiumun doqmatik qaydaları yaxud mədəni dissonanslar fonunda belə sevgi qəbullanmaq üçün əsas vasitədir. Və onun olduğu yerdə qeyri hər şey daha az gücə sahibdir.
Son söz
“Plutonda səhər yeməyi” kinematoqrafın nadir tapıntılarındandır. Özlüyündə və ayrı-ayrılıqda çox qəliz olan üç mövzunu: münaqişə, kimlik axtarışları və ana-övlad münasibətlərini 128 dəqiqə ərzində izləyiciyə ağır yemək kimi deyil, desert formasında təqdim edə və istədiyi nəticəni ala bilir. Məhz belə hallarda kinonun transformasiya potensialı daha aydın və effektiv formada işə düşür. Film bizə sadəcə münaqişənin yaratdığı anomaliyanı ümumi optikadan göstərmir, onu daha da qəlizləşdirərək öz kimliyinin və anasının axtarışlarında olan və sosial təzyiq fonunda böyümüş şəxsin gözündən göstərir. Biz müxtəlifliyin istənilən hal və vəziyyətdə mübarizəsinə şahid oluruq. Mübarizə isə istənilən vəziyyətdə legitimdir.
Powered by Froala Editor