Trans vətəndaş qanunsuz olaraq həbsdə qalıb
Trans vətəndaş İsmayıl Hacızadə qanunsuz olaraq həbsdə qalıb
09/Jun/24
1010
Trans vətəndaş İsmayıl Hacızadə qanunsuz olaraq həbsdə qalıb
Ötən il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində silahlı basqın qeydə alınıb. Basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.
Sözügedən cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov hadisə yerini tərk etdikdən sonra tanışı İsmayıl Hacızadənin evində gizlənib. İsmayıl Ruhlanla vaxtaşırı görüşsə də, törədilən cinayət barədə məlumatı olmayıb. Vəkili Zibeydə Sadıqovanın Minority Azərbaycana verdiyi məlumata görə, İsmayılın qapısını polislər döyəndə o, nə baş verdiyini anlamayıb və şok içində olub. Polis içəri girəndə ilk atəşi Ruhlan açıb. İsmayıl deyir ki, hətta polis onun başını aşağı əyib, güllədən yayındırmasa, o, özü də qətlə yetirilə bilərmiş. Atışma zamanı Ruhlan polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün qarşılıqlı atəş nəticəsində öldürülüb.
Bundan sonra İsmayıl Hacızadə saxlanılıb və onun barəsində araşdırma aparılıb. Araşdırma İsmayılın “Bravo” işi ilə heç bir əlaqəsi olmadığı qənaətinə gəlsə də, o, sərbəst buraxılmaq yerinə, Cinayət Məcəlləsinin 234.1-1- külli miqdarda narkotik istifadəsi maddəsi ilə 3 il müddətinə həbs edilib və hal-hazırda da həbsdədir. İsmayıl Hacızadə verilən ittihamı qəbul etmir və şərləndiyini bildirir. Onun apellyasiya şikayəti də təmin edilməyib. Vəkil Zibeydə Sadıqova iş ilə əlaqədar kassasiya şikayəti verməyə hazırlaşdığını deyib.
İsmayıl Hacızadə hazırda Umbakı istintaq təcridxanasında saxlanılır və trans olduğu üçün cəzaçəkmə müəssisəsinə köçürüləcəyindən narahatdır. Belə ki, cəzaçəkmə müəssisələrində LGBTQİ+lar ən aşağı ‘kasta’ hesab edilir və kuirlər kəskin pis rəftara və ayrı-seçkiliyə məruz qalır.
Müəllif: Aleks Şah
Powered by Froala Editor